adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Noyabr 2018 16:20
6389
GÜNDƏM
A- A+

Əməkdar jurnalist Bəbir Hüseynovun 85 illik yubileyi qeyd olundu

Yubilyara xüsusi diplom verildi

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və Ahıl Jurnalistlər Məclisinin birgə təşkilatçılığı ilə Əməkdar jurnalist Bəbir Hüseynovun 85 illik yubileyi keçirilib.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə və digərləri iştirak ediblər.

Mərasimdə giriş nitqi ilə çıxış edən R.Məcid B.Hüseynovu yubiley münasibəti ilə təbrik edib. B.Hüseynovun mətbuata gəlişindən əvvəl Ağdamda rayon partiya komitəsində çalışdığını, daha sonra mətbuat sahəsində fəaliyyət göstərməyə başladığını qeyd edən R.Məcid bildirib ki, B.Hüseynov 1979-cu ildən Ağdam rayonunda nəşr olunan "Lenin yolu” qəzetinin redaktoru olub. 1990-cı ildə qəzetin "Ağdam” adı ilə fəaliyyətini davam etdirdiyini deyən baş redaktor səbəbkarın həmin çətin dövrdə - müharibə şəraitində Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində yorulmaz fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

B.Hüseynovun Azərbaycan Mətbuat Şurası, Ahıl Jurnalistlər Məclisi və Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu xatırladan R.Məcid yubilyarın bu təşkilatların fəaliyyətində də həmişə yaxından iştirak etdiyini deyib.

Professor Cahangir Məmmədli çıxışında qeyd edib ki, B.Hüseynov ömrünü Azərbaycan jurnalistikasının inkişafına həsr etmiş böyük qələm sahibidir: "Mətbuatda imzası ilə möhür vuran Bəbir müəllim jurnalist fəaliyyəti ərzində məşğul olduğu peşənin qayda və tələblərinə sadiq olub, sənətinin öhdəsindən böyük ustalıqla gəlib”.

C.Məmmədlinin sözlərinə görə, B.Hüseynov işində həmişə birinci olub: "Onu məktəbdən qoparıb AğdamRayon Partiya Komitəsinə işə qoyublar. Bir az da keçib və Bəbir müəllimin jurnalist yaradıcılığı üzə çıxıb. Onu Ağdamda nəşr olunan "Lenin yolu” qəzetinə redaktor təyin ediblər. Bəbir müəllim onlarla gənc jurnalistin yetişməsində, bilik və bacarığının artırılmasında böyük rol oynayıb”.
Professor bildirib ki, B.Hüseynovun redaktor olduğu qəzet ona da doğma olub: "Bu qəzeti müntəzəm oxuyurdum. Çünki nəşrin mövzu dünyası, janrları çoxşaxəli olurdu, dili və üslubu Azərbaycan ədəbi dilinin qaydaları əsasında idi. Həmişə hiss olunurdu ki, bu qəzetə jurnalistikanı fəhmlə bilən, Qarabağın, doğma Ağdamın problemləri ilə yaşayan vətəndaş, bir insan rəhbərlik edir”.

Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə isə bildirib ki, B.Hüseynov mətbuatda yazıları ilə özündən söz etdirən, adını Azərbaycanın jurnalistika tarixinə yazdıran şəxsiyyətlərdəndir. Səbəbkarla bağlı xoş xatirələrini bölüşən M.Süleymanzadə qeyd edib ki, B.Hüseynov üzvü olduğu Ahıl Jurnalistlər Məclisinin fəaliyyətində həmişə yaxından iştirak edib, əsl ağsaqqallıq nümunəsi olmağı bacarıb.

Daha sonra M. Süleymanzadə Ahıl Jurnalistlər Məclisi adından səbəbkarı təbrik edib, ona can sağlığı və uzun ömür arzulayıb.

Əməkdar müəllim Səlim Əzimov çıxış edərək, Bəbir Hüseynovla bağlı gənclik xatirələrini bölüşüb. S.Əzimov "Lenin yolu” qəzetinin B.Hüseynovun redaktorluğu dövründə nüfuzunu daha da artırdığını, keyfiyyət dəyişikliyi yaşadığını bildirib. Sonra tədbirdə çıxış edən "Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədriTəhmasib Novruzov, Nəriman Nərimanov rayonu Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayev, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, tanınmış şair Ramiz Məmmədzadə, polkovnik Həmid Cəfərov, şair Oqtay Zəngilanlı, jurnalist Elşən Əliyev, "Xalq qəzeti”nin baş redaktor müaviniTahir Aydınoğlu çıxış edərək, səbəbkara öz təbriklərini çatdırıblar.

Qeyd olunub ki, B.Hüseynov işlədiyi bütün vəzifələrdə peşəkarlığını ortaya qoyub, işində tələbkarlığı ilə seçilib, cəmiyyətdə həmişə ləyaqətli yer tutub, şərəfli ömür yaşayıb və yaşayır.

Sonda çıxış edən yubilyar ona göstərilən diqqətə görə tədbirin təşkikatçılarına və iştirakçılara öz təşəkürünü bildirib. B.Hüseynov bu gün ölkəmizdə milli mətbuatın inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini deyib, şəxsən ölkə prezidenti İlham Əliyevin həm gənc, həm də veteran jurnalistlərə böyük dəstək olduğunu, onların mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atdığını vurğulayıb.

Tədbirdə Mətbuat Şurası adından B.Hüseynova Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə və 85 illik yubileyi münasibətilə xüsusi diplom təqdim olunub.

Qeyd edək ki, B.Hüseynov 1932-ci ilin dekabrın 26-da Ağdamın Novruzlu kəndində dünyaya göz açıb. Doğulub boya-başa çatdığı kənddə 7 illik məktəbi bitirdikdən sonra B.Hüseynov Ağdam Pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub, tarix müəllimi və ictimaiyyətçi ixtisasına yiyələnib. Təhsil aldığı dövrdən öz yaşıdlarından fəallığı ilə fərqlənən B.Hüseynov məktəbdə tarix müəllimi, daha sonra yerli komitə sədri, partiya təşkilat katibi kimi məsul vəzifələrdə çalışıb. 1979-cu ildən isə jurnalistika sahəsindəki fəaliyyət dövrü başlayıb. Həmin ildən etibarən Ağdamda nəşr olunan "Lenin yolu” qəzetinin redaktoru vəzifəsində işləyib. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan B.Hüseynov qısa müddət ərzində yaradıcı gəncləri bir araya toplayaraq qəzetin fəaliyyətində yeni cığır açmağa nail olub. Ağdamın mövcud problemlərinin həlli, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli mənlik şüurunun inkişaf etdirilməsini qəzetin səhifələrinin daimi mövzularına çevirib.

Ömrünün 30 ilindən çoxunu mətbuata həsr edən B.Hüseynov Qarabağa qarşı erməni təcavüzünün yeni dalğasının başlandığı dövrdən onların alçaq niyyətlərinin ifşası, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində silsilə yazılarla çıxış edib. 1990-cı ildə mətbu orqanın adının dəyişdirilməsindən sonra dağılmaqda olan Sovet İttifaqında Ermənistanın işğalçı hücumlarına məruz qalan Azərbaycanda düşmənlə ikinci cəbhədə - informasiya məkanında mübarizə aparanlardan biri də "Ağdam” qəzeti idi. Həm də bu cəbhə müharibə meydanından uzaq deyildi. 1993-cü ildə Ağdam Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan "Ağdam” qəzetinin, o cümlədən, B.Hüseynovun köçkünlük həyatı başlayıb. Əməkdar jurnalist 1998-ci ilə qədər adıçəkilən qəzetin redaktoru olub.