adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Noyabr 2018 00:29
11692
ƏDƏBİYYAT
A- A+

İŞIQ ADAM


VƏ YAXUD QARANLIQ DÜNYAMDA BİR DAMLA NUR
... Mən xoşbəxt adamam. Çünki Allahın da baş açmadığı bu şəhərdə salam verməyə, çıxıb getmək üçün vidalaşmağa, yıxılanda qolumdan tutmağa, dərdimi danışmağa dr. Fərman Həsənov kimi bir dostum var. Onun üzündən-gözündən xeyirxahlığın, ləyaqətin, əsl ziyalılığın, insanlığın sakit işığı yanır. Bu işıqda hər şey aydınca görünür.
Fərman Həsənov işıqlı adamdı. O, hər kəsi işığına çağırır, işığıyla çağırır. Və mən ona "işıq adam" - deyirəm. Əgər salam verdiyim kişilər arasında bir imanlı adam görmüşəmsə onlardan biri də Fərman Həsənovdu, mənim "dost" dediyim həmin o işıq adamdı. O işıq adam xalqın ağrı-acısını özünə hopduran alicənab bir ziyalıdı, tibb elmində uğurlara imza atan, böyük nailiyyətlər qazanan, 1992-1994-cü illərdə yüzlərlə yaralı döyüşçüyə bir dünya sevinc bəxş edən ağız və üz-çənə cərrahıdı. O, həm də həkim-implantoloqdu. Tibb elmləri üzrə fəlsəfə doktorudu. Bu günlərdə isə dosent elmi adına layiq görülüb. Amma mən dosent Fərman Həsənovdan yox, işıq adamdan bir neçə kəlmə söz demək istəyirəm. İstəyirəm ki, bilməyənlər də bilsinlər. Bilsinlər ki, Allah-Təala hər bir ziyalı adamı, işıqlı adamı insan formasında mələk yaradıb. İnsan formasında olan bu mələk adamlar olmasaydı yer üzü qaranlığa qərq olardı. Fərman qaranlıqda bir işıqdı. İşıq adamın işığı hər yana düşür. Bu işığa üz tutub gələnlərin arasında mən də tez-tez görünürəm.
Bu gün də həmin o işıq adamın yanına üz tutub gedəcəyəm. Gedəcəyəm ki, onun dost əllərini sıxıb, dosent elmi adı alması münasibətilə təbrik eləyim. Və bu məqalə vasitəsilə bir daha "alimin rütbəsi hər rütbədən ucadır", - deyən şairin haqq sözlərinə "söykənirəm". Bəli, alim olan yerdə halallıq olar, düzlük olar, dostluq, qardaşlıq olar. Və həm də gözəllik olar. Gözəllik həqiqətdir. Həqiqət də gözəllikdir. Bunları bir-birindən ayırmaq olmaz.
Dostum Fərman olan yerdə gözəllik var, deməli, həqiqət var. Dünya onun kimi ziyalılara, yaxşı insanlara, bilikli, bacarıqlı həkimlərə, etibarlı dostlara... möhtacdır. Onun kimi insanlara, onun kimi mənalı, şərəfli ömür yaşayanlara baxan hər bir kəsin ürəyində şərəfli, ləyaqətli yaşamaq arzusu oyanır.
Tibb elmləri üzrə fəlsəfə doktoru, drosent Fərman Həsənov həm də ürək adamıdı, ruh adamıdı, söz adamıdı. Təbiət onu şair yaratmışdı. İndi də yeri gələndə qəlbindən süzülən işıqlı misraları qələmə alır. Amma o, şair kimi tanınmadı, həkim-cərrah kimi məşhurlaşdı. Tale onu həkim elədi, alim elədi. Şairlər onsuz da çoxdu, amma onun kimi azız və üz-çənə cərrahları, həkim-implantoloqları ya bir olar, ya iki... Əsl dost da ya bir olar, ya iki... Fərman İbrahim oğlu dostluğu yaşadan dostdur. Və mən dostumla qürur duyuram, uğurlarına sevinirəm. Həm də sevinirəm ki, dost yolunda ölə biləcəyim dostu tapmışam. Həmin o dostum Fərman Həsənovdu. Onun xeyirxah işləri, xoş əməlləri yaddaşımın qızıl fonduna yazılıb. Unuda bilərəmmi? Ehtiyac məni sıxanda, ümidim sönməkdə olan şam kimi öləziyəndə, içimdən ölmək arzusu keçəndə harayıma çatan, səsimə səs verən dostum Fərmanı unuda bilərəmmi? Axı, o, məclis dostu deyil, süfrədə oturub dostlarının şəninə sağlıqlar deyən, dostu büdrəyəndə, dara düşəndə dostu yarı yolda qoyub aradan çıxan dostlardan deyil.
O, əsl dostdur. Dostları axtaran, tapan və həyan olan dostdur. Təmənnasız dostluq eləyən dostdur. İnsaflı və mərhəmətli, ürəyiyumşaq, xeyirxah, qayğıkeş bir insandı. İnsanlara qayğı göstərən, kömək eməyi sevən bir insandı. İnsanlığı yaşadan insandı.
O, yaxşı gündə yox, çətin gündə tanınan dostdur. Və bir dost kimi, səmimi qardaş kimi çətin günlərimdə, sıxıntılı anlarımda həmişə yanımda olub. Bu dünya dənizində xeyirxah işlərdən gəmi düzəldib dostlarını boğulmağa qoymayıb.
Bu yerdə bir atalar məsəli yadıma düşür: "Ot kökü üstündə bitər". - dr. Fərman Həsənov da İbrahim əminin ata nəsihətindən, ata öyüdündən, ata təlim-tərbiyəsindən bəhrələnərək yurdun dayağına, elin söykəyinə, dostların ümid yerinə çevrilib. Unudulmaz İbrahim əminin - uzun illər xalqa ləyaqətlə, vicdanla xidmət edən o gözəl insanın arzu və istəklərinin daşıyıcısına çevrilən, milli dəyərlərimizi qoruyan, xalqın sağlamlığı keşiyində dayanan, içdiyi Hippokrat andına sadiq qalan Fərman Həsənov da öz növbəsində atasının nəsihətlərini, ulusdan - nəsildən, kökdən-soydan gələn milli-mənəvi sərvətləri, savab işlər görməyi, yaxşılıq etməyi... oğlu Aqil Həsənova ötürür. Aqil də həkimdir. Hələ gənc olsa da yetərincə tanınmış stomatoloqdur.
...Ərz elədiyim kimi Fərman həkimin dostlara sevgisi dünyanın özü boydadır. O vətəni də, doğma yurdu da, göz açıb dünyaya gəldiyi İbrahimhacılı kəndini də, Mamırtı dağını da, Küllü bulağı da, Çinarlı ocağını da, alınmaz qalaya çevrilən Tovuzu da, ailə-külfətini də, nəvələrini də dünyalar qədər sevir. Bu sevgi ilə yaşaya-yaşaya, bu sevgi ilə işləyə-işləyə böyük uğurlara, nailiyətlərə imza atıb. Bu sevgi ilə dünyanı gəzib-dolaşıb. ABŞ-da, Fransada, Almaniyada, İtaliyada, Belçikada, Norveçdə, Orta Asiya respublikalarında, Pribaltikada... eləcə də Rusiyada, Gürcüstanda və daha neçə-neçə ölkələrdə olub. Həmin ölkələrdə keçirilən simpoziumlarda, konfranslarda iştirak eləyib. Ağız və üz- cərrah kimi, həkim implantoloq kimi dünya stomatoloqlarının marağına səbəb olan çıxışlar edib, öz ixtiraları ilə onları heyrətləndirməyi bacarıb. Neçə-neçə fəxri fərmanlara, diplomlara layiq görülən dr. Fərman Həsənov Azərbaycanda da tanınmış həkim - cərrahlardan biridir. Nəfsinin ağası, sözünün sahibidir. Müəllim kimi Azərbaycan Tibb Universitetində dərs dediyi tələbələrin, ağız və üz-çənə cərrahiyəsi kafedrasında həmkarlarının, dost kimi dostlarının, qardaş kimi qardaşlarının, qohum kimi qohumlarının... sevimlisidir, istəklisidir.

***
Nə yaxşı ki, mənim həyatımda Siz varsınız, Fərman həkim!
Nə yaxşı ki, Siz varsınız, Fərman dostum!
Nə yaxşı ki, bu dünyada sənin kimi işıqlı adamlar var.
Sən mənim qaranlıq dünyamda bir damla nursan, Fərman qardaşım!
Şair də gözəl deyib:

Gözlərimə qəm çökəndə,
Can evimi dərd sökəndə,
Qayğılarım can bükəndə,
Harayıma çatan qardaş.

Qara gündə, çətin anda,
Kömək oldun hər zamanda.
Mən büdrəyib yıxılanda,
Əllərimdən tutan qardaş.

Yaxşılığın haqdan gəlib,
Müqəddəs ocaqdan gəlib.
Ürəyimdən dərdi silib,
Qəmə sevinc qatan qardaş.

Şah vüqarlı dağ kimisən,
Bar-bəhərli bağ kimisən.
Nə yaxşı ki, sən varsan, sən
Canım qardaş, Fərman qardaş.