adalet.az header logo
  • Bakı 7°C
07 Noyabr 2018 10:36
70803
MARAQLI
A- A+

Bu Azərbaycan kəndində heç kim pul xərcləmir – Ayxanın Reportajı

Altdan-üstdən qıfıllanıb dağlara gedirdik – Qubanın yaxınlığında yerləşən Qrız kəndinə... Dəniz səviyyəsindən 2171,4 m yüksəklikdə yerləşən Qrız.

Mən və gənc yazar Rəvan Cavid yol boyu Prustdan, Coysdan danışa-danışa pəncərənin o tərəfində qaçışan mənzərələrə tamaşa edirdik.

İçəridə yeddi-səkkiz nəfər var idi. Bir az əvvəl bir-birimizlə tanış olmuşduq. Bizə bir ingilis və Hataylı bir türk qardaş da qoşulmuşdu. Türk çox həvəsliydi, tez-tez dil qəfəsə qoymadan danışırdı. İşıq dirəklərini göstərib deyirdi ki, baxın, biz bundan yapıyoruq. Azərbaycanı, Bakını və misi tərifləyirdi. Buralar onu heyrətləndiribmiş. Hərdən "soyuq zarafatlar”ı olmasa, çox maraqlı həmsöhbət idi.


Xaçmazda daha bir qrup bizə qatıldı. Xanımlardan biri qapqara bir it də gətirmişdi. Sevgilim, onun rəfiqəsi itin heç nə ifadə etməyən baxışlarından sıyrılıb yanımıza gəldilər.

Yol bitmək bilmirdi. Sıldırımlı qayalar, dağlar görünürdü. Hamı bu mənzərələri telefonun yaddaşına köçürmək üçün əldən-ayaqdan çıxırdı.

Körpü sonuncu dayanacağımız imiş, sən demə... Burdan düz Qrız kəndinə pay-piyada getməli idik.

Altdan-üstdən qıfıllanmışdıq. Elə ki bir təpəni aşdıq, hamımız istidən birtəhər olduq. Gün təpəmizdən vururdu.

Hər yer daş idi. Dünya sanki daşdan ibarət olmuşdu. Hərdən mən bu daşları ya tısbağaya, ya da ayıya oxşadırdım.


Ayaqlarımız hər dəfə daşla toqquşurdu. Yorğunduq, əldən düşmüşdük. Amma hələ kənd görünmürdü. Bir yerə çatanda nədənsə içimdə şeir demək duyğusu baş qaldırdı.

Türk bunu eşidəndə çox sevindi, "şairim” dedi, söylə gəlsin. Mən şeiri demək üçün boğazımı arıtlayanda hiss elədim ki, ləhləyən, çiyinlərini atıb-tutan adamların indi bu heç vecinə deyil. Onlar üçün tək məqsəd var: bu dağları aşıb kəndə çatmaq.

Dağın döşündə sıralanıb gedirdik. Hərdən boyunbağı düzəltdiyimiz sıramızdan bir muncuq düşürdü, arxadan nəfəs alışı eşidilirdi. Dağın sinəsi ilə yuxarı qalxırdıq. Qalxa-qalxa da havanın dəyişdiyini və beynimdəki qarmaqarışıqlığın yoxa çıxdığını hiss edirdim. Elə bil görünməz bir liftlə buludlara çatırdıq.


Rəvanı gözdən itirdim, o, bizdən xeyli qabağa düşmüşdü. Elə bil bir-birimizlə yarışırdıq. Deyirdim, heç olmasa Borxesdən-zaddan danışıb başımızı qatardıq. Sus-pus getmək məni daha çox yorurdu. Bədənim ağırlaşmağa başlayır və bu ağırlığı zavallı ayaqlarım daşıya bilmirdi.

Türk qardaşımızın isə dünya umrunda deyildi. Adamın 40 yaşı vardı, amma 18 yaşındakı kimi aparırdı özünü. Bir ara danışdıq onunla: "Abi, sen çok genç gösteriyosun”, "Esas güzellik moralle bağlı” dedi.

Son zamanlar insanların mutsuz olduğundan şikayətləndi. Mənə baxdı və dedi ki, sənin üz cizgilərində mutsuzluq var.

- Ona görəmi şəkillərdə gülümsəyə bilmirəm, hocam?

- Belki de gülerken kendini yakışıklı bulmuyorsun. Mesele, hayatını renglendirmen. Hiç bir kötü fikre düşmenen.

Çox enerjili adam idi. Mutluluk, həyat fəlsəfəsi və s. haqqında olduqca maraqlı fikirlər paylaşdı, danışdı-danışdı və sonra da gedib eyni şeyləri başqaları ilə bölüşdü. Elə bil əlində məşəl mutluluk paylayırdı.

Kənd görünmürdü. Dağlar onu gizlətmişdi. Bizimlə tapmaca oynayırdı dağlar. Çox çətin tapmaca idi bu. Əsəblər tarıma çəkilmişdi. Hər kəs yorğun, bitkin görünürdü.


Bir yerdə durub nəfəs dərdik. Uzaqdan adda-budda qarla örtülmüş dağlar görünürdü. Yuxarıdan aşağı baxanda adamın başı hərlənirdi. Bir daş ordan dığırlanıb düşəndə tamaşa etdik: xırda daş böyük daşların içində it-bat oldu. Quş səsləri gəlirdi hardansa. Ağac yox idi, bir də insanlar. Təbii, bizi saymasaq.

Şəkillər çəkdirdik. Türk qardaşımız zarafatlar etməyə başladı. Bir qız qalın kitab götürmüşdü özü ilə, psixologiyaya aid kitab. Türk dedi ki, adam elə bil adaya düşmüş, Robinzon Kruzonun əlinə bu kitab düşsəydi, kef eləyərdi.

Yorğun-yorğun gülümsədik.

Yenə şeir demək istədim, alınmadı. Türk mənə baxıb qımışdı...

Biz kəndə çatmaq istəyirdik. İndi bircə bunu düşünürdük...

Yorğun gülümsəmələrlə yola davam edirdik...

Və bələdçimiz bizi səslədi, çox az qaldığını dedi.

Gördüm ki, bizim itimiz də əldən düşüb, kiminsə qucağında məsum-məsum ətrafa göz gəzdirirdi.

Bu arada Rəvanı tapdım, dedi ki, az qala ölürdüm, ölümdən qayıtdım. Sıldırımdan yuxarı dırmaşanda əlləri tutacaq bir şey tapmayıb. Son anda onu komandadan kimsə xilas edib. Biz deyə-gülə bunu danışanda artıq kənd görünmüşdü... Qışqır-bağır, sevinc, inanmsızlıq – duyğularımız bir-birinə qarışmışdı.


Kənd isə sus-pus qarşımızda durmuşdu. Bu qədər hay-həşirə bir inni-cinni cavab vermədi. Elə bil kəndi bir gecədə boşaltmışdılar. Arada yorğun-yorğun, heykəlsayaq bizə baxan inəklər olurdu, bir də uzaqdan-uzağa gələn it hürüşləri. Bu kənd dünyanın pisliklərindən ayrılmış kimi görünürdü. Elə bil nağıllar diyarına düşmüşdük. Bir azdan adamlar da çıxdı qabağımıza. Bir şeşə bığlı kişi ilə söhbətləşdik. "Qğ” səslərinin çox olduğu cümlələr qururdu. Bəzən onu anlamırdıq, amma mən o adamı qucaqlamaq üçün özümü zorla tutmuşdum. Deyirdi, "qğxoş gəldiniz”, həmişə siz gələsiz.

Çəpərin o tərəfində papağını çıxarıb yelləyirdi. Xoşbəxtcə... İnəyi də yanında durub gövşüyürdü. Onun iri, şeşə bığları komandamızın yaman diqqətini çəkdi. Bir anlıq gürcü kəndlərini xatırladım. Orda da bu cür qocalar var idi. Yaşını soruşdular, 90 deyəndə əlini yellədi, amma tam yaşını demək istəmədi. Eləcə əlini yellədi. Hələ mənə sataşdı da: "Mən bunun kimi yaşlı deyiləm e...”


Biz yemək yeyəcəyimiz balaca bir evə doluşduq. Arı pətəyinə oxşayan evə.

Bardaş qurub oturmuşduq, qabağımızda yekə bir süfrə.

Mən yenə şeir demək istədim. Türk qardaşımız həvəsləndirdi, amma xeyri olmadı. Nə qədər eləsəm də, dilimə misralar gəlmədi.

- Abi, daha senin için ne yapalım ya?

Türk bunu deyəndə az-maz gülüş səsləri eşidildi. Rəvana dedim ki, getdikcə zarafatlarının keyfiyyəti düşmək üzrədir.

Çay gəldi ortalığa. Uşaqlığımızdakı stəkanlarda. Bildiniz də hansını deyirəm? Mənə elə gəldi ki, bu kənd bizim hamımızın uşaqlıq dayanacağıdır. Kövrəklik, sevinc qarışıq bir duyğu dolaşırdı içimizdə.

Bir də Zəhra vardı aramızda. Sapsarı, çilli qız. O qədər gözəl idi ki... Saçındakı bantiki elə bil Tanrının özü ora qoymuşdu.

Soruşdum:

- Zəhra, qardaş, bacın var?

- Yox. Qubadadılar.


Gülüşdük buna. Zəhra kim çağırırdı ona gedirdi, onunla oynayırdı, söhbət edirdi. Hamımız Zəhranı çox sevdik. Yemək yeyəndə fikir verdim, Zəhra boşqabı dizlərinə qoyub yedi. Nə vaxtsa qocalsam, bu mənzərəni həyatımın ən gözəl anları kimi nəvələrimə danışacam.

Lavaşdan yedik. Çox gözəl küftə gətirdilər, suyu məni hayıl-mayıl elədi.

Toqqaları bərkitdik, yolumuz şəlaləyə idi.

Amma...

Xanımlardan biri sözümü kəsdi:

- Əvvəlcə uşaqlara rəngli qələmlər, dəftərlər paylamalıydıq.

Uşaqlar bir təpənin başında sakitcə bizi gözləyirdilər. Zəhra da aralarında idi. Günəşin qohumu Zəhra. Elə sevgi ilə gülümsəyirdi ki... Bu cırtdan hardan sivişib bizdən tez ora getmişdi?


Uşaqlara dəftərlərini, qələmlərini payladıq. Avtobusda Bakıya gələrkən bu anı danışan oğlan bizə qəribə bir hadisədən söz açdı:

"Dəftərləri paylayırdıq. Axır-axır idi. Siz artıq getmişdiniz. Şəkillər filan çəkilmişdi. Bir də gördüm ki, bir uşağın qulağının dibindən qan süzülür. Özümüzü itirdik. Su filan tapdıq. Uşağın boynunu təmizlədik. Sən demə, qələm giribmiş ora”.

Nağıllar kəndini geridə qoyub təpəliyin üstündə Qrıza baxanda qəribə hislər keçirdim. Sanki illər əvvəl bu kənddə olmuşam, həmişə bu kəndin suyundan içmişəm, bu kəndin yollarında ayaq döymüşəm.

Qrızlı kişinin danışığı qulaqlarımda canlanırdı:

"Burda pul xərcləmirik. Pul işlənmir burda. İşləyənlər Qubadadı. Eləcə ərzaq filan alırıq”.

Kişinin danışıq tərzi dodağımı qaçırmışdı.

Mən zarafatla soruşdum:

- Yəqin ki, siqareti blok-blok alırsınız?

Qoca kişi əlini qulağına apardı:

- Hay!


Kənddən aralananda Rəvan mənə dedi:

- Burdan yaxşı bir film çəkmək olar.

Mən:

- Bir ay qalsam, gözəl bir roman yazaram.

Başqa biri:

- Yaxşı fotolar çəkərəm burdan, bir az da qalsam.

Birdən içimi qüssə bürüdü:

- Görəsən, gecələr camaat neynir? Ürəkləri partlamır? Biz bircə dəfə işıq sönəndə dəli kimi oluruq...

Hamı susmuş, gülümsəyir və addımlayırdı...

Qrupumuzdakı türk xoşbəxt idi. Elə hey mutlulukdan danışırdı. Bir az əvvəl yanıma gəlib xoşbəxtliyin nə olduğunu soruşdu. Mən də "bir andır” dedim. Məsələn, bu kənddə olduğum anlar xoşbəxt anlarım oldu. Razılaşdı, amma dedi ki, eləyə bilməyəcəklərinlə eləcəklərin arasındakı məsafələr mutlulukdur.

Bizə bir yazı göstərdi:

Hayat nedir- Bir şeyleri değiştirebilme fırsat zamanı.

Aşk nedir - Gözlerine bakıp sıkılamamak, kusurlara gülebilmek.

Başarı nedir - Allahın sana verdiği gizli görevi yerine getirmek.

Mutluluk nedir - Kötü grafiğin alt kısmına çizgi çekerek üstteki zirveyi fark etmektir.

Sevgi nedir - Özünüze eleştirmeden katlanan insanlar a duyulan borç duygusu.

Sadakat nedir - İki çeşittir, sana göre ve onun beklentisi

Samimi olan sendekidir ama ona hissettirdiğin aynı değildir, o yokken ki onun gerçek değeri.

Dürüstlük- Toplum ve senin doğrularına uygunluk

Dediyinə görə, burda yazılanlar onun fikri olsa da, min illərdən süzülən düşüncənin son dayanacağıdır. Daş ayağımıza dəyə-dəyə həyatın, sevginin, sədaqətin necə bir şey olduğunu türk qardaşımızın yozumunda oxuyurduq.

Qalxırdıq, elə hey qalxırdıq. Hətta o qədər qalxdıq ki, bir yerdə mən uşaqlara üzümü tutub dedim:

- Bir az da qalxsaq, Allaha çatarıq.

Sevincliydik, yorğunduq.

Şəlalənin səsini eşidəndə də yorğun əllərimiz havaya qalxdı.

Türk qardaşımız dedi ki, Türkiyədə Şəlalə apartmanında yaşayırmış. Gülüşmə düşdü.

Şəlaləmiz mağarada gizlənmişdi. Növbəti tapmaca kimi qarşımızda durmuşdu.

Hamımız şəlalənin yanında şəkil çəkdirdik. Şəlalənin böyür-başını sırsıra bağlamışdı. Mən sırsıraları qırıb mikrofon düzəltdim və hamıya payladım.

Əllərimiz buza döndü. Bu tərəf daha soyuq idi. Elə bil soyuducunun içinə girmişdik. Şairin dediyi kimi, barmaqlarımız əllərimizdə sırsıra tək sallanırdı...

Deyə-gülə təkrar kəndə və ordan da maşınımızın olduğu yerə getməliydik.

Yolumuz çox idi.


Hələ gitaristimizin mahnı oxumağını, günün əyildiyini görmədiniz.

Bu bizim dincimizi aldığımız anlar idi... Onların yanından sükutla keçirik... Bircə onu deyim ki, o yorğunluqla oğlan necə gözəl oxudu, heyrət etdim...

Yol isə bitmirdi.

Yol heç zaman bitməz...

Hamımız xoşbəxt və yorğun idik.

Kəndə çatanda Qrızın camaatı bizə əl yellədi. Hamıyla çoxdanın tanışı kimi sağollaşdıq. Hətta mənə elə gəldi ki, aramsız hürən itlər də, gövşəyən inəklər də bizimlə vidalaşırdı.

Qaranlıq öz yerini alanda Qrızın az-maz görünən işıqlarına baxıb kövrək anlar yaşadım. Axşam düşəndə insanı qəribə bir hüzn bürüyür axı. İndi isə o hüzn xoşbəxtliyə dolanmışdı.

İçimdə o kəndin hüzuru gülümsəyir və bütün dünyanı Qrız boyda görürdüm. Qayıdanbaş nəhayət deyə bilmədiyim şeiri oxuyurdum: Nazim Hikmetin "Yaşamak" şeirini... 


Fotolar: Xaliq Vəliyev (Khalig Valizadeh)