adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Noyabr 2018 14:00
7062
MƏMLƏKƏT
A- A+

YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİNƏ SƏRNİŞİNLƏ DAXİL OLANDA… - Faiq QİSMƏTOĞLU yazır

Bir çox avtobus sürücüləri var ki, bəzi hallarda görürsən içərisi sərnişin dolu maşınla yanacaqdoldurma məntəqəsinə daxil olur. Hansı ki, mövcud qanunla avtobus və mikroavtobus sürücüsü sərnişin olmadan nəqliyyat vasitəsinə yanacaq doldurmalıdır. Təəssüflə qeyd etməliyik ki, həm regionlarda, həm də Bakı şəhərində bir çox avtobus sürücüləri tərəfindən bu cür qanuna zidd hərəkətlər baş verir.

Hansı ki, içərisi sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olmaq «Yol hərəkəti haqqında» Qanunda da birmənalı olaraq götərilir ki, bu, qanun pozuntusudur. Təbii ki, hər bir qanun pozuntusunun bu və ya digər dərəcədə inzibati cəsazı da vardı.

Ancaq inzibati cəzadan öncə sükan arxasında əyləşmiş sürücünün vicdanı və məsuliyyəti öz sözünü deməlidir. Əfsuslar olsun ki, ya səhlankarlıqdan, ya da məsuliyyətsizlikdən biz bu cür vəziyyətlərlə tez-tez üzləşirik. Bu yaxınlarda içərisi sərnişin dolu yanacaqdoldurma məntəqəsinə daxil olmuş avtobusun görüntüsü sosial şəbəkədə yayılıb. Bakı Nəqliyyat Agentliyi həmin faktı araşdırandan sonra daşıyıcı şirkətlə söhbətlər aparıb və daşıyıcı şirkət də sükan arxasında əyləşmiş sürücünü bu qanun pozuntusuna görə, işdən azad edib.

Ümumiyyətlə, Bakı şəhərində bu cür faktlarla biz tez-tez üzləşirik. Elə bizim də istifadə etdiyimiz 50 nömrəli marşrutda hərəkət edən bəzi avtobus sürücüləri bir də görürsən ki, Yeni Günəşliyə daxil olarkən yolun sağındakı yanacaqdoldurma məntəqəsinə girdi və avtobusa yanacaq doldurdu.
Bax, belə anlar yarananda istər-istəməz avtobusdakı sərnişinlər tərəfindən narazılıqlar yaranıb. Hətta bu sətirlərin müəllifi də dəfələrlə bu qanun pozuntusunu sürücünün nəzərinə çatdırıb. Sürücü isə bu qulağından alıb, o biri qulağından verib. Yəni dərman işləyir, çaxçax baş ağrıdır. Başqa sözlə demiş olsaq, bəzi sürücülərin savadsızlığı və qeyri-peşəkarlığı bu cür qanun pozuntularının yaranmasına gətirib çıxarır.

Ancaq onlar bir şeyi bilmirlər ki, sərnişindolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olmağın çox ağır faciələri baş verə bilər. Ölkəmizdə və xarici məmlətəklərdə bu cür hallar az olmayıb. Yəni bir avtobus sürücüsünün səhlankarlığı üzündən yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində ölən və xəsarət alan insanlar olub.

Ancaq nə yaxşı ki, həm Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, həm Nəqliyyat Agentliyi bu cür qanun pozuntularını diqqət mərkəzində saxlayır, sosial şəbəkələrdə yayılan görüntüləri araşdırır və insanların taleyilə oynayan sürücüləri inzibati məsuliyyətə cəlb edir.

Ümumiyyətlə, bizə elə gilər ki, bu gün müxtəlif daşıyıcı şirkətlər bu məsələnin məsuliyyətini tam dərk etmirlər. Əgər tam dərk etsəydilər, Bakı şəhərində, eləcə də digər yerlərdə ayrı-ayrı sürücülər sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olmazdılar.

Məsələnin bir tərəfi də onunla bağlıdır ki, hərəkət iştirakçıları olan sərnişinlər də bu cür mövcud vəziyyətdə passiv mövqe tutmamalı və sürücüyə iradlarını bildirməlidilər. Amma bu irad sürücünü təhqir etməklə yox, mədəni və sivil bir formada olmalıdır. Açığı, bizim bəzi sərnişinlər sürücülərə yol verdiyi nöqsanlara görə, irad tutarkən onları təhqir etməyə daha çox üstünlük verirlər. Bu cür təhqirlər isə avtobusun salonunda həm sürücü, həm də sərnişinlər tərəfindən bir qədər də şiddətlənir və axırda dava ilə nəticələnir.

Düşünürük ki, indiki şəraitdə müxtəlif daşıyıcı şirkətlər və eləcə də Bakı Şəhər Nəqliyyat Agentliyi bu mövzu ilə bağlı sürücüləri maarifləndirməlidir. Daha doğrusu, hər gün olmasa da, heç olmasa həftədə iki dəfə səhər saatlarında daşıyıcı şirkətlərin dispeçerləri və eləcə də digər xəttə nəzarət edən məsul şəxsləri avtobusla xəttə çıxacaq sürücülərlə təhlükəsizlik qaydaları ilə bağlı söhbətlər aparmalıdır. Bu söhbətlər inzibati yolla yox, səmimi və insani bir formada gerçəkləşdirilməlidir. Təbii ki, sürücü də belə söhbətlərdən sonra bir qədər diqqətli olar, özünün və sərnişinlərin taleyi haqqında daha ciddi düşünər.
Bəs görəsən sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olmağın inzibati cəzası necə müəyyənləşdirilib? Biz bu məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin baş inspektoru, polis polkovnik-leytenantı Rasim Abdullayevlə telefon əlaqəsi yaratdıq. Polkovnik-leytenant Rasim Abdullayev həmişə olduğu kimi, bizim sualımızı diqqətlə dinlədi və səmimi cavab verdi. O bildirdi ki, bu cür qanun pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən sərnişin dolu avtobusla sürücü yanacaqdoldurma məntəqəsinə daxil olduğuna görə, 60 manat məbləğində cərimə edilməklə 3 balla cəzalandırılır. Əlbəttə, hər bir sürücü sərnişinlərin həyatına və təhlükəsizliyinə görə, məsuliyyət daşıyır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də dəfələrlə bu cür qanun pozuntusuna yol vermiş sürücülər barəsində inzibati tədbirlər görüb. Bundan nəticə çıxaranlar da var, nəticə çıxarmayanlar da. Amma biz düşünürük ki, sərnişinlə, avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olmaq çox böyük təhlükədir. Bu təhlükəni isə ilk növbədə sürücü, daşıyıcı şirkət aradan qaldırmalıdır. Yol polisi isə birmənalı olaraq bu cür qanun pozuntusunu görəndə konkret tədbirlər görür, sürücülərlə maarifləndirici söhbətlər aparır və bir daha belə hallara yol verməməsini onlara tövsiyə edir.

Biz «Ədalət» qəzeti olaraq bu məsələni bir daha gündəmə gətirdik və düşündük ki, həm daşıyıcı şirkətlər, həm Nəqliyyat Agentliyi, həm də sürücülər bu cür qanun pozuntularının qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Əgər bu addımlar atılmasa, heç kim təminat verə bilməz ki, sərnişindolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olarkən hər hansı faciə baş verməyəcək. Faciənin baş verməməsi üçün isə birmənalı olaraq qabaqlayıcı tədbirlər görülməlidir.