adalet.az header logo
  • Bakı 16°C
06 Noyabr 2018 00:10
12693
ƏDƏBİYYAT
A- A+

Zirvədən zirvəyə gedən şərəfli yollar

Resenziya

Görkəmli hüquqşünas İkram Kərimovun yeni çapdan çıxmış "Zirvədən zirvəyə..." ("Letterpress", Bakı-2018, 47 ç.v., 756 səh.) kitabı ulu öndər Heydər Əliyevin rəngli foto-portreti ilə açılır. Şəklin altında müdrik şəxsiyyətin kəlamlarından bir sitat verilib: "Asudə vaxt - məsuliyyətdən azad vaxt deyildir." (Heydər Əliyev)
Ömrünü haqq-ədalətin zəfər çalması, hüququn təntənəsi naminə cinayətkarlıqla mübarizə işinə həsr etmiş məşhur hüquqşünasın öz kitabının ilk səhifəsində ulu öndər Heydər Əliyevin şəklini və sözlərini verməsi ümummilli liderin Vətən və Dövlət qarşısındakı xidmətlərinə vətəndaş ehtiramının əlamətidir. Eyni zamanda uzun illər respublikamıza rəhbərlik etmiş görkəmli dövlət xadiminin hüquq-mühafizə orqanlarının əməkdaşlarına diqqət və qayğısına hüquqşünas minnətdarlığının təzahürüdür. Kitab boyu müəllif vaxtilə mühüm işlər müstəntiqi kimi apardığı dövlət əhəmiyyətli mürəkkəb istintaq araşdırmalarında hər zaman ölkə rəhbərliyinin hüququn aliliyi prinsipinə əsaslanan ali iradəsinə arxalandığını büruzə verir.
"Zirvədən zirvəyə..." kitabı respublikanın Əməkdar hüquqşünası İkram Kərimovun zəngin həyat yolunun və səmərəli fəaliyyətinin işıqlandırılmasına həsr olunub. Kitabda yeniyetmə bir məktəblinin hüquq-mühafizə işinə böyük marağından - müstəntiq olmaq arzusunun necə reallığa çevrilməsindən bəhs olunur.
İkram Heydər oğlu Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib. 1961-66-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinin tələbəsi olub.
1966-77-ci illərdə Yasamal, Qusar, Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi işləyib. 1978-87-ci illərdə Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun Birinci müavini olub. 1987-2012-ci illərdə Bakı şəhər Məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində işləyib. Baş ədliyyə müşaviri, I ixtisas dərəcəli hakimdir.
Cinayət işlərinin istintaq təcrübəsi SSRİ və Azərbaycan SSR üzrə dəfələrlə yayılmış, adı Prokurorluğun "Ən yaxşı müstəntiq" Fəxri kitabına yazılmışdır. "Şərəf nişanı" ordeni, "Tərəqqi" medalı, Azərbaycan SSR Ali Soveti RH, SSRİ Baş Prokurorunun, Azərbaycan Respublikasının Ədliyyə nazirinin Fəxri Fərmanları ilə təltif olunub. Respublikanın Əməkdar hüquqşünası fəxri adına layiq görülüb. Bir sıra beynəlxalq tədbirlərdə - ABŞ, Asiya və Avropa ölkələrində, Avropa Şurasında Azərbaycan Respublikasını təmsil edib.
...Hüquq fakültəsini yeni bitirib Xaçmaz rayon prokurorluğunda işləyən 26 yaşlı gənc İkram Kərimov 1969-cu ilin noyabrında gözlənilmədən Respublika Prokurorluğuna - mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin olunur. Bu qəfil təyinat hamı üçün, o cümlədən gənc müstəntiqin özü üçün də gözlənilməz idi. Yalnız Azərbaycan KP MK-nın inzibati şöbəsində söhbətə dəvət ediləndə İkram Kərimov üçün aydın olur ki, "yeni katib (Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev nəzərdə tutulur) cavan kadrların irəli çəkilməsini tapşırıbmış..."
Beləliklə, o, böyük həvəs və bacarıqla məsul vəzifədə etimadı doğrultmaq üçün səylə çalışmağa başlayır. Və o illərdə İkram Kərimovun şöhrəti respublikanın sərhədlərini aşıb İttifaq miqyasında nüfuzlu hüquqşünas kimi tanınır.
30-40 il bundan əvvəl, keçmiş İttifaq və respublika miqyasında istintaqı aparılan dövlət əhəmiyyətli bir çox ağır cinayət işlərinin üstünün kim tərəfindən açıldığı, istintaqı kimin apardığı və geniş ictimaiyyətin böyük marağına səbəb olan hay-küylü kriminal hadisələri ustalıqla araşdırıb həqiqəti üzə çıxaran hüquqşünasın kimliyi bu avtobioqrafik kitabda bəlli olur. Müəllif oxucuya çoxepizodlu mürəkkəb cinayət işlərinin istintaqının gedişi, çətinlikləri, cinayətkarların ifşası üçün çəkdiyi əzab-əziyyətlərin, yuxusuz gecələrin necə bəhrə verməsi və qiymətləndirilməsi barədə müxtəlif arxiv materialları əsasında danışır. Hadisələrin cərəyan etdiyi tarixi dövrün xatırlanması, bir çox qaranlıq məqamlara aydınlıq gətirilməsi müasir oxucu üçün maraqlı və əhəmiyyətlidir. İkram müəllim qələmə aldığı xatirələri təkcə onu yaxından tanıyan dostları və doğmaları üçün deyil, həm də gənc hüquqşünaslar, xüsusən müstəntiqlər üçün nəzərdə tutur. Kitab hüquq fakültəsinin tələbələri üçün təcrübə və nəzəriyyənin vəhdəti kimi çox faydalı tədris vəsaiti səviyyəsində qələmə alınıb.
Giriş mətnindən məlum olur ki, jurnalist-publisist Telman Zülfüqaroğlu 20 il məşhur hüquqşünas haqqında kitab yazmaq niyyəti ilə materiallar toplayıb, onu tanıyan bir çox insanlarla görüşüb, müsahibələr alıb, xatirələrini yazıb. Ancaq bu 20 il ərzində hər dəfə onları kitab halında çap etmək istəyəndə İkram müəllim etiraz edib, haqqında kitab yazılmasına izn verməyib. Yalnız undi, təqaüdə çıxandan sonra, 75 illiyi ərəfəsində belə bir nəşrə razı olub və jurnalistin topladığı həmin xatirələri də ayrıca bölüm kimi öz kitabına daxil edib... Hüquqşünas özü kitabın yazılma səbəbləri haqqında belə deyir: "...Valideynlərimizin doğulub böyüdüyü ölkə (SSRİ) bizim gözlərimizin qarşısında çökdü, süqut elədi və biz müstəqillik qazandıq. O dövrü xatırlamaq, yeni nəslə çatdırmaqla biz həyatda düzgün mövqe tutmalarına kömək edə bilərik. Bundan başqa o qeyd edir ki, tanıdığı dəyərli hüquqşünasları xatırlamaqla onların yaddaşlarda yaşamasına xidmət etmiş olur. "Çünki fədailərin xatırlanması kimlərəsə təsəlli ola bilər. Kimlərsə bundan faydalanar... Mən yazıçı deyiləm, belə həvəsə də heç vaxt düşməmişəm. Zəmanəmiz və həyat tərzimiz barədə oxucuya az da olsa bilik verə bildimsə, demək qarşıya qoyulan məqsədə nail olundu..."
Kitabı oxuduqca görürük ki, Sovet dövründə, keçid və müstəqillik illərində müstəntiq, prokuror, dövlət ittihamçısı, hakim, məhkəmə sədri kimi çalışan İkram Kərimovun sərt döngələri olan enişli-yoxuşlu, çala-çuxurlu, tozlu-torpaqlı yolu dəf edib mənzil başına büdrəmədən çatması elə də asan olmayıb. İkram müəllimin mühüm işlər müstəntiqi kimi çalışdlığı 70-ci illərdə necə əzuiyyətlər hesabına məkrli cinayətkarlar üzərində qələbəyə nail olması ilə sənəd-sübutlar əsasında tanış olduqca, biz şərəfli hüquqşünas peşəsinin nə qədər ağır və cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğuna bir daha əmin oluruq.
...Baba və nənələrdən başlamış, ata-anasına, əmilərinə, digər qohumlaradək hamını bir-bir yada salan, Məsmə nənə, Abdulkərim baba, atası Heydər Kərimov, əmiləri Ağakərim və Məmmədkərim barədə bir az qəmli, bir az fərəhli, amma həmişə fəxrlə danışan müəllif məktəb illərindən, institut dövründən maraqlı hadisələrlə oxucunu özünə cəlb edir. Xüsusən, Məsmə nənənin "qaçqınlıq" xatirələri, ən ağır dövrlərdə qəhrəman Nuru Paşanın Azərbaycana gəlib erməni quldurlarını darmadağın etməsi, əhalini qırğından xilas etməsi; yaxud "Qara naçalnikin" - Məmmədkərim Kərimovun cinayətkarlığa qarşı cəsarətli mübarizəsi ilə qazandığı hörmət-izzət; həyatdan erkən köçən atası Heydər kişinin el içində halal zəhmət adamı kimi tanınması; anası Səmayə xalanın oğlanlarını təkbaşına minbir əziyyətlə, Vətənə məhəbbət, əməyə hörmət ruhunda böyüdüb boya-başa çatdırması... barədə epizodları həyəcansız oxumaq mümkün deyil. Təvazökarcasına "mən yazıçı deyiləm" desə də, onun kitabı geniş erudisiya və həzin duyğular üstündə həssascasına, əsil peşəkarlıqla qələmə alınmış əsərdir. Kitaba anası ilə bağlı fikir-düşüncələrindən ibarət xüsusi bir bölüm daxil edən İkram müəllim Səmayə xalanın müdrik, uzaqgörən obrazını məharətlə yarada bilir, anasının verdiyi öyüd-nəsihətlərin, dəyərli məsləhətlərin onun üçün nə qədər müqəddəs olduğunu göstərir. Və ana haqqında söhbətlərini dahi dramaturq Cəfər Cabbarlının "Ana" şeirini ən önəmli əsərlərdən biri kimi kitaba daxil edir.
İkram Kərimov öz doğmaları ilə yanaşı, sevimli müəllimləri, dostları, həyatda ona yardımçı olmuş, dəstək vermiş insanları da böyük minnətdarlıqla xatırlayır, hər biri haqqında ən ülvi hisslərlə söz açır. Müəllif "Onlar unudulmamalıdır" rubrikası altında ünsiyyətdə olduğu görkəmli ictimai-siyasi və dövlət xadimlərini, tanınmış hüquqşünasları, öz peşəsinin vurğunu olan vicdanlı, namuslu, vətənpərvər, xeyirxah ziyalı insanları yada salır: Vahid Qəhrəmanov, Məmməd Xələfov, Murtuz Ələsgərov, Məmmədxan Rəsulov, Cəfər Vəliyev, Ata Əliyev, Ağaverdi Abbasov, Abdulla İbrahimov, Sabir Rəzzaqov bə b. Bu adların hər biri ölkənin həyatında mühüm rol oynamış dəyərli şəxslərdir.
Yeri gəlmişkən, İkram müəllim kitabını mənə bağışlayanda içərisində öz əli ilə yazdığı sözlər onun həssas qəlbinə ayna tuturdu: "Akif müəllim, Sizin üçün Əli müəllimin mənəviyyatı ailəsinin qürur mənbəyidir. Ruhu şad olsun!" (İkram Kərimov, 18.07.2018). Və mən kitabı çox böyük maraqla başdan axıradək oxuduqca, "Unudulmayanlar" cərgəsində atamın da adını görüb daha çox təsirlənir, eyni zamanda təbii ki, həm də qürur duyurdum. Azərbaycanın müxtəlif şəhər və rayonlarında müstəntiq, prokuror, Respublika Prokurorluğunda mühüm işlər müstəntiqi, Ali Məhkəmənin üzvü vəzifələrində çalışmış hüquqşünas Əli Məhərrəmov haqqında İkram müəllimin xatirələri sanki məni gənclik illərinə qaytardı, həyatdan vaxtsız köçmüş atamla bizi bir daha görüşdürdü.
Atam haqqında yazılan "İşıqlı bir ömrün sorağında və ya dünya yaxşılarındır" başlıqlı oçerkin kitaba daxil edilməsi, mühüm işlər müstəntiqi Əli Məhərrəmovun istintaqını apardığı ağır işlərdən nümunə kimi biri haqqında təfsilatı ilə yazılması, eyni zamanda müxtəlif məqamlarla bağlı bir çox səhifələrdə onun xatırlanması (bu səhifələrin sayı sadəcə statistika deyil, hər kəs atası ilə fəxr edir, mən də onun adı çəkilən hər anı müqəddəs məqamlar kimi qəbul edirəm - A.), təcrübəli, səriştəli, bacarıqlı, istedadlı hüquqşünas olduğunun vurğulanması, fotoşəkillərinin çap edilməsi - bütün bunlar atama verilən yüksək qiymətlə yanaşı, həm də İkram müəllimin böyük ürək sahibi, yaxşılığı itirməyən yüksək mənəviyyatlı ziyalı xislətini göstərən əlamətlərdir.

(ardı gələn sayımızda)


Akif ƏLİ,
Yazıçı-publisist,
fəlsəfə doktoru,
Əməkdar jurnalist