ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ucalığa aparan yollar

2306    |   2018-11-02 00:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəlaləddin Budatoğlu - 65

(Şair Cəlaləddin Budatoğlu ilə "atüstü" söhbət)

İnsan var,onunla tanışlığına peşiman olursan. İnsan da var onunla tanışlığın dostluğa çevrilir. Cəlaləddin Budatoğlu da təkcə mənim ölçü meyarlarımla deyil, doğma Qubamızda, odlar yurdu Azərbaycanımızda uzun illər boyu milli-mənəvi dəyərlərimiz əsasında formalaşan insani keyfiyyətlərə köklənmiş bir şəxsdir. Cəlaləddin müəllim tanıdığım illərdən eyni təbli,eyni xasiyyətli,həmişə üzügülər,səmimi,saf və xeyirxah bir insan olduğunun şahidi olmuşam. Onun dövri mətbuatda, almanaxlarda dərc olunmuş, "Mən kiməm" kitabında toplanmış şeirləri, publisistik yazıları, hər şeydən əvvəl, vətənə bağlı, insanpərvər bir soydaş-vətəndaşın duyğularınn, düşüncələrinin bədii publisistik ifadəsi, obrazlı inikasıdır.
Öz təsdiqini tapmış belə bir kəlam var : "Hər kəs doğulduğu təbiətin məhsuludur..." Cəlaləddin müəllim də Azərbaycanın çox qədim bölgələrin birində - Qaraçayın sol sahilində, Yan silsilənin yamacında, dəniz səviyyəsindən 1750m, hündürlükdə yerləşən Qubanın Buduq kəndində işıqlı dünyaya göz açmışdır. İlhamını boya-başa çatdığı bu kəndin bənzərsiz gözəlliyindən, Buduq və Baba dağlarının əzəmətindən, ulu tarixin sirli-sehrli gərdişlərindən almışdır. Odur ki, onun şeir dünyası təbii və halallıq üstündə köklənib.
Xalqın arzu və istəkləri ilə yaşayan hər bir sənətkar ömrü mənalı olur ; özünün həyat idealını öz yaradıcılıq idealına çevirən bir istedad yenilməzliyi,mübarizliyi ilə fərqlənir, ümumxalq məhəbbəti qazanır. Cəlaləddin Budatoğlu da belə istedadlardandır. Doğulduğu torpağa, doğma respublikamıza vicdanla qulluq edən C.Budatoğlu özünün dəyərli illərini yaşamaqla bu gün də ətrafına öz nurunu yayır və poetik dünyasının qapılarından boylanan, obrazlı-təfəkkürlü misraların əks-sədası oxucular duyur, onun daha böyük poetik uğurlar qazanacağına inanırlar.
Qubanın dahi Nizami Gəncəvinin adını daşıyan mədəniyyət və turizm parkında Azərbaycanın tanınmış şəxsiyyətlərinin-Nizaminin, Füzulinin, M.P.Vaqifin, A.A.Bakıxanovun, M.F.Axundovun, Ə.Xaqaninin, M.Gəncəvinin, İ.Nəsiminin, M.Ə.Sabirin, H.Cavidin, S.Vurğunun və başqalarının şərəfinə ucaldılmış heykəllərin əhatəsində qafqazdilli etnik qruplardan biri olan buduq ədəbi dilinin ilk nümunələrinin yaradıcısı, bu günlərdə anadan olmasının 65 ili tamam olan istedadlı şair Cəlaləddin Budatoğlu ilə yaradıcılığı, onun ədəbi tənqidə, əyalət ədəbiyyatına, ədəbiyyatın təbliğində mətbuatın, televiziyanın bu günkü durumuna münasibətindən,sosial problemlərdən söhbət açdıq. Heykəllərindən boylanaraq sanki bizə baxan və diqqətlə bizi dinləyən həmin dahilərin də "şahidi" olduğu söhbətimizi dəyərli oxucularımıza təqdim edirik :

- Deyirlər ki,istedad ruzi kimi bir şeydir. O, Allah tərəfindən verilir. Bu fikri Cəlaləddin Budatoğlu necə qəbul edir ?
- İstedad Allah vergisidir,-deyirlər. Bəlkə də həqiqətən bu belədir. Amma şairlik,istedad Allah vergisi ola da bilər, olmaya da bilər. Bir tərəfdən düşünürsən ki, şairə istedadı Allah veribsə niyə bəzi şairlər peyğəmbərlik,hətta bəzən Allahlıq iddiasına düşürlər. Bir tərəfdən də ədəbiyyat tariximizdə Yunus Əmrə,Sarı Aşıq, Aşıq Alı,Aşıq Ələskər kimi söz dahiləri olub ki, onlar yazı-pozusuz bədahətən şeir deməyi bacarıblar,ruhən ozan,dərviş təbiətli idilər. Ancaq Allahlıq,peyğəmbərlik iddiasında olmayıblar. Allahdan qorxublar. Belə fikirlər onların düşüncə tərzinə ümumiyyətlə yad olub. Bəlkə də bir səbəbi də o zaman təbiətin, cəmiyyətin bir başqa cür olması, daha təmiz,saf insanların əhatəsində,halallıq üstündə köklənmələri olub. Sonralar mizan-tərəzi pozuldu. Cəmiyyət dəyişdikcə insanlar da dəyişməyə başladı. İslam mədəniyyəti şüurlara hakim olduqca əvvəlki tanrıçılıq ənənələri,ozançılıq,dərvişçilik,əsrlər boyu gündəlik həyatda yaşadılan türkçülük, ulu-oğuz-türkmən mədəniyyəti sıradan çıxdı. Bu mədəniyyət köçəri türklərin tərəkəmə həyatına uyğunlaşmış,inkişaf etmiş azad həyata,azad düşüncəyə söykənmişdi. Əvəzində müqəddəs kitabımız "Qurani Kərim"də olmayan,yalnız təsvirçilərin sonradan uydurduqları tayfa-qəbilə mədəniyyəti,şəriət və mövhumat qanunları hakim olmağa başladı. Azad düşüncə qorxu və xofla əvəz olundu. Peyğəmbərimiz (s.a.v.) məndən qorxun demirdi,Allahdan qorxun deyirdi. Bölünməyin,birləşin,insan-insanın qardaşıdır-deyirdi.Hamını islam bayrağı altında birləşməyə çağırırdı. XII əsrdən XVI əsrə kimi ədəbiyyat tariximizə nəzər salsaq görərik ki, bu dövrdə Nizami,Məhsəti,Xaqani,Nəsimi,Füzuli kimi dahilər yetişib. Bu dövr əslində ədəbiyyatımızın intibah dövrü idi. XVII əsrdən XX əsrə kimi də qüdrətli şairlərimiz olub. Lakin, gəlin etiraf edək ki, onların heç birini Nizami, Nəsimi, Füzuli ilə müqayisə etmək olmaz. Çünki onlar bütün zamanların şairləri idilər. Onlar dünyəvi ideallara xidmət etmişdilər.
Ümumiyyətlə, istedad hər bir insanda ruhən,cismən doğulur. İrsən də ola bilər. Sonradan zəhmətlə qazanılaraq istedada çevrilən vərdiş isə özündə hiss etdiyi közərtini, odu yanğıya çevirməyi bacaranlara xasdır. İstedadlı adamlara başlanğıc lazımdır ki, onların ruhunu yerindən oyatsın ... Kimini ilk sevginin nakamlığı, kimini ağrılı-acılı həyatın onun taleyində açdığı şırımlar, kimini vətən, yurd həsrəti, kimini uzaq ulduzların əsrarəngiz gözəlliyi yerindən "onyada" bilər. Onda istedadlı insan "havalanar" o idarəetmənin cazibə qüvvəsindən çıxar və daxili hiss-həyəcanının əsrinə çevrilər... O anda şair maddiyətdən ayrılmış kimi görünər. O ruhən özünü körpə uşağa,ahıl qocaya,hətta qayada bitmiş tək palıda,göylərə ucalan Şahdağına da bənzədə bilər. Bəli, insana yaradıcı xislətini Allah vermişdir. İnsan insanın zahirən təkrarı kimi görünür,maddi və mənəvi biçimlər isə bir-birindən tamamilə fərqli baxış bucaqlarının düz mütənasibliyində birləşməyə məcbur edilmişlər. Yəni insan insan kimi doğulur,yaşayır, insan kimi də ölməlidir və ölür. Quş uçmağa,ilan sürünməyə məhkumdur. İnsan özünü quşa, ağaca, dağa bənzədə bilməz. Bənzədirsə reallıqda heç nədir,yalnız bədii təsvir vasitəsinə çevrilər. Böyük şair, böyük insan, böyük rəssam və s. yoxdur. Mənim üçün kamil və müdrik insan, kamil şair, ustad şair var. Nədənsə böyük olmaq istəyirik.Vaxtilə Böyük Turan,turançılıq olub, sonra Böyük Azərbaycan dedilər. Baxırsan ki, böyük-böyük deyə kiçilirik. İndi Böyük Azərbaycanda bir ovuc torpaq qalıb. Onun da 20 faizi işğalda. Böyüklük iddiası sanki qanımıza işləyib, qardaş. Yerindən duran bir iki şeir yazıb, sonra da böyük olmaq istəyir. Böyüklük, ucalıq yalnız Allaha məxsusdur. İstedad məqama yaxınlaşmaqdır. Ancaq saf bulaq kimi təmiz əqidə və əxlaqı olanlar məqami-şərifə yaxınlaşa bilərlər. Məqami-şərif isə müqəddəsliyin özüdür. Orda ruhlar dolaşır... Nizami, Nəsimi, Füzuli, Sabir heç vaxt böyüklük iddiasında olmamışlar. Nizamiyə şeyx, Füzuliyə Molla Məhəmməd deyirdilər. Nəsimi tərki-cahan hürufi idi. Sabir sabun bişirən... Amma onlar məktəb yaratdılar ədəbi və əbədi məktəblər.
Bütün bəlaların başında elmin dindən ayrılması durur. Din də elm olduğu üçün öyrənilməlidir. Dünya elmin və dinin mütərəqqi qanunları ilə idarə olunmalıdır. Onda hərc-mərclik, ədalətsizlik də olmaz. Şəriət qaydaları, mövhumat, fitvalar uydurmadır, qaranlıq quyuya daş atmaqdır. Bu,bulanıq suda balıq tutmağa bənzəyir. Dini qanunlar səmavi kitablardan gəlir. Allahın kitablarından kənara çıxmaq şeytanla əlbir olmaq qədər qorxuludur,insan mənəviyyatına şübhə toxumları səpir.
- Ədəbiyyatın, yazarların bir qədər eqoistləşdiyi hiss edilir. Günün mövzularını ədəbiyyata layiq bilməyən,özündən razı ədəbiyyat formalaşır. Xüsusilə də yeni nəslin nümayəndələri arasında...
- Bəli, yeni nəslin nümayəndələri arasında eqoistlik var. Söhbət təmiz qələm sahiblərindən gedirsə o, eqoist olmur. Qısqanclıq istedadın həcminin zəifliyindən yaranır. İstedadlı adamın ixtiyarı yoxdur ki, başqa istedadlara qıcqanclıqla yanaşsın. Bu yolverilməzdir. Ən azı istedadlı qələm sahibləri bunu başa düşürlər. Onu da dərk edirlər ki, bu istedadı Allah mənə təmənnasız verib. Niyə mən cəmiyyətə onu təmənnalı xərcləməliyəm. Hər bir yazar özü öz qiymətini yaxşı bilir.
Hər bir yaradıcı insanda Allah eşqi olmalıdır. Əyər bu yoxdursa onda çox iddialı oluruq,yekə-yekə danışırıq,özümüzə vurğunluq, şöhrət xəstəsi oluruq. Klassiklərə, dahi insanlara lağ etmək, onları bəyənməmək küfrdür. İnsanlıqdan uzaq olan bu varlıqlardan soruşasan ki, sən özün kimsən axı ? Xalq qarşısında sənin hansı müstəsna xidmətlərin var ki, belə yanlış fikirləri ağlına gətirməyə belə cəsarət edirsən. Ədəbiyyatı gör nə günə salıblar ki, ucuzlaşdırıb meydən, meyxanədən ləzzət almağa başlamışıq, bir növ həzz alırıq. Ucuz reklamçıların, istedadsız cızmaqaraçıların, qrup, dəstə, tayfabazların ədəbiyyatıdır bu günkü ədəbiyyat. Belə olmasaydı sosial şəbəkələr gecə-gündüz beyinlərə şeir,tərif dolu rəy və statuslar yeritməzdi. Müğənnilər, dırnaqarası şairlər küçə məhəbbətlərindən, sevgidən bu qədər yüksək pafosla yazmazdılar.
Böyük Nizami vaxtında deyib:

Eşqdir məhrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin ...

Biz hamımız bu dünyanın,bu eşqin içindəyik. Sən Nizamidən üstün nə deyə bilərsən axı?Sadəcə insan öz şəxsiyyətinə özü qiymət verməlidir. Səni alqışlayanlar da sənin düşüncə tərzinə uyğun dayazlıqda gövhər axtaranlardır. Başqa xalqların ədəbiyyatında bizdə olan bölgü,özünə ad vermə ənənəsi yoxdur. Bəzi "nəğməkar şairlər" ancaq nəğmə,mahnı yazmaqla həmin nəğmələri bu gün efirimizi biabırçı günə qoyan dırnaqarası müğənnilərə satıb pul qazanmaqla məşğuldur. Ədəbiyyatı 60-70-80-ci illərə bölüb özlərinə əbədilik axtaranlar yanılırlar.Qüdrətli və ustad şairlərin yetişməsi 100 ildən və bəlkə daha böyük zaman kəsiyində mümkün ola bilər.
Yaradıcı, az-çox istedadı olan şairlərdə bu aşınma,qarın qaşınması hardan qaynaqlanır? Kifayət qədər tanınmış,kitabları (içi boş olsa da) tirajlanan Azərbaycan ədəbi mühitində özünü söz sahibi hesab edənlərin bir çoxu bu gün ədəbiyyatı bazar mühitinə,alver predmetinə və daha nələrə çevirməyiblər ki ?... Necə deyərlər bir məsəl var, - başını salıb kolluğa,arxasından xəbəri yoxdur. Xalqın gözü tərəzidir, xalq hər şeyi görür axı... Yenə də deyirəm; ən azından ayıbdır, utanmaq lazımdır. Mənə deyə bilərlər ki, sən kimsən ? Sənin mənəvi haqqın varmı belə danışmağa? Mənim cavabım isə budur: Reklam və ucuz şöhrətə qaçmamışam, kiməsə "hörmət" edib "dost" olmamışam, mədhiyyələrə aludəçiliyim yoxdur. Dəstəbazlıq, tayfabazlıq etməmişəm. Mən Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış, canı ilə qanı ilə türk soylarından biri olan, bu gün azlıqda qalan ən qədim oğuzların nirun türkləri hesab olunan Budat tayfasındanam və etnik kökümlə fəxr edirəm. Yeri düşmüşkən deyim ki, Azərbaycanın şimalında - Quba dağıstanında yaşayan etnik qrupların hamısı türk soyludur. Çox təəssüf ki, tarixçilərimiz,dilçilərimiz bu canlı abidələri lazımınca tədqiq etməyiblər. Bolşevik ideologiyasının tör-töküntüləri bu xalqlara ikili standartlarla yanaşmış, onları, ulu türk köklərindən ayırıb müxtəlif adlar vermişlər. Bizim tarixçilərimiz və dilçilərimiz də onların yazdıqlarını "etalon" kimi götürüb tərcümə etməklə kifayətlənmişlər. Dediyim budur ki, mən etnik saydığımız, tarixinə, dilinə elmi dəyər verilməmiş kiçik bir xalqın şairi olmağımla yalnız fəxr edə bilərəm. Onlar məni şair kimi qəbul edirlərsə yazdıqlarımı Azərbaycan ədəbiyyatının bir qolu olan etnik xalqların ədəbi nümunələri olaraq qəbul etməyə borcludurlar. Mənim bu dediklərim mütərəqqi fikirli ziyalılarımızı sevindirməlidir, mən bölücü yox, birləşdiriciyəm. Bu ədəbi nümunələrin də yaşamaq haqqı vardır.
(ardı gələn sayımızda)


İmza:
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK