adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Noyabr 2018 00:42
7987
GÜNDƏM
A- A+

AĞDAM SURXAYSIZ QALDI...

Dözdü dözə bildikcə... Dilində də, sözündə də, ruhunda da Ağdam dedi, Ağdam hiss etdirdi... Ağdam daşıdı. Bir günü də Ağdamsız olmadı... Ağdamdan yazdı... Ağdamdan qəzetlər, kitablar hazırladı... xüsusi buraxılışlar etdi. Ağdamın işğal günündə təkrar öldü, dirildi...
Kitabına "Ağdam qibləgahım" adı vermişdi. Qədir Rüstəmovdan yazmışdı... Axır ki, döndü qibləgahına. Sıxıldığı, darıxdığı ruh olub uçdu Ağdama. Getdi gəzdiyi, sevdiyi, öpdüyü torpağa. O torpaq onun hər şeyi idi - suyuydu, çörəyiydi, havasıydı, ürəyinin atəşiydi... Ağdam onun beşiyiydi, evi-eşiyiydi... Ağdam onun uşaqlığıydı, gəncliyiydi. Ağdam onun and yeriydi. Ağdam onun məclis, mərəkə ünvanıydı... Ağdam onun nəfəsiydi. O Ağdamdan hər şeyi bilirdi, hər şeyi yaddaşına yazmışdı, hamını tanıyırdı. Çünki o, Ağdamda Mədəniyyət və İstirahət Parkının direktoru işləmişdi. O, mədəniyyət adamıydı, o, ədəbiyyat adamıydı. O, Ağdama gələn aydınları qarşılayan, onlara süfrə açan KİŞİ idi. O, Ağdamın, ağdamlıların uğuruyla öyünən İNSAN idi. O, təpədən-dırnağa Ağdam idi. Ona görə də axır ki, partladı ürəyi, axır ki, həsrətinə qovuşdu, axır ki, qayıtdı Ağdama. O, dostlarından, doğmalarından ayrıldı. Ona sevgiylə, sayqıyla yanaşanlara, onunla zarafat edənlərə əl edib "salamat qalın" deyib, ardınca da "mən getdim" söylədi. Və çıxıb getdi Ağdama. Surxay indi Ağdamdadı... Surxay indi bizi Ağdamda gözləyir. Surxay etibarsız ola bilməz. Elə olmadı da, qayıtdı Ağdama. Ruhu şad olsun!
Əbülfət Mədətoğlu və bütün dostları