adalet.az header logo
  • Bakı 7°C
06 Noyabr 2018 00:26
11171
ƏDƏBİYYAT
A- A+

VƏTƏN VƏ MİLLƏT TƏƏSSÜBKEŞİ

Eloğlularımın hər xoş sorağı məni həmişə sevindirib. Xüsusilə də bu soraq doğma yurddan uzaqlardan gələndə ikiqat sevinmişəm. Çünki bu uğuru artıq bir nəfərin, bir ailənin yox, heç bir kəndin də deyil, bütünlükdə Borçalının, Azərbaycanın adına yazılan uğur kimi qəbul etmişəm. O anda yaşadığım sevinci də çox zaman yazdığım bir yazı ilə paylaşmağa çalışımışam.
Bu gün səsi təkcə keçmiş SSRİ məkanından deyil, uzaq-uzaq ölkələrdən gələn dəyərli Vətən övladlarını saymaqla qurtaran deyil. Onlar hər addımlarında milli qürur və doğma Vətən təəssübünü hər şeydən üstün tutaraq yaşayıb fəaliyyət göstərdikləri ölkələrdə qazandıqları şöhrətlə xalqımızın şərəfini, şöhrətini də bir boy ucaldırlar. Belə şöhrətli Vətən oğullarından biri də akademik Fərman Gülməmmədovdur.
Onun keçdiyi ömür yoluna və qazandığı bütün uğurlara yaxşı bələdəm. Çünki o, mənim həmyerlim olmaqla yanaşı, həm də qohumumdur. Etiraf edim ki, elə bu səbədən də haqqında nəsə yazmaq mənim üzərimə ikiqat məsuliyyət qoyur...
Fərman İbrahim oğlu Gülməmmədov 1939-cu ildə Gürcüstanın o vaxtkı Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. Mənsub olduğu Gülməmməd öyü nəsli təkcə Darvaz kəndində deyil, bütövlükdə Borçalıda məşhurdur. Bu nəslin yetirmələri olan tanınmış elm adamlarının, həkimlərin və digər peşə sahiblərinin sorağı bu gün Borçalıdan çox-çox uzaqlardan gəlir. Fərmanın 120 il ömür sürmüş babası İsgəndər kişi, kənddə kolxoz sədri və digər məsul vəzifələrdə çalışmış atası İbrahim kişi bu gün də eldə-obada minnətdarlıqla xatırlanırlar. Elmə, savada həmişə üstünlük verən İbrahim kişi övladlarının ali təhsil almaları üçün əlindən gələni edib, bəzi valideynlər övladını "gözündən uzağa" buraxmayanda, o, öz arzularını reallşaşdırmaları yolunda oğlanlarına yaşıl işıq yandırıb, yetər ki, onlar savadlı və elinə-obasına yararlı olsunlar deyə düşünüb.
1958-ci ildə Bolnisidə orta məktəbi bitirən Fərmanı həkim olmaq arzusu Ukraynanın Donetsk şəhərinə gətirib, burada tibb institutuna daxil olub. 1964-cü ildə Donetsk şəhərində Tibb İnstitutunu bitirib. Həkim kimi ilk əmək fəaliyyətinə də elə burada başlayıb. Təhsilini davam etdirməyi də unutmayıb. Elmi-tədqiqatla məşğul olub və gərgin elmi axtarışlar öz bəhrəsini verib - 1971-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini qazanıb. Qısa müddətdə Donetsk vilayətində təcrübəli bir cərrah kimi məşhurlaşıb, şəfalı əllərindən nicat tapmaq üçün hətta Azərbaycandan və Gürcüstandan da ona üz tutanlar olub. Minlərlə xəstəni yenidən həyata qaytarıb, ailələrinə sevinc bəxş edib. Elmi axtarışlarını davam etdirərək 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.
Düz 60 il bundan əvvəl orta məktəb məzunu olan bir gənc kimi arzuların qanadında doğulduğu Darvaz kəndindən çıxıb Donetsk şəhərinə gələn Fərman Gülməmmədov bu gün bütün Ukraynada məşhurdur. Rusiya və digər MDB ölkələrində də nüfuzlu bir tibb alimi, məşhur cərrah kimi tanınır. Bunu onun həmin ölkələrdə keçirilən elmi konfrans və simpoziumlardakı iştirakı, aparıcı elmi jurnallarda nəşr olunan və dünyanın nüfuzlu tibb alimləri tərəfindən də yüksək dəyərləndirilən elmi əsərləri də sübut edir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqillik əldə edəndən sonra Vətəndən uzaqlarda yaşayan bir çox soydaşlarımız kimi, o da bir alim olaraq elmi potensialını Azərbaycan naminə sərf etmək üçün Bakıya gəlib. 1991-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunun professoru kimi fəaliyyət göstərib. Bu o vaxtalr idi ki, Azərbaycan müstəqillik yolunda ilk inamlı addımlarını atırdı, üstəlik Qarabağ uğrunda müharibənin şiddətli vaxtları idi. Fərman həkim də xalqımızın belə çətin durumunda onun yanında olub, əlindən gələn köməyi etmək üçün Ukraynadakı rahat iş yerini və komfortlu həyatını buraxıb əsl Vətən və millət oğlu kimi Azərbaycana gəlmişdi.
4 il burada çalışdıqdan sonra 1995-ci ildə yenidən Ukraynaya qayıdan F.Gülməmmədov Donetsk Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsinə təyin olunub və uzun illər bu kafedraya başçılıq edib. Hazırda həmin kafedranın professoru kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən akademikin 300-dən çox elmi məqaləsi, bir neçə fundamental elmi monoqrafiyası işıq üzü görüb, rəhbərliyi altında bir neçə doktorluq və namizədlik dissertasiyaları müdafiə olunub.
Əgər 60 il əvvəl kənddən sadəcə atası İbrahim kişinin, anası Güllü xanımın və bir də yaxın qohumlarının xeyir-duası ilə evdən çıxmışdısa, bu gün doğma Darvaza hər gəlişində onu bütün el qarşılayır, hər gəlişi bütün Borçalıya səs salır, yaxın-uzaq ellərdən axışıb ziyarətinə gəlirlər. 60 il əvvəl arzularını reallaşdırmaq, həyatda öz yerini, məhz özünəməxsus olan yeri tutmaq istəyi ilə kənddən çıxan bu gənc doğma yurda artıq keçmiş SSRİ-nin "Səhiyyə əlaçısı", "SSRİ-nin ixtiraçısı", Ukrayna Elmlər Akademiyasının akademiki, Ukraynanın Əməkdar elm və texnika xadimi kimi qayıdır. 60 il əvvəl ona xeyir-dua verib yola salanlardan çoxları bu gün həyatda olmasa da, Fərman İbrahim oğlunun qazandığı uğurlar, heç şübhəsiz, onların ruhunu da şad edir.
Müdriklərdən biri deyib ki, insanın ali təhsili olmaya bilər, amma əxlaqın, mədəniyyətin ali səviyyədə olması vacibdir. Fərman İbrahim oğlunun yüksək mədəniyyəti, sadəliyi və səmimiliyi, həssaslığı yüksək savadı və zəngin dünyagörüşü ilə düz mütənasibdir. Kövrək qəlbli bir insandır. Bəlkə də bu kövrəklik bir qədər də yaş və Vətəndən uzaqlarda olması ilə bağlıdır. Telefonla hər dəfə danışanda da mən bunu hiss edirəm.
M.S.Ordubadi yazırdı ki, "ailə quruluşunun dərs kitabını qadının özü yaratmalıdır". Böyük qırğız yazıçısı Çingiz Aytmatov isə yazır: "İnsanın başqaları üçün görə biləcəyi ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir".
Fərman İbrahim oğlunu bu mənada da bəxtigətirənlərdən, uğur qazananlardan hesab etmək olar. Çünki Gülnarə xanım kimi "ailə quruluşunun dərs kitabını" yaza bilən ömür-gün yoldaşı və bu gün cəmiyyətdə hər biri öz layiqli yerini tutmuş ziyalı və vətənpərvər övladları var. Əslində bu ailəni həkimlər ailəsi adlandırmaq daha doğru olardı. Fərman həkimin böyük oğlu Artur ali dərəcəli neyrocərrahdır.
Ailənin digər oğlu, 1973-cü ildə anadan olmuş Polad da atasının yolunu seçib. Vətənə bağlılıqda, yurd sevgisində də atasından geri qalmayan Polad 1993-cü ildə Donetsk Tibb Univeristetinin tələbəsi olduğu vaxtda təhsilini yarımçıq qoyaraq Azərbaycana gəlib, Gəncə şəhərinə gedərək könüllü şəkildə Qarabağ uğrunda döyüşlərdə iştirak etmək istədiyini bildirib və o vaxtkı 709 saylı hərbi hissənin tərkibində ön cəbhədə olub. Sonradan Ukraynaya qayıdaraq təhsilini davam etdirb. 1996-cı ildə Donetsk Tibb Universitetini bitirib. 1999-cu ildə namizədlik dissertasiyasını uğurla müdaifə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb, 2010-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Hazırda Donetsk Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru, professordur.
Qızı Mədinə də həmin universitetdə çalışır, terapiya kafedrasının dosentidir.
Fərman həkimin digər qızı Leyla isə Bakıda özəl kilinikaların birində akuşer-ginekoloq kimi fəaliyyət göstərir.
Təkcə övladları deyil, nəvələri də onun yolu ilə gedir - nəvəsi Valentin ümumi cərrahiyyə kafedrasının dosenti, Lena isə akuşer-ginekoloqdur.
Yeri gəlmişkən, ali dərəcəli cərrah olan qardaşı Salmanın uşaqları Natella və Səbinə də həkimdir.
Noyabrın 7-si Fərman Gülməmmədovun doğum günüdür. Bu münasibətlə dəyərli alimizimiz - qeyrətli Vətən oğlunu təbrik edir, ona uzun və sağlam ömür, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.