adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN LİTVADAKI BÖYÜK ELÇİSİ - MAHİRAS GAMZAYEVAS

16406 | 2018-11-03 00:18

(İkinci məqalə - "Ədəbi əlaqənin "bumeranq effekti")
Mahir Həmzəyev - 60

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

(əvvəli ötən saylarımızda)

Mahirin Litva dilindən azərbaycancaya çevirmələri də olduqca dəyərlidir və onun bu qisimdən 60-a yaxın tərcüməsi vardır. Bunlardan Litva xalq nağılları, Vintsas Krevenin əsərləri, Alfonsas Maldonis, Alfonsas Bukontas və Antanas Stanyaviçyusun poeziyasından çevirdiyi nümunələr, Yonas Bilyunas, Sigitas Geda, Algirdas Potsyus və Danielyus Muşinskasın bir sıra nəsr əsərləri, müstəqil Litvanın ilk dövlət başçısı Vitautas Landsbergisin və Prezident Valdas Adamkusun Azərbaycanla bağlı çıxışları, ictimai-siyasi məqalələri, habelə bu sıradan tanınmış digər litvalı müəlliflərin yaradıcılığından tərcümə etdiyi çoxlu sayda ədəbi-bədii və publisistik məqalələr, müxtəlif oçerklər, icmallar, pamfletlər, resenziyalar Litva-Azərbaycan ədəbi əlaqələrinin möhkəm dayaqlarındandır...
"Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər) müxtəsər xronoloji ensiklopediyası"ndan (Bakı, "Elm", 2002-ci il) Litva dilinə silsilə tərcümələr, Akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" tarixi-siyasi oçerkinin tərcüməsi müasir sənədli publisistikamızın qiymətli tərcümə faktlarındandır.
2017-ci ilin noyabr ayında Mahirin sevə-sevə və ustalıqla tərcümə etdiyi bir əsəri "525-ci qəzet"də böyük məmnunluqla oxumuşdum. Söhbət Litva ədəbiyyatının klassiki, "Kitabi-Dədə Qorqud"un Litva dilinə tərcüməçisi Sigitas Gedanın "Qafqaza səyahətlərim" adlı gözəl essesinin tərcüməsindən gedir. Onda Mahirə bununla bağlı bəzi fikirlərim ehtiva olunmuş belə bir məktub ünvanlamışdım:
"Əziz Mahir! Çox möhtəşəm yazı və möhtəşəm bir tərcümə! (Publikasiyada iki yaradıcı şəxsiyyətin böyük istedadının nəfəsi və ürək döyüntüləri apaydın hiss olunur!)
Əhsən sənin dil duyumuna, elə bil heç tərcümə oxumurdum...
İki yerdə kövrəldim - Kəlbəcər və Şuşa məqamında... Litvalı şairin bu ifadəsi necə də orijinal və gerçəkdir:
"...70-ci illərin əvvəllərində Kəlbəcərdə "Kitabi-Dədə Qorqud"u tərcümə edən zaman günortadan sonra dağlara qalxırdım, çimmək üçün, orada sanki mərmərdən hazırlanmış tabutun içi ilə axan Tərtər şırıldayırdı...".
Doğrudan da indi Tərtər çayı bizlərin daş tabutuna dönüb!!!
Əzizim, Sən çox xeyirli bir iş görürsən. Sən Baltik ölkələri ilə Azərbaycanı müasir çağda bağlayan və Sigitas Gedadan tərcümə etdiyin əsərdə bəhs olunan o "qədim Roma tağlarından" düzəldilmiş mənəviyyat-ədəbiyyat-mədəniyyət körpüsüsən! Xudafərin körpüsüsən! Uğurlar diləyirəm! Allah Səni qorusun!.."

* * *
Ən maraqlı və yaxşı, təqdir ediləsi cəhətlərdən biri budur ki, Mahir Həmzəyevin bu ciddi, olduqca vacib, Azərbaycançılığa xidmət edən işləri və yaradıcılıq fəaliyyəti diqqətdən kənar qalmayıb, müxtəlif ictimai, mədəni, siyasi səviyyələrdə, tanınmış qələm adamları - Azərbaycan yazıçıları, tənqidçiləri, alimləri tərəfindən qiymətləndirilib, yaradıcılığı, mədəni, ictimai-siyasi fəaliyyəti haqqında xeyli məqalə, rəy və məlumatlar mövcuddur. Bunlardan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Sabir Rüstəmxanlı, Pənah Xəlilov, Bəkir Nəbiyev, Vaqif Arzumanlı, İsa Həbibbəyli, Elçin Hüseynbəyli, Vaqif Yusifli, Eldar Nəsibli, İsa İsmayılzadə, Şakir Yaqubov, Esmira Fuad, Şəhla Nağıyeva, Ağahüseyn Şükürov, Vahid Qazi, Elnur Eltürk və digər müəlliflərin fikir və mülahizələri bu qəbildəndir...
Xalq şairi Bəxtiyar Vahabzadə hələ çox illər bundan qabaq onu "Litvada bizim səsimiz olan gözəl bir gənc" adlandırıb (16 iyun 1982-ci il).
Mahir Həmzəyevi "həssas və prinsipial insan" kimi dəyərləndirən tanınmış yazıçı Elçin Hüseynbəyli bu fikrində haqlıdır: "Mahir Həmzəyev həm də ona görə dəyərli ziyalı və şəxsiyyətdir ki, onun vətənini sevənlərə xüsusi rəğbəti var" (01.06.16.). Bu rəğbətin sayəsində Mahir Azərbaycanın ən görkəmli şəxsiyyətlərini Baltik ölkələrində tanıdıb, onlara da orada ədəbi dostlar tapıb. Xalq şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, "Mahir Həmzəyev ömrünü Azərbaycan və Litva mədəni-ədəbi əlaqələrinin öyrənilməsinə, dünyanın iki gözəl xalqının daha da yaxınlaşdırılmasına sərf edib" ( 24 iyul 1985-ci il).
Xalq şairi Xəlil Rza Ulutürk onu "Turan dünyasının qüdrətli, cəsur, şair ürəkli, alim zəkalı övladı" adlandırıb (15 iyul 1991-ci il).
Xalq yazıçısı Anar Mahir Həmzəyevi "mühüm və xeyirli işlərlə məşğul olan ziyalı" kimi dəyərləndirib (16 may 2005-ci il).
Litva Prezidenti Valdas Adamkus 2006-cı ilin iyun ayında Azərbaycana ilk rəsmi dövlət səfəri zamanı onun və xanımının şərəfinə Prezident İlham Əliyev tərəfindən verilmiş ziyafətdə etdiyi çıxışında Litva Azərbaycanlıları Cəmiyyətinin o dövrdəki fəaliyyətini belə dəyərləndirib:
"...Cənab Prezident! Məmnuniyyətlə qeyd etmək istərdim ki, Dirçəliş hərəkatının - Litva Sayudisinin hələ ilk təşəkkül tapması dövründə, Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti yaradılmış və yaradıldığı gündən indiyədək filoloq araşdırmaçı Mahir Həmzəyevin sədrlik etdiyi bu təşkilat, digər milli azlıqlarla bərabər, Litvanın dövlət müstəqilliyinin bərpa olunmasında fəal iştirak etmiş, Litvanın demokratik Avropa dövlətləri ailəsinə qayıtması üçün çox işlər görmüşdür. Dövlətimizə belə loyal münasibət göstərdiklərinə görə biz Sizin soydaşlarınıza - Litvanın azərbaycanlı vətəndaşlarına minnətdarıq..."

* * *
2018-ci ilin mart ayında Litvada Mahir Həmzəyevin 60 illik yubileyi ədəbi, ictimai və siyasi elitanın iştiraki ilə yüksək səviyyədə qeyd edilib. Bu münasibətlə Litva Seyminə dəvət olunan yubilyara spiker Viktoras Prantsketisin adından "Təbriknamə" və dövlət bayrağı təqdim olunub.
Seymin spikeri "Təbriknamə"də M.Həmzəyevin Litvanın siyasi-ictimai və mədəni həyatında göstərdiyi xidmətləri, verdiyi mühüm töhfələri yüksək qiymətləndirib, konstruktiv fəaliyyətinə və əsl vətəndaşlıq mövqeyinə görə soydaşımıza təşəkkürünü belə ifadə edib:
"Sizi, 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Litva Müstəqilliyinin bərpa edilməsi dövründən başlayaraq göstərdiyiniz önəmli fəaliyyət və ölkə ictimaiyyətinə verdiyiniz mühüm töhfələr Dövlətimizi şərəfli 100 illik tarixə aparan yolda davamlı olaraq müşayiət edir.
Dövlət və Cəmiyyətin tərəqqisi naminə göstərdiyiniz yorulmaz ictimai, mədəni fəaliyyətiniz üçün və Litva ilə qurduğunuz əsl vətəndaş əlaqələrinə görə, bu gözəl Yubiley günündə Sizə təşəkkür edir, bundan sonra da Sizə yüksək məqsədlərə aparan həyat yolu və mətinlik arzulayıram. Gördüyünüz işlərlə və uğurlarınızla həqiqətən fəxr edə bilərsiniz!"
Seymin sabiq spikeri - indiki vitse-spiker İrena Degutene də yubilyara təbriklərini göndərib. O, təbrik məktubunda soydaşımızın fəaliyyətini qiymətləndirməklə yanaşı, həm də Litva - Azərbaycan ədəbi, mədəni, ictimai və siyasi əlaqələrinə toxunuraq yazır:
"Bü gün Sizə yüksək hörmət və ehtiram göstərən, şərəfinizə ən səmimi təşəkkür sözlərini ifadə edən şəxslərin sıralarına qatılıram.
Bu gün bu bayram təntənəsi bizə keçdiyiniz şərəfli həyat yoluna bir daha nəzər salmağa fürsət yaradır və həmin yolda həm keçmişdə, həm də indi göstərdiyiniz dərin məzmunlu və zəngin fəaliyyətinizlə, gözəl təşəbbüsləriniz və gərəkli mühüm işlərinizlə sevinib fəxr etməyə imkan verir.
Litva Milli İcmalarının fəaliyyətinin gücləndirilməsi, həmin fəaliyyətin ölkəmizdə yaşayan müxtəlif millətlər üçün doğma evə çevrilmiş Litva dövlətinin çiçəklənməsi naminə yönəldilməsi işinə verdiyiniz mühüm töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Siz, Litva-Azərbaycan ədəbi, mədəni, ictimai və siyasi əlaqələrinin həm istedadlı tədqiqatçısı, həm də yeni dövrdə bu əlaqələrin gözəl qurucularından biri olaraq tanınmısınız. Sizin belə fəaliyyətiniz sayəsində bu gün xalqlarımız və dövlətlərimiz bir-birini daha yaxından tanıyıb əməkdaşlıq edirlər.
1918-1920-ci illər Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin bərpa olunması, əlaqələrin yeni istiqamətdə qurulub inkişaf etdirilməsi sahəsində gördüyünüz vacib işlər və uzun illər boyu bu işə yorulmadan göstərdiyiniz böyük qayğılara görə Sizə təşəkkür edirəm!
Bir daha Sizi bu təntənəli yubiley münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və bütün işlərinizdə yeni-yeni uğurlar arzulayıram!".
Bütün bunlarla bərabər, 2018-ci il mayın 21-də Mahir Həmzəyev çoxillik səmərəli ictimai-mədəni fəaliyyətinə, xalqımızın milli mənəvi dəyərlərinin bu ölkədə təbliği işinə verdiyi layiqli töhfələrə, Litva-Azərbaycan mədəniyyətlərarası dialoqunun inkişaf etdirilməsi sahəsindəki mühüm xidmətlərinə görə, Litva Respublikası Hökumətinin yanında Milli Azlıqlar Departamenti tərəfindən xüsusi "Təşəkkürnamə" ilə təltif olunub.

* * *
Mahir Həmzəyevin tərcümə etdiyi "Qartal haqqında nəğmə" rəvayəti mənsur şeir formasında yazılmış əsər olaraq Azadlığa və Müstəqilliyə oxunan möhtəşəm bir Himn kimi səslənir. Əsər klassik Litva yazıçısı V.Krevenin qələminə məxsusdur. O, 1919-cu ilin martından 1920-ci ilin iyun ayına kimi Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu olaraq çalışıb. "Qartal haqqında nəğmə" əsərindəki bir məqam mənə xoş gəldi və elə bildim ki, bu elə Mahirin öz obrazıdır:
"...Qartal hər dəfə qüdrətli dağın dümağ qarlı zirvəsinə qonanda, güclü qanadlarını getdikcə daha tez-tez geniş açıb uzadaraq, çox-çox uzaqlarda qızıl telli günəşin hər səhər oyanıb qalxdığı üfüqlə qovuşan və ucu-bucağı görünməyən mavi səmaların sonsuz ənginliklərini vurğunluqla seyr edir və ürəkdən arzulayırdı:
- Qanadlarım qocaman qartalların qanadları kimi möhkəmlənəndə və səmalarda yorulmadan süzməyi öyrənəndə elə yüksəkliklərə qalxacam ki, orada hələ heç bir qartal süzməyib. Mən səmaları yara-yara elə ənginliklərə baş vuracam ki, orada hələ indiyədək heç bir qartal cövlan etməyib, mən yer üzündən ucsuz-bucaqsız göylərin sonsuz dərinliklərinə aparan yolu tapacam.
- Bax, onda hamı heyrətə düşəcək və biləcək ki, belə bir Qartal var, qartallar Qartalı, o Qartal ki, uçub elə yüksəkliyi fəth etdi ki, oraya indiyədək heç bir qartal qalxa bilməmişdi, - o Qartal ki, yerdən ən yüksək göylərə təzə yol açdı..."
Kreativ düşüncəli ziyalı, ədəbi əlaqələrin körpüsalanı və bu körpülərin mahir memarı, Litva-Azərbaycan mədəni əlaqələrinin tədqiqatçısı, publisist və tərcüməçi, mədəniyyətimizin Litvadakı Böyük elçisi Mahir Həmzəyev də "Baltik-Azərbaycan ədəbi əlaqələri" silsiləsindəki ən yüksək zirvələrə bu qartal kimi təzə yol açdı və bu yolun Qartal yolçusu oldu! Ona daha böyük uğurlar diləyirəm!!

TƏQVİM / ARXİV