adalet.az header logo
  • Bakı 13°C

MÜSƏLMAN İMTİYAZLA YOX, MƏSULİYYƏTİLƏ XƏLİFƏDİR

7137 | 2018-11-08 00:21

Bəşər həyatının keşməkeşli hadisələrini təhlil edən bəzi insanlar Şeytan və heyvani nəfsin törətdiyi bəla və müsibətlərə rəğmən soruşurlar: "Hər şeyə qadir olan Allah nə üçün haqq ilə batilin, nur ilə zülmətin mübarizəsinə bilavasitə müdaxilə etmir?"; "Allah hər şeyə qadirdirsə, nə üçün hamını saleh əməl sahibi etmir?"; "O, iqtidar və müxalifətlər, dövlət və xalqlar arası münasibətlərin yaxşı olmasını bir "ol" əmrilə tənzimləyə bilməzmi?" Bu suallara səthi cavab axtaranlar Rəbbin hikmətindən xəbərsizdirlər. Onlar unudurlar ki, Şeytan və heyvani nəfs əslində dünyanın dinamik inkişafını təmin edən aparıcı qüvvələrdən biridir. Şeytanın qaçış meydanında arxadan gələn bir marafonçu kimi hənirtisini nəzərə almayanlar, ziddiyyətlərin vəhdəti qanununu da inkar etmiş olurlar.

Qadir olan Allah, həm də Hakimdir

Gecə, şər, şor, haram, zülm, cəhalət olmadan gündüz, xeyir, şirin, halal, ədalət və elmin dəyəri bilinib, onların sərhədləri müəyyənləşərdimi?! Haqqın sadəcə haqq olduğu üçün mübarizəsiz qalib gələcəyini zənn edənlər Allahın bir sifətini nəzərə alıb, digər sifətlərinə diqqət vermirlər. Şübhəsiz ki, Allah hər şeyə qadirdir və buna hər bir imanlı bəndə qəlbən inanır. Lakin Allah Qadir olduğu kimi, həm də Alim və Hakimdir. Yəni qüdrətini hansı sahədə və necə təcəlli etdirəcəyini yalnız O bilir. Allah həm də Hakim olduğu üçün, Onun bütün icraatları hikmətlidir. Gecə və gündüzü də, qış və baharı da yaradan Allah qüdrət sahibidir. Əgər həmişə gecə və qış olsaydı, Yer kürəsi, ağac və bitkilər ölüb insanlara heç bir ruzi verməzdilər. Əgər həmişə gündüzlə bahar olsaydı, onda Yer kürəsi, ağac və bitkilər gücdən düşüb qısa müddətdə qısır qalardılar.
Allah Qüdrət sifətilə (Allahın varlıqlar üzərində iradə və elminə uyğun təsərrüf etməsi) dünyanı Günəşdən min dəfələrlə böyük edə bilərdi. Amma Hakim sifətilə - hikmətilə bunu etməyib. Əks təqdirdə, Yerlə Günəş arasında cazibənin tarazlığı pozulardı... Allah Qüdrət sifətilə Yerlə Günəş arasında məsafəni 1,5 mln. km edib. Əgər bu məsafə az və ya çox olsaydı, insanlar ya istidən, ya da soyuqdan məhv olardı. Allah Qüdrət sifətilə insanı olduğu ölçüdən böyük də yarada bilərdi. Amma hikmətilə bunu rəva bilməyib. Əks təqdirdə, Yer kürəsi çağdaş və gələcək bəşərin yaşayışını lazımınca təmin edə bilməzdi və s. və i. Göründüyü kimi, Allah ayrı-ayrı şəxs və qrupların arzusu ilə deyil, öz dərgahında qurduğu bir plan üzrə fəaliyyət göstərir. Başqa sözlə, O, sonsuz qüdrətini ilahi elm və hikmətinin vəhdətilə idarə edir. Deməli, bəndənin kainat və onun içindəkilərinin naminə yox, yalnız öz arzusunu həyata keçirmək üçün Allahdan umması son dərəcə yersizdir. Bu, həm də fikir, düşüncə azadlığına ziddir. Çünki "Mənim kimi düşünməyənlər düşmənimdir" tezisi, başqalarının söz və vicdan azadlıqlarına bir qəsddir.
"Allah hər şeyə qadirdir" - deyib, müəyyən bir işin meydana gəlməsi üçün lazımi səbəblərə müraciət etməyənlər, əslində səbəb dairəsilə etiqad dairəsini bir-birinə qarışdırırlar. Məlumdur ki, səbəblər Allahın qanunlarıdır. Onlara riayət etməmək ilahi iradəyə qarşı çıxmaq deməkdir. İradəyə qarşı çıxanların qüdrətdən imdad diləmələri isə boş bir istəkdir. Başqa sözlə, bu, yanlış yol və metodlarla doğru məqsədə çatmaq xülyasıdır. Məsələn, işlərin başlanğıcı hərəkətdir. Bunun üçün səbəblərə riayət etmək, yəni ayağa qalxmaq lazımdır. Əksinə, "Allah istəsə, insanı oturarkən də hərəkət etdirər" - deyən adam, olduğu yerdə qalmağa məhkumdur. Belələri, məlum filmdə göstə-rildiyi kimi, lotereya almadan Allahdan avtomobil istəyənlərə bənzər.
Məlumdur ki, peyğəmbərliyin əlamətlərindən biri də möcüzədir. Lakin möcüzələr xaricində peyğəmbərlər belə adi insanlar kimi səbəblərə müraciət edib, Allahın iradəsinə tabe olublar. Onlar "Allah hər şeyə qadirdir" - deyib, əkmədən biçməyə başlamayıb, öyrətmədən hidayətə çatdırmayıb, cihada getmədən qələbəni təmin etməyiblər. Əshabdan bir qrup Peyğəmbər(ə)-nin ziyarətinə gələrkən xəbər göndərir: "həz.Məhəmməddən soruşun: "Dəvələrimizi bağlayaq gələk, ya bağlamayıb onları Allaha təvəkkül edib gələk". Peyğəmbər(ə) xəbər göndərir: "Dəvələrinizi bağlayın, Allaha təvəkkül edin, sonra gəlin".

Səbəb və etiqad dairələri

Səbəb dairəsilə etiqad dairəsinin qarşılıqlı münasibətindən doğan məntiqə görə, kafirin islami olan bir vəsfi (keyfiyyəti, sifəti) müsəlmandakı qeyri-islami vəsfə qalib gəldiyi üçün, həmin kafir müsəlmana qalib gələr. Bu tezis sırf dünya həyatı üçün deyilib. Məsələn, doğruluq və əzm göstərmək İslamın tələb etdiyi mühüm sifətlərdir. Həmin sifətlər kimdə olarsa, uğuru da o qazanar. Əgər qeyri-müsəlman bu sifətlərə müsəlmandan daha artıq sahib çıxarsa, qələbə onundur. Çünki o, müsəlmandan fərqli olaraq, haqq metod və vasitələrdən istifadə edir. Əslində bu durum kafirin müsəlmana qalib gəlməsi yox, kafirdəki İslami sifətlərin bəzi müsəlmanlardakı qeyri-islami sifətlərə qalib gəlməsidir. Lakin dünyadan fərqli olaraq, axirətdə durum tam başqadır. Burada Cənnətə girməyin əsas şərti imandır. Bu şərti kim yaşadarsa, səadət mənzilinə də o çatar. O ki qaldı kafirin axirətdəki durumuna, şübhəsiz imandan məhrum olunduğu üçün onun yeri Cəhənnəmdir. İslami sifətlərə malik olduğu üçün o, imanlı bəndədən fərqli olaraq, mükafatını dünyada ikən alır. Göründüyü kimi, səbəbləri nəzərə almayan, haqq metod və doğru yolu tapa bilməyən imanlı bəndə dünyadan nəsibini ala bilməsə də, imanı onu Axirətdə mükafatlandırır.
İlahi hikmətə görə, həm möminin, həm də kafirin yaşamaq haqqı var. Çünki Allah kimi və ya nəyi yaradırsa, əvvəlcə onun ruzisini hazırlayır. Kimə mədə verilibsə ona ruzi, kimə göz verilibsə, ona görünən şeylər, kimə qulaq verilibsə ona eşidilən səslər və s. və i. dəyərlər verilib. Yəni burada insanın etiqadına, inancına baxılmaz. Bunu "Kafir olanlara da ömürləri boyu ruzi verib, lakin sonra Cəhənnəm əzabına düçar edərəm" (Bəqəra 126) Rəbb kəlamı təsdiq edir. Göründü-yü kimi, Allah Rəzzaq(ruzi verən) və Şafi (şəfa verən) sifətilə mömin və kafirə fərq qoymur. Kim bu dəyərlərə sahib çıxıb, elm və iradə ilə səbəbləri taparsa, dünyadakı yaxşı yaşayışı da o təmin etmiş olar.

Rəbbin Kəlam və
İradə sifətləri

Allahın Kəlam sifəti Onun hərf və səsə möhtac olmadan danışması deməkdir. Allahın İradə sifəti isə Onun hər şeyi dilədiyi kimi təyin və təsbit etməsidir. Kəlam sifətindən doğan ilahi qa-nunlar Rəbbin kitablarında (Tövrat, İncil, Quran) yazılıb. İnsan social statusundan asılı olmayaraq bu hökmlərin yerinə yetirilməsində sərbəstdir, yəni həmin qanunları icra edə də, etməyə də bilər. İradə sifətindəki qanunlar isə bütün kainat üçün məcburidir. Bu hökmlər canlı-cansız, mömin-kafir, insan-heyvan kimi hər bir mövcudata aiddir. Məsələn, qüvvətlinin zəifə qalib gəlməsi Rəbbin İradə sifətinin bir təcəllisidir. Polad qılınc qüvvətli, taxta qılınc isə zəifdir. Vuruşda sözsüz ki, polad qılınc qalib gələcək. Burada iman nəticəyə təsir göstərməz. Əgər imanlı bəndənin əlində taxta, kafirin əlində isə polad qılınc varsa, sonda məğlub olan "iman" yox, "taxta"dır. Təbii ki, imanlı bəndə döyüşdə Allahın iradə sifətini nəzərə alıb, kafirin işlətdiyi İslami metodlardan istifadə etsəydi, nəticə başqa cür olardı.
Allahın Kəlam və İradə sifətlərinin vəhdətinə nail olanlar əməllərinin qarşılığını həm dünyada, həm də axirətdə alarlar. Kəlam sifətinə söykənən qanunlara uyanlar mükafatlarını, uymayanlar isə cəzalarını ümumən axirətdə görərlər. İradə sifətindən doğan ilahi qanunlara riayət edənlərin mükafat və cəzaları isə çox vaxt bu dünyada verilər. Bu iki İlahi qanunun hökmlərini qarışdıran insan səhv yoldadır və sonda onu məğlubiyyət gözləyir. Məsələn, iki əkinçidən biri dindar və tənbəl, digəri kafir və işgüzar olarsa, Allahın Rəzzaq (ruzi verən) isminin təcəllisilə kafir daha çox faydalanacaqdır. Çünki o, dindar adamdan fərqli olaraq, İradə sifətindən doğan qanuna əməl edib. Deməli, İradə sifətilə bağlı bəndənin görəcəyi işlərin sonu inanca görə yox, qeyrət göstərib çalışmaqla müəyyənləşir. Həmişəyaşar M.Ə.Sabir demişkən: "Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun; millət düyünün açmağa himmət gərək olsun..."

Müsəlmanı məğlub edən yanlış metoddur

Arı sadəcə bal hasil etməyi, hörümçək isə tor hörməyi bilir. Lakin balı da, toru da yaradan Allahdır. Arı və hörümçək bu ilahi sənətin icrasında bir səbəbdir və gördüyü işə görə də müəyyən dəyər qazanır. Bu iş yalnız onlar üçün təyin olunan sənət və vəzifədir. Nə arı, nə hörümçək başqa işlə mükəlləf də deyil. Ağıl, iradə, iman sahibi insan isə belə deyil. Onun görəcəyi işlərin çeşidi müxtəlif və daha məsuliyyəti olduğu üçün, dəyəri daha yüksəkdir. Təsadüfi deyil ki, "Mən Yer üzərində bir xəlifə yaradacağam" buyuran Rəbb, Şeytan istisna olmaqla, bütün mələkləri insana itaət etdirdi ki, o, elm, iradə və iman vəhdətilə icra etdiyi işə görə mələklərdən üstün, xeyirli olsun. Bu isə bəndənin Allahın gözəl sifətlərindən, o cümlədən Kəlam və İradədən necə istifadə-sindən asılıdır. Sözdə, hətta qəlbdə iman edib, fəqət Rəbbi razı salacaq heç bir iş görməyən mü-səlmanın məğlubiyyəti işin əvvəlindən bəllidir. Belələri dəvələrini bağlamadan Allaha təvəkkül edənlər kimidir. Bunu vaxtilə qeyri-islam aləminə 600 il elm və mədəniyyət dərsi verən əksər dünya müsəlmanlarının bügünkü acınacaqlı aqibəti sübut edir. Halbuki dünya elmi bugünkü inkişafına görə əsasən Şərq intibahına borcludur.
Bəs ana bətnindəki mikrokainatla ərşdəki makrokainatın sirlərindən bəhs edən Quranlı İslam aləmi nə üçün bu tərəqqini davam etdirə bilmədi? Bir qrup İslam alimi bunu Xaç yürüşləri və Monqol istilası ilə əlaqələndirsə də, fəqət hesab edirik ki, əsl faciə elmi axtarış və yeniliklərə meyl və cəsarətin mənən qırılması səbəbindən baş verib. İntibahın süqutu və intellektual geriliyin bünövrəsinin qoyulması ilə İslam ölkələri tədricən qeyri-islam ölkələri üçün xammal bazası statusunda olub. Bu neqativ prosesin davamı kimi bəzən müsəlman qeyri-müsəlman üçün ucuz işçi qüvvəsinə də çevrilib. Acı tendensiya əsrlər boyu davam edib və təəssüf ki, heç "yoruldum" da demir.
Gündəlik həyatımıza nəzər yetirsək görərik ki, yediyimiz, içdiyimiz, geydiyimiz və istifadə etdiyimiz cihaz, maşın, aqreqat, minik və uçuş vasitələrinin əksəriyyəti qeyri-islam alimlərinin elm, texnika və texnologiya sahəsindəki nailiyyətlərinin nəticəsidir. Bəziləri səbəbləri araşdırmadan həmin sahədəki geriliyimizi müsəlmanlıqda, qeyri-müsəlmanların uğurunu isə sadəcə qeyri-müsəlman olmalarında axtarırlar. Digərləri isə "müsəlman" və "islam" terminlərinin fərqini bilmədən ifrata vararaq "müsəlmanın məğlubiyyətinin səbəbi İslamdadır" deyirlər. Həqiqət isə budur ki, müsəlman doğru metod və vasitələrdən istifadə etmədiyi halda məğlub durumda; qeyri-müsəlman (hətta öz batil niyyətinə nail olmaq üçün) doğru metod və vasitələrdən istifadə etdiyinə görə qalib durumda. Yəni haqqa çata bilmək üçün vasitənin də doğru-haqq olması lazım ikən, bu vasitə-metod yanlış olduğundan sahibinə xeyir qazandırmır. Əksinə, bir batilin, lap kafirin vəsiləsi-metodu haqq (doğru) olarsa, həmin haqq metod o batilə- kafirə uğur qazandıra bilər. Deməli, müsəlmanın geri qalması müsəlmanlığından deyil, onun İslama- haqqa məxsus sifətləri tərk etməsindəndir. Qeyri-müsəlmanın da dünyəvi tərəqqiyə çatması qeyri-müsəlmanlıqdan yox, onun İslama məxsus ittifaq, çalışqanlıq, elm, iradə və digər sifətlərindən irəli gəlir.

Çalışmaq ibadətdəndir

"Çalışmaq adətim, təvəkkül isə halımdır" Peyğəmbər(ə) kəlamıdır. Hədisə görə, elmini sə-fərbər edib, əlindən gələn qeyrəti göstərdikdən sonra saf niyyətlə Allaha təvəkküldə bulunan və qədərə razı olan hər bir fərd və cəmiyyət Onun "Kafi" isminin təcəllisilə ruhunda bir genişlik, vicdanında rahatlıq və qəlbində ülviyyət qazanır. Çalışmağı da namaz kimi İslami ibadətlərdən sayanlar dünya-axirət tarazlığını: "Axirətin üçün çalış, dünyanı da yaddan çıxarma"; "Dünyaya dünyada qalacağın, axirətə isə axirətdə olacağın müddətə görə qiymət ver" Peyğəmbər(ə) kəlamlarında tapırlar. Təsadüfi deyil ki, bu gün öz güc və qüdrətini, elm və mədəniyyətini çağdaş dünyaya diktə edən, demokratiya, insan haqq və azadlıqlarının məkrli-məkirsiz qarantı olduğunu bəyanlayan millət və qurumlar 500 ildir ki, məhz islami (geniş mənada, yəni Rəbbə təslim olub, Onun sifətlərinin təcəllilərini işlərində felən tətbiq edən) - ümumbəşəri dəyərlərdən qaynaqlanaraq, biz də daxil olmaqla müsəlman dünyasına dərs verirlər. Lakin o da bir həqiqətdir ki, dərs almaq hələ hər şey demək deyil. Əsas məsələ dərsi qavramaq və qavranılanı öz ənənə və mədəniyyətinə, "Mən"inə uyğun tətbiq etməkdir. Deməli, çox kövrək və sürüşkən olan çağdaş dünyada söz sahibi olmağımız üçün sadəcə müsəlman adı daşımağımız kafi deyil, xarakterimiz, təfəkkürümüz, iradə və elmimiz, tətbiq edəcəyimiz metod və prinsiplərimiz Rəbb razı qalacağı xəlifəyə- müsəlmana xas sifətlərə malik olmalıdır. Tərəqqi və qələbə ancaq bu şərtlərlə vəd edilib. İlahi qanun belədir!


Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru

TƏQVİM / ARXİV