ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Geriyə yol var, ümidimiz ölməyib...

1159    |   2018-11-06 00:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vahid MƏHƏRRƏMOV


İnsanın maraq dünyası çox geniş və hüdudsuzdur. Bəlkə də bura min-min dünyalar sığar. Onu gördüyü, eşitdiyi hər şey maraqlandırır. Dəfələrlə müşahidə etmişəm ki, başqa sahələrlə yanaşı, yazıçı və şairlərin ömür yollarından bəhs edən kitablar, gündəliklər və xatirələr toplusu oxucuya bədii əsərlərdən daha çox zövq verir. Yəqin, bu ona görə belədir ki, həmin əsərlər hansısa bir yazıçının uydurub bədii don geyindirdiyi, oxucuları sehirləməyə çalışdığı obrazlar dünyası deyil. Bu, konkret olaraq bir fərdin, şəxsin keçdiyi həyat və ömür yoludur. İnsan yaşantılarının acılı-şirinli xronikasıdır. İbtidaidən aliyə, uşaqlıqdan böyüklüyə, böyüklükdən ağsaqqallığa, başlanğıcdan sona doğru uzanan bir yoldur. Təbiidir ki, belə əsərlər oxucuya daha çox təcrübə və bilik verir. Onun maraq dairəsini heç vaxt tərk etmir. Görünür ki, insan ömrünü yazılmamış, oxunmamış kitaba bənzədənlər yanılmayıblar, hədəfi dəqiq vurublar.
Bu günlərdə yazıçı və publisist Nemət Veysəllinin "Geriyə yol varmı..." kitabını oxuyarkən bir insan ömrünün keçdiyi yolla yaxından tanış oldum. Harada xatirələr çözələnirsə, orada kövrəklik küləyi əsir, qəm, kədər tufan qoparır. Kitabı oxuduqca düşünürsən ki, insan ömrünə nə qədər faciəli hadisələr, nə qədər qəm, kədər sığa bilər? Bunu ölçüb müəyyənləşdirə bilən hansısa bir cihaz, bir qurğu varmı? Hara çəksən, hara yozsan, nə qədər üstünü ört-basdır etsən də, son nəticə budur ki, insan ömründə sevincli, fərəhli günlər az olur. Çoxu qayğılar, ağrı-acılar və problemlərlə, qaçdı-qovdu ilə dopdolu günlərdir.
Müharibənin ağır nəticələrindən, insana, insanlığa vurduğu mənəvi və maddi zərbələrdən, ağrı-acılarından çox yazılıb, çox deyilib. Amma nə qədər yazılsa da, deyilsə də, müharibələr yaxamızı buraxmaq istəmir, əzizlərimizin, doğmalarımızın ömürlərini faciəli şəkildə son qoymaqda davam edir.
Nə vaxt və harada baş verməsindən asılı olmayaraq müharibə həmişə insanlara ölüm və göz yaşları gətirir. Müharibələr bəşəriyyətə ağır, sarsıdıcı zərbələr vurur. Evlər dağıdılıb uçurulur, insanlar məhv olur. Tarixin atası adlandırılan Herodot müharibənin ağrı-acılarının insanlara vurduğu zərbəni çox sadə şəkildə belə xarakterizə edir: "Sülh zamanında oğullar atalarını dəfn edir, müharibə zamanı isə atalar oğullarını." Bəli, müharibə çox amansızdır, ondan nəsə yaxşı bir ummaq avamlıqdan başqa bir şey deyil.
Bir çoxları kimi müharibələr Nemət müəllimin də ömrünə, həyatına ağır və sarsıdıcı zərbələr vurub. Böyük Vətən müharibəsinə çağırılan atası Bayramalı kişi hitlerçilərlə döyüşə yollanıb. Qanlı əməliyyatların birində düşmən gülləsinə tuş gəlib.
O vaxtlar Nemət müəllim üç aylıq uşaq olub. Amansız müharibə ömrünün bu çağında, həyatının başlanğıcında onu atasız qoyub. İllər sonra isə N.Veysəlli özü Qarabağ müharibəsində iştirak edib. Bir-birindən gərgin günlər, çətin anlar yaşayıb. Qarabağ müharibəsi də Nemət müəllim üçün çox böyük faciə ilə nəticələnib.
Erməni işğalçıları qoynunda dünyaya göz açdığı Yuxarı Veysəlli kəndini işğal ediblər. Müharibələr onun həyatına ağır itkilərlə dərin iz qoyub. Böyük Vətən müharibəsi Nemət müəllimin atasını, Qarabağ müharibəsi isə doğma kəndlərini əlindən alıb.
Nemət Veysəllinin kitabının adı da diqqətimi çəkdi: "Geriyə yol varmı..." Əslində müəllif bu sualı ilə hamıya - illərdən bəri Qarabağın və işğal olunmuş başqa rayonların erməni işğaslçılarından sülh yolu ilə azad olunması işi ilə məşğul olan beynəlxalq təşilatlardan tutmuş, hər bir vətəndaşa, hər bir məmura ünvanlayıb. Torpaq itkisi, yurd həsrəti çox ağır, çəkilməz və dözülməz dərddir. Uzun illərdir ki, erməni qəsbkarları başqa ərazilərimiz kimi, N.Veysəllinin doğma kəndini işğal altında saxlayır. Bu həsrətin, bu intizarın sonu görünmür. Həsrətin, intizarın ömrü bu qədər uzana bilərmi?
Kitabı aram-aram vərəqləyib oxuduqca, Nemət müəllimin xatirələri əlimizdən tutub bizi onun ömrünün ilk çağlarına çəkib aparır. Uşaqlıq illəri ömrümüzün əlifbasıdır, həyatımızın başlanğıc nöqtəsidir desək, yəqin ki, oxucular bizimlə razılaşar. Kənd yerində böyüyən uşaqların həyatı, yaşayış tərzi haradasa bir-birinə çox oxşayır.
Yazılanları oxuduqca sıralanan sözlərə, bir-birinin ardınca düzülən cümlələrə göz gəzdirdikcə mənə elə gəlir ki, sanki N.Veysəlli mənim uşaqlığımı yaşayıb. Ya da əksinə, mən onun uşaqlığını yaşamışam. Səhifələri bir-bir arxada qoyduqca hiss edirdim ki, sanki göz işlədikcə uzanıb gedən çölləri, düzləri müəlliflə yanaşı addımlayırıq, Yuxarı Veysəlli kəndinin küçələrini, geniş çöllərini, barlı-bərəkətli bağ-bağatını gəzirik.
Həyatda qəribə, təzadlı və gözlənilməz hadisələr çox olur. Keçdiyi həyat yolu, yaşadığı ağrı-acılarla tanış olanda gördüm ki, Nemət müəllimlə mənim taleyimdə haradasa bir oxşarlıq, bir paralellik, bir yaxınlıq, haradasa bir doğmalıq var. Onun da atası Böyük Vətən müharibəsində iştirak edib, mənim də. O da ata üzü görməyib, mən də. Amma ondan fərqli olaraq mən heç olmasa, atamın şəklini görmüşəm. Nemət müəllim də Qarabağ müharibəsində iştirak edib, mən də. Nemət müəllimin də qoynunda dünyaya göz açdığı kəndləri işğal olunub, mənim də. Uzun illərdir mən də doğma ocaqlarımıza həsrət qalmışam, o da.
Anası Nənəxanımın xatirəsinə həsr etdiyi bu kitabı Nemət müəllimin uzun iillərdən bəri üst-üstə yaddaşına yığdığı, ürəyində əzizləyib saxladığı xatirələr boğçası da adlandırmaq olar.
Müəllif yaddaşına güvənərək yaşanıb arxada qalan ömrünün bütün anlarını ən xırda detallarına qədər qələmə almağa çalışıb. N.Veysəlli illər sonra xəyalların qanadında geriyə - uşaqlıq illərinə dönərək, keçmişə boylanaraq gördüklərini, eşitdiklərini ağ vərəqlərə köçürüb. Köçürüb ki, ötən günlərədən bir iz, bir mənbə, bir söykənəcək qalsın. Hiss olunur ki, Nemət müəllim böyük səbrlə, təmkinlə ömrünün ayrı-ayrı parçalarını, ötüb arxada qalmış illərini, günlərini bir yerə toplayıb. Toplayıb tarixləşdirib ki, xatirələri orda-burda itib-batmasın, gələcək nəsillərə qalsın.
Bu kitabı Qarabağ tarixinin bir parçası da adlandırmaq olar. Çünki burada öyrəniləsi, öyrədiləsi dəyərli məlumatlar, biliklər var.
Nemət Veysəllinin böyük əziyyətlə yazıb araya-ərsəyə gətirdiyi bu kitabı böyük maraqla oxudum. Yazılanlar bir oxucu kimi məndə nostalji hislər oyatdı.
Bu sətirləri qələmə alarkən müəllifin hansı hislər keçirdiyi mənə çox tanışdır. Müəllifin acılı-şirinli xatirələrini su kimi içdikcə Qarabağın bir parçası olan bu gözəl diyarı xəyalən də olsa gəzib dolandım. O yerlərin gözəlliyinə, bənzərsizliyinə heyran qaldım. Xüsusilə Nemət müllimin Veysəlli bağlarından yazdıqları zövqümü oxşadı, qəlbimə sərinlik gətirdi. Xəyalən də olsa o yerlərə səfər etdim, gözəlliklərdən heyrətləndim. Yazı məni o qədər tutdu ki, sanki bir anlıq özümü o ağacların kölgəsində hiss etdim, dadlı meyvələrindən yedim, buz bulaqlarından su içdim.
Belə gözəl bölgələrimizin düşmən əlinə keçməsi ürəyimi ağrıtdı, qəlbimi göynətdi. Mütaliə boyu hər cümlədə, hər sözdə, hər səhifədə Nemət müəllimin ürəyinin döyüntüsünü, qəlbinin naarahatlığını hiss etdim. Ümumiyyətlə, hiss olunur ki, müəllif xatirələrini ürək çırpıntıları ilə yazıb. Başqa cür də, ola bilməz. Çünki bu çox ağır, çox üzüntülü bir mövzudur. Onu da deyim ki, belə ağrı-acılarla dolu olan bir mövzulara köklənəndə istənilən bir yazıçının ürəyi çırpınmasa qələmi yazmır.
Nemət müəllim xatirələrində ermənilərin azərbaycanlılara qarşı törətdikləri yaramaz hərəkətlərindən də ürək ağrısı ilə söz açır.
"Herher kəndi" bölməsindəki xatirələrində daşnakların azərbaycanlılara olan münasibətləri aydın və əhatəli şəkildə işıqlandırılıb. Yazılanlardan, deyilənlərdən belə nəticəyə gəlmək olur ki, ermənilərin gözü həmişə torpaqlarımızda olub.
Bu bərəkətli ərazilərimizi ələ keçirmək üçün həmişə min cür hiylə qurub, yüz cildə giriblər. Məqsədlərinə çatmaq üçün bütün hiylə və xəyanətlərə əl atıblar.
Uzun illərdir torpaqlarımızın işğalı ürəyimizi yandırır. Dədə-baba yurduna dönəcəyimiz günü intizarla gözləyirik. Həsrət çəkməkdən gözümüzün kökü saralıb.
Deyirlər ki, insanın ümidi sonda ölür. İnanırıq ki, ümidimiz heç vaxt ölməyəcək. Gec-tez həsrətə son qoyulacaq, gözəl günlərin birində Nemət müəllim kimi yurd həsrətli minlərlə insan Azərbaycan Ordusunun erməni işğalçılarından azad edəcəkləri doğma ocaqlarına dönəcək.
Nemət Veysəlli kitabını bu sözlərlə bitirir: "...İlahi, sən özün mənə düşdüyüm bu uzun, qaranlıq lağımın sonunda bir işıq zolağı aç, işıqlığa çıxım." Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Gec-tez biz də qaranlıqdan işığa çıxacağıq.
Çünki bütün qaranlıq yolların sonu işığa, nura istiqamətlənir.
Təbiidir ki, nə sülh, nə də müharibə şəraiti uzun müddət davam edə bilməz. Hər şeyin bir başlanğıcı olduğu kimi, bir sonu da var.
Gündən-günə gücünü, qüdrətini artıran ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadir və hazırdır. Müntəzəm olaraq döyüş şəraitinə uyğun keçirilən təlim-məşqlərdən qələbə qoxusu, zəfər sevinci gəlir.
Hər şeyin zamana ehtiyacı var. Bu gün zaman bizim xeyrimizə işləyir. Düşmən getdikcə zəifləyir, biz güclənirik. Bütün sahələrdə qəsbkarları üstələyirik. Döyüş meydanlarında da daşnakları mütləq məğlub edəcəyik. Deməli, doğma yurd-yuvamıza dönəcəyimiz günə çox qalmayıb. Yəqin ki, daim bizi irəli aparan zaman günlərin birində arzumuza qovuşduracaq, həsrətə, intizara son qoyulacaq. Onda könlümüz açılacaq, qəlbimizin göynərtisi kəsiləcək. Ürəyimizi sevinc, şadlıq və xoş hislər bürüyəcək. Onda neçə illərdən bəri işğal altında inləyən torpaqlarımızın da üzü güləcək. İnsanla torpağın sevinci bir-birinə qarışacaq. Deməli, geriyə yol var, işıqlı sabahlara qovuşmaq üçün ümidimizi üzməməliyik. Sadəcə olaraq, doğma ocaqlarımıza gedən yolları kol-kosdan və erməni işğalçılarından təmizləməliyik. Buna isə bizim kifayət qədər gücümüz və qüvvəmiz var. Haydı, tezliklə yola çıxalım...



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK