ANA SƏHİFƏ / ƏDƏBİYYAT

HARACANDI BU HAQQ ADLI NƏRDİVAN...

2569    |   2018-11-03 00:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Bu zaman ki, bu vaxt ki var, sınağa
Günlə, ayla, illə çəkir adamı.
Gah tutdurur el içində qınağa,
Gah çiçəklə, güllə çəkir adamı.

Bağban gəzir yiyəsiz bağ özünə,
Yer tapammır başda papaq özünə.
Bu qara yer, qara torpaq özünə
Şirin-şirin dillə çəkir adamı.

İp əlində, itirilib uc artıq,
Nəsibini, qismətini quc artıq.
Bir yandan da günah artır, suç artır,
Dayaq çəkir, şillə çəkir adamı.

Hər arzuyla varılmayır başa, yox,
Hər adamdan çıxmır könlüpaşa, yox.
Göyçə yoxdu, Laçın yoxdu, Şuşa yox,
Ax, nə qəfil güllə çəkir adamı...

Adam ki var, var olduqca dərdi var,
Dərddən yana qurulurmu hər divan?
Haracandı bu haqq adlı nərdivan,
Lap sonuncu pillə çəkir adamı...

SƏNİ QISQANIRAM
ŞEİRLƏRİMƏ

Bilmirəm nədəndi zaman-zaman, qız,
Səni qısqanıram şeirlərimə...
Məndən şeir istəyən, şeir uman qız,
Səni qısqanıram şeirlərimə...

Harada xətri var, xətrində sənsən,
Sənsən qoxusunda, ətrində sənsən.
Hər şah misrasında, sətrində sənsən,
Səni qısqanıram şeirlərimə...

Necə zirvə yapıb yəni, gör necə,
Başında dumanı, çəni gör necə...
Əlçatmaz eyləyib səni gör necə,
Səni qısqanıram şeirlərimə...

Elə, iman kimi, din kimidilər,
Elə, ömür kimi, gün kimidilər.
Əyninə yapışan don kimidilər,
Səni qısqanıram şeirlərimə...

Görürlər nətəhər yanır, alışır,
Özüylə nətəhər küsür, barışır.
Vallah, kim oxuyur səndən danışır,
Səni qısqanıram şeirlərimə...

Canları mənnəndi, qanları mənnən,
Elə yarıdılar, tən yarı mənnən.
Yaman çox sevirsən onları mənnən,
Səni qısqanıram şeirlərimə...
Aşiqəm, tək dərdli ozan deyiləm,
Tək elə söz deyib, yozan deyiləm.
Daha sənə şeir yazan deyiləm,
Səni qısqanıram şeirlərimə...

HARAMA YARAŞIR DAHA CƏNNƏTİN

Bilirsən, varımı-yoxumu, Tanrım,
Mən necə yadların-yadına verdim...
Cismimi torpağa, ruhumu, Tanrım,
Göylərin yeddinci qatına verdim.

Tutmadı biri də naxışlarımın,
Yığıram yollardan baxışlarımı.
Kimsələr görməyən göz yaşlarımı
Yanan ürəyimin çatına verdim.

Canım alınsa da qadam yerinə,
Dərd, bəla gəlsə də müdam, yerinə.
Qoydum hər yetəni adam yerinə,
Nəyim var adamlıq adına verdim.

Böldüm qismətimi çörək istəyən,
Yapışdım qolundan kömək istəyən.
Məndən könül uman, ürək istəyən,
Mən onu sevdiyim qadına verdim.

Harama yaraşır daha cənnətin,
Verməz istəsəm də yaxa, cənnətin.
Mən ki, canımdan da baha cənnəti
Bu fani dünyanın badına verdim...


BU GÜNDƏ GƏLMİRƏM DEYƏ

Saçlarıma qar ələnir,
Qışına şükr, İlahi...
Düşüb-çıxdığım bərkinə,
boşuna şükr, İlahi...

Bu ağaca, yarpağına,
Bu kişiyə, papağına.
Bu dərbədər torpağına,
daşına şükr, İlahi...

Bu nə sevda-üzüldüyüm,
Bu nə sirdi-çözüldüyüm?
İnsafsızca düzüldüyüm
qurşuna şükr, İlahi...

Vermədin çölü çölçüyə,
Bu Məcnun, dəli çölçüyə.
Şükr, ölçdüyün ölçüyə,
arşına şükr, İlahi...

Ələklə əlbirəm deyə,
Göyündə xəlbirəm deyə.
Bu gündə gəlmirəm deyə
qarşına, şükr, İlahi...

BELƏ SEVİLMƏZDİ BƏNDƏ, BİLİRDİM

Bu sevgi deyilən səndə bir cürə,
Elə bir cürəydi məndə, bilirdim...
Elə günahkardın sən də bir cürə,
Nə qədər suçluydum mən də, bilirdim...

Nə ürək əvvəlki ürək deyildi,
Nə sən yıxılana dirək deyildin...
Bilirdim, bələdçi gərək deyildi
görünən, tanınan kəndə, bilirdim...

Bax, özün bu boyda, adın bu qədər,
Tamın bu qədərmiş, dadın bu qədər...
Belə öyülməzdi qadın bu qədər,
Belə sevilməzdi bəndə, bilirdim...
DEMƏK Kİ, YAZIYA POZU
YOXUYMUŞ...

Nələri itirdim, nələr çıxandan,
Elə bil heç izi-tozu yoxuymuş...
Yoxuymuş, mən sürən ömür adında
dünyanın bir çürük qozu yoxuymuş...

Gəldi bu gələn də haramın üstdə,
Yığdı batmanları qramın üstdə.
Heç bunun hərdən bir yaramın üstdə
səpməyə bir çimdik duzu yoxuymuş...

Oyunmuş nə varsa, oyun, əzəldən,
Qurtara bilmirik boyun əcəldən.
Qoyunmuş sanki bu qoyun əzəldən,
O tifil, südəmər quzu yoxuymuş...

Elə haq dediyin üzüldü bitdi,
Ya ləldi, gövhərdi, qızıldı, bitdi...
Bu da bir şeirdi, yazıldı, bitdi,
Demək ki, yazıya pozu yoxuymuş...

SƏN DAHA GÖZƏLSƏN KOLUNUN ÜSTDƏ

Elə belə olur sevginin geci,
Çox gəlmə mən adlı qulunun üstdə.
Ha istə, arzula, könlündən keçir,
Bir daha çıxmaram yolunun üstdə.

Önündə şans, qismət, seçim dopdolu,
Get yaşa onlarnan keçin dopdolu.
Sevgiylə doludu için, dopdolu,
Nə işim qalıbdı dolunun üstdə...

Baxma ki bu dərdim-sərim uğruna,
Bir cürə şəhiddi şeirim uğruna.
Nəyim var qurbanlıq verib uğruna
Ölə ki bilmirəm qolunun üstdə...

Dözərəm, bir ömür görmərəm səni,
Gəlib yuxuna da girmərəm sənin.
Elə gül kimi qal, dərmərəm səni,
Sən daha gözəlsən kolunun üstdə...

BAXMA YANAN ORDA
YANAR...

Gör hələ bu yurd həsrəti
Neylər mənim ürəyimdə...
Tutub saxlar bu dünyanı,
Əylər mənim ürəyimdə.

Yoxmuş, bundan betər yoxmuş,
Bir özgə qəm-kədər yoxmuş.
Bir qarış yer qədər yoxmuş
Göylər mənim ürəyimdə.

Nə havadı zaman çalar,
Verməz fürsət, aman, çalar.
Susmaz tarlar, kamançalar,
Neylər mənim ürəyimdə.

Sevdim soyuq, sərt üzünü,
İstisini, bürküsünü.
Hər gün öz son türküsünü
Söylər mənim ürəyimdə.

Hərə bir cür dərdə yanar,
Lal da yanar, kor da yanar.
Baxma yanan orda yanar,
Göynər mənim ürəyimdə...
HƏLƏ DƏ ÇƏKİRƏM SƏNİ...

Baxma belə uzaqdasan,
Harayla, çağır, gəlirsən...
Bir həzin meh kimi əsir,
Yağıştək yağır, gəlirsən..

Qaşın-gözün şeirdilər,
Neynim, mənim deyildilər.
Çox zalımsan deyirdilər...
Mənəmi fağır gəlirsən?.

Bir başqayam sən gələndə,
Gəlsə də dərd-sər gələndə.
Sanıram ki hər gələndə
Son gəlir, axır gəlirsən...

Elə də çəkirəm səni,
Belə də çəkirəm səni.
Hələ də çəkirəm səni
Ömrümdən ağır gəlirsən...


DİPDİRİDİ MƏZAR MƏNDƏ...

Çərxindən dönübmü fələk,
Gəlib eylər güzar məndə?
Necə meydan sulamaqda,
Gör necə işgüzar məndə...

Gələn qaçqın, köçkün gələr,
Solğun gələr, keşkin gələr.
Aradabir xoş gün gələr
itər məndə, azar məndə...

Hər birinə yer başqadı,
Aşkar başqa, sirr başqadı.
Çəkilməkdə bir başqadı
bu dərd məndə, azar məndə...

Bu həvəsdi-yol ver elə,
Bu nəfəsdi-al, ver elə.
Bu da bir cür alver elə,
Bu da bir cür bazar məndə...

Boğazında ip-diriyəm,
Mən də belə tip diriyəm.
Ölməmişəm, dipdiriyəm,
Dipdiridi məzar məndə...

GÜLÜM, DUR YOLA SAL, ÖTÜR GECƏNİ...

Baxma ki mənim ən zülmət yerimdin,
Gəl, yenə özünlə gətir gecəni.
Ən şirin söz yerim, söhbət yerimdin,
Sevmişdim tək sənə xətir gecəni...

Yaman öyrətmişdin özünə belə,
Salmışdın çölünə, düzünə belə.
O nurlu, işıqlı üzünə belə,
Çətir eyləsən də, çətir, gecəni...

Bilərdim ən gözəl yer desəydilər,
Ayağın altına gor desəydilər.
Verərdim gözümü ver, desəydilər
Götür əvəzinə, götür gecəni...

Nədən sevirdim ki mən axı, nədən,
Sənli suçu nədən, günahı nədən?
Hələ də bilmirəm Allahım nədən,
Gündüzün üstünə örtür gecəni?..

Gör necə qalmışam, necə, yol üstdə,
Gələsi nə var ki vecə, yol üstdə?
Səhərə az qalıb...gecə yol üstdə...
Gülüm, dur yola sal, ötür gecəni...



SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK