adalet.az header logo
  • Bakı 7°C
08 Noyabr 2018 00:28
13293
ƏDƏBİYYAT
A- A+

BURAX ƏLİMİ, GEDİM


Ürəyimə yatmadı,
Oxuduğun bu nəğmə.
Gecələrin içindən,
Səhərə əl eyləmə.

Sevgi məktubu yazma,
Ta mənə quş dilində.
Göylər yerlə danışır,
Narın yağış dilində.

Ruhum uçduğu yer də,
Ruhlar aləmi deyil.
Fırtınalar önündə,
Neyləyə bilər sahil.

Biz ki, qohum deyilik,
Axı niyə qan çəkir.
Əlimdə yol biletim,
Məni son güman çəkir.

Unuduram özümü,
Unuduram səni də.
O ocağı, o közü,
O bənzərsiz təmi də...


Burax, burax əlimi ,
İcazə ver qoy gedim.
Bir də qovuşacaqmı,
Yollar....
haradan bilim.

***
Bizi ayrılığa aparar bu vaxt,
Baxmaz göz yaşına, əllərimizi.
Çəkib yaxasından qoparar bu vaxt.
Bizi ayriliğa aparar bu vaxt.

Arınar gecənin sirri içində,
Gümüş tellərini dağıdar sabah.
Tənha bir gözəlin bəxtinə düşüb,
Gecə çiçəyitək yumular bu vaxt.

Nigaran qalarıq bir-birimizdən,
Axarıq, gedərik... yolumuz dümağ.
Milyonlar içində itirər, sonra,
Bizi tityə kimi axtarar bu vaxt...

Bir səs havalanar vaxt qapısında,
Bizə gəlib çatar həmişə bivaxt.
Əvvəl sığal çəkər saçlarımıza,
Sonra könlümüzü qanadar bu vaxt,
Bizi ayrılığa aparar bu vaxt.

***
Şeirimin şəklini çəkən oğlana,
Sözə qaranəfəs qaçan oğlana.
Bir məktub göndərim quş lələyində,
Sevgisi olmasın daş, ürəyində.

Deyim ki,... nə deyim, ah necə deyim,
Bu küçə daşlıdı, gecə qaranlıq..
Hər gün pusqudadı pislik, yamanlıq,
Xeyirlə vuruşur şər nə zamandı,
Deyim ehtiyatlı olsun, amandı...

Gözə qara eynək taxmasın ..,deyim,
Dilindən yersiz söz çıxmasın ..,deyim.
Eh, yadlar bir yana, dostlar bir yana,
Sınasın yaxını, doğmanı deyim...

Gördüyü pilləkən üzü göyədi,
Bilmək olmur göylər kimi bəyənir.
Adam ver eləcə göyə boylanır,
Adam var eləcə göyə təşnədir...
Tanrım yaratdığı dünyanı sevir,
Bu yaşıl ormanı, səhranı sevir.
Günəşi, yağışı, dumanı sevir,
Damlanı, dalğanı, ümmanı sevir...

Yaxın gəl, bu çətin yola bir çıxaq,
Qırxıncı qapının sirri məndədir.
Sənin axtardığın böyük səadət,
Bir az sevinc dadır, bir az qəm dadir...

Bu səhər ürəyi kövrək olubdu,
Qəlbimlə bir vurur qəlbi göylərin.
Deyə bilmədiyim nə qədər söz var,
Lütv edin, buludlar, ona söyləyin.
Lütv edin, nə olar, ona söyləyin!...

DƏRDLƏRIN NƏ TƏHƏRDİ

Səninçün narahatam,
A, məndən rahat olan.
İcazəsiz, filansız,
Gəlib könlümə dolan...

Gözlərimi yaşardır,
Baxışının tüstüsü.
Görmüsənmi sağala,
Hardasa eşq xəstəsi?!...

Allahın lütvü bilib,
Almışam mən bu dərdi.
Bir yol soruşmursan da,
Dərdlərin nə təhərdi?...

