adalet.az header logo
  • Bakı 11°C
06 Noyabr 2018 18:30
11414
DÜNYA
A- A+

SURİYADA 6 RUS ƏSGƏRİ ÖLDÜRÜLDÜ

Bu günlərdə Suriyada «Vaqner» şəxsi hərbi kompaniyasında xidmət edən 6 nəfər muzdlu partlayış nəticəsində həlak olub. «Novaya qazeta»nın məlumatına görə, partlayış Dəməşq-Deyr-əz-Zor magİstral yolunda yerləşən polis idarəsinin keçmiş binasında baş verib. Partlayış nəticəsində 11 nəfər həlak olub, onlardan 5-i Suriyanın hökumət ordusunun döyüşçüləridi.

Bildirilir ki, bu binada Suriya hökumət qoşunlarının beşinci korpusu yerləşir. Həmin korpusda suriyalı hərbçilərlə yanaşı, Rusiyanın hərbi məsləhətçiləri də yerləşib.

Federasiya Şurasının komitə sədri Viktor Bondarev bildirib ki, son 3 il ərzində Rusiya hərbi qüvvələri Suriyada 112 hərbçi itirib. Reuters agentliyinin jurnalistləri isə Suriyada həlak olan rusiyalı hərbçilərinin sayının bundan ən azı 4 dəfə artıq olduğunu bildirirlər. Təkcə fevral ayında Deyr-əz-Zor əyalətində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmi məlumatına görə, aviazərbələr nəticəsində 200-ə yaxın rus muzdlu əsgərlərinin həlak olduğu bildirilib. Lakin Rusiya XİN-i həmin vaxt rəsmi olaraq 5 nəfər muzdlunun həlak olduğunu və onlarla hərbçinin yaralandığı haqda rəsmi məlumat yaymışdı.

«Vaqner» - şəxsi hərbi kompaniyadır. Bir çox məlumatlara görə, bu kompaniyanın rəhbəri ehtiyatda olan hərbçi podpolkovnik (ləqəbi Vaqner) Dmitri Utkindir. «Vaqner» Baş Qərargahın Baş İdarəsi (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən idarə olunur. «Vaqner»in əməkdaşları eyni zamanda Ukraynanın şərqində tanınmamış qondarma «respublikalarda» əməliyyatlarda iştirak ediblər.

Baxmayaraq ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinə görə, başqa dövlətin ərazilərində qeyri-leqal hərbi qruplaşmalarda iştirak etməyə görə 7 ilədək həbs cəzası verilir, amma «Vaqner»in «krışası» Baş Qərargahın Baş İdarəsidi.