adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Noyabr 2018 00:16
12645
ƏDƏBİYYAT
A- A+

Frutik Qriqoryana gecikmiş açıq məktub

("Prokuror Roman kimi həyat" kitabının "Tariximiz və keçmişimiz" bölməsindən )

1967-ci ildə Neft-Kimya İnstitutunda oxuyarkən tələbə yoldaşım və dostum Səməndərlə Bakının "Zavaqzalnı" deyilən ərazisində Marqo adlı erməninin evində kirayə qalırdıq. İkimərtəbəli evlərdən ibarət həyətdə Rüstəm adlı yaşlı kişidən başqa azərbaycanlı yox idi. Axşamlar kişilər həyətdə toplaşır, kimi söhbət edir, kimi də nərd və domino oynayırdı. Öz deməsinə görə APİ-də dərs deyən Frutik adlı bir tarixçi məni və Səməndəri tariximiz və şəxsiyyətlərimiz barədə sorğu-suala tutur, biliksizliyimizi görüb, özü danışmağa başlayırdı. Məsələn, deyirdi ki, Babək azərbayacanlı deyil. Onu Mircəfər Bağırov zorla azərbaycanlı edib. Nizami guya farsdır. Azərbaycanlı olsaydı öz dilində bir kəlmə şeir yazardı. Sizin Şah İsmayılınızın qanında xristian qanı var. Nəriman Nərimanovunuz millətinizi satıb. Səməd Vurğun, Rəsul Rza Stalinə şeir həsr ediblər. Mircəfər Bağırov öz millətini qırıb və s. Frutik müəllim danışdıqca gözlərimizi döyür, heç nə cavab verə bilmirdik.Bəzən elə təsəvvür yaradırdı ki,guya nə tariximiz, nə də sanballı şəxsiyyətlərimiz olub. Bircə təsəllimiz Rüstəm kişinin hər millətdən bir arvad alıb saxlaması idi. Humanitar biliklərə yiyələnmək üçün texniki institutdan öz ərizəmlə çıxıb, hüquqşünas oldum. Bəzi tarixi biliklərə yiyələndim və bir gün hiss etdim ki, Frutiklə söhbətləşə bilərəm. Odur ki, Frutik Qirqoryana açıq məktub yazmaq qərarına gəldim.
Çox hörmətsiz və urvatsız, Frutik! O qədər çox danışmısan ki, onların hər birinə cavab vermək üçün cild-cild kitab yazmaq lazım olardı. Ona görə də tariximiz və şəxsiyyətlərimiz haqqında sənin fikirlərini tezislərlə təkzib etmək qərarına gəldim.

Babək

Sən deyirdin ki,Babək azərbaycanlı deyil,O,islam dininə qarşı vuruşub.
1. Babək azərbaycanlıdır.Türk oğlu türkdür.O,fars dilini bilməyib.Yalnız türk dilində danışıb.Atasının adı Abdulla, anasının adı Fatimədir. 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulub.Anası Fatimənin müsəlman olması dəqiqdir.
2. Bəzi mənbələrə görə əməvilər sülaləsinin süqutunda (750-ci il) mühüm rol oynamış Əbu Müslüm Xorasani Babəkin babasıdır.
3. Babəki məğlub etmiş sərkərdə Əfşan Heydər ibn Kavus da türk oğlu türkdür.Türkə türkdən başqa kimin gücü çata bilərdi?!
4. Babəkin savaşı islama qarşı deyildi. 44 ölkəni özündə birləşdirən xilafət rəhbərləri "din davası deyil,un davası" aparırdılar.Çünki,əvvəla islam dinində zorakılıq və məcburiyyət yoxdur. (Bəqərə surəsi 256-cı ayə).İkincisi, xəlifə Məmun (s.d.813-833) və qardaşı- Harun ər Rəşidin türk əsilli kənizindən doğulmuş Mötəsim (s.d.833-842) dövləti islami dəyərlərlə deyil, imperiya təxəyyülü ilə idarə edir və yaşayırdılar.Əcər belə olmasaydı Peyğəmbər (s.ə.s.) övladlarını xaincə öldürməzdilər. Məmun 8-ci imam Rzanı (ə) 819-cu ildə,Mötəsim isə 9-cu imam Mühəmməd Taqini (ə) 835-ci ildə zəhər verməklə şəhid etmişdilər.
5. 1948-ci ildə Mircəfər Bağırovun səyi ilə nəşr olunmuş cəmi 200 nüsxədən ibarət "Babək" adlı kitabda, Babəki Afşinə satan Səhl ibn Sunbatın sizlərdən olmasına işarə vardır.
6. Ey Frutik, sənin Babəkin türk olmasını inkar etməyin, cənubda yaşayan 30 milyonluq xalqı ruhdan salmaq deyll,bəs nədir?

Nizami Gəncəvi

Deyirdin ki, Nizami Gəncəvi sizin deyil, fars şairidir. Əgər azərbaycanlı olsaydı bircə kəlmə öz dilində seir yazardı.
1. Mən bilirəm ki,Ermənistan Elmlər Akademiyasında Nizami bölməsi fəaliyyət göstərirdi.Neçə-neçə filoloqlarınız,tarixçiləriniz Nizaminin fars sairi olması barədə cani dildən əsərlər yazıb,alimlik dərəcəsi alıblar.Yaxşı ki,özününküləşdirə bilməmisiniz Nizamini. Nizami dövründə bütün əsərlər, həmçinin yazışmalar fars dilində aparılırdı. Məsələn:Şirvanşah I Axsitan Nizamiyə "Leyli və Məcnun" poemasını sifariş edəndə fars dilində yazılmasını xüsusi vurğulamışdı. Əsərin əvvəlində Nizami I Axsitanın dili ilə deyir:

Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə.

Əgər Nizami türk olmasaydı I Axsitan ona "Leyli və Məcnun"u fars dilində yazmağı sifariş edərdimi? İkincisi,tarixən oxucusu çox olan dildə yazıb yaradıblar.Müasirlərimiz Çingiz Aytmatov,Çingiz Abdullayev,Çingiz Hüseynov və.s. öz dillərində yazıb-yaratmayıblar.Onların milliyətinə şübhən var?

Şah İsmayıl Xətai

Sənin ən çox hücumuna məruz qalan, fəxrimiz,şanımız,şöhrətimiz Sah İsmayıl Xətai idi. Deyirdin ki,Sah İsmayılın qanında xristian qanı var. O,sünni-şiə məsələsi yaratmaqla xalqınızı parçalayıb.Yaxşı oldu ki, Osmanlılarla vuruşdu,yoxsa onlar Avropanı da tutacaqdılar. Arvadını Osmanlı Sultanına peşkəş edib,Şeybanı xanı öldürdükdən sonra,onun kəlləsindən düzəltdirdiyi badədə sərab içib və.s.
Hörmətsiz və urvatsız, Frutik, dediklərinizin hamısı yanlışdır.
1. Şah İsmayılin ana nənəsi Uzun Həsənin arvadı Dəspinə xatun həqiqətən yunan xristianı olan Trabzon imperatoru 4-cü İohannın qızıdır. Qibləgahınız olan Rusiyada 301 il hökmranlıq etmiş Romanovlar sülaləsində bir nəfər də olsun anası rus olan çar olmayıb.Hətta bizim Osmanlı sultanlarımızın anaları da 3-cü Sultan 1-ci Muraddan başlayaraq bir nəfəri çıxmaq şərti ilə xristianlar,o,cümlədən erməni də olub. İndi özünüz hesablayın, kimin qanı daha təmizdir?
2. Sünni-şiə məsələsini Şah İsmayıl yaratmayıb.12 yaşlı uşaq necə təriqət yarada bilərdi? O,təriqət üstündə hakimiyyətə gəlib.Orta əsrlərdə hər hansı bir təriqətə və yaxud ideyaya söykənməyən dövlət yaranmamışdı və yarana bilməzdi. Sünni-şiə məsələsi 850 il əvvəl,3-cü xəlifə Osmanın vaxtında yaranıb.
3. Dünya tarixində 30-a qədər fateh olub. Fatehlər 2 qrupa bölünür. a) dövlət qurub genişləndirənlər (Çingiz xan, Teymurləng və s.), b), qurulmuş dövləti genişləndirənlər (İsgəndər,Fateh II Mehmet, Sultan Süleyman, I Pyotr və s.). Şah İsmayıl həm dövlət qurdu, həm də genişləndirdi. "14 ildə 14 ölkə fəth etmişdi. O, əsl fateh idi". (K.Marks) Ona orta əsrlərin İskəndəri deyirdilər. Fatehlər arasında 10-20 yaşlarında hakimiyyətə gələnlər olub. Lakin, heç bir fateh Şah İsmayıl kimi 15 yaşında dövlət qurmayıb.
4. Fatehlər arasında yazıb-yaradanlar, sənətə hörmət edənlər olub. Lakin, Şah İsmayıl qədər ədəbiyyat və incəsənətdə iz qoyan olmayıb.Yeganə fatehdir ki,həm də ədəbi yaradıcılıq sahəsində dünya klassiklərindən hesab olunur.
5. Fatehlərin 4-5-i vuruşlarda döyüşçü kimi iştirak edib. (İskəndər, Çingiz xan və s). Lakin, heç kim bütün hakimiyyəti dövründə, Şah İsmayıl qədər döyüşlərdə iştirak edib,şücaət göstərməyib.O, Çaldıran döyüşündə təkbətək mübarizədə üç Osmanlı pəhlivanını,o cümlədən, qoçaqlığı ilə ad-san qazanmış Malkoç oğlunu öldürmüşdü.Döyüşün qızğın çağında Şah İsmayıl od püskürən ən böyük topa yaxınlaşaraq qılıncla elə bir zərbə vurur ki, çuqun topun lüləsində dərin iz açılır. Döyüşdən bir neçə ay sonra Sultan Səlim məktub yazıb qılıncı istəyir.Şah İsmayıl qılıncı göndərir.Sultan Səlimin ən tanınmış sərkərdələri qılıncla topun lüləsində yalnız cızıq aca bilirlər.Bunu görən Sultan məktub yazır ki,mən həmin qılıncı istəmişdim. Sən mənə başqa qılınc göndərmisən.Şah cavab verir ki,"qılınc həmin qılıncdır,qol həmin qol deyil".
6. Sah İsmayılın tərəfdarlarının artması həm dini inanca görə,həm də türkçülüyə görə idi.
661-ci ildə Əli (ə) şəhadətə yetişdikdən sonra 840 il ərzində bir dəfə də olsun əhli-beyt tərəfdarları hakimiyyətdə təmsil olunmamış,əksinə həmişə təqibə məruz qalmışdılar.Şah İsmayılın babaları əhli-beyt tərəfdarı olmaqla xalq arasında böyük nüfuz sahibi idilər.Türbələrə, dini məkanlara qısqancılıqla yanaşan Əmir Teymur Şah İsmayılın babalarının türbəsinə hər il nəzir göndərirdi.Şah İsmayılın babası şeyx Cüneyd və atası şeyx Heydər məhz əhli-beyt tərəfdarı olduqları üçün öldürülmüşdülər.Hakimlərdən narazı olan xalq kütlələri onun ətrafında toplanırdılar.
Tərəfdalarının sürətlə artmasının ikinci səbəbi türkçülüklə bağlıdır.Osmanlıda 18-ci əsrə qədər türk millətindən hakimiyyətdə təmsil olunan yox idi.Ona görə də Anadolu türkləri hamılıqla Sah İsmayılı dəstəkləyirdi.Təsadüfi deyil ki,Sultan Səlim Sah İsmayılla müharibəyə başlamamışdan əvvəl Anadoluda minlərlə adamı edam etdirmişdi.Təəssüf ki,dini inanc bəhanəsi ilə anadolu türklərinə qarşı bu repressiyalar uzun illər boyu davam etmişdir.Məşhur Türk ozanı Pir Sultan Abdal şeirlərinin birində deyir:

Hızır paşa bizi berdar etmeden,
Açılın kapılar,Şaha gidelim.
Siyaset günleri gelip yetmeden,
Açılın kapılar ,Şaha gidelim.

Könül çıkmak ister Şahın köşküne,
Can boyanmak ister Ali müşküne.
Pirem Ali on iki imam aşkina,
Açılın kapılar,Şaha gidelim.

Her nereye gitsem yolum dumandır,
Bizi böyle kılan ahd-u amandır.
Zincir boynun sıktı haylı zamandır,
Açılın kapılar,Şaha gidelim.

1590-cı ildə böyük türk aşığını Səfəvi dövlətinə casusluqda suçlayaraq edam etdilər.
7. Deyirdiniz ki, Şah İsmayıl Sultan Səlimlə döyüşməsəydi, Osmanlılar Avropanı tutacaqdılar. Bildirirəm ki, 1402-ci ildə 4-cü Osmanlı sultanı İldırım Bəyazid (s.d.1381-1402) Konstatinopolun (İstanbul) qapısını döyürdü. Bu zaman Sultana xəbər verdilər ki, Əmir Teymur Anadoluya girib. İldırım Bəyazid Konstantinopolun mühasirəsini yarımçıq qoyub, Əmir Teymura qarşı yürüş etdi. Ankara çölündə baş verən qanlı vuruşda məğlub olub, Teymura əsir düşdü. Əmir Teymur səltənəti Sultanın oğlanları arasında bölüşdürməklə kifayətlənməyib, ayrı-ayrı bəylərbəyliklərə müstəqilliklərini elan etmələri üçün sifariş göndərdi. Osmanlıların ən ağır-"səltənətsizlik dövrü" başladı.(1402-1413) Məgər bu döyüş iki türk dövlətinin döyüşü deyildimi? Bu döyüşə görə özbəklər Əmir Teymuru göylərə qaldırırlar.Həm də hər iki hökmdar eyni sünni təriqətinə mənsub idilər. Deməli, Şah İsmayılla Sultan Səlimin döyüşü təriqət savaşı deyildi.
Sultan Səlim Şah İsmayıla 4 məktub yazmışdı. İlk 3 məktuba Şah İsmayıl cavab verir ki, sənin atan Sultan II Bəyazidlə ata-oğul kimi olmuşuq. Gəl qardaş qanı tökməyək. Sultan axırıncı məktubunda Şahı ağır şəkildə təhqir edir və deyir ki, səninlə o vaxt döyüşmərəm ki, arvad paltarı geyib, qabağıma çıxasan. Yalnız bu məktubdan sonra Şah İsmayıl Çaldıranda döyüşmək qərarına gəlir. Həm də Çaldıran düzü 300 km Səfəvi dövlətinin ərazisində yerləşirdi. Şah İsmayıl 2 ay döyüşdən qaçmışdı. İndi deyin, kim-kimə hücum etmişdi?
8. Şah İsmayıl yeganə orta əsr hökmdarıdır ki, hərəmxanası olmayıb. Çaldıran döyüşündə onun arvadları da kişi paltarı geyib, vuruşublar. Arvadlardan biri ağır yaralanır, bir gündən sonra dünyasını dəyişir. O biri arvadı əsr düşür. Sonrakı taleyi məlum deyil.
9. Deyirdin ki, Şah İsmayıl Şeybani xanın kəlləsindən qədəh düzəltdirib, şərab içib. Çox yanılırsan. Şah İsmayılın mənsub olduğu təriqət qumar və içkini haram hesab edirdi.Atası şeyx Heydər öldürülərkən onun heç bir yaşı yox idi.Yeddi yaşı olanda böyük qardaşı Sultan Əli öldürülür.Müridlər onu 5 il gizlətməli olurlar. O, möminlərin mürşüdü hesab olunurdu. Şərab içən bir mürşüdün dalınca heç gedərlərmi? Həm də demək yerinə düşərdi ki, Şeybanı xan öldürüldükdən sonra, Şah İsmayıl onun ailəsini şah kəcavəsində böyük hörmətlə vətəninə yola salmışdı.

(ardı gələn sayımızda)

Ələmdar Məmmədov
Təqaüddə olan
baş ədliyyə müşaviri