Çiçək sevgisi

VAQİF YUSİFLİ
25081 | 2018-11-03 10:26
Xutra Ramazan (Xutrayev Ramazan Mahama oğlu) yurdumuzun Balakən rayonunda, Şərif kəndində dünyaya göz açmışdır. Doğulduğu kənddə uzun müddət, pensiyaya çıxana qədər riyaziyyat müəllim işləmiş, məktəb direktoru vəzifəsində də çalışmışdır. Onun doğulduğu kənd Gürcüstanla və Dağıstanla sərhəddir, gözəl təbiət mənzərələri ilə diqqğti cəlb edir. Bəlkə elə buranın təbiəti Ramazanın erkən yaşlardan şeir yazmağa, sözlə ünsiyyət qurmağa, dostluq etməyə vadar etmişdir. Balakəndə ədəbi mühit digər rayonlarla müqayisədə o qədər də güclü olmayıb. Amma vaxtilə Katex kəndində Surağat Qurbani adlı bir şair yaşayırdı, şeirləri mərkəzi mətbuatda çap olunurdu. Ramazanın şeirə, sözə bağlanmasında Surağat Qurbaninin də təsiri olub. İndi Ramazan müəllimin 70 yaşı tamam olur - o, Yazıçılar Birliyinin üzvüdür, "Könlüm baha istəyir" , "Gecikən nəğmələrim", "Səadətə apar bizi", "Əbədi dönməzdi istiqlalımız" və "Qoruyaq dünyamızı" adlı şeirlər kitabının müəllifidir.
Ramazan müəllimin şeirlərinə dövri mətbuatda da rast gələ bilərsiniz.
Axırıncı kitabı ilə tanış oldum. Xutra Ramazan torpağa, doğulduğu kəndə, onun gözəl təbiətinə bağlı olan, Azərbaycanın, böyük Vətənimizi vəsf və tərənnümdən yorulmayan bir şairidir. "Mən torpağın oğluyam, torpağıma bağlıyam" deyən şair, əksər şeirlərində bu həqiqəti təsdiq edir:

Əziz dost, dolan gəz bizim mahalı,
Bu yerin həm qışı, həm yazı gözəl.
Qayasında dırnaq salan maralı,
Düzənində sular sonası gözəl.

Öp Zaqatalanın qızıl gülünü,
Katex gözəlləri tutar əlini,
Çiçəklə qarşılar Balakən səni,
Qabaqçöl elinin vəfası gözəl.

Səhər ki açılar günəşin tülü,
Yanar göy çəməndə lalənin dili,
Gecələe Ay nurlu, dağlar mürgülü,
Ana çinarların laylası gözəl.

Ramazan müəllim kənd əhlidir, təbiəti, onun gözılliklərini yaxşı duyur, əksər şeirlərində də təbiəti hərarətlə tərənnüm edir. Hiss olunur ki, təbiət onun işində yaşayır, ozü də sanki bu təbiətin bir parçasıdır.

Bu dilbər məkana cənnət dedilər,
Təbiət adına afət dedilər,
Qızıl payızına nemət dedilər,
Mən isə bakirə yazından deyim.

Hər evin qapısı qonaq-qaralı,
Analar, gəlinlər əli sayalı,
Dərmandı süfrənin qaymağı, balı,
Sülhülü dadından, duzundan deyim.

Hər fəslin öz gözəlliyi, öz hüsnü var. Amma Xutra Ramazan payızı daha çox sevir.
Zümrüd bulaq oxuyacaq ahəstə,
Zümzüməsi köklənəcək qəm üstdə,
Hörükləri yerdən olan söyüd də
Saçlarını yolacaqdır bu payız.

Durna səfi qəmli-qəmli köçəcək,
Ömrümüzdən bir yarpaq da düşəcək.
Sinəm üstdən qəm karvanı köşəcək,
Qəlbimə çən dolacaqdır bu payız.

Xutra Ramazanın şeirlərində təbiətə məxsus ayrı-ayrı obrazların da özünəməxsus cizgiləri var. Bu - bulaqdır; "Qaynadıqca gözünə bax, Saf olmağı ondan öyrən". Bu - qərib axşamlar: "Vətən salamına qürbət ellərə Yetirəcək yeldi Qərib axşamlar". Bu - dağlar çən düşən zaman yazılan şeirdir: "Oyandı al şəfəqlər, Yandı-yandı üfüqlər. Zirvələri zərdi-zət Dağlara çən düşəndə". Bu da torpaq obrazı: "Köçür qıçın karvanı, soyun ağ yapıncını, oyan yuxulu torpaq, Sərilsin xaı torpaq"
Xutra Ramazanın şeirlərində onun müəllim obrazı da öz əksini tapır.
O, cox şeirində cavanlara nəsihətlə üz tutur, təbii ki, bu nəsihətlər yeni nəslin haqq, ədalət yoluna səsləmək üçün söylənilir, quru nəsihətlər deyil.
Və bu şeirlərdə ustad aşıqların şeirlərindən gələn təsir dalğalarını hiss edirsən.

Oğul kimə qalıb ömrün baharı?
Sərt qışı var, dumanı var, unutma.
Bu həyatda gözü açıq ol, barı,
Yaxşısı var, qamanı var, unutma.
Çox inanıb uyma şirin dilə,
Xırmanını sovurma heçdən yelə.
Öz ağlının xəlbirində ələklə,
Saf dəni var, samanı var, unutmaş

Hərcayillik mərd oğula yaraşmaz,
Hər cahildən, hər qoçaqdan kar olmaz.
Bala sərçə zirvəkərdə dolaşmaz,
Yüksəyin öz tərlanı var, unutma.

Xutra Ramazan xalq şairinin bütün formalarına yaxşı bələddir. Amma ən çox müraciət etdiyi şeir şəkli qoşmadır. Çalışır ki, onun qoşmaları klassik qoşmalara bənzəsin və bir çox şeirlərində buna nail olur.
Hətta təcnisə də üz tutur, dördlüklər də yazır. Bu dördlüklərdə də təzə söz deməyə çalışır:

Allahdan insana əmanət ömür
Hər kəs əvəzsiz bir xəzinədir.
Onu elə qoru, elə xərclə ki,
Dəyəri itməsin qara pul kimi.

Təbiət kimidir həyatda insan:
Onu da ömrünün yazı, qışı var.
Qış gəlib üstünü haqlayan zaman
Sevdiyi bahara qayıdışı var.

Durnalar səfər edər -
Payızdan yaza doğru.
İnsan da səfərdədir -
Yazdan payız doğru.

Xutra Ramazan milliyyətcə avardır, amma onun şair fərdiyyəti, şeir düşüncəsi Azərbaycan şeir texnikası üstündə köklənib. Şeirlərində azərbaycanlı duyğusu var, görünür, elə uşaqlıq və ilk gəncliyindən Azərbaycan şeirinin gözəlliklərinə əsir olub. Onun şeirlərində bədii təsvir vasitələri rəngarəngdir. Məncə Xutra Ramazanın "Çiçək sevgisi" şeiri onun ən gözəl şeirlərindən biridir. Bu şeirdə məhz əsl şeirə məxsus məziyyətlər öz əksini tapır:

Bu xumar baxışlı çiçəklər məni,
Salıb haləsinə, çıxa bilmirəm;
İlk eşqə mübtəla növcahan kimi
Bir özgə gözələ baxa bilmirəm.

Mənim gözlərimdə səma da, yer də
Çiçək rəngindədir - düşümürəm mən.
Göy qurşağındakı nəfis rənglər də
Hərəsi bir çiçək rəngimi görən?

Duyğusuz sinədir çiçəksiz çöl də,
Çiçəkli çəməndə axtarın məni.
Mənim əzizlərim, son mənzilə də
Çiçək karvanıyla aparın məni.

Xutra Ramazanın sevgi şeirlərində də bir təbiilik və səmimiyyət görürsən.
Qeyd edim ki, buşeirlərin bir çoxu mahnı kimi yaranıb. "Al gözlər, ala gözlər", "Niyə belə baxdın, ay qız", "Səni belə bilməmişəm" şeirlərinə hər hansı bəstəkar mahnı yaza bilər
Əlbəttə, onun şeirlərində dövrandan, zamandan, yaşadığı mühitdən şikayətlər, etirazlar da diqqəti cəlb edir. Bu da təbidir. Həyatın, təbiətin gözəlliklərini vəsf edən şair bu gözəllikıərə müxalif olan qüsurlar da öz münasibətini bildirməlidir. "İçimdə ağlayan, çölümdə gülən, Bitib tükənmətən dərd imiş ömür" misralarında hə də narahat bir ömrün harayını eşidirik.

Dünya yaman dünyadı
Nifaqlaşan dünyadı,
Gül solduran dünyadı,
Mən deyən dünya deyil.

Təbidir bu misralar - dünyamız doğrudan da mürəkkəbdi, amma yenə yaşamalı dünyadı.
Mən 70 yaşlı Xutra Ramazana bu yaşamalı dünyada bol-bol sevinclər və yaradıcılıq yğurları, çiçək sevgiləri arzulayıram.


TƏQVİM / ARXİV