adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Noyabr 2018 11:35
47600
LAYİHƏ
A- A+

Məni xoşbəxt görmək istəyənlər bədbəxt edir - Azərbaycanlı qadının hekayəsi


"Ədalət” qəzeti "Azərbaycanlı qadının hekayəsi” adlı yeni layihəyə start verib. Bu layihədə qadınlar öz dərdlərini, yaşadıqları çətinlikləri yazıb bizə göndərəcək. Hazırda çoxsaylı məktublar almışıq.

Adalet.az "Azərbaycanlı qadının hekayəsi” layihəsindən növbəti yazını təqdim edir.

Digər bütün günlərim kimi olduqca sıradan bir günün daha sonu...

Normalda insanlar onlar üçün əhəmiyyəti olan, digərlərindən fərqlənən günlərini qeyd edib o gün üçün hislərini paylaşmalarını nəzərə alarsaq sıradan dediyim halda 11.05.2016 tarixini vurğulayır olmağım normal qarşılanmaz hər halda.

Yeri gəlmişkən yaşadığım mühütdə normal biri olaraq tanındığımıda deyə bilmərəm.

Doğrusu bu əvvələr məni güldürürdü, amma son zamanlar daha çox düşündürür. Nə qədər başqalarının təsiri altına asanlıqla düşəcək biri olmasam da bu aralar özümdən şüphə etmir deyiləm.

Nə də olsa çoxluğun normal deyə qarşıladığı şeylər mənə görə normal deyil, mənim də normal deyə düşündüklərim onlara görə normal deyil. İnsan nə qədər öz düşüncələrindən əmin olsa da hardasa bəlkə haqlıdılar, sehv olan mənəm deyə keçirməyə bilmir ağlından. Bundan əlavə, hər zaman hadisələrə başqalarının gözündən də baxan biri olmağa çalışmışam, nə də olsa hər kəs özünə görə haqlıdır.

Bu gün də o günlərdən biri idi. Qonsumuzda ağbirçək bir xalanın məsləhətlərini, həyat təcrübəsini nəzərə alaraq həyatımı, qərarlarımı yenidən götür-qoy etməyə çalışdım.

Və demək olar, məni tanıyan hərkəsin ortaq "dərdi" məni evləndirmək çabaları haqqında fikirləşdim.

Onları daha yaxşı başa düşə bilmək üçün düşüncələrini qruplara ayırdım:

- Haqlı olduqları.

- Haqlı ola biləcəkləri.

- Haqlı olmadıqları.

Hadisələrə onların gözündən baxmağa çalışacağım üçün özümə haqsızlıq edib, haqsız olduqlarından əmin olduğum düşüncələrin belə haqlı və ya haqlı ola biləcəkləri sıralamasına daxil etməyə çalışdım.

Onlara görə bir insanın xoşbəxt ola bilməyi üçün atmalı ən önəmli addımı, xoşbəxtliyin təməlini, həyatın mənasını, qısacası evliliyi haqlı olduqları sıralamasında böyük və qırmızı hərflərlə "BƏLİ, EVLƏNMƏLİYƏM” deyə əlavə etdim. Və sonra bu fikri daha yaxşı mənimsəyib onlara daha çox haqq qazandıra bilmek üçün ən az 10 dəfə içimdən "bəli, evlənməliyəm” deyə tekrar etdim...

Və nəticə: onlarla həmfikir oldum.

Bəli, zamanı gəldiyində insan evlənməlidir, həyatını, qərarlarını, sevinclərini, kədərlərini, sahib olduqlarını bölüşəcək biriylə davam etməlidir həyatına...

Yalnız olmazmı bunlar ?

Olar, əlbəttə…

Tək başına qərarlar da verər, sevinə də bilər, kədərləndiyi vaxtlar özünü təsəlli edib öhdəsindən gələ də bilər insane. Amma heç kim inkar etməz ki, qərarlar doğru insanla müzakirə olunduğunda daha düzgün olur.

Sevinclər paylaşıldığında daha da çoxalır.

Kədər bölüşüldüyündə daha da azalır və onlara qarşı dayanma gücü verir. Həyat doğru insanla daha yaşanılabiləcək bir hal alır.

Çoxuna görə evliliyə qarşı biri olaraq tanınsam da heç vaxt elə olmamışam. Mənim qarşı olduğum "evlənmiş olmaq üçün evlənmək" olduğunu çox istəsəm də çoxlarına izah edə bilməmişəm.

Mən başqaları mənə "evdə qalıb” deməsin deyə, toyda məni görüb bəyənən İdris dayının oğluyla ya da "evlənmə yaşı" gəlmiş Gülnarə xalanın nəvəsiylə, bibisinin məni məsləhət görməsi üzərinə evlənə bilməyəcəyimi izah etməyə çalışdıqca, onlar mənə "evlən öyrəşəcəysən, zamanla sevəcəysən, bax Günel də getmirdi, indi deyir, dünyaya 10 dəfə gəlsəm yenə Fəzailə gedərəm” cavablarını veriblər. Artıq əmin deyiləm, mən özümü izah edə bilmək üçün əlimdən gələni etmirdimmi, yoxsa onlar məni başa düşməmək üçün əllərindən gələnimi edir.

Hər nə isə..

Bildiyim tək bir şey var: məni onlar kimi düşünməyə vadar edə bilməsələr də məni yaşından daha yorğun, daha səssiz, daha sevincsiz hala gətirməyə nail ola biliblər.

Artiq "niyə evlənmirsən?” suallarına susmaqdan və nəzakət xatirinə gülümsəməkdən başqa verəcək cavabım qalmayıb. Nə qədər içimdən "bəsdirin mənim həyatım, mənim qərarlarım" deyə qışqırmaq gəlsə də, onsuz da duymayacaqlarını bildiyim üçün səsimi içimdə boğuram.

Məni, məni xoşbəxt görmək istəyənlər bədbəxt edir ..

Daha bir bədbəxt günümün memarlarına təşəkkürlər...

11.05.2016

Bugün motivasiya məqsədli yazılmış bir mətn oxudum. Mətndə "Həyatınıza, sahib olduqlarınıza nəzər saldınızmı heç ? Düşündünüzmü sahib olduğunuz şeylər üçün şanslımısınız?" deyə verilən suallardan sonra 26 ildir öz həyatımı heç sorğulamadan yaşadığım həqiqətiylə qarşı-qarşıya qaldım və çox gec olsa da "şanslıyammı?" sualını verdim özümə. Nəticə: yeni bir sual çıxdı ortaya. "Şans nədir mənə görə?" - bu sualla baş-başa qaldım.

Ailələrimiz…

Bizim təməlimiz, insan olaraq formalaşmağımızın memarları…

…Bəli, şanslı olmaq usta bir memara sahib olmaqdır, təməli sevgiylə, mərhəmətlə atılmaqdır.

Şanslı olmaq ətrafınıda ən az özün qədər sevməli olduğunu sənə öyrədə bilən böyüklərə sahib ola bilməkdir.

Şanslı olmaq sənin yerinə seçimlər edən deyil, səni düzgün seçimlərə yönləndirən bir ailəyə sahib ola bilməkdir.

"Yaxşı bəs gəldiyin nəticə nədir? Şanslısanmı?” deyə soruşsanız dürüstlükdən uzaq olub "əmin deyiləm” cavabın verərəm.

Bu gün şəxsiyyətimizdə qüsurlar varsa, bu düzgün yetişdirilmədiyimiz üçündür. Və bizi düzgün yetişdirə bilməyiblərsə bunun səbəbi də düzgün yetişdirilməmiş olmaqlarıdır. Əslində daha gözəl bir gələcək üçün, daha düşüncəli bir toplum üçün etməli olduqlarımız o qədər də çətin deyil.

Məsələn, kiçik yaşda oğlan uşaqlarına oyuncaq maşın alıb onlara maşın sevgisi aşılamaqdansa, ən pisi oyuncaq silah alıb yanlış maraqlara sövq etməkdənsə, qız uşaqlarına gəlincik alıb onları vaxtından öncə qadınlığa (analığa) meyilləndirməkdənsə, kitab almaqla, ev heyvanları almaqla başla yabilərik.

Qeyd: "Şanslısanmı? sualına tərəddüdsüz "şanslıyam" cavabın verə biləcək gələcək nəsillər arzusuyla…

Əliyeva Aliyə