ANA SƏHİFƏ / ƏDƏBİYYAT

UŞAQLARA MƏHƏBBƏT

1210    |   2018-11-08 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təxminən 15 il bundan əvvəl əslən bizim Şabranın qaim-qədim Zöhrabkənddən olub, Sizyəzən şəhərində yaşayan ziyalı dostum Nadir Əliyev alman faşizmi üzərində 9 may növbəti Qələbə günü ərəfəsində mənə sənədlər, faktlar verib bir müharibə veteranı haqqında yazı hazırlamağı xahiş etdi. Sənədlər və keçmiş cəbhəçinin döyüş yolu haqqında faktlarla tanış olandan sonra dostumun xahişinə məmuniyyətlə əməl etdim.
Qəhrəmanım - 2000-ci ildə öz haqq dünyasına qovuşan Ağalar Əliyevin 1942-ci ilin fevralında Krımdan başlanan cəbhə yolu şəhərlər keçə-keçə, Avropanın neçə-neçə ölkəsini dolaşa-dolaşa 1946-cı ilin sonlarında başa çatmışdı.
Bir soyuq fevral günü keçmiş Dəvəçi (indiki Şabran) rayon hərbi komissarlığına cəbhəyə könüllü getmək üçün adi pencəkdə yollanan Ağalar Əliyev qanlı-qadalı davadan qalib bir döyüşçü kimi geri dönmüşdü və o qalib əsgərin hərbi kitelinin yaxasını yuxarıdan aşağı bəzəyən III dərəcəli Şöhrət, II dərəcəli "Böyük Vətən müharibəsi", "Qırmızı Ulduz", Qırmızı Bayraq ordenlərinin, "İgidliyə görə" medalının bir-birinə dəydikcə çıxartdıqları cingilti səsi yeridikcə igid əsgərin özündən qabağa gedib çatırdı...
Aradan bir neçə il keçdi. Yenə də Qələbə günü ərəfəsində mənimlə görüşən Nadir müəllim:
- Həmin döyüşçü haqqında yeni faktlar axtarıb tapmışam, - dedi. - Yeni bir material hazırlamaq olar. Sonra da : - O döyüşçü Ağalar Əliyev mənim atam idi. - deyə yaşlı insan utancaqlıqla əlavə etdi. İndi aradan illər keçib.
Bir neçə gün bundan qabaq telefonuma bir zəng gəldi. Telefonu açdım.
- Nadir müəllimin oğluyam, - dedi, - Xalid! Əlbəttə, tanıdım.
Atasının ölümündən keçən müddətdə dostumun oğlu ilə görüşməmişdim.
Qısa hal-əhvaldan sonra Xalid müəllim tutqun səslə: - Atamın bu ay 70 illik yubileyini keçirməyə hazırlaşırıq, - dedi, - O, sözünün ardını gətirməyə elə bil çətinlik çəkirdi. Ancaq nə deyəcəyi təxminən mənə məlum idi...
İlk əvvəl neçə-neçə illər bundan əvvəl elə Nadir müəllimin də az qala utancaqlıqla məndən söz açmağa haqqı çatan atası haqqında yazmağı xahiş etməsi yadıma düşdü. Burasını da fikirləşdim ki, o vaxt Nadir müəllim, heç demə, həm də övladlarına bir öyüd-ibrət dərsi keçirmiş: "Atanın adını yada salıb xatırlatmaq!"

***
1904-cü ildə rus-yapon müharibəsi zamanı yapon generalı Nu Ti rusların böyük qalası olan Port-Arturu tutmaq üçün Mancuriyaya təhkim olunmuşdu. Sərkərdənin oğlu da döyüşən ordunun zabiti idi və atasinin komandanlığı altında qalaya hücum edənlərin sirasında idi.Döyüş zamanı oğlunun ölüm xəbərini generala çatdırdiqları zamanı NU Tİ təmkinlə demişdir ki, onun da cəsədinin həlak olmuş digər əsgərlərin cəsədlərindən düzəltdiyiniz təpənin üstünə qoyun ki, qalanı tutmaq üçün pillə olsun! Həmin cəsədlərin üstü ilə hücuma keçərək qalanı düşməndən alın!
Yaponlar qalanı alırlar,rus qoşunları öz komandanları ilə birgə təslim olurlar.
Rus əsgərlərini məğlub edən yaponların təkcə döyüş şücaətləri yox, vətənpərvəlik hissi idi...
Nadir Əliyev tarix müəllimi idi və onun fikrincə məktəblilərdə bu böyük hissi tərbiyə etmək müəllimlərin təkcə peşə yox, həm də vətəndaşlıq borcu olmalı idi. Əsl müəllim öz yurdunun vətənpərvərinin tərbiyəsi haqqında həmişə düşünməlidir.
Bu günün şagirdinə-sabahın Vətən əsgərinə yurd sevgisini,torpaq məhəbbətini aşılayıb öyrədən məktəb və o məktəbdə başlıca sima olanlar isə müəllimlərdir.
Nadir müəllim deyərdi ki,hər bir məktəblinin qəlbində hər şeydən öncə Vətən sevgisi,vətəndaşlıq hissi yaşamalıdır. Həm də bu Vətən sevgisi onun ulu tarixini, şanlı keçmişini bilməyidir. Şagirdlər öz doğma yurd-yuvalarının tarixini nə qədər dərindən bilərlərsə, Vətənləri ilə daha böyük qürur hissi keçirər, onu sevib hər daşına, kəsəyinə vurularlar.
O, dərsdə əzbərçiliyin qəti əleyhinə idi. Onun üçün şagirdlərin dərsdə öyrəndikləri tarixi hadisələrin xronologiyasını əzbərləyib dəqiqliklə yadda saxlamaları şərt deyildi. Nadir müəllim çalışırdı ki, şagirdlər öyrəndikləri tarixi faktın məzmununu dərk etsinlər, onun mahiyyətini anlasınlar. Bələdə şagird istənilən tarixi hadisədən özü üçün xeyirli, faydalı nəticə çıxara bilər.
Respublikamız öz müstəqilliyini qazanandan sonra Nadir müəllimin sonsuz vətəndaş sevinci ilə yanaşı müəllim fərəhi də yerə-göyə sığmırdı. Axı, indən belə o, imperiya buxovlarından azad olmuş bir Vətənin tarixini uşaqlara doğru-dürüst öyrədib izah edəcəkdi.
"Şagirdlərə öz köklərini daha yaxından tanıtmalıyıq. Bax, onda udduqları hava da onlara bal dadacaq, ayaqlarını torpağa daha bərk basacaqlar.
Belə də onu qorumağı da, müdafiə etməyi də bacaracaqlar..."
Nadir müəllim belə bir vətəndaş və müəllim ömrü yaşadı.
Bir ara bəzi nadanlar odun alovun içindən çıxıb gəlmiş ll Dünya müharibəsinin veteranlarına üstdən aşağı baxırdılar ki, guya onlar Vətəni deyil, Rusiyanı faşistlərdən qoruyublar. Böyük Vətən müharibəsində ümumi düşmən üzərində qələbədə Azərbaycanlı oğullarının qəhrəmanlıqlarına kölgə salmaq istədilər.
Nadir müəllimin sərrast sözləri elələrini yerinə oturtdu.
...İbrətamiz bir tarixi rəvayət var.
Skiflərlə vuruşan Dari adlı hökmdar onların sərkərdəsini ağır sözlərlə məzəmmət edir ki, sizin döyüşçülər açıq döyüşdən qaçır, geri çəkilirlər.
Skiflərin sərkərdəsi ona belə cavab verir ki, biz bəzən döyüş meydanından ona görə geri çəkilirik ki, arxada əkilmiş zəmilərimiz, şəhər və kəndlərimiz yoxdur. Əgər sən bizim döyüşçülərimizin cəsarətinə, qeyrətinə bələd olmaq istəyirsənsə, onda babalarımızın, ulularımızın qəbirləri olan yerlərə yaxınlaş...
Bax,onda bilərsən ki kimlərlə vuruşursan...
O vaxt faşistlər Mozdokacan gəlib çıxmışdılar və Şimali Qafqazdakı o Mozdok şəhərinin az qala üç addımlığında isə babalarımızın, ulularımızın əbədi yatdıqları torpaqlar, əkin-biçin yerlərimiz, doğma Azərbaycanımız idi.
Və Azərbaycan oğulları-qızları da elə vətənin müdafiəsinə qalxmışdılar.

***
Belə deyirlər ki, Sultan Mehmed çox şıltaq uşaq imiş,dərs oxumazmış. Hökmdar oğlu olduğundan müəllimi də çar-naçar dözüb durarmış. Ancaq bununla uşağın tərbiyəsini daha da korlayacağından qorxan müəllimi bir gün Sultan Süleymana şikayət edir ki, oğlunuz çox nadincdir, dəcəldir.
Dərs vaxtı şıltaqlıq edir, deyilənlərə qulaq asmır.
Sultan fikrə gedir,xeyli ölçüb-biçib üzünü müəllimə tutub deyir ki sabah mən məktəbə gəlim, sən də Mehmedin gözünün qabağında çubuqla mənim ətəyimə vur.
Müəllim sarısını udub çəkinə-çəkinə:
- Hörmətli şahım, - deyir, - qibleyi-aləm sağ olsun, heç elə şey olarmı?..
Sultan Süleyman: - Övladımın tərbiyəli olmasını istəyirsənsə olar, - deyir. Və müəllim ertəsi gün hökmdar oğluna dərs keçən zaman atası içəri girir. "Padşah gəldi, padşah gəldi" - deyə bütün məktəb qarışır. Uşaq gedib atasının paltarının altına girir. Müəllimindən çoxluca şikayət edir ki, bəs mənə tapşırıq-filan verir, məsələ-misal həll etdirir.
Mehmed belə deyəndə müəllim əlində çubuq uşağın üstünə acıqlanır ki, bundan sonra sənə daha ağır tapşırıqlar verəcəyəm. Sultanın üstünə də çımxırır ki, sən nə haqla mənim sinfimə girmisən? Sən də çıx burdan, səni də döyərəm. Və bunu deyib əlindəki çubuqla Sultanın ətəyinə birini ilişdirir.
Sultan da müəllimdən qorxmuş kimi tez sakitcə çıxıb gedir.
Bu əhvalatdan sonra balaca Sultan Mehmed fağırca dərslərdə oturub dizini qırır, o gün-bu gün bir daha səsini çıxarmır.Məktəbin ən çalışqan,nümunəvi şagirdi olur.
Nadir müəllim də qarşısında əyləşən şagirdinin valideynlərinin tutduqları ictimai mövqeyindən asılı olmayaraq hər birinə, bax, beləcə yanaşardı.
Nadir müəllim əvvəlcə Şamaxıda Pedaqoji Texnikumda oxumuşdu. 1967-ci ildə dərs ilinin ilk günündə Şabranın Şahnəzərli kəndində ilk dəfə müəlim kimi sinfə girmişdi. Sonra iki illik əsgər həyatı. Ordudan geri döndükdən sonra isə doğulub boya-başa çatdığı, məzunu olduğu qonşu Çuxurəzəmi kəndində pedaqoji fəaliyyətini davam etdirmişdi. 1977-ci ildə indiki APDU-nun tarix fakültəsində təhsilini başa vurmuş, sinif otağına ali təhsilli müəllim kimi daxil olmuşdu. Savadlı, işgüzar, səmimi, mehriban bir insan olan kənd müəllimini - Nadir Əliyevi hələ 1975-ci ildə Siyəzənə, şəhər məktəbinə işə dəvət etmişdilər. "Baş müəllim" adına layiq görülən Nadir müəlim sonralar bir ara Siyəzən rayonunda, təhsil şöbəsində metodkabinə müdiri oldu. Bir müddət rayon uşaq yaradıcılıq mərkəzinə rəhbərlik etdi.
Nadir Əliyev öz haqq dünyasına 2017-ci ilin 6 oktyabrında elə müəllim kimi də köçdü.
Azərbaycanımızda hörmətli adamları şöhrətləndirmək üçün onlara "müəllim" deyə müraciət edirlər. Nadir müəllim bu adın şərəfli olduğu ilə yanaşı, həm də müəllimliyin özünün nə qədər çətin, məsuliyyətli bir peşə olduğunu da yaxşı bilirdi. Yaxşı bilirdi ki, bu gün qarşısında oturan bəzisi dəcəl-şıltaq, bəzisi başıaşağı, üzüyola uşaqlar sabah böyük həyata qədəm qoyacaqlar. O zaman onların həyatda, cəmiyyətdə tutduğu mövqeyə görə valideynlərindən çox müəllimlərinin ünvanına deyəcəklər: "Əhsən müəlliminə!.."
Və ya əksinə...
"Bu əhsən" kəlməsi üçünsə müəllim gecəsini gündüzünə qatmalıdır. Hadir müəllim də ömrünü beləcə yaşadı. Sevmədən sevilmək olmaz. Nadir müəllim ötən əsrin məşhur pedaqoqu Vasili Suxomlinskinin sözlərini özünə peşə prinsipi seçmişdi. Görkəmli pedaqoq özünə sual verir və sualını belə cavablandırırdı: "Əgər məndən soruşsanız ki, həyatınızda başlıca şey nədir? Belə cavab verərdim: uşaqlara məhəbbət!"
Nadir Əliyev də belə müəllimlərdən biri idi.
Nadir müəllimin fikrincə əsl pedaqoq həm də yaxşı valideyn olmalıdır.
Nadir müəllim elə özü də yaxşı valideyn idi. Onun ata qayğısı ilə yanaşı valideyn tələbkarlığı ilə böyüyən üç oğlu, bir qızı təhsil aldıqları məktəbdə ən nümunəvi şagirdlərdən idilər. Elə bunun nəticəsidir ki, onlar bu gün cəmiyyətdə layiqli yerlərini tutublar.
Bir də sonbeşik oğul Elmanın evində dörd yaşlı Nadir bir oğlan böyüyür. Yəqin ki, balaca Nadir də adaşının adına layiq bir nəvə olacaq.


Aydın TAĞIYEV
AYB Şabran bölməsinin sədri



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK