adalet.az header logo
  • Bakı 7°C
11 Noyabr 2018 12:07
29560
ƏDƏBİYYAT
A- A+

İRADƏDƏN TƏSƏVVÜRƏ

Çılğın – nəzarətsiz rakurslarla ayaq basdığımız iyirmi birinci əsrdə – cəmiyyətlərin böyük dəyişikliklərlə üz-üzə olduğu vaxtda İRADƏ və TƏSƏVVÜR olan dünya hər kəsdən böyük bir problemin qoyuluşu və həlli istiqamətində ortaq təcəlladan keçmək bacarığı tələb edir. Tədqiqatçı alimlərin, yazıçı və şairlərin xüsusilə örnək məna kimi qavradıqları bu ALİ KATEQORİYALAR zaman-zaman müxtəlif səbəblərdən bir sıra çəkişmələrə, yanlış etiqadlara ünvan verib. Dahi alman filosofu A. Şopenhauerin yaradıcılığında da hər iki aləm – dünyanın sadə təsəvvür və iradədən ibarət olması, eyni zamanda, iradə dünyanın təsəvvür dünyadan üstünlüyü aydın şəkildə izah olunmuşdur. Buna uyğun olaraq Şopenhauer təsəvvür dünyanı həm bütövlükdə, həm də hissə-hissə iradənin obyektliyi adlandırır və bu o mənanı verir ki, iradə obyektə, yəni təsəvvürə dönmüşdür...

Şopenhauer «Transendent immanentlik var, yerüstü yüksəklik var – səmasız, idrakın səmimi vəcdi var...» deməklə iradə və təsəvvür anlayışlarına mifik deyil, real aspektdən yanaşmağı vacib bilib. Bəlkə də bu iradi keyfiyyətləri ruhsal quruluşda çözə bildiyi üçün istedadlı şair Göyərçin Kərimi Şopenhauerin fəlsəfəsini tərənnüm etmək fikrinə düşüb. Biz onun 2018-ci ildə «Çaşıoğlu» nəşriyyatında nəfis tərtibatda işıq üzü görmüş «Dünya iradə və təsəvvür kimi» kitabında bu cəhdi aşkar görür, müəllifin «Transendent immanentlikdən yerüstü yüksəkliklərə qədər uzanan idrakının səmimi vəcdinə» şahid oluruq. Kitab böyük Almaniyanı, alman xalqını fövqəladə məhəbbətlə sevən, Şopenhauerin fəlsəfəsindən xoşbəxtlik sevinci əxz edən Göyərçin xanımın bir növ, fəlsəfi – poetik tədqiqat işidir. Ən əsası, kitabda insan, təkcə obraz olaraq deyil, maddi və mənəvi zərurət kimi məna tapır deyə, diqqətimizi özünə daha çox çəkmək imkanı qazanır. «Dünya iradə və təsəvvür kimi» kitabında İRADƏ və TƏSƏVVÜR anlayışları poetik zəminlidir; müəllif idrakda təcəlla edən polifonik gerçəkləri öz könül dünyasının effekti kimi səciyyələndirib, oxucuda bu anlayışlar barədə yetkin fikir formalaşdırıb...

Əslində, iradə fərdin idrak sferasına aid olmayan transendental qavrayış, təsəvvür isə subyektin obyekti kimi nəzərdən keçirilir. Göyərçin Kərimi sürreal uydurmalardan kənar fəhmləri bu mental məxsusluğa sığışdırmaqla öz iç aləmində şüurüstü – paradoksal uyğunluq kəsb edən bənzərsizliyə parıltı verib. Kitabda görünən sanbal, poetik miqdar, fəlsəfi gedişat bu barədə xüsusi düşünməyə əsas verir...

Dedik ki, İRADƏ və TƏSƏVVÜR anlayışlarına Göyərçin xanımın öz fəlsəfi yanaşma tərzi var. Bunu misraların poetik ovqatı ilə də sübuta yetirə bilərik:

...Bir gün iradə də yorula bilər,

Hisslər ödənilməz, pozular həyat...

***

İradə yaşamaq ehtirasıdır...

...Böyük həqiqətin ehtivasıdır...

***

«Sevgi gözdə olur» deyirlər, lakin

Sevginin ünvanı məsafəsizdir.

***

Xoşbəxtlik arzuya çatmaqda deyil,

Bəlkə də, arzuya gedən yoldadır.

Zövqün təməlidir arzu elə bil,

Ürəklə birləşib ağlı aldadır... və s.

Bu misralarda ideoloji fakt və zəminlər İRADƏNİ ehtiva edən zəka tərpənişləridir. Göyərçin xanım bu siqlətin ehtivasını «SEVMƏK» kodeksi ilə cilalayıb. Görünür, İndira Qandinin: «Ən böyük zərurət insanları sevməkdir» fikri də belə bir təməldən qaynaqlanır. İnsan «Sevmək» anlayışındakı təlatümlərdən təsəvvürün xassə və xüsusiyyətlərini tam sezə bilmir. Buna görə Göyərçin Kərimi sevgidə yanlışlıqlar yaradan məqamları eyham şəklində bizə çatdırır...

Bilirik ki, nəfsin hakim olduğu cəmiyyətlərdə iradənin özünüdərki ikinci dərəcəli məsələdir. Həm də inanmağımız gəlmir ki, bu məsələnin fəzasında İRADƏ TƏSƏVVÜRLƏ NƏFS arasında dəqiq sərhəd qoya bilsin. Göyərçin xanımın eyhamı da bu formal prosedurlara işarə vurur...

Biz, nədənsə, çox vaxt intellektual səviyyənin yüksəlməsi üçün fiziki və emosional imkanların enməsi məsələsində qərarlıyıq. Əslində, əbədi olan iradə özündən başlayan bütün cığırlarda düzgün, yaxud düzgün olmayan hər hansı nöqteyi-nəzərdən asılı olmayaraq təsəvvürdə keçicidir... Göyərçin xanım isə İRADƏ və TƏSƏVVÜRdə polifonik xassə kimi görünən meyllərə yox, ideal faktor kimi qabaran cəhətlərə istinad etdiyi üçün oxucu olaraq bizi öz fəlsəfi düşüncəsinə inandıra bilir. Və aşkar görürük ki, İRADƏ, özgə səadətinə zor etməyəcək qədər özünü inkar etməyi bacarmalıdır. Bu mənada, iradəyə xidmət edən idrak sahibləri ödənilən-ödənilməyən arzuların axınında əzaba məhkumdur. Və əgər 54 il Fransanın kralı olmuş on dördüncü Lüdovik: «Dövlət Mənəm!!!» deyibsə, bu da o mənaya gəlir ki, İRADƏ təsəvvürdəki mahiyyətini qoruyub saxlayıb. Yaxud da, bir insanın vətəndaş səviyyəsi emosional səviyyəsindən aşağıdırsa, bu zaman zehni inkişaf dayanır. Burada TƏSƏVVÜR öz məğzini sosial ünsürə çevirmək məcburiyyətindədir; çünki insan sosial mahiyyət daşıyır, onun həyat təminatı potensial bacarığı ilə bərabər nisbətdə olmalıdır.

Təcrübi faydası zəif olsa da,

Məntiqin inkarı düz fikir deyil.

***

Ağaca bənzəyir filosof ömrü...

***

Fəlsəfə çoxbaşlı əjdaha kimi,

Qarşıda dursa da, daim yenidir… və s.

Bəllidir ki, dünya yaranandan insanlar «təbəqələşmə» və «cəbhələşmə» anlayışlarına ciddi meyl edirlər. Bu cəhd həyatın dəyərlər sistemini pozur. Nəticədə, insan öz mahiyyətinə vara bilmir, təbiətə və cəmiyyətə qarşı etinasız olur. Belə deyək, insan təbiətlə təmasda öz «təcrübi faydası»ndan yararlana bilmir, bəzən həqiqətin özünü belə inkar etməyə məcbur qalır. Bu da İRADƏ seqmentinin dərəcə bucaqlarının yer dəyişməsinə səbəb yaradır.

«Dünya iradə və təsəvvür kimi» kitabından belə bir məntiq anlaşılır ki, İRADƏ ruhsal tərpənişdir; TƏSƏVVÜR müxtəlif münasibətlərlə əlaqə və keçiddə emosional təsiri artırırsa, bəşəri düşüncə İlahi sevgini müqəddəs məcradan çıxarır, onu adi hissə – ehtirasa çevirir. Şopenhauerin dediyi İRADƏ bir növ, sevgi olaraq ilahi anlamdadır, TƏSƏVVÜRdə isə o, şəhvət qutusuna salınır, əsl mahiyyət itir və bu, nəticə etibarilə yanlış etiqada zəmin yaradır. Məhz obrazlarına bu prizmadan nüfuz edən Göyərçin xanımın qənaətində insan zəkası ilahi parametrləri sistemə salmaqda, dünyanı sona kimi dərk etməkdə acizdir. Bəlkə də, təbiət, Şopenhauerin təbirincə desək, sadəcə, öz sirrini açmaq istəmir.

Böyük Ruminin fikrinə görə, «sevgi və kimsənin halına acıma insanlıq vəsfidir; hiddət və şəhvət isə heyvanlıq». Bəzən yanlış iradədən doğan təsəvvür diqqəti ehtirasdan doğan çirkin niyyətlərə yönəldir. Açığı, Göyərçin Kəriminin kitab boyu açmaq istədiyi mənalardan biri də məhz budur.

Kitab bizə faktiki bir neçə fəlsəfi nüans göstərir: Birincisi, Şopenhauerin iradə fəlsəfəsində əsl gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və sağlam düşüncədədir; ikincisi, Göyərçin xanımın təsəvvür fəlsəfəsində iradə ağlın təməlində, gerçəyin atmosferində, ürəyin mərkəz xəttindədir – qısası, bu ideoloji zəmində cərəyan edən istək coşqusudur. Yəni, hər iki zəmin «arzu və əməlin refleksiyada ayrı olmasına dəlalət etsə də, yekunda bir olması» faktını qabardır. Həm də bəlli olur ki, bədənə edilən hər hansı təsir bir başa İRADƏyə təsir göstərir. Həmin təsir həzz doğurursa, İRADƏnin lehinə, ağrı doğursa, əleyhinə yönəlmişdir. Və əsərdən o da anlaşılır ki, bədəndə yaşanan təəssüratın İRADƏ kimi düşünülməsi yanlışdır...

Göyərçin xanımın «Dünya iradə və təsəvvür kimi» kitabında aydın bir süjet xətti var: İnsanın nəfsini heç bir qanun tənzimləyə bilməz! Müəllif Artur və Reqina obrazlarının cərəyan etdiyi bütün vadilərdə belə bir qənaət yürüdür ki, hissi qavrayış da, intellektual dərketmə də, insanın fərdi səviyyəsindən asılıdır və insanın dəyişkən xarakterli olmasının əyani sübutudur. Nəticədə, dəyişkən xarakterlə dəyişməzliyə zəmin yaratmaq, istisnayi hallar nəzərə alınmazsa, mümkün olmur. Bunun mümkün olması birinci növbədə fərdiliyin aradan qaldırılması hesabına baş verir...

Müəllif kitabda təkcə «Torpaqda tapdanmaq xiffəti vardı...» fikri ilə yekun bir hədd ortaya çıxarır: Maddiyyatsızlıq üzündən mənən sınmaq insanın yaşam faciəsidir. Necə ki, torpaq tapdanmaq acısı yaşayır, eləcə də mənən sınan, əyilən insan şikəst, zəlil hesab olunur. "– Allah xəbərsizmi bu səfalətdən? Nədən nicat yolu göstərmir bizə?” fikri də bu ictimai mənanın paralel formasıdır. "– Allah istəsəydi, bunlar olmazdı…” misrasının dərk olunmuş əhatə dairəsi də bu zəminə əsas verir. Aydın olur ki, İRADƏ ayrıca şeylərin adi idrakından ideyanın idrakına keçid mərhələsində dərk olunmasına baxmayaraq, TƏSƏVVÜRDƏ canlanan müvafiq nöqteyi-nəzər batini mənada geriləmə, yanlış düşünmə kimi səbəblərə meydan açır. Elə "İnsan xoşbəxtliyin hər zərrəsini, əzab ödəməklə qazanır, söz yox” məntiqində də oxşar tərzlər təlatümdədir… Və "İRADƏ dünyanın arzu sultanı, O, hər nə əmr etsə, baş əyirik biz” sitatı Göyərçin xanımın fəlsəfi siqlətinin mahiyyətinə tuşlanır, bizi əksər ictimai-ideoloji yanlış və gerçəklərin səbəbilə tanış edir.

Göyərçin xanımın əslində, Şopenhauerin timsalında təqdim etdiyi Artur obrazı hadisələrin gedişində bizdə belə təəssürat yaradır ki, təkamül insan həyatında daim baş verə biləcək prosesdir, fəqət, bu mexanizm fərdlərin sosial həyatda fiziki imkanlarını əngəlləyir.

Kitabda Artur və Reqina obrazları, onların xarakter və xassələri, hətta hərəkətləri belə sosial keçiddə bir neçə qütblüdür. Oxucu bu obrazların ruhsal quruluşunda bir uzaqlıq görür: məlum olur ki, bioloji cəhətdən özünə, əsas qanununa tabe olan insan ruhən dahilik və dahilik həddinə qədər ilhamlanma səviyyəsinə yüksəlir. Bu amil bir-biri ilə dialektik vəhdət təşkil etməsə də, insanın sosial mahiyyətində bunun fərqli-fərqli keçidləri – qütbləri var və onlar paralel müstəvilərdə birləşir. Milyon illərdir bu birləşmə ictimai düşüncələrdə şübhə ilə təzahür edir. Məhz Şopenhauer kimi Göyərçin xanım da öz prizmasından bu qənaətdədir ki, İRADƏ, TƏSƏVVÜR dərk olunmuş zəminlərdir. Əslində, müəllifin «Bilmirəm, xoşbəxtliyin mənası omu, bumu? Əbədi xoşbəxtliyə məhkum etdim ruhumu!» qənaəti bütün proporsial əhatələri tutur. Bu rəqəmsal düşüncədə təzad təşkil edən çox vacib iki nüansa diqqət yetirməliyik: Birincisi, müəllif xoşbəxtliyin əbədiyyət qazanması ehtimalındadır; ikincisi, öz ruhunu könüllü olaraq xoşbəxtliyə məhkum edir. Bu məhkumiyyət zahirən zor tətbiqetmə, çatışmazlıq kimi də anlaşıla bilər. Amma yox, Göyərçin xanımın öz ruhunu xoşbəxtliyin qapısından içəri keçirməsinə çatışmazlıqmı səbəb olub? Bəli, çatışmazlıq! O çatışmazlıq ki, insanda fərdiliyin başa çatması ilə sonuclanır. Digər tərəfdən, müəllifin gəldiyi qənaət intellektualdır və iradi keyfiyyətləri var. Ancaq bu, bütöv halda insanın sosial mahiyyətini açmır. Ya insan iqtisadi sferadır; onun psixi səciyyəsi mövcud ictimai münasibətlərə hakim ola bilmir, ya da insanı fərd olaraq özünəməxsus sosial reallıqdan uzaqlaşdıran ayrı cəmiyyət mövcuddur. Buna görə Göyərçin xanım insanın, daha doğrusu, öz obrazlarının nisbi xarakterində dürüst məntiq axtarmağa lüzum görmür. O, kitab boyu həyati zərurətlərə müəyyən eyhamlar vurur, subyektin obyektdə yerini dəqiq görür, öz ruhunu bu nöqteyi-nəzərdən əbədi xoşbəxtliyin cənginə atır.

...Ehtiyac, ya qayğının içində boğulsaq da,

Təbiətə bir azad baxışımız kafidir...

***

Keçici təzahürün zaman sonluğu təki

Bir hiss bağışlamalı hər kəsə öz ölümü...

***

İradə necə yaranır?

Görünməyənin bətnində görünürmüş kimi

Gizlənir məna. Həm də izahsız... və s.

Paradiqmal xüsusiyyətlər çox vaxt zamanın yeni inkişaf meyllərini özündə xarakterizə edə bilmir. Bu, ictimai təsirlə həyati aspektdə təzahür edən qarışıq-realist formalizmin ikili dinamikasıdır. Lakin Göyərçin xanımın «Dünya iradə və təsəvvür kimi» kitabında insan məkan əhatəsində fəhmə arxalanır. O, yaxşı bilir ki, məkandan kənarda fəhm adi insana aid deyil. Çünki kamil qüdsiyyət məkandan kənarda hakimi-şərtdir. Burada hər şey ruhun təqdisi ilə baş verir. Bu da müəllifin: «...Səadət qara bənzəyir; Şəfəqdən bərq vurur, istidən əriyir, Yerində ağrı cücərir...» fikri ilə eyni ovqatdadır (belə deyək, «həm də izahsız...»).

Göyərçin xanımın hissi idrakında zəka xüsusi yer tutur. Onun adıçəkilən kitabında icitmai fəlsəfə geniş anlamdadır, yəni budur: «Dünya düzəni əsrlərin sınağından çıxmış həqiqətlərin nizamı ilə pərvəriş tapır. Dərrakəli başlar gerçəyi daha dürüst qavrayır. Zorla ağlın mübarizəsi bu dürüstlükdən aşağı qata enir. Dərrakə zaman-zaman hissi idrakda zordan ucada olub...» Bəlkə buna görə antik dövrdə insanlar Zevsə, Apollona, Afroditaya Allah deyiblər... Bu, Aristotelin insanı fövqəladə hadisə adlandırmaq qənaəti ilə də süsləşir...

Göyərçin xanıma görə, insan həyatının əsası ictimai istehsaldır. Biz də bu zəmin əsasında K.Marksın fikirlərinə haqq qazandırırıq: «Hansı proporsiyada ictimai sərvət artırsa, yəni kapital yığımı baş verirsə, yoxsul kütlənin vəziyyəti həmin proporsiyada pisləşir». Doğrudan da cəmiyyətlərin milli gəlirində yoxsul təbəqənin payının azalması onun nisbi yoxsulluğunu sürətləndirir. Və yoxsulluğun sosial mənada artması cəmiyyətin məhvidir. Elə Artur və Reqinanın mövcud olduğu cəmiyyətdə də bu kateqoriya insan və sosial ünsürün gerçək predmetidir.

«Dünya iradə və təsəvvür kimi» kitabının obrazları ağıl, siyasət və iqtisadi gücdə bir ortaqlıq tapa bilmirlər. Onlar təzahür dünyanın hökmlərindən azaddırlar və bu yükü öz üstlərindən atmış kimi görünürlər. Artur Şopenhauer bu görünüşü, yəni insani üstünlüyün ali dərəcəsini Apollon Belvederin timsalında belə ifadə edir: "Muzalar tanrısının başı uzaqları seyr edir, o, çiyinlər üzərində, sanki bədəndən tamamilə ayrı düşmüş kimi elə azad surətdə

yüksəlir ki, artıq onun barəsində qayğıya baş əyməyəcək kimi yəqinlik doğurur”.

Bəli, Göyərçin xanımın obrazları, sanki zülmün acısından nəticə çıxarmağın yollarını

tapmaq həvəslərini də itirirlər. Onlara belə gəlir ki, zaman coğrafiyasında cəmiyyət bucaqları

müxtəlif paralellərdə yerləşir. Dünyanın təsəvvür kimi izahı, Allah fikrinin sürreal təşviqi, ruhi fikrin iç və çöl yanaşmaları, iman-inam çək-çeviri, məqsədlərin bütöv bir cığıra ötürülməsi, həmçinin azad seyretmə üsulu hadisələrə fəlsəfi baxış yaradır. A. Şopenhauerin təbirincə desək, bu, sənət əsəridir, dühanın yaratdığıdır. O, xalis seyrlə dərk olunan əbədi ideyaları, dünyanın bütün hadisələrində mühüm və daimi olanı yenidən ərsəyə gətirir. Onun yeganə mənbəyi – ideyaların dərk olunması, yeganə məqsədi – bu dərk olunmanın ötürülmə prosesidir.

Təbii ki, Göyərçin xanımın «Dünya iradə və təsəvvür kimi» kitabında da obrazların ictimai, şüurüstü düşüncələrindən qaynaqlanan ruhsal fikirlər bir neçə səbəbli, bir neçə mənalıdır. Müəllifin vizual görünüşdə baxışsığallama kəsbindən xəyalyaratma israrına qədər hər şey fəlsəfi təfəkkürdə baş verir. O, yalançı hissi qavramalara ifrat aludəçilikdən kənardır və əsrlər boyu eyni iradənin təzyiqi altında mahiyyətini itirmiş dünyanın bir daha düzələ bilməmək ehtimalından narahatdır.

Nəhayət, Göyərçin xanımın «Dünya iradə və təsəvvür kimi» kitabında «transendent immanentlik var, yerüstü yüksəklik var – səmasız, idrakın səmimi vəcdi var...». Müəllifi yeni yaradıcılıq uğurlarıyla təbrik edirik.

Hikmət Məlikzadə