adalet.az header logo
  • Bakı 21°C
03 Noyabr 2018 00:47
6697
GÜNDƏM
A- A+


Muxtar Qasımzadənin "Nuhçıxandan gəlirəm" kitabını oxuyarkən

Şeirləri oxucu qəlbinə həzin nəğmə təsiri bağışlayan və uzun müddət belə nəğmələrin ovsunundan ayrıla bilmədiyimiz görkəmli şairimiz Nəriman Həsənzadənin:

Bir insan ömrümü girov qoymuşam
Bir şair ömrünü yaşatmaq üçün, -

misraları bu gözəl qələm sahibinin sənət amalına sadiqliyinin ən yaxşı ifadəsi olmaqla yanaşı, həm də şair kimi bir ad daşımağın böyük məsuliyyətini göstərir.
Bu yaxınlarda televiziyada baxdığım bir verilişdə isə tamaşaçılardan biri canlı yayımla Nəriman Həsənzadəyə belə bir sual verdi: Bəs bir insan ömrünü yaşatmaq üçün o, şair ömrünü girov qoyarmı?
Sualın cavabı da maraqlı oldu:
-İnsan ömrü ulu Tanrı tərəfindən hamıya verilir. Onu nə cür yaşamaq hər kəsin özündən asılıdır. Ancaq şair ömrü hamıya qismət olmur. Belə ömür də Ulu Tanrı tərəfindən verilir. Ancaq ona ən yaxın adamlara. Ona görə də şair ömrünü heç nəyə dəyişmək olmaz...
Şair ömrü insan ömrünün fövqündə dayanır; şair üçün zaman və məkan anlayışı şərtidir. Əgər həqiqi şairdirsə, deməli bütün zamanların şairidir, yaradıcılığı ilə bütün bəşəriyyətin şairidir. Bu həqiqəti dərk edən insan əsl şair ömrü yaşayır... İnsan ömrü... şair ömrü...
Həyatın dəyişməz qanunları çərçivəsində bu iki ömrü bir-birində tamamlamaq böyük xoşbəxtlikdir. Özünə, sözünə, qələminə həmişə hörmətlə yanaşdığım əziz dostum Muxtar Qasımzadə belə bir ömür yaşayır. Yaşadığı dünya onun evidir. Bu dünyanın ən isti bucağı, ən gözəl guşəsi doğulduğu torpaqdır, anamız AZƏRBAYCANdır, onun vuran ürəyi NAXÇIVANdır. Bu yurd yerinin insanları şair dostumun əzizləri, ciyərparaları, üstündə gəzdiyi torpağın tarixi isə onun qeyrət dastanıdır. Bu dastanla fəxr edir. Fəxr edir ki, bu gün həmin dastanın yeni səhifələri yazılır. Bu səhifələr onun insan və şair qəlbini yerindən oynadır; bu salnaməni yaradanlara minnətdarlıq hisslərini öz qələmi ilə bildirmək istəyir. Xalqının dünəninə, bu gününə, sabahına cavabdeh olan əsl vətəndaş, əsl insan kimi bütün bunlardan qürur hissi duyur. Bu mövzuda müəllif qələmə aldığı silsilə şeirlərlə Naxçıvanın gözəllik xəritəsini çəkib. "Naxçıvanım" şeirində Muxtar Qasımzadə yazır:

Tarix vüqar gətirib qayasına, daşına.
Nuhdan xəbər gətirib çatıb müdrik yaşına.
Günəşimdir, Yer kimi mən dolanım başına
Dönüm Naxçıvanımın, anam Naxçıvanımın.
"Vətən sevgisi" şeirində oxuyuruq:

Qorunub həmişə yer kürəsində,
Yaşayır hər kəsin öz nəfəsində,
Ürəyin məhəbbət xəritəsində,
Ən böyük dövlətdir Vətən sevgisi.

Qeyd edək ki, Muxtar Qasımzadənin yaradıcılığında tarixi mövzular xüsusi bir səhifə təşkil edir. Təbii ki, bu mövzuda yazmaq istəyi onun doğma yurdumuza, tarixi keçmişimizə sevgi və məhəbbətdən, ehtiramdan irəli gəlir. Ancaq həmin mövzuda o əsərlər yadda qalır ki, burada hamımızın gördükləri cəhətlərlə yanaşı, görə bilmədikləri də sənətin ecazkar və sehrli qüvvəsi ilə əks olunsun.
Muxtar Qasımzadənin sənət tərcümeyi-halı ilə yaxından tanış olanlar da təsdiq edər ki, bu möhtəşəm mövzu onun yaradıcılığından qırmızı xətt kimi keçir. Şair bu mövzuda yazmağın məsuliyyətini dərindən dərk edir, təsvirçilikdən, şablon ifadələrdən qaçır, hər şeirində yeni söz demək istəyi ilə əlinə qələm alır və istədiyinə də nail ola bilir.
Öz daxili "mən"inin hiss və duyğularını, fikir və düşüncələrini güclü və yaddaqalan detallarla poeziyanın mirasına çevirir.
Muxtar Qasımzadənin Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxmış "Nuhçıxandan gəlirəm" kitabında toplanan şeirlərinin bir çoxu ilə mətbuat səhifələrindən tanışam. "Mündəricat", "Yaddaş çırağı", "Mən ayaq üstündə gəzən torpağam", "Nağıllar adası", "Günəş çəkə bilmirəm", "Daşar, gözəllikdən daşar bu yerlər" fəsillərindən, şairin mətbuat səhifələrində işıq üzü görmüş məqalələrindən, Muxtar Qasımzadə haqqında ədəbi tənqidin söylədiyi dəyərli fikirlərdən ibarət olan kitabda bunu bir daha görürük. "Gəmiqaya" poemasında oxuyuruq:

Nuhçıxandan gəlirəm,
Bura Nuhun öz eli,
Köhnəqala - məzarı,
Gəmiqaya - heykəli.
və ya

Belinə kəmər kimi
Bağlayıb sərt daşları.
Ehtiyat əsgər kimi
Saxlayıb mərd daşları,
Sanki qoyubdu dincə,
Əlincə.

Şair hansı mövzuya müraciət edirsə etsin, öz sənət amalına sadiq qalır, qələmə aldığı mövzuda təzə söz deməyə, fikrini obrazlı ifadələrlə oxucuya çatdırmağa çalışır və buna da nail olur.
Gözəlliyi duymaq, ondan zövq almağı bacarmaq bəşər övladına məxsus olan ən gözəl keyfiyyətlərdən biridir. Belə gözəlliyin görünməyən tərəflərini görmək, onu təsvir etmək söz sahibindən həmin gözəlliyi yaşaya-yaşaya qələmə almağı tələb edir. Çünki, bu hissi yaşamadan gözəl şeir yaratmaq mümkün deyil. Bu cəhətdən Muxtar Qasımzadəni gözəllik şairi də hesab etmək olar. Şair belə lövhələrin təqdimində elə ifadələr işlədir ki, ilk baxışda adi görünür; ancaq gözəlliyin mahiyyətindən doğan gözəlliyi oxucu son anda hiss edir və başa düşür ki, həyatda bunu dəfələrlə görsə də fərqinə vara bilməyib; ona adi həyat detalı kimi baxıb. Bu cəhətdən onun "Bəsindi", "Bir çinar yaşayır", "Meşədə payız" və başqa şeirlərindəki uğurlu misraları nəzərdən keçirmək kifayət edər. Şair "Bənövşə" şeirində yazır.

Belə yerdə gözəlliyi, dayan, süz,
Boylan hələ o yamaca, o döşə.
Mən heç yerdə görməmişdim belə göz
Hardan alıb bu göy gözü bənövşə?

və ya

Nazı seçilməyir qız ədasından,
Bu gülün umusu, diləyi vardır.
Yanır yanaqları yay havasından,
Deyəsən dərilmək istəyi vardır.

Muxtar Qasımzadə yaradıcılığını müntəzəm olaraq izlədiyimdən onun şeirləri haqqında geniş danışa bilərəm. Ancaq bu kiçik qeydlərimi onun məhəbbət mövzulu şeiri ilə tamamlamaq istəyirəm. Çünki, şeir sənətinin əbədi və əzəli mövzularından olan məhəbbət mövzusu Muxtar Qasımzadə yaradıcılığının da əsasını təşkil edir. Və yeri gəlmişkən onu da qeyd edim ki, ömrünün yeddinci on illiyini yaşayan dostum gənclik şövqü ilə qələmə aldığı bu şeirlərlə özünü də oxuculara gənc kimi təqdim edir:

Xatirə - qanadlar min yol açılar
Qırılmaz hələ.
Bu ürək səninçün döyünür, gülüm,
Bu ürək sahibi yorulmaz hələ...

Muxtar MƏMMƏDOĞLU,
"Şərq qapısı" qəzetinin məsul katibi, Naxçıvan