adalet.az header logo
  • Bakı 7°C
07 Noyabr 2018 10:22
21214
ƏDƏBİYYAT
A- A+

Ədəbiyyat heç vaxt dərsliklərdə ola bilməz... – SORĞU

Ədəbiyyat dərsliklərində çox vaxt müasir yazıçılara az yer verilir. Bəzən yalnız adlarla kifayətlənirlər, əsərlər isə çap edilmir. 

Adalet.az yazarlardan "Ədəbiyyat dərsliklərinə hansı müasir yazıçılarımızın adı salınmalıdır?" mövzusunda sorğu keçirtdi. Cavabları təqdim edirik.






Yazıçı Şərif Ağayar: "Mənim adım salınıb, ancaq əsərlər verilməyib. Prinsiplər şəffaf deyil. Və hər kəsin salınması da vacib deyil. Misal üçün, Həmid Herisçi orta məktəbə ağır gələ bilər. Murad Köhnəqalanın uşaq şeirləri, "Bulud pinəçisi" povesti, Sevinc Elsevərin bəzi şeir və hekayələri, Aqşin Yeniseyin şeirləri və s. şagirdlər üçün faydalı ola bilər.

Rafiq Tağı, Saday Budaqlı, Səfər Alışarlı, Əlabbas, Elçin Hüseynbəyli, Elxan Zal, Rasim Qaraca, Etimad Başkeçid, Mübariz Örən, Mirmehdi Ağaoğlu gənclərimizə tövsiyə etdiyim imzalardır. Salındı-salınmadı oxumaq lazımdır.”



Juranlist Faiq Qismətoğlu: "Mənim fikrimcə, "ala-bula, boz keçi” kimi şeirlər dərsliklərdən götürülməli, onların yerinə müasir düşüncəni uşaqlarda qeyri-adi ideya və düşüncə təbliğ edən şeirlər daxil edilməlidir. Mən istərdim ki, orta məktəbdə ədəbiyyat dərsliyinə Seyran Səxavətin, Ramiz Rövşənin, Vaqif Bayatılının, Eldar Baxışın, Vaqif Bəhmənlinin, Qulu Ağsəsin, Nüsrət Kəsəmənlinin, Aqil Abbasın yaratdığı əsərlər daxil edilsin. Qəribə olsa da deməliyəm ki, Seyid Əzim Şirvanin cəhaləti, mövhumatı tənqid və ifşa edən "Köpəyə ehsan” satirası dərslikdən çıxarılıb. Onun əvəzinə elə şailər və yazıçıların primitiv, bayağı, boz əsərləri daxil edilib ki, adam oxuyanda əti tökülür. Bu barədə biz ciddi düşünməli, övladlarımızın mənəvi zənglinliyi, elmi dünya görüşünün formalaşması üçün dünya ədəbiyyatında gedən prosesləri ən azından onların diqqətinə çatdırmalıyıq. Əgər bu yoxsa boyat, bayağı və bir qədər də el dilində demiş olsaq, pırsımış, cəfəngiyyat dolu hekayələri, şeirləri onlara oxutmaqla uşaq təfəkkürünü manqurtlaşdırmş oluruq.”



Yazıçı Narıngül Nadir: "Dərsliklərə hansı əsərlər salınmalıdır mövzusu bu gün səsləndirilən ən aktual mövzulardan biridir. Təbii ki, hər kəs dərslikdə öz zövqündə olan yazarın imzasını görmək istəyir. Amma bizim istəyimizdən asılı olmayaraq bu işdə şagirdlərin psixologiyasına tam bələd olan, dərslik məsələsində peşəkar olan mütəxəssislərlə ədəbiyyat tənqidçilərinin ortaq rəyi mütləqdir. Mənim fikrimcə bu yazarlar dərsliyə salına bilər: Aqil Abbas, Ramiz Qusarçaylı, Qulu Ağsəs, Şərif Ağ, Qəşəm Nəcəfzadə, Əjdər Ol, Mübariz Örən, Qismət, Ayxan Ayvaz, Sevinc Nuruqızı...”






Yazıçı Mirmehdi Ağaoğlu: "Şərif Ağayarın "Şəkil” hekayəsi çıxandan sonra belə bir söhbət eşitdim ki, həmin hekayəni dərsliklərə salacaqlar. Bilmirəm söhbətin sonrası noldu, amma niyyət kimi yaxşı idi. Bir də Aqşin Yeniseyin "Kənd” şeirinin dərsliklərə salınmasını istəyərdim. İndi ağlıma başqası gəlmir. Yəqin ki, çox namizəd var. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mənim "85-gün” hekayəmi də dərsliyə salmaq olar. Təklifdir də verirəm, kimdi bizi dinləyən. (gülür)”





Şair Aqşin Evrən: "Əgər hələ də dərslikdə adı yoxdursa, mütləq şəkildə Çingiz Hüseynovun adını və yaradıcılığını dərsliyə salmaq lazımdır. Ümumiyyətlə, yavaş-yavaş müasir yazar və şairlərimizi müəyyən şəkildə məktəblərə, şagirdlərə təqdim etmək, onlara heç olmasa 1 dərs ayırmaq lazımdır. Məsələn, bu yaxınlarda bir universitetdə müəllim tələbələrə müasir şairlərlə bağlı mövzu tapşırmışdı. İki tələbə mövzu kimi mənim yaradıcılığımı seçmişdi. Hər ikisi kifayət qədər savadlı və ədəbi biliyə malik idi, gəldilər söhbət etdik, ədəbi proseslərdən, poeziyadan danışdıq və daha sonra 90 dəqiqəlik dərs, yazdığım şeirlərə, ədəbi baxışlarıma həsr edildi. Təsəvvür edin, müəllim 28 yaşlı bir cavan şairinə güvənir. Bəs bu qurumlar niyə artıq 80 yaşına çatmış, sanballı əsərlər ortaya qoymuş yazıçılarımıza güvənməsin?

Bir də Əkrəm Əylisinin adını belə salmasalar, heç olmasa, "Ürək yaman şeydir” hekayəsinin dərsliyə daxil edilməsini istərdim.”




Yazar Ayxan Ayvaz: "Dərsliklərə qarşıyam. Ədəbiyyat heç vaxt dərsliklərdə ola bilməz. Heç bir yazıçıya dərsliklərə düşməyi arzu etmirəm. Ədəbiyyat böyük anlamdır. Onu dərslik səviyyəsinə endirmək olmaz. Vaxtilə Dostoyevskini tədrisdən çıxartmışdılar. Çünki o boyda dahi balaca bir dərsliyə sığışa bilməzdi. Ədəbiyyat axtarışdı.”