adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Noyabr 2018 12:39
6836
MƏMLƏKƏT
A- A+

Qubada aztəminatlı ailələr üçün meyvə bağları salınıb - FOTO

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabr 2-də Quba rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Ağacəkmə aksiyası zamanı Quba rayonunda ayrılan 2 ha ərazidə 1000 ədəd alma ağacı əkilib. Salınan meyvə bağları Quba rayonunda yaşayan üç aztəminatlı ailə arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə və Lerik rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla ümumilikdə 15 000-ə yaxın meyvə ağacları əkilib və 44 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları noyabr ayı ərzində İmişli, Qazax, Qəbələ və Göygöl rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında da təşkil ediləcək.

Qeyd edək ki, Quba rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyalara ümumilikdə 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub. IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.