Deyim sənə.., qaradı,
Günüm gündüz deyil ki...
Sənsizəm, bir günüm də,
Gülüm, sənsiz deyil ki...

Dur bax, qapın döyülür,
Xəyal kimi gəlmişəm.
Diri görüb karıxma ha...
Sənsiz axı ölmüşəm!...

PAYIZ

Özünü qapımdan
asıb getdi payız...
Qış dəfn edəcək, heyif,
nəm tutan yarpaqları...
Boz sərçələr ağlayacaq,
bumbuz əllər dikəldəcək
başdaşlarını...

Salxım söyüdlər də qocaldı,
Kölgəsində görüşən
sevgililər kimi...
Ara-sıra boyat
xatirələr tökülür
vitrindən indi...

Daha sahilə yaxın
uçmur balıqlar...
Üzünü yumur dalğalar
dili batmış
dənizlərin...
Eh, həmişə sonda ölur
ayrılıqlar....

ATILMIŞ UŞAQLAR

Yatar, anasını görər yuxuda,
Oyanar, özünü tək görər uşaq.
Oynar buludların ətəkləriylə,
Yorulub Allaha söykənər uşaq.
Bir nənə qucağı-sığınacağı...
Sağ ikən anaya həsrət böyüyər.
Balaca qəlbində tumurcuq tutub,
Bütün atalara nifrət böyüyər.

Bütün ağrıları yenər içində,
Xoşbəxtlik haqqında nağıl uydurar.
Səsi düşən yerdən sınar yuxusu,
Qalxıb dəli kimi qaçar qapıya...

Özüylə oğurluq tale gəzdirər,
Üstündə bir barmaq sənəd tapılmaz.
Ömründən taqqataq qatarlar keçər,
Amma bir qatarla anası gəlməz...

Alar əllərindən çərpələngini ,
Zamandan zamana atar küləklər.
Hərdən tellərini öpüb oxşayar,
Hərdən də dağıdıb qaçar küləklər.

İşin ağırıma verər çiynini,
Kədəri dişinə sıxıb böyüyər...
Analı dünyanın qolları üstə,
Özünü təzəfən doğub böyüyər...

Yatar, anasını görər yuxuda,
Oyanar özünü tək görər uşaq.
Oynar buludların ətəkləriylə,
Yorulub Allaha söykənər uşaq.

***
Adam olmaqdan
yorulmuşam ,Tanrım...
Bir az da balıq olmaq istəyirəm...
Adamlıqdan çıxıb çoxu...
seyrəkləşib yer üzü...
Adam da adam əti yeyər ,Tanrım.?!.

Balıqlar başqadı....
Məskəni də geniş sular,
böyük dənizlər...
Hara istər üzüb gedərlər....
unudarlar yer üzünü...
görməzlər pislikləri...

Amma hərdən adamların
Toruna ilişər onlar da...
Başlarına bəla olar
inamları....
Adamlar dənizləri, çayları
çox görər onlara...
Ölümünə fərman verər
balıqçı qırmaqları...
Çağırallar Allahları...
"Balıq olmaqdan yoruldum" deyə...
Qulaqlarına düşər insan
hıçqırıqları:
"Adam olmaqdan yorulmuşam,
Tanrım"....

***
Bu ağacın yarpaqları,
Mənə baxmadan tökülür...
Toy günü əllərinə,
Xına yaxmadan tökülür...

Uzanır cəbrə əlləri,
Tutulur cəbhə yolları.
Döşündə çarpaz qolları,
Qucub, sıxmadan tökülür...

Keçib gedirəm yanından,
Donun al-əlvan qanından...
Xoruzların ilk banından,
Sübhün danından tökülür...
Biri şükür!... dəli biri,
Bilinməz ki, yurdu, yeri...
Bu da bir vurma cədvəli,
Sirri-Xudadan tökülür...

Tez tapdı, unutdu məni...
Arıtdı, qarıtdı məni...
Bir mağara yazısından,
Bir Huuu..dan yaratdı məni,
İndi canımdan tökülür..

AYRILIQ ŞƏKLİ

Bir ayrılıq şəkli var,
Başımızın üstündə...
Gözlərimiz acışır,
Ayrılıq tüstüsündə...

Hər gün bir az uduzur,
Ayrılığa bu ürək...
Hər yeni gün yazılır,
Köhnə günə...ölərək...

İslanır köhnə təqvim,
Qopub düşür divardan...
Kimsə bəxtəvər deyir,
Baxıb bizə kənardan...

YIXILIR

Dünya elə dolanır ki,
Hər şey bir ucdan yıxılır.
Alçağın tavanı çökür,
Hündür ucadan yıxılır.

Yıxılır kimsə adından,
Qurulu vaxt-saatından...
Kimsə şər atdığı ahın,
Yeddi qatından yıxılır.
İlmə tutub fənd toxuyur,
Kədəri bənd-bənd toxuyur.
Divləri verib yuxuya,
Gözəl saçından yıxılır.

Dağlar bəyaz yalanından,
Ağaclar bəhər-barından.
Zəiiflər zəif yerindən,
Güclü gücündən yıxılır.

Yüz balta vurub gedən var,
Xəlvət pusquya yatan var.
Hələ də bilmir adamlar,
Adam içindən yıxılır.

TANRIDAN ƏFV DUASI

İlahi, dağına bağışla məni,
Bağışla qurduna, quşuna belə.
Bir ovuc dəstəmaz suyuna çək və,
Bağışla yosuna, yovşana belə.
İlahi, kim idim, nə idim axı,
Bircə su damlası, bir toz dənəsi...
Hələ də fikirimi çəkirsən elə,
Adam olacaqmı Adəm balası?..

İlahi, sən məni özümdən qoru,
İlahi, sən məni özündə saxla.
Şeytan heç, sən məni timsahdan qoru,
Daim gözlərinin önündə saxla.

Bu gecə uzandı... yata bilmədim...
Ətrini almağa söz göndər mənə.
İnsanam, yolumu aza bilərəm,
Üstündə gəzməyə köz göndər mənə

Mən, səndən rahatlıq diləmirəm ki,
İlahi, yağışa bağışla məni.
Küləyə, şimşəyə, qara bağışla,
Bağişla, bağışla, bağışla məni.

***
Bir səhər...
oyanıb yuxudan
görərsən ki, yoxdu dəniz...
Əllərində quruyar
dünyanın ən gözəl
çiçəkləri...
Günəşin soyuq təbəssümü
buz tutar sinəni....
Bir axşam...
əllərindən düşüb
çiliklənər Ay,
qopub tökülər ulduzlar....
Qamış-qamış
göyərib bitər qapın...
Damar-damar asılar
boynundan...
sevgili ürək tutması.
...Ətcə balalarla yola getməz...
götürüb tullayar aşağı...

köhnə qaranquş yuvası...
...Yazıq-yazıq çökərsən dibinə...
balıqlara yem olub
gedərsən....

HARA GEDİB SAKİNLƏRİ BU EVİN

Neçə gündü nəfəs almır bu otaq,
Hara gedib sakinləri bu evin?
Çay soyuyub, taxça boşdu, su da yox,
İşıq yanmır, qaz kəsilib... neyləyim?...

Əlim dəydfi, üzü güldü qapının,
Yuxuları hərasanmış sən demə!
Açıq görüb külək girdi içəri,
Məndən qabaq gözləyirmiş, sən demə!

İnsan imiş yaraşığı hər şeyin,
Kimə gərək boş yelləncək, quru taxt.
Döyüşlərdən çıxardımı daş şəhər.
Əllərindən tutmasaydı adamlar!...

Mən insanam, yaradılan, yaradan,
Bu günümdən sabah yol gedirəm.
Hələ sirri açılmayan möcüzə,
Hələ neçə yazılmayan şeirəm...