adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Noyabr 2018 00:36
5613
GÜNDƏM
A- A+

ZƏFƏR HƏSRƏTLİ VƏTƏN EPOPEYASI

(əvvəli ötən sayımızda)

Jül Renarın gündəliyindən çox incə ironiya ilə deyilmiş bir cümlə də maraqlıdır: "Ürəyimə damıb ki, müharibə başlansa vətənpərvər olacağam". Müdrik Safruhun kinayəsi daha "duzlu - məzəli"dir: "Cana bax, arkadaş, cana! O, Vətən deyildir ki, itin-qurdun ayağına verəsən".
Qarabağ müharibəsi dövründə hərbi nizam-intizama, davranış və müraciət qaydalarına uyğun gəlməyən, Vətənin mənafeyindən öz şəxsi nüfuzunu üstün tutan siyasi qrupların, yaxud sərvət, qənimət üstündə bir-birinə qənim kəsilən başıpozuq dəstələrin hərəkətləri yazıçının diqqətindən yayına bilməzdi: "İçəri keçdi. Stolun sağ, üzümlüyə açılan pəncərə tərəfində uzun saqqallı, dolu bədənli bir gənc oturmuşdu. O, Exim bəy haqqında eşitsə də hələ ki, üzünü görməmişdi.
-Xoş gəldin, bəy, səni təbrik edirəm. - Əl tutub görüşdülər. Baş leytenant keçib saqqallı ilə üzbəüz oturdu. İlk dəfə ünvanlanan "Bəy" müraciəti onu bir az qıcıqlandırmışdı.
-Mən hərbi xidmətdəyəm. Ya adımla çağırın, ya da "yoldaş baş leytenant" deyə müraciət edin..."
Romanda hakimiyyət nümayəndələri ilə "Bozqurd"ların münasibətləri arasındakı dərin uçurumdan, siyasi qüvvələrin mövqe savaşlarından, ön cəbhədəki hərc-mərclikdən bəhs edilən söhbətlərdən nəticə çıxarmaq olar ki, nə qədər müharibə kabusu ilə üzləşən bolgələrdə "paqon harayında olan tahirlər, fərariliyi ilə xoruzlanan Buğdalılar, erməni Sonaların gəlinləri", adı kimi, geni də dəyişdirilmiş yerli Aşotlar, gizli kodlu məchul İlhamələr, silahımızı oğurlayıb qaçan inandığımız Yeqorlar var, biz hələ iki səngərdə - daxildə öz manqurtlarımızla, xaricdə bədxah düşmənlərimiz və onlara havadarlıq edən yalançı sülhsevərlələ vuruşmalıyıq. Həm də cəbhə bölgəsində özünü yeganə qanuni "xozeyin" sanan Tarasinlərlə, Arazın o tayındakı agent "qardaş"larımızla...
O taydakı qardaşlarımız demişkən, əsərdə çoxumuza bəlli olan bir yaralı yerimizi yazıçı ustalıqla qələmə almışdır: "-Xatırlayırsınızmı? Sərhədlər söküləndə biz tərəfdə, dükanlarda iranlılar, bel, çanax, lopatka, dırmıx, şana, kərənti, ketman, balta, dəhrə qoymadılar, hamısını yığıb apardılar.
-Bəs bizim baş bilən tacirlərimiz o taydan nə yığıb gətirdilər? - Gürşad sual verdi, elə özü də öz sualını cavablandırdı. - Saqqız, təsbeh, xına, bir də kəlağayı. Mənasını da bilməmiş olmazsınız. Xınanı göndəriblər ki, başı ağarmış kişilər ağ saçlarını görüb qocalıqdan qorxduqlarından saçlarına xına qoyub gədələşsinlər. Sonra da iranlılar dedilər: "Təsbehi verdik əllərinə, saqqızı ağızlarına. İstədiyimizi edib kəlağayını da başlarına bağladıq..."
Yaradan bəşər övladını xəlq eləyəndə tam kamil insan yetişdirmək gücündə olmamışdır. Ona görə də xislətindəki şəxsi mənafe, tamahkarlıq, tezbazar varlanmaq toxumları insan təbiətində cücərməyə həmişə münbit mühit axtarmışdır. Müharibə şəraitində, igid ərənlər Vətənin müdafiəsinə qalxanda girəvə gözləyən hiyləgərlər fürsətdən yararlanaraq maddi sərvət naminə hər hansı bir alış-verişə girişə bildilər. Yazıçı bu nüansları ürək ağrısı ilə çatdırır. Bu zaman qeyrət də, namus da, Əli bəy demişkən, "baş bilən tacirlərimiz"in "yadından çıxır".
İstər - istəməz Jül Renarın gündəliyindən bir qeyd yadıma düşdü: "Axır ki, insanı heyvandan fərqləndirən cəhəti öyrəndim. Sən, demə bu rul bəlaları imiş..."
Bir də son yüzilliklərin daxilimizdə yurd-yuva salmış eybəcər mənəvi xərçənglərindən biri - qohumbazlıq və yerlibazlıq hətta ən çətin vaxtlarda - Vətənin dar günündə də iblis kimi bizim içimizdən əl çəkmir. Kapitan Hüseynovla korpus komandir Surət Hüseynovun söhbətində elə mətləblər üzə çıxır ki, sanki onlar Vətəni yox, öz dədə-baba mülkünü, bostanını qoruyurlar:
"-Bir də nüvədililərin məsələsini dəqiqləşdirmək istəyirdim.
-Nədir, nə olub nüvədililərə?
-Nüvədililərə heç nə olmayıb. O gələn Nüvədi bölüyünü deyirəm.
-Onların ki sənə bir maneçilikləri yoxdur?
-Mənə heç bir maneçilikləri yoxdur. Amma bilmək istəyirdim görüm...
-Sən bilirsənmi ki, atamın babası əslən Nüvədidəndir. Məşhur cin tutan Hüseynxan kişinin nəvəsidir. Qoy, nüvədililər mənim hesabıma yaylaqda kef eləsinlər. Onlara bir lazımsız post təhkim edin, dursunlar orda. Başqa heç bir döyüş əməliyyatına cəlb etməyin. Vaxt gələr, onlar bizə lazım olarlar.
Qərargah rəisinin müavini axşam Yevlaxdan müxtəlif çeşid