BABAN PiNTiYMiŞ, BUNA NiKOLAY KÖPƏYOğLU NEYLƏSiN!

AQİL ABBAS
30832 | 2007-09-01 01:51
Böyük bir bədbəxt hadisə baş verib. Hadisə ilə bağlı dövlət komissiyası yaradılıb. Dövlət komissiyası yəqin ki, həqiqəti üzə çıxaracaq və günahkarlar da cəzalandırılacaq (biz buna inanmaq istəyirik, niyə mötərizədə yazdıq bunu ağıllı oxucu bilər). Hələ ki, 4 nəfəri saxlayıblar, onlar da balaca adamlardılar, mənim qəzetimdəki kuryerlər kimi, ya "pataloku" olsunlar müxbir.
   
   Və neçə gündü Bakı şəhərinin meri Hacıbala Abutalıbovu sevməyənlər və ya ondan istədiyini ala bilməyənlər və ya iqtidarın nüfuzuna kölgə salmaq istəyənlər, günahkarlar qalıb bir tərəfdə, düşüblər merin üstünə.
   
   Mer dəfələrlə bəyan edib ki, binanın tikintisi üçün heç bir sərəncam verilməyib. Əgər varsa, çıxarsınlar ortalığa. Bundan başqa, həmin binanın tikintisinə mer sərəncam da verə bilərdi və bunu heç kim ona qəbahət və ya nöqsan tuta bilməzdi. Merin səlahiyyət həddi torpağın ayrılması və burda tikiləcək binanın bütün instansiyalardan keçən rəyləri toplandıqdan sonra tikintiyə sərəncam verməyidir. Yəni hər hansı bir bina standartlara cavab vermirsə və ya belə bir bədbəxt hadisə baş veribsə, günahkarlar ilk əvvəl həmin binanın arxitekturasını ekspertizadan keçirib rəy verənlərdi.
   
   Yeri gəlmişkən, məlumat verdilər ki, bir binanın tikintisi üçün 40 təşkilat rəy verməlidi. Bu çoxdur, özü də lap çoxdur. Rəy verənlərin də azərbaycanlı olduğunu nəzərə alsaq, bu müsibətdir. İkinci ildir ki, Fövqəladə Hallar Nazirliyi yaranıb və bir çox qurumlar ona tabedirlər. Əslində bütün səlahiyyətlər də Fövqəladə Hallar Nazirliyinə verilməlidir və binaların təhvili də bu nazirliyin səlahiyyətinə daxil edilməlidir. Onda həm iş asanlaşar, rüşvət ortadan qalxar və cavabdehlik də, məsuliyyət də hansısa bir təşkilatın üzərinə düşər. Onu da qeyd edək ki, bu binanın tikintisi Fövqəladə Hallar Nazirliyinin yaranmasından 5 il əvvələ düşür.
   
   Və onu da qeyd edək ki, bu binanın tikintisi ilə bağlı məhkəmə çəkişmələri olub, hələ çox əvvəl ATV telekanalı bu məsələni araşdırıb. Kanal bu məsələdə çox ciddi mövqe göstərib. Məhkəmə də tikintinin dayanması ilə bağlı qətnamə çıxarıb. Amma Azərbaycanda məhkəmələrimizin çıxartdığı qətnamələri imkanlı və arxalı adamlar həmişə tualetə atdıqları kimi, həmin qətnaməni də atıblar tualetə. Və ən dəhşətlisi budur ki, bu günə qədər Azərbaycanın heç bir hakimi (varsa, barmağını qatlasın, üzr istəyək) çıxartdığı qətnamələrin yerinə yetirilməməsinə müqavimət göstərmir. Heç uzağa getməyək, Əli İnsanovun məhkəməsində biz bunun neçəsinin şahidi olduq. Və savadsız oxucu üçün deyirik ki, eləcə də savadlı hakimlərimizin də nəzərinə çatdırırıq ki, məhkəmələrdə çıxarılan heç bir hökm, qətnamə və ya qərar hansısa bir rayon məhkəməsinin və ya hakimin adından çıxarılmır. Yuxarıda yazılır ki, Azərbaycan Respublikasının adından hökm, qərar və ya qətnamə çıxarılır. Amma yenə qeyd edirik ki, məmurlar Azərbaycan Respublikasının adından çıxarılan hökm, qərar və qətnamələri veclərinə almırlar.
   
   Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məhkəmə qərarlarını yerinə yetirməməklə bağlı müvafiq maddə tövsif olunub və hələ bu günədək bu maddə heç kimə tətbiq olunmayıb. Əgər belədirsə, niyə bu maddəni Cinayət Məcəlləsinə salmışıq?
   
   Bəli, ölkədə tikintiyə rəy verən və verdikləri rəyə nəzarət etməli olan səlahiyyətli qurumlar hamısı qalıb bir kənarda, düşüblər tikintiyə sadəcə olaraq yer ayıran Bakı meriyasının üstünə.
   
   Əslində iqtidardan, Ulu Öndər Heydər Əliyevin və onun varisi prezident İlham Əliyevin siyasətindən incik olanlar hayıflarını Ulu Öndərə və onun siyasi varisi İlham Əliyevə ən sadiq olan əsgərlərdən birindən almaq istəyirlər. Əllərinə fürsət düşüb.
   
   Rəy verənlər, verdikləri rəyə nəzarət etməli olanlar bir tərəfdən, əsas məsuliyyətin birini də çıxartdığı qətnamənin tualetə atılmasına göz yuman hakim daşıyır. Araşdırmalar aparılır, yəqin hər şey məlum olacaq.
   
   Yadıma məşhur bir hadisə düşdü. Dünyanın dağılan vaxtıdı. Yazıçılar İttifaqının "Natəvan" klubundakı iclasında Rəsul Rzanı sevməyən şairlərdən biri tribunaya qalxıb yekə-yekə deyir:
   
   - Sən mənlə danışa bilməzsən. Sən bəy oğlusan, amma mənim babamın boynunda bir qarış kül olub.
   
   Elə bir zamanıydı ki, bəy oğullarını güllələyirdilər, boynunda bir qarış kül olan muzdur oğullarını isə böyük vəzifələrə çəkirdilər.
   
   Rəsul Rza da başını bulayıb deyir:
   
   - Kür böyrünüzdən axırdı. Sənin baban pinti olub, buna Nikolay köpəyoğlu neyləsin.
   
   İndi hansısa bir firma cinayət eləyib belə binaları tikməklə məşğuldursa, lətifəsi uzaq olsun, buna Bakı meriyası neyləsin?
   
   Hanı bu binanın tikintisinə birbaşa cavabdeh olan təşkilatlar?
   
   Qoyun məsələni də Bakı şəhər prokurorluğu və Fövqəladə Hallar Nazirliyi araşdırsın.
   
   Sözgəlişi. Fövqəladə Hallar Nazirliyi bir müddət əvvəl Bakıda ucalan göydələnlərin ekspertizasını keçirməyə başladı və bütün mətbuat düşdü nazirliyin üstünə.
   
   Bax, belə!
   
   

TƏQVİM / ARXİV