adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Noyabr 2018 00:31
19788
ƏDƏBİYYAT
A- A+

DOST İTGİSİ


Mənim Sumqayıt şəhərində zavodlarda çalışan bir neçə kimyaçı-mühəndis dostum vardı. Onlardan biri də çox hörmətli, ədalətli, səxavətli, sədaqətli, el qeyrətli Zamin Mirəli oğlu Hüseynov idi. Əziz dostum yaşasaydı ömrünün 80-ci qızıl payızı onu bağrına basardı. Gözəl insan, vəfalı dost , bacarıqlı mühəndis Zamin Hüseynovla 1974-1975 ci dərs ilində Sumqayıt şəhər 15 N0 li tam orta məktəbdə tanış olmuşam. Onun mədəni rəftarı, təhsilə qayğısı məni valeh edirdi.
O vaxt mən həmin məktəbdə direktor müavini vəzifəsində çalışırdım. Zamin müəllimin uşaqları da məktəbdə təhsillərini davam etdirirdilər. O, həm də maarifpərvər, ziyalı idi, məktəbin qayğısına qalır, problemlərin həllinə can atırdı. Bizim tanışlığımız dostluğa çevrildi. Biz məktəbdə, "SK" zavodunda tez-tez görüşürdük. Zamin müəllimin fəhlələrlə xoş rəftarı mənə xoş təsir bağışlayırdı. O, həmişə kiməsə çağırıb deyirdi:
- Fəhləni incitmək günahdı. Onu qapının ağzında gözlətdirmək bağışlanmayan günahdı. Onun bir dəqiqəlik işdən ötrü gəlib saatlarla qapı arxasında qalması hər şeyə ziyandır. Gəldi, tez yola sal getsin işinin üstünə! Zamin Mirəli oğlu insanpərvər, humanist rəhbər idi. O tez-tez məktəbə gələr, övladlarının tərbiyəsi, oxumaları ilə maraqlanardı. Bəzən vaxt tapıb dərslərdə oturardı, dəyərli tövsiyələrini verərdi. Zamin müəllim həm də çox mehriban, məsuliyyətli ailə başçısı idi. Böyüməkdə olan övladlarının tərbiyəsi, elmə yiyələnmələri üçün ciddi məşğul olardı.
Yaxşı yadımdadır, sol ayağı möhkəm ağrıyırdı. Lakin ağrıya dözür işdən qalmırdı. Onu yoluxmağa getdim, halını soruşdum. Mənalı-mənalı üzümə baxdı:
- Xoşuma gələn bir şeir oxusan bütün ağrılarım keçib gedər dedi:

Bu gün bir gözəlin telini saydım,
Şəvə tək qaradır teli yanmışın.
Yerişə, duruşa söz ola bilməz,
Qarışqa belidir beli yanmışın.

Gülüşdük, səndə də az yoxdu ha dedi. Hər şey sovuşdu.
Sonralar öyrəndim ki, kimyaçı-mühəndis, istedadlı yazıçı Famil Qaracallı da (Süleymanov) yaxın dostdur, qaynadıq qarışdıq.
1982 ci ildə məni Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 №li tam orta məktəbə direktor təyin etdilər. Məktəbin bir az təmirə ehtiyacı vardı. Zamin müəllimə deyən kimi qaynaqçıları göndərdi, onlar məktəbin sınıq-salxaq nəyi vardısa bərpa elədilər.
( Zamin Mirəli oğlu Hüseynov 1938- ci ilin noyabr ayının 12-də Lənkəran rayonun axarlı-baxarlı Boladlı kəndində dünyaya göz açıb. Orta təhsilini öz doğma kəndində başa vurub. Ali təhsilini Bakıda ASİ- də mühəndislik fakultəsini bitirəndən sonra o da təyinatla gənclik şəhəri Sumqayıta göndərilib. Sadə işdən zavod direktoru vəzifəsinə yüksəlib. Sonradan ulu öndər Heydər Əliyevin məsləhəti ilə "SK" zavoduna rəhbərilik edib.
Zamin Hüseynovun əməyinə dövlət tərəfindən yüksək qiymət verilib.
Əmək bayrağı ordeni, Şərəf nişanı ordeni ilə təltif olunub, dövlət mükafatlarına layiq görülüb.
O vaxt SSRİ Nazirlər Soveti yanında açılan ilk xalq təsərrüfatı Akademiyasını bitirib. Mən 6 N0 li məktəbdə işləyəndə əmək adamları ilə tez-tez görüşlər keçiridik. Bir görüşümüz də Zamin Hüseynovla baş tutdu. O, öz istəkli dostları ilə Nurəddin Babayevlə (ruhu şad olsun) , Fəxrəddin Rəhəmanovla gəlmişdi.
Rus bölməsində işləyən müəllimlər ona Zamin Mirəliyeviç deyə müraciət edirdilər. Yelena Viktorovna onun üzünə dediyi sözlər hələ də yadımdadır.
- Zamin Miralieviç,Vı oçenğ dobrıy çelovek. Bu gözlərindən alov yağan şagirdlər sizin qayğınızı hər an xatırlayacaqlar...
Zamin Hüseynovun dəyərli çıxışı uzun müddət danışıldı. O çıxış şagirdlərdə vətənpərvərlik hisslərini oyatdı, əsl vətəndaş olmağa istiqamət verdi. Sonra biz dostlar xatirə şəkil çəkdirdik...
O vaxtdan 32 il keçir.
Lakin vaxtsız əcəl vermədi macal. Əziz dostum 62 yaşında gözlərini əbədi yumdu, dost itgisi mənə də nəsib oldu.
Onun dəfnində iştirak etdim. Qəribstanlıqda adam əlindən tərpənmək olmurdu. Onun məzarı üstündə oxuduğu şeir yadıma düşdü.

Səni bizim əlimizdən,
Vaxtsız aldı zalım fələk.
Bütün dərddən ağır dərddi,
Bir vəfalı dost itirmək.
Hicran dağı üzür bizi
Ayrılığa necə dözək?

Qəbrin nurla dolsun, əziz qardaş! Əbədi yatağında rahat yat!
Rəhmətlik Famil Qaracallı ilə yolumuz cənub bölgəsinə düşəndə Boladı kəndinə dönər dostumuzun məzarına gül dəstələri qoyar, Quran oxutdurardıq. Ruhu şad olsun.

Əvəz Mahmud Lələdağ
Şair, dramaturq, publisist