adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Ədəbiyyat və kütlə

16387 | 2018-11-06 20:09
Sənət kütləviləşəndə öz həqiqi mahiyyətini itirir. Ədəbiyyatı məna ağırlığına görə iki qrupa ayırmaq olar.

1)Ciddi intellektual ədəbiyyat
2)Kütləvi ədəbiyyat

İntellektual ədəbiyyatın oxucusu çox azdır. Çünki robotlar insanların əvəzinə çalışmağa başlayandan sonra bəşər övladı tənbəlləşib. Müasir insan hər şeyi zehni və fiziki əmək sərf etmədən texnoloji imkanlar sayəsində tez zamanda əldə etməyə çalışır. Ümumiyyətlə bir həqiqəti etiraf etməliyik ki, bizim cəmiyyətimizdə insanların özlərinə yazığı gəlir, onlar başqalarından mərhəmət umurlar. Əgər insanın özünə yazığı gəlirsə və özünə qarşı mərhəmətli davranış gözləyirsə demək ki, böyümək, inkişaf etmək, güclü olmaq istəmir. İnsan özünə qarşı amansız olmağı bacarmalıdır. Ancaq bu halda insan ciddi uğurlar qazana bilər. İntellektual ədəbiyyat heç yazıçıların arasında da bir o qədər geniş yayılmayıb. Təbii ki, söhbət ən yeni dövrün Azərbaycan ədəbiyyatından gedir. Yazıçılarımızın ən birinci problemi oxucu problemidir. Lakin biz "oxucu yoxdur” fikri ilə razılaşa, barışa bilmərik. Əgər çatışmazlıq varsa və biz yazıçı kimi baş vermiş bütün problemlərə görə cəmiyyəti qınayırıqsa demək ki, hələ məqsədsiz, hədəfsiz yaşayırıq. Bu gün qeyri ciddi kitablar oxunur. Lakin ən azından oxunur. Qeyri-ciddi əsərlər yazdığını düşündüyümüz adamlar bizdən daha zəngindirlər. Xalq bizə yox, onlara inanır. Çünki onlar yaxşı geyinirlər, bahalı maşınlar sürürlər və s. Hər şeyin öz vaxtı var. Lakin təəssüflər olsun ki, biz gənc yazıçılar üzə çıxmaqda çox tələsdik. Yoxsul adamın dilində həqiqət öz dəyərini itirir. Xalq istəyir ki, həqiqətləri ona yüksək nüfuz sahibi olan şəxslər desin. Xalq qarşısında kasıb adam görmək istəmir. Azərbaycanda ciddi intellektual ədəbi nümunə tapmaq çox müşkül məsələdir. Bir zamanlar yaradıcılıq fakültəsində Əli Şirin müəllim gənc nəsil yazarlarına intellektual poeziya nümunələrini izah edirdi. İndi həmin yazarların əksəriyyəti ədəbiyyatdan tamamilə və ya qismən uzaqlaşıb başqa işlərlə məşğul olurlar. Ötən nəsil yazıçıları hələ də sübut etməyə çalışırlar ki, Sovet dövründə yaranmış ədəbiyyat həqiqətən də Azərbaycan dilini çöküşdən xilas edib. Sovet ədəbiyyatı kütləviləşmiş ədəbiyyat idi. Əxlaq cəmiyyətin diqtə etdiyi normalar sistemi olduğu kimi Sovet yazıçıları da öz dövrlərinin övladı olmaqdan daha çox Sovet imperiyasının övladları idilər. Biz Stalin dövrünü görmədiyimiz üçün xoşbəxtik. Ədəbiyyatın kütləviləşməsinin əsas göstəriciləri intim hadisələr, ölüm, qanlı səhnələr, xəyanətdir. Kütlə bu hadisələri rahatlıqla oxuyub başa düşür. Kütlə sözünü istifadə edərkən çox diqqətli olmalıyıq. Kimsə bizə sən kütlə adamısan deyərkən xətrimizə dəyə bilər. Lakin biz kütlə sözünü çox asanlıqla işlədirik.
Yazının sonunda belə bir nəticəyə gəlmək olar ki, kütləvi ədəbiyyatın aktuallığı, oxunaqlılığı təbii haldır. İntellektual ədəbiyyat isə sanki tənəzzül mərhələsini yaşayır. 21-ci əsr insanları başlarını intellektual ədəbiyyat oxumaqla yormaq istəmir. İndi klassiklər kimi 5000 səhifəlik kitab yazsaq əlbəttə ki, oxucular üçün maraqsız olacaq. Dünya çox dəyişib və biz dəyişikliklər astanasındayıq. Artıq ədəbiyyatdan bəşəriyyəti xilas etmək məsuliyyətini gözləmirlər.

Nicat Həşimzadə


TƏQVİM / ARXİV