adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Noyabr 2018 00:01
5208
GÜNDƏM
A- A+

DƏLİDAĞIN HARAYI


Mikayıl Yanar
(Poema)


Azərbaycanın böyük saz-söz ustadı Dədə Şəmşirin anadan olmasının 125 illik yubileyi münasibəti ilə

Kəlbəcərin qoynuna,
Yeni gəlirdi bahar.
yollarda çiçək-çiçək,
Üzə gülürdü bahar.
Təzəcə açılırdı,
Şəlalələrin dili.
Dağlara uzanırdı,
Baharın yaşıl əli.
Təbiətin sevgisi,
Daşırdı bulaq-bulaq.
Yaz hənri duyulurdu,
Meşədən yarpaq-yarpaq.
Kəlbəcər xəbərsizdi,
Yaxınlaşan tufandan.
Yazın ətri gəlirdi,
Yamaclarda, dumandan.
Niyə batdı bir anda,
Günəşin işıq seli.
Bu torpağa, bu yurda,
Hələ bahardan qabaq:
Çatdı düşmənin əli...

***
Bu torpaqda, bu yurdda,
Boy atmamış al güllər.
Boy atıb tüstü-tüstü,
Qalxdı göyə güllələr.
Daha yazın nəfəsi,
Gülə bilmədi üzə.
Evlər od tutub yandı,
Tuşladı düşmən üstə.
Tüstüsü nizə-nizə,
Cığırlar da qorxudan,
Bir-birinə dolaşdı.
Yol gələn qaranquş da,
Tüstüdə yolu çaşdı.
Baş verən bu faciə,
Sığmadı göyə-yerə.
Oğulların hər biri,
Döndü canlı səngərə...

***
Nə susmusan, Dəlidağ,
Necə dözürsən qəstə.
Özün boyda yumruq ol, -
Çırpıl düşmənin üstə.
Nə susmusan, Dəlidağ,
Doğru eylə gumanı.
Ərit öz nəfəsində,
Qara donlu duman.
Nə susmusan, Dəlidağ,
Tülkü meydan oxuyur.
Qoynun gül-çiçək deyil,
Ancaq barıt qoxuyur.
Nə susmusan, Dəlidağ,
Sinənə dağ çəkdilər.
Qoynunda bircə anda,
Topla mərmi əkdilər.
Nə susmusan, Dəlidağ,
Nə verərlər susmağa?
Bu döyüşdə haqq üçün,
Çevril bir daş bayrağa...

***
Təzə-tər nəğmələrlə,
Dinə bilmədin Tərtər,
Axıb xoş qəhqəhəylə,
Gülə bilmədin Tərtər.
Qanlar axıb qarışdı,
Sənin o saf suyuna,
Vaxtında çatammadıq,
Harayına-hayına.
Düşmənlərin önündə,
Nə yaman batdın yasa.
Axdın sən susa-susa,
Haqsızlığın önündə,
Yenə qaldır hay-haray.
Yoxsa qalar axırda,
Sənin adın "Qanlı çay"...
Oyan-oyan dədə Şəmşir,
Bu nə bahar, bu nə yazdı.
Ağdabanın taleyini,
Göydəki tanrımız deyil,
Ermənilər qara yazdı.
Obana bir od vurdular,
Tüstüsü çıxdı başımdan.
Düşmənlərin torpaq nəfsi,
İlan tək qıvrılıb keçdi,
Sənin qayandan-daşından,
Oyan, oyan, Dədə Şəmşir,
Sazını döndər silaha,
Mizrab-mizrab qılınc endir,
Sən bu amana bu aha.
Oylağında ölüm-qan var, -
Dayanma, çal "Qoç Koroğlu".
Qoy bundan güc-qüdrət tapsın,
Obanın hər igid oğlu.
Oyan, oyan Dədə Şəmşir,
Yandırdılar oymağını,
Ağacını, otunu da.
Yandırdılar ürəyinin,
Kağızlarda qalaqlanmış,
Alovunu, odunu da.
Bu qansızlar nə qandılar,
Şeir-sənət nədir axı?
Yandırdılar ürəyindən,
Od bükülmüş hər varağı.
Şeir-sənət nədir axı?
Nə qanıb, nə qandırdılar,
Ürəyinin odunu da,
Oda atıb yandırdılar!..