ƏZRAYILLA SAVAŞAN QLADiATOR

AQİL ABBAS
30622 | 2007-11-17 04:32
Orta məktəbdə oxuyanda şer də yazırdım, hekayə də, respublika qəzetlərinə məqalələr də, amma ağlıma gəlməzdi ki, yazıçı olum. Həkim olmaq istəyirdim. Ən çox sevdiyim fənlər də dəqiq elmlər idi. Üstündən 37 il keçsə də bu gün də fizika, riyaziyyat, kimya, biologiya, həndəsə haqqında bilgilərim demək olar ki, beynimə necə həkk olunubsa poza bilmirəm ki, yerinə başqa bilgiləri oturdum. Məktəbi bitirəndə atam Tibb İnstitutuna tanış da tapdı, gəldim Bakıxanov küçəsinə, instituta sənədlərimi verim. Üç-dörd saat dayanıb fikirləşdim və gördüm ki, məndən həkim olmaz. Döndüm geri, getdim sənədlərimi Universitetin filologiya fakültəsinə verdim. Və atam da biləndə bərk əsəbiləşdi. Dedi ki, indi bu iki daşın arasında Universitetə adam hardan tapım. Amma sağ olsun, tapdı.
   
   Mən niyə həkim olmaq istəmədim?! Başa düşdüm ki, gücüm çatmayacaq. Mən Əzrayılla savaşa bilməyəcəm. Bəlkə də indiki ağlım olsa Əzrayılla savaşın yollarını tapardım. Amma onda uşaq idim axı.
   
   Və Əzrayılla savaşmaq da hər oğulun işi deyil! Bir mələyin ki arxasında Allah dayanıb, onla savaşmaq olar? Birinin arxasında hansısa bir vəzifəli adam duranda elə bilir böyük bir gücə malikdir. İndi fikirləş ki, Əzrayılın arxasında Allah dayanıb, onun gücü-qüdrəti hara qədərdir?!
   
   Eşidəndə ki, dünya şöhrətli alim, böyük ziyalı, böyük vətəndaş, HƏKİM Əhliman Əmiraslanovun 60 yaşı tamam olur, ürəyimdən keçdi ki, onun haqqında bir-iki kəlmə söz deyim. Qəribədir ki, mən Əhliman Əmiraslanovu 1970-ci ildən tanıyıram. Amma tanışlığımız yadımdan çıxıb 10 il olar, 12 il olar. Və bu tanışlıq da dostluq səviyyəsində deyil, amma tanışlıqdan da yuxarıdadı. Mənim bu insana qeyri-adi bir hörmətim var və bu hörmət də təbii ki, hər şeydən əvvəl onun həkimliyinədir, onun elminədir. Amma sonra görmüşəm ki, insanlığı da elə həkimliyi, elmi qədər yüksək səviyyədədir.
   
   Mən Azərbaycanı dünyada tanıdan hər bir azərbaycanlı ilə fəxr eləyirəm. Amerikada yaşayan Lütfizadə ilə də. Amma Əhliman Əmiraslanovla və əhlimanəmiraslanovlarla daha çox fəxr edirəm. Niyə? Çünki Əhliman Əmiraslanov və əhlimanəmiraslanovlar böyük şəxsiyyət olmaqla bərabər, böyük alim olmaqla bərabər, həm də bu millətə qulluq eləyirlər, həm də bu dövlətə qulluq eləyirlər.
   
   Rəmiş gitarada necə çalırsa, mən də bəzən yazılarımı elə yazıram. Yəni süjeti olmaz, fikirlərim bəzən bir-birinə dolaşar, Hindistandan danışdığım yerdə Amerikaya gedə bilərəm, muğamdan danışdığım yerdə Paqaniniyə. Və təbii ki, qeyri-adi adamlar haqqında yazanda belə olur. Demək, belə pis çıxmasın, deyəsən elə mən özüm də qeyri-adi adamam. Mənim nəzərimdə Əhliman Əmiraslanov qeyri-adi adamdı. Məsələn, Xudu Məmmədov kimi, Azad Mirzəcanzadə kimi, Vaqif Mustafazadə kimi, elə Rəmiş kimi. Və mənim fikrimcə, bu insanlar və adını çəkmədiyim belə insanlar, deyək ki, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cavid, Sabir, Mirzə Cəlil, Səməd Vurğun, Rəsul Rza, Məmməd Araz kimi, adi adam deyillər, mələkdirlər - Allahın mələkləri.

TƏQVİM / ARXİV