adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Noyabr 2018 15:13
11391
MƏMLƏKƏT
A- A+

“Siqaretin cəmiyyətə ziyanı yoxdur” – Rəşad Məcid

"Siqaretlə bağlı qanun layihəsi qanun qəbul olunanda da onun əleyhinə idim. Bu, siqaret çəkənlərin hüquqlarının tapdalanmasıdır. Düşünürəm ki, siqareti kinoda göstərilməyib əsərdə qeyd etməməklə siqaretin təsirinin qarşısını qismən almaq olar. İnsan əsəbinə toxunan, insanı stressə salan o qədər başqa məqamlar var ki, onlara diqqət etmək lazımdır”.

Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması təkliflərinə münasibət bildirərkən deyib.

Rəşad Məcid siqareti o qədər də təhlükəli hesab etmədiyini də bildirib.

"Hesab etmirəm ki, siqaret çəkmək təhlükəlidir. Elə insanlar tanıyıram ki, 80 ya da 90 yaşları var, amma ömürləri boyu siqaret çəkiblər və rahat da yaşayıblar. Siqaretin cəmiyyətimiz üçün o dərəcədə təhlükəli olduğunu hesab etmirəm. Əsər dediniz, yadıma bir hadisə düşdü. Aqil Abbasın bir povesti var idi. Povestdə də içki məclisindəki söhbətlər təsvir olunmuşdu. O vaxt Sovet hakimiyyəti dövründə Andropov hakimiyyətə gələrkən alkoqolizmə qarşı qərar qəbul olundu. Hətta bizim ədəbi jurnallara da tapşırıq verilmişdi ki, içki, araq olan məqamlara bədii əsərlərdə də yol verilməsin. Yadımdadır ki, Aqil Abbasın povestindən həmin içki məclisini çaya döndərirdik. Araq yerinə çay yazırdıq ki, redaksiyanın tələbi ilə kitab çap oluna bilsin. İndi belə məsələlərə baxanda adama ironik təsir bağışlayır. Ona görə də o cür məsələləri qabartmaq ironiya doğura bilər. Bəzən Türkiyə kanallarında bir məqama rast gəlirəm. Siqaretin görünməməsi üçün onu dumanlı təqdim edirlər. Siqaretin qapalı göstərilməsi insanları daha çox cəlb edir, nəinki siqaretin özünün açıq göstərilməsi... Belə bir söz var. Nəyə qadağa varsa, ona daha çox meyl var. Ona görə də bu cür məqamlara diqqət etmək lazımdır”

Qeyd edək ki, Milli Məclisinin ötən həftə keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynovun siqaretlə bağlı iradına cavab verib:

"Deyirsiniz ki, teatr tamaşasında və flimlərdə siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?!

Onda siz tələbələrinizə deyin, "Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüququnda rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etsinlər. Baxaq görək, bəlkə doğrudan da nəsə var...”.