adalet.az header logo
  • Bakı 21°C

MUSTAFA ÇƏMƏNLİ YARADICILIĞINDA FOLKLOR MOTİVLƏRİ

15606 | 2018-11-03 00:23
Aynurə Babayeva
Sumqayıt Dövlət
Universiteti, doktorant

Folklor xalq idrakını və bədii düşüncəsini özündə təcəssüm etdirən mənbə qaynağıdır. Əgər yazılı ədəbiyyat, əsasən, bir şəxsin hiss, anlayış və düşüncələrinə aiddirsə, folklor, bütövlükdə, xalq müdrikliyini, yəni ümumi dünyagörüşü, həyat tərzini əks etdirir. Ona görə də müasir dövrdə yaranan ədəbiyyat da nəsildən-nəslə keçərək müdrikləşən folklordan yan keçə bilmir. Çünki hər bir bədii material - əsər mənsub olduğu xalqın, millətin, cəmiyyətin sosial, ictimai, siyasi mətləblərini, problemlərini əks etdirmək üçün yaranır.
Bunun üçün də hər bir yazıçının milli-etnik yaddaşa - həyat tərzinə, adət-ənənələrə, keçdiyi tarixi mərhələlərə müraciəti qaçılmazdır. Yəni ədəbiyyatın kütləvilik halını almasının bir səbəbi də əsərdə istifadə edilən obrazların, süjetlərin, hisslərin oxucu üçün şüuraltı olsa da, doğma olmasından irəli gəlir. Bir sözlə, folklor milli ədəbiyyatın yaranmasında təkanverici əsas qüvvələrdən biri sayılır. Elə bir yazıçı tapmaq olmaz ki, o, yaradıcılığında folklor motivlərindən istifadə etməmiş olsun. Qəhrəmanların dilində - monoloq və dialoqlarda rast gəldiyimiz bu fikirlər hikmət və əxlaqı təbliğ və təlqin edir. Mifik təfəkkürə söykənən obraz və süjetlərdən istifadə isə problemlərin dərin qatını göstərən, gedişatı bəlli edən xüsusi məna yüklü bir vasitəyə çevrilir. Burdan belə nəticəyə gəlmək olar ki, hər bir millət, cəmiyyət öz milli kökünü bilməli və ona söykənməlidir.
Bununla bağlı Abdulla Şaiq çox haqlı olaraq qeyd edir: "Əski tarixi vəsirələrdə və əsərlərdə öyrənə bilmədiyimiz xalq yaşayışının, xüsusən, ailə və həyat quruluşunun bir çox mühüm cəhətlərini ancaq el yaradıcılığında tapmaq mümkündür".
M.Çəmənli, ümumiyyətlə, xalqına, onun tarixinə, ədəbiyyatına, musiqisinə, kökünə bağlı olan bir şəxsiyyətdir. Buna görə də onun yaradıcılığı folklor motivləri ilə zəngindir. O, müxtəlif atalar sözləri və məsəllər, deyimlər, bayatılar, rəvayətlər, alqış, qarğış, adət-ənənələr, mərasimlər, inanc və lətifələrdən istifadə etməklə əsərlərinin bədii dilinə rənagarənglik qatmışdır. Folklorda (nağıllarda və dastanlarda) mövcud olan romantik qəhrəmanlıq onun yaradıcılığında reallığına qovuşur. Xeyir və şərin mübarizəsini özündə əks etdirən nağıllar, dastanlar, rəvayətlər hər zaman xeyirin qalibiyyəti ilə nəticələnir. Bu proses xalqın istəyini, ümidini təcəssüm etdirir. Lakin M.Çəmənli bu motivlərdən, mövzulardan istifadə etsə də, reallığı, problemin dərinliyini, bəzən çarəsizliyini göstərir, insanın qalibiyyətini və məğlubiyyətini olduğu kimi əks etdirməyə çalışır.
Doğru olaraq, məşhur dilçi, etnoqraf, yazıçı V.İ.Dal atalar sözlərini qısa pritça adlandırır. Həqiqətən də, xalq bir cümləyə öz tarixini, həyat tərzini, dünyagörüşünü, milli-etik davranışını sığışdırmağa çalışmışdır. Bu baxımdan yazıçının əsərlərində istifadə olunan atalar sözləri özünəməxsus olaraq qərar, hökm, ibrət xarakteri daşıyır. Məsələn: "Ağılsız köpək qaysavadan pay umar", "Südlə gələn sümüklə çıxar", "İt hürər, karvan keçər", "Sonrakı peşmançılıq fayda verməz", "Su gələn arxa bir də gələr", "Dost evində özünü gözlə, məclisdə nəfsini", "Su səhəngi suda sınar", "İnsan çiy süd əmib", "Qız yükü, duz yükü", "Qadın var ev tikir, qadın var ev yıxır" və s. Bu atalar sözlərini semantik mənasına görə də qruplaşdırmaq olar. Məsələn: xarakteri ifadə edən; qismətə işarə edən; davranış tipini göstərən; ümidlə bağlı olan; ehtiyatla bağlı olan; qadınla bağlı olan və s.
O, əsərlərində bir sıra atalar sözü və məsəllərdən istifadə yolu ilə mətnə kolorit, tarixilik və xəlqilik gətirməyi bacarmışdır.
M.Çəmənli əsərlərində xalq məsəllərindən, deyimlərindən də geniş səpkidə istifadə etmişdir. Onun lazımi məqamlarda işlətdiyi "Özü doğub, özü də göbəyini kəsən dünya", "Millətin üz qarası", "Beş eşşəkli xoca kimi", "Ləmbəran camışına oxşayır", "Nikolayı taxtda görmüş" və s. kimi məsəllər, "Padşahın kefinin kök vaxtına düşərsən mükafatlandırar, hirsli vaxtına düşərsən cəzalandırar", "Hər zülmət gecənin bir aydın sabahı var", "Sən düşmənini güllə ilə yox, güllə qarşıla, bəlkə dönüb insan ola" və s. kimi deyimlər xarakteri və ya hadisəni qısa şəkildə xarakterizə etməyi asanlaşdırır. Bu da onun əsərlərinin lakoniklik prinsipini qorumağa kömək edir.
M.Çəmənli əsərlərində bir sıra alqış və qarğışlara ("Səni muradına çatasan", "Səni əzrayıl aparsın" və s.), inanclara (daş çevirməklə durna qatarını dağıtmaq), mərasimlərə (toy, yas), adət-ənənələrə, xalq musiqilərimizə ("Vağzalı", "Güləşhəngi", "Gəlin atlandı", "Tərəkəmə", "Uzundərə"), etnoqrafi-yamıza (geyim və bəzəklər) toxunmuşdur. Bununla o, xalqımızın milli-mənəvi yaddaşını təzələyir, xalqına olan məhəbbətini izhar edir.
Ənənəvi miflərin yaranması uzaq keçmişdə qalsa da, bu günümüzün ədəbiyyatı mifin simvolik dilindən yararlanmaqdan qalmır. Miflərə söykənən müxtəlif allyuziyalar (eyham, işarə) vasitəsilə bədii əsərlər daha maraqlı və oxunaqlı olur. Mustafa Çəmənli də yaradıcılığında bu metoddan bəhrələnərək mifik təfəkkürə söykənən obraz və hadisələrə də müraciət etmişdir. Xallı gürzə və ölüm mələyi kimi obrazlar, qadağan olunmuş meyvənin dadılması dini mifik təfəkkürə söykənir. İlk insanlar sayılan Adəm və Həvvadan başlayaraq insanları aldadan, qanına susayan, yeraltı dünyanın sahibi kimi qəbul olunan ilan nağıl, rəvayət, dastan, əfsanə, atalar sözlər və məsəllərdə tez-tez istifadə edilən obrazdır. Yazıçı da "Xallı gürzə" əsərində bu obrazla uzun əsrlər boyu xalqımıza düşmən kəsilən yadelliləri simvolizə edir. Gürzənin yediyi qurbağadan sonra insana - Pənah xanın qanına susaması qatı düşmənlərimizin fikir və ideyasını tamamilə düz ifadə edir.
Eləcə də, ölüm mələyi. Bir çox xalqların mifik təfəkküründə mövcud olan ölüm mələyi qaranlıq, qorxu, yarımçıq qalmış talelərin səbəbkarı kimi bilinir. M.Çəmənli öz romanında ölüm mələyinə Allahın hökmünü icra edən mələk kimi (dini təsəvvürdə) yox, məhz şər əməllərin törədicisi qismində müraciət etmişdir. O, öz yanlış hökmləri ilə bütün ailəsini, qohumlarını, xalqını qana boyamış İsmayıl Mirzəni ölüm mələyinə bənzədir. Ayaq basdığı yerdə gülüşlərin donduğu, qaranlığın çökdüyü bu qəddar obrazla (II Şah İsmayıl) ölüm mələyi arasında paralellər apararaq onun qısa müddətlik hakimiyyətinin mahiyyətini ustalıqla açır.
Yazıçının mənəvi-əxlaqi dəyərlərə əsaslanan "Halallıq" povestinin dini mifik süjetlə bağlantılarını görürük. Hamilə qadının - Gülsümün qonağın xurcunundan halallıq almadan götürdüyü nar motivcə Həvvanın cənnətdə qadağan olunmuş almanı yeməsinin oxşarıdır. Həvva bunun nəticəsində əri ilə birgə cənnətdən qovulmağa məhkum olursa, Gülsüm də (böyük qəbahət kimi görünməyən) nara yerikləyərək onu icazəsiz götürüb daddığına görə Aslan adında "qan-xata" dünyaya gətirir. Yazıçı bu motivdən çıxış edərək oxuculara çatdırmaq istəyir ki, hər bir rastlaşdığımız pis hadisənin özülü özümüzə gedib çıxır. İnsan öz əlinə, gözünə, dilinə, belinə, niyyətinə sahib çıxmadığı üçün çıxılmaz vəziyyətə düşür.
Buna görə də öz əməllərinin bəhrəsi ilə üz-üzə qalan insan başqasını qınamadan öncə özündə günah axtarmalı, əməlləri haqqında özünə hesabat verməyi bacarmalıdır. Bax, əsl kamillik budur.
Zəngin folklor nümunələri M.Çəmənli yaradıcılığının məzmun və mənasını daha dərin, dilini isə daha səmimi və gözəl edən əsas amillərdən biridir. Amma bu nümunələrin hamısını kiçik bir məqaləyə sığışdırmaq qeyri-mümkündür. Buna görə də bu mövzu daha geniş və hərtərəfli tədqiqat tələb edir.

TƏQVİM / ARXİV