ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ZƏFƏR HƏSRƏTLİ VƏTƏN EPOPEYASI

2197    |   2018-11-03 00:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)

Azərbaycanın Sərhəd Qoşunlarının hələ formalaşmadığı dövrdə İranla sərhədləri özbaşına qoyub gedən, silah-sürsatı, əmlak və avadanlıqları gizlincə ermənilərə təhvil vermək istəyən sərhədçilərin "Ermənilər hər gün atırlar. Gecənin birində vurub zastavanı yandıra bilərlər" bəhanəsinin axasında hansı qərəzli və gizli oyunların getdiyini, bunun acı nəticələrini sonradan anlayanda artıq gec idi...
Romanda ermənilərlə müvəqqəti də olsa atəşkəs etmək istəyən düşmənlə danışığa gedən nümayəndə heyətinin - general Kazımovun, onun yavərinin, tabor və taqım komandirlərinin, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşının "pulemyot gurultusu və avtomat atəşi ilə müşayiət olunması"na görə, görüş iştirakçılarının generalı, onun yavərini qoyub qaçması çağdaş hərb tariximizin utandırıcı səhifəsi olsa da, əsərdə qeyd olunması, məncə, düzgündür, qoy hamımız, xüsusilə Vətənin keşiyini çəkən əsgər və zabitlərimiz üçün bir ibrət dərsi olsun:
"Görüşə gələn ermənilər geri çəkilərkən general Kazımovu da özləri ilə apardılar. Yavəri nə qədər inad göstərsə də alınmadı.
-Ara, sizinkilər generalı qoyub qaçdılar. Onlardan nə desən gözləmək olar. İndi qayıtsanız özünüzünkülər sizi vurar, sonra da bizim üstümüzə yıxarlar.
Bizimlə gedək, ara sakitləşsin, xəbər edərik, gəlib apararlar..." Ermənilərin kinayəsini anlamaq çətin deyil. Axı, qorxaqlar min dəfə ölürlər, qəhrəmamlar bir dəfə. Qorxaqların adlarını heç kim fəxrlə xatırlamır. Həm də ermənilər öz arşını ilə ölçürlər, lazım gələndə erməni əsgəri özləri güllələyib azərbaycanlıların üstünə atırlar.
Yazıçı acı da olsa həqiqəti yazmalıdır. Əli bəy Azəri də belə edib...
Tarixi salnamələrdə, qəhrəmanlıq dastanlarımızda Vətən, torpaq, haqq-ədalət uğrunda savaşlarda Tomris, Nüşabə, Nigar, Həcər, Salatın, Gültəkin kimi qadınlarımızın qorxmazlığını çox oxumuşuq. E.Berk deyirdi ki, tarix - ölənlər, dirilər və doğulmayanların birliyidir. Müqəddəs amallar uğrunda ölənləri tarix yaşadır, dirilər bu tarixin şanlı səhifələrini əməlləri ilə yazırlar ki, doğulmayanlar bu dünyaya qədəm qoyanda babalarının və nənələrinin qəhrəmanlığı ilə fəxr etsinlər, onlardan qalan qiymətli mənəvi mirasın qədrini bilsinlər, yaşatsınlar.
Ərənlərlə çiyin-çiyinə çalışan, vuruşan ana və bacılarımız çağdaş dövrdə də gerçək qəhrəmanlıq dastanlarımızı yaratmaqdadırlar. Əli bəy Azəri "Hərbi Zəngilan" romanının sonunda Qərargah rəisinin müavini baş leytenant Rzaquliyevin həyat yoldaşı Xuraman xanımın gündəliyindən bəzi yaddaqalan anları xatırlatmaqla ön cəbhədə hərbi xidmətdə olan zabitin ömür-gün yoldaşının - bəlkə də, ümumiləşdirilmiş gənc ananın kövrək duyğularını, lazım gələndə necə silahlanmasını, döyüşə hazır olmasını vurğulayır:
"Vaxtsız gələn çapar dedi ki, ermənilər hücum edib Kolluqışlaq kəndinə giriblər. Rayon mərkəzinə doğru irəliləyirlər... 
Qapının ağzında mənzilin giriş hissəsindəki dəhlizdə odun sobası yandırırdıq. Yoldaşımı yola salarkən sobanın bir tərəfində o, durub mənim hazırlaşmağıma baxırdı. Mən də bir an əl saxlayıb sobanın digər tərəfində durub ona baxmağa başladım. Qara qanlar axdı ürəyimdən, qəribə fikirlər dolaşdı ürəyimdə. Mənə elə gəldi ki, bu onun son gedişidir.
O, avtomatını çiyninə salıb, pistoletini belinə bağladığı koburuna qoydu. Ruçka pistoletini mənə uzatdı. F-1qumbarasını özü götürüb RQD-42 əl qumbarasını mənə verdi. Biz beləcə silahlandıq.
Müharibə dövrünün qaydasına rəğmən yoldaşım mənə avtomatdan atəş açmağı və əl qumbarasından istifadə etməyi öyrətmişdi. Bu sahədə heç bir çətinliyim yox idi. Odur ki, əvvəlcədən planlaşdırdığımız kimi ermənilərin hücumundan qorunmaq və yayınmaq üçün qonşulara da kömək göstərməliydim...
Gözlərimdən axan yaş yanaqlarımı isladıb canıma bir yanğı saldı. Bu halımı görmək istəməyən yoldaşım qapıdan çıxdı və qaçaraq getdi. Bir az əvvəl qonaqlı-qaralı, çal-çağırlı evə dönüb baxdım. Balaca Leyla öz aləmindəydi. Dünyadan, müharibədən, baş verənlərdən, hər şeydən..., hər şeydən... xəbərsiz kimi təzə oyuncaqları ilə oynayırdı..."
Gündəlikdəki bu sətirləri oxuyanda gözlərimin qarşısından sanki müharibə dövrünün bir filmi keçdi. Ömür-gün yoldaşına, qonşulara arxa duran, körpəsindən nigaran ana obrazı canlandı düşüncələrimdə...
Film demişkən, əsərdəki "Şuşalı əsirin hekayəti", "Doqquz yaşlı Zaur", "Sadiqin adına yazılan mərmi", "Məndullaya görə İran Azərbaycan NOTA verdi", "Ağamirzənin ölümü", "Kod adı İlhamə" yarımfəsilləri Qarabağ müharibəsinin ağrı-acısını, gerçəkliklərini doğru-dürüst işıqlandıracaq bitkin süjetli film üçün ədəbi materialdır. Lap "Dolu" filmindəki kimi...
İlk bəşər övladı dünyaya ayaq basandan tarixin hər dövründə müəmmalı qara qüvvələr və onlardan qalan qara ləkələr zamanın burulğanlarında həqiqət axtaranları düşünməyə, təhlil etməyə vadar etmişdir. A.Blok deyirdi ki, yalnız həqiqət - nə qədər ağır olsa da "yüngüldür.
"Həqiqət axtarışında" kələ-kötür yollara çıxan, bəzən qarşısına qara daş, bəzən də qaranlıq uçurumlar çıxan Əli bəy Azərinin sualına cavab vermək də çətindir: "Görəsən, kimə lazımdır bu həqiqətlər? Yazıçı həqiqət axtara-axtara düşünür: "Lap uzaq keçmişdə, tarixin gündoğar çağında Dış Oğuz İç Oğuzun üzünə ağ olub...
Allahın bir nəhs günündə Əmir Teymur Sultan Yıldırım Bəyazidi diz çökdürüb...
Ayı-günü bəlli bir tarixdə Şah İsmayıl Xətai özbək hökmdarı Şeybani xanı qanına qəltan elətdirib (lakin onun xanımını - Əmir Teymurun nəticəsi Xanzadə bəyimi və övladını cah-cəlalla, urvatla qardaşı Babur Mirzənin üstünə yola salıb)...
Ağa Məhəmməd Şah Qacar düşmənlərinə qoşulduğuna görə qardaşı Rzaqulu xanı yalnız, bir daha qarşısına çıxmamaq şərti ilə öldürməyib...
Bunlar yüz ildə bir baş verən əhvalatlardır və əsasən taxt-tac, səltənət üstündə olub.
Ancaq bir ilin içində - 1989-cu ilin yayından 1990-cı ilin yayınadək "xalqların qardaşlıq ailəsində" türk türkə qənim kəsildi, görünməmiş qırğınlar törəndi. Əvvəlcə Fərqanədə, sonra isə Oşda. Nəyin üstündə? Cavab vermək çox çətindir. Təbii ki, səbəblərdən biri tarixi yaddaşsızlıqdır".
Doğrudan da, "nəyin üstündə"?..
Belə suallardır tariximizin qara ləkələri...
Daha sonra tarix yazarlarının cavabı həqiqətdən çox "sifariş"ə oxşayan yozumlarından "bezən" yazıçı "doğma Azərbaycanın yamaqlar vurulmuş tarixinə nəzər salmaqla kifayətlənir".
Zəngilanın hərb tarixi ilə üz-üzə, göz-gözə qalan Əli bəy Azəri bir obyektiv və qərəzsiz Vətən oğlu kimi bu ən yeni tariximizə ləkə vurmamağı qarşısına məqsəd qoyaraq işğaldan 23 il keçəndən sonra sirri açılmayan bir çox sualların "aurasına" düşür:
-Görəsən, erməni mövqelərini kəşfiyyat etmək məqsədilə Ağbənd kəndindən Arazı o taya adlayıb İrana keçən Məndullanı sərbazlara kim satıb? Nüvədililəri kim öyrədib yoldan çıxarmışdı ki, doğma kəndləri uğrunda gedən döyüşlərə qoşulmaqları bir yana, heç posta, mövqeyə də çıxmaq istəmirdilər? Həmişə bir olan Mincivan igidlərinin arasına kim nifaq salmışdı ki, Elxanın və Orucun başına yığılanlar bir-birinə qənim kəsilmişdilər? İdeyaca cəbhəçi olan Kazımov həqiqətən cəbhəçilərə qarşı çıxmışdı, yoxsa cəbhəçiləri başçıya qarşı yaradılmış cəbhəyə qoşmuşdular?
Yazıçı onlarla belə məchul sualların qarşısında "aciz" qalmışdı. Vətənimizin müharibəyə zorla cəlb olunmuş "əl içi boyda" guşəsində onlarla, bəlkə də yüzlərlə belə cavabı naməlum suallar varsa, O. Hakslinin "Tarix ət paşteti kimidir, necə düzəldiyini görməmək yaxşıdır" fikrində nə qədər böyük həqiqət gizləndiyinə inanmamaq olmur.
Zəngilanın hərb tarixini yazmağı müqəddəs borc bilən Əli bəy Azəri "Həqiqətlər axtarışı" marşrutlarında nələr görmədi, nələr eşitmədi? "Axtardığım həqiqətlər, qələmə aldığım epizodlar cəmiyyət tərəfindən anormal qəbul olunur, acı həqiqətləri çoxları qəbul edə bilmirdi" - deyən yazıçı min illər boyu Türkün cəsarətinə, qorxmazlığına haqlı olaraq şübhə edir:
-Döyüş ərəfəsində tutulmuş ermənini gətirib qərargaha təhvil verən tağım komandiri adının və ümumiyyətlə həmin hadisənin kitaba bu və ya digər formada salınmasına qəti etirazını bildirdi: "Baxın, ha! O barədə bir kəlmə də yazmayın! Ümumiyyətlə mənim adımı kitaba salmayın! Kitab ermənilərin birinin əlinə düşər, sonra gəlib mənim nəslimi-kökümü kəsərlər".
Belələri ilə düşməndən qisas almaq, qələbə qazanmaq, Vətəni qorumaq mümkündürmü? Belələri ilə necə çiyin-çiyinə vuruşmaq olar, bizdə bu gözüqıpıqlıq, düşmənin kölgəsindən qorxmaq nə vaxtdan yaranıb? Kölgəsindən qorxan, hürkən meşşan adamların xisləti haqqında belə bir ehkam var:
"-Düşünmə!.. Düşündünsə - danışma!.. Danışdınsa - yazma!.. Yazdınsa - imzalama!.. İmzaladınsa - boynuna alma!.. Və nəhayət yaxşısı budur - düşünmə!.."
Həqiqətlər axtarmaqdan bezməyək, Əli bəy Azəri! "Həqiqət insanı utandıra da bilər, həqiqətin bir ləzzəti də bundadır" - yazırdı gündəliyində Jül Renar. Riyaziyyatçi - filosof Pifaqor deyirdi ki, həqiqəti çılpaq görmək faydalıdır, yalan isə qoy libaslara bürünsün.
Nə qədər allı-güllü libaslara bürünsə də yalanın çirkinliyi, eybəcərliyi dəyişmir ki, dəyişmir!
Həqiqətlərlə dolu "min səhifəlik iş dəftərimi ömrümüzə təzəcə qədəm qoymuş ilan ilinin ilaxır çərşənbə tonqalında yandırdım, sonra özüm uydurmağa başladım" o tarixi olayları deyirsən, Əli bəy. Məhz ilan ilində?
"Hərbi Zəngilan"ı başdan ayağa dözüm nümayiş etdirərək oxudum, çək-çevir etdim, inandım, amma həqiqətlərin ilanın ağzında yoxa çıxmasına, tonqalda yanmasına yox. Həqiqəti ağzına daş basmaqla da susdurmaq olmaz. Həqiqət büllur dağ çeşməsidir, başqa yerdən özünə yol tapacaq, çağlayacaq.
Yazırsınız ki, hadisələri uydurdum. Əsl istedad sahibi, qərəzsiz, vicdanına arxayın tarixçi, yazıçı uydurmalar uydura bilməz. İstedad həqiqətlərin gözünün içinə dik baxıb, qorxmadan, çəkinmədən gördüyünü tarixin səhifələrinə yazmaqdır. Sizin istedadınıza inanıram. "Hərbi Zəngilan" roman-xronikada mən ancaq ən yeni tariximizin gerçəkliklərini gördüm, uydurmalar yox. Kitabın sonuncu cümləsində yazıçı özünü sığortalayır:
-Bəzən uydurulmuş hadisələr nəinki baş verənlərlə üst-üstə düşür, hətta onlardan daha doğma təsir bağışlayır, sanki hadisələrin qaynar nöqtəsindəki elə sən özünsən.
Bəli, yazdıqlarında "sən özünsən", Əli bəy. Ömür vəfa etsə, diqqətli Siz və biz oxucular görəcəyik ki, yazdıqlarınızdan "heç kimə xətər gəlməyəcək, Vətənə, gələcəkdə Azərbaycanın ən yeni tarixini yazacaq tarixçiyə, faydası dəyəcək". Bu həqiqətləri tarixin arxivinə verənin də üzü ağ, başı uca olacaq. Həm də Vətəndən nigarançılaq, zəfər həsrəti, insanlığın müsbət və mənfi cəhətləri aydın əks olunan trilogiyanın "Könüllülər" və "Alay dövrü" adlı ikinci və üçüncü hissələri də oxucu marağına səbəb olacağına əminəm.
Qoca tarix maddi sərvət - qızılaxtaranları yox, mənəvi nemət - həqiqət axtarışında olanları əbədi yaşadır...
Əli bəy Azəri kitabın sonunda yerləşdirdiyi "Həqiqətlər axtarışında" mətnində (aydınlaşdırmada) ürək yanğısı ilə qeyd edir:
"Kaş Allah insaf verəydi, Akif Kərimliyə, Əli Məmmədyarlıya, Nəriman Mikayıloğluna, Zəngilanın hərb tarixindən yazan adını bilmədiyim digər yazarlara. Daha zəhmətə qatlaşırdılar, gərək bu dövrü bütün mənalı və dəyərli hadisələri ilə birlikdə öz kitablarında nizama düzərdilər.
Mən də iyirmi ildən sonra silahı yerə qoyub, məhz bu məqsədlə qələmə sarılmazdım. Başqa, az zəhmət tələb edən, araşdırmalara ehtiyac olmayan nəsr nümunələri ortaya çıxarardım.
Neçə ildir ki, nə gecəm gecədir, nə gündüzüm gündüz. Bir qarın çörək pulu qazanmaq uğrunda səhərdən axşamadək çalışan camaatımızdan heç kimi işindən-gücündən ayırıb məlumat almaq üçün görüşə çağırmaq mümkün olmur. Çağrılanlar da ya başlarının qarışıq olduğundan, ya da yaddaşları korşaldığından hadisələri doğru-dürüst xatırlaya bilmirlər. Kim idi o vaxt baş verən hadisələrə ciddi dəqiqliklə yanaşan, olduğu kimi xatirəsinə həkk etdirən?
Mənim isə fikrim-zikrim hələ də Zəngilanda dolaşmaqdadır. Hər yerdə və hər zaman yalnız o qanlı-qadalı illərdə, doğma diyarda baş verən hadisələrin aurasındayam".
Bəli, acı da olsa bu bir reallıq idi. Zəngilan bir çox qələm sahiblərinin diqqətini nədən bu qədər çəkmiş olub? Dağlıq Qarabağla həmsərhəd olmayan bir rayondan müharibə, hər iki ölkədəki hərbi-siyasi vəziyyət bu qədərmi aydın görünürmüş? Necə olub ki, Zəngilan bütün proseslərə bu qədər dəqiqliklə güzgü rolunu oynayıb? Bütün bu suallara yalnız əsəri oxumaqla cavab tapmaq mümkündür.
"Hərbi Zəngilan" Azərbaycan-Ermənistan müharibəsi mövzusunda yazılan ən unikal əsərdir. Müstəqillik dönəmində ən qarmaqarışıq və ziddiyyətli dövrü əhatə etdiyindən ölkənin ictimai-siyasi-hərbi vəziyyəti tam çılpaqlığı ilə müşahidə olunur. Zəngilan rayonu həm qonşu İran İslam Respublikası, həm də Ermənistanın əzəli Zəngəzur torpaqlarında yaradılmış Mehri və Qafan rayonları ilə həmsərhəd olduğundan hadisələr təkcə bir bölgənin fonunda deyil, bütövlükdə ölkədə baş verənlərə bucaq baxışı kimi qiymətləndirilir. Qısa zaman kəsiyini əhatə edən əsərdə, demək olar ki, çox mətləblərə aydınlıq gətirilir. Odur ki, roman-xronika kiçik bir yazının araşdırmasına sığmaz, üzərində dönə-dönə təhlillər aparılmalıdır.


VAQİF OSMANOV


İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK