ANA SƏHİFƏ / Layihə

"Sarıbaş və Sarıbaşlılar" ətrafında düşüncələr

952    |   2018-11-08 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

"Sarıbaş və Sarıbaşlılar" kitabına nəzər saldıqda Calayerdə 1873 - cü ildə 43 ailə - 186 adam (1950-ci ildə 51adam (Bax.səh.164.), 1960-cı ildə 11 ailə - 45 adam (Bax.səh.25.) yaşadığını görürük. Sarıbaşda isə 1873-cü ildə 115 tüstü-860 adam [(Bax.səh.8.)
Bu məlumat başqa yerdə 149 ailə-949 adam şəklindədir.(Bax.səh.25.)-V.As.], 1950-ci ildə 200-ə yaxın ailə - 1000 nəfərə qədər adam [(Bax.səh.8.) Yenə də başqa bir səhifədə eyni məlumatla bağlı "250 ev - 1500 adam" (Bax.səh.164.) sözləri ilə qarşılaşırıq.
İstər-istəməz informasiyalardakı yuvarlaqlıq oxucunun diqqətini çəkir.-V.As.], 1960-cı ildə 300 ailə - 1500 adam (Bax.səh.25.) yaşadığının şahidi oluruq. Bəs yaxşı, necə olur ki, 1960-cı illərdən sonra Sarıbaşda inkişaf ləngiyir, artıq 1984-cü ildə orada 365 nəfər (Bax.ASE, VIII c. Bakı-1984. səh.297.), nəhayət, hal-hazırda isə 24 ailə - 75-ə yaxın adam (Bax.səh.8, 461.)qalır? 1950-ci ildən Sarıbaş və Calayer bir sovetlikdə birləşdiriləndən (Bax.səh.164.), 1960-cı illərdə kənddə layiqli bir qonaq evi tikiləndən (Bax.səh.176.) sonra bu şəkildə tərk edilmənin səbəbini təkcə iqtisadiyyat arşını ilə ölçmək düzgün deyildir. Prof. Rəsul Tahirzadə çox doğru olaraq, sovet dönəmində 70 il dinə qarşı aparılan mübarizənin əxlaqi-mənəvi zədələrlə nəticələnməsini "Sarıbaşlıların da bir çoxları dini- islamdan üz döndərdilər" (Bax.səh.215.) sözləri ilə ifadə edir. (Əlbəttə ki, Allahından üz döndərən bir çoxlarının kəndindən də üz döndərmələri təəccüblü deyildir.-V.As.) 1950-ci illərdən "traybalizm" xəstəliyinin cəmiyyətin bütün təbəqələrində özünə yer etməsinin, "rüşvətin. yalanın, qohumbazlığın, tayfabazlığın" baş alıb getməsinin, vəzifələrin, rütbələrin, adların, nişanların alınıb satılmasının (Bax.səh.163-164.) sovet həyat tərzinə çevrilməsini də insanı özündən və kəndindən uzaqlaşdıran əsas amillər kimi qiymətləndirməsi müəllifin problemə dərindən yanaşdığını göstərir.
Bəli, insanları ikibaşlı qanunlardan, hiyləgərliklə doldurulmuş maddələrdən, iliyinə qədər yaltaqlıq işləmiş nitqlərdən iyrəndirəndə həmişə belə olur. Əslində bu, insanların Sarıbaşdan incikliyi deyildi, dövlətə, idarəçiliyə, ikiüzlü sosial siyasətə qarşı üsyan idi. Axı, "kolxoza öyrəşməsi çətin olan" (Bax.səh.135.) dağ kəndini də dağ kəndi kimi inkişaf etdirmək dövlətin əlində elə bir çətin iş deyildi.Üstəlik də bənnaları, qalayçıları, boyaqçıları, atıcıları, zərgərləri, dəmirçiləri, misgərləri, xəttatları, həkkakları, şəbəkəçiləri, kürkçüləri, keçəçiləri, yun ustaları, xalçaçıları, papaqçıları, dərziləri, qəssabları, çarıqçıları, yəhər qayıranları, ovçuları, dabbaqları (Bax.səh.177-185.) və s.ilə məşhur olan və şəhər səviyyəsində tarixi inkişaf keçirən bir kəndi başa düşmək, ona asfalt yollar çəkmək, beynəlxalq turizmin Azərbaycan içindəki marşrutunu genişləndirmək, Azərbaycan qeyri-adiliyini düyaya göstərmək də mümkün idi, indi də mümkündür və haçan istəsələr, onda da mümkün olacaqdır.

***
Prof. R.Tahirzadənin kəndinə üz tutub etdiyi müraciətləri dönə-dönə oxudum, dönə-dönə kövrəldim və qəhərləndim. O ürək yanğısı ilə yazır: "...Ey doğma, ulu və əziz kəndim, Sən yaşamalısan!.. ... Sən yox olsan, "Sarıbaşlı" sözü də ... yox olub gedəcəkdir. Necə ki, "sarvagelli", "Malaxlı" və b. məfhumlar ... yox olub getmişlər." (Bax.səh.167.) Burada mənim ürəyimcə olan bir şey də vardır ki, o da doğmalığın ifadəsi olan "sən" sözünün, yanlış da olsa belə, böyük hərflə yazılmasıdır. Mən burada "Yanlış da bir naxışdır" deyimindəki həqiqəti və "sən" sözündəki doğmalığın böyüklüyünü yaşadım desəm, düz olar. Kitabının başqa bir yerində isə müəllif: "... 1960-cı illərdən əvvəl olan hadisələri... xatırlayıb viranəyə çevrilmiş kəndə tamaşa edəndə insanın ağlamağı tutur" (Bax.səh.176.) deyərək keçirdiyi ağrıları etiraf edir.
1960-cı illərdə görkəmli tarixçi-etnoqraf Məhəmməd Nəsirlinin "Sarıbaş gərgin əməyin, təbiətlə ölüm-dirim mübarizəsinin və tam sosial ədalətin hesabına yaşamışdır" sözlərini xatırlayan (Bax.səh.463.) müəllif əsas bəlanın sosial ədalətin pozulması olduğu (Bax.səh.464.) qənaətinə gəlir və kəndin sosial inkişafı üçün təkliflərini verməyi də (Bax.səh.465-466.) unutmur.
Müəllifə ağır gələn şeylərdən biri də veriliş xatirinə "Sarıbaş eyforiyasının təkrar-təkrar efirə verilməsi, ... Calayerə köçmüş ailələrdəki gənc qızları və qocalıb əldən düşmüş zurnaçı Əlipaşanı Sarıbaşa gətirərək ... adamları çaldırıb oynatdıqdan sonra onların yıxıx divaralara sıxılıb ağladıqlarının" nümayiş etdirilməsidir. Çünki onun ürəyindən:

Daş qəlblim insanları
neylərdin, İlahi?!
Bizdə bu soyuq qanları
neylərdin,İlahi?!
... Bu dövrdə kim, sidqü
səfa qalmayacaqmış...
Bilməm belə dövranları
neylərdin, ilahi?!

nidası şəklində Sabiranə bir ağrı keçir.
Mədəniyyət evi kimsəsiz, idarə binaları yiyəsiz, 25 çarpayılıq xəstəxanası boş qalan, o boyda çoxmərtəbəli orta məktəbində cəmi 15 şagirdi olan Sarıbaş sakini Calayerdə sənəd alıb, möhür vurdurmaq üçün (Bax.səh.462.) 26 km. eləsinə, 26 km. də beləsinə gedib gəlməsin, neynəsin? Yaylaqları əllərindən alınan, otlaqları onun-bunun çalğısıyla çalınan, qanadları qırılıb quş qəddinə salınan, qışda isti peçin qırağında isinmək əvəzinə meşəbəyi əlindən canını qoymağa yer axtaran, yazda Sarıbaşda yuva quran qaranquşlardan fərqli olaraq Calayer və Qax bir yana dursun, Zaqatalada və Şəkidə, Gəncədə, Bakıda və Sumqayıtda, Gürcüstanda, Orta Asiyada, Sibirdə, Rusiyada, Ukraynada, Avropada və Amerikada yuva qurmaq üçün dağılışan (Bax.səh.463.) Sarıbaşlıların ahı bizi tutmazmı, qardaşlar? Dədəm Qorqud zamanında "qara çadırda qara keçə üstündə əyləşib, qara qoyun qovurması yeməyə", "Tanrı səni qarğıyıbdır, biz də qarğıyrq" sözlərini eşitməyə məcbur olsa da, özündə güc tapıb "səndənmidir, məndənmidir?" sualını verə bilən Dirsə xan kimi (Bax. "Kitabi-Dədə Qorqud". Bakı, "Yazıçı", 1988. Mətnin əsli, səh.34-35; "Kitabi-Dədə Qorqud" ensiklopediyası, I cild. Bakı, "Yeni Nəşrlər Evi", 2000. Səh.39.) bizim də papağımızı yox, başımızı qabağımıza qoyub düşünməli vaxtımız deyilmi? Tərk edilən kəndlərin por tutan yollarının, göyərən divarlarının, bəbəkləri oyulmuş göz kimi şüşələri tökülmüş pəncərələrinin, açılanda örtəni, örtüləndə açanı olmayan qapılarının qarğışını üstümüzə götürüb bu boyda məmləkəti kənd-kənd, şəhər-şəhər özümüzdən küsdürə bilərikmi? Əcdad ruhlarını incitmək, torpağı küsdürmək olarmı? İnciyib bizlərə yadlaşan ruhların könlünü almaq, küsüb bizlərdən qaçan torpağa çatmaq müşkül işdir, qardaşlar, dərddaşlar, yurddaşlar! Bunu bilənlər bilirlər, bilməyənlər də bilsinlər!

***
Yenə də Abdukərim müəllimə qoşulub Sarıbaşa kənardan da olsa, baxmaq üçün getdiyimiz yolları xatırlayıram. Sadəcə olaraq, "Sarıbaş və Sarıbaşlılar" kitabını oxuyb qurtardığım üçün özümü tanış yollarla getdiyim kimi hiss edirəm. Mənə elə gəlir ki, Eskikənddən, Sarvageldən, Səngərqaladan, Qabırtaladan keçirəm, Pirseyid Babanın məzarına salam verirəm, Şeddıxda şəhidlərin ruhu qarşısında salavat çevirir və baş əyirəm. Sonra da Sarıbaşa üz tuturam:

Salam, mənim Sarıbaşım!
Sənsən mənim təvəllüdüm,
Sənsən ömrüm, günüm,yaşım!

Sağım, salam! Solum, salam!
Kol-kos basmış yolum, salam!
Salam, yurdum! Salam, elim!
Tanıdınmı öz balanı, Sarvagelim?
Parasardan aşa-aşa,
Kürmük kimi daşa-daşa
Alagözdə at oynadan, axı, məndim!
Bəyəm məni tanımadın, Eskikəndim?
Salam mənim Səngərqalam!
Son mənzilim- Qabırtalam!
Salam üstü mamır tutan qəbir daşım!
Salam, mənim Sarıbaşım!

Zirvəsinə çıxılmayan, dağım, salam!
Bar-bəhəri yığılmayan bağım, salam!
İçilməyən bulaqlarım, içim səndən!
Keçilməyən irmaqlarım, keçim səndən!
Durul daha, Bulandığım,
Ay başına dolandığım!
Qurban olsun sənə başım,
Sarıbaşım!

Ey por tutan qapım-bacam!
Gəlmişəm ki, səni açam!
Olanları ürəyinə salma bir də!
Toya həsrət, yasa həsrət qalma bir də!
Qoy çalınsın "Sarıbaşı"m - "Ləqihəngim"!
Qabaqdadır hələ cəngim!
Gəlmişəm ki, üşüməsin ocaq daşım!
Sarıbaşım! Sarıbaşım!

Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
Azərbaycan Müəllimlər
İnstitutu Şəki filialının
baş müəllimi.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK