adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Noyabr 2018 16:19
7729
MƏMLƏKƏT
A- A+

Bakı metrosunun perspektiv planları elan olundu

Bakı Metropoliteninin yaxın 20 il ərzində perspektiv inkişafının dövlət proqramına uyğun olaraq, gələсəkdə Bakı Metropoliteni 5 xətdən ibarət olaсaq.

Adalet.az-ın məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.


Ə.Osmanov qeyd edib ki, 2 mövсud və 3 yeni əlavə xəttin ümumi uzunluğu 119 kilometr, stansiyaların sayı isə 76-ya çatacaqdır: "Yəni perspektivdə 51 yeni stansiyanın və 82,43 kilometr metro xətlərinin inşası nəzərdə tutulur.


Ə. Osmanov bildirib ki, hazırda Bakı Metropoliteni 3 xətdən («İçərişəhər-Həzi Aslanov», «Xətai-Dərnəgül» və "Avtovağzal-Memar Əcəmi-2”) ibarətdir:


"Stansiyalardan səkkizi dərinözüllü, qalanları isə dayazözüllüdür. Minimum hərəkət intervalı 120 saniyə olmaqla, maksimum hərəkət ölçüləri saatda 30 cüt qatardır. Hal-hazırda metropolitendə 92 eskalator, 8 travalator və 12 lift istismardadır. Tunel tikililərinin ümumi uzunluğu 95,36 kilometrdir. Şəhər relyefinin müxtəlifliyi çərçivəsində təpəlik ərazidə yerləşən Bakı metropoliteninin trassası 60 ‰ və 40 ‰ minlik mailliklərə və çoxlu əyrilərə malikdir. 5 dartı, 13 dartı-alçaldıcı və 18 alçaldıcı yarımstansiyalar təxminən 3,2 min kilometrlik uzunluqda kabel xətləri ilə Bakı metropolitenini fasiləsiz surətdə elektrik enerjisi ilə təchiz edir. 53 ventilyasiya şaxtası və 102 baş havadəyişmə ventilyatoru metroya təmiz havanın daxil olmasını və işlənilmiş havanın kənarlaşdırılmasını təmin edir. Respublika rəhbərlərinin dəstəyi və yardımı sayəsində son illər ərzində Bakı metropoliteninin «Nəsimi», «Azadlıq prospekti», «Dərnəgül» , "Avtovağzal” və "Memar Əcəmi-2” kimi yeni stansiyalar istismara verilib. "Azadlıq prospekti», "Avtovağzal” stansiyaları Bakı metropoliteninin ilk təktağlı və sütunsuz stansiyaları olub".

Baş mühəndisin sözlərinə görə, təqdim olunan variantda yeni stansiyaların tikintisi zamanı sərnişin nəqliyyatının digər növləri ilə çoxfunksiyalı inteqrasiya və əlaqələndirmə məsələləri də həll olunur:

"Yeni metro xətlərindən ötrü stansiyaların uzunğulu 140 metrə çatdırılıb ki, bu da həmin xətlərdə hərəkət edən qatarların 7 vaqondan ibarət olmasından irəli gəlir. Yeni stansiyanın tikintisi ilə bərabər, mövcud stansiyaların yenidənqurulması işi davam edir. "Koroğlu”, "İçərişəhər”, "Elmlər Akademiyası”, "Sahil”, "Nizami”, "Nəriman Nərimanov”, "Gənclik”, "İnşaatçılar”, "20 Yanvar”, "Q.Qarayev”, "Xalaqlar Dostluğu” kimi stansiyalarda artıq yenidənqurma işləri aparılıb.

"Xətai” stansiyasında yenidənqurma işləri davam edir. Avropa standartlarına uyğun Almaniyanın "Thyssen krupp” firmasının istehsalı olan "Viktoria” Tube tipli eskalatorlar qurulur. 2012-ci ilin yayında sərnişin axınının çoxluğu ilə fərqlənən "28 May” stansiyasında mövcud LT-3 eskalatorları əvəzinə Almaniya istehsalı olan 4 müasir Tugela eskalatorları qurulmuşdur. Metro stansiyalarının inşası sahəsində ən yeni dizayna müvafiq surətdə stansiyanın həm yerüstü vestibülün, həm də yeraltı yollarının görkəmi tamamilə dəyişdirilmişdir. «Elmlər Akademiyası» stansiyasının ikinci çıxışının inşası, avadanlıqların quraşdırılması başa çatdırılmış, ən müasir avadanlıqlar quraşdırılmış, orada inşa edilmiş yarımstansiya istismara verilib”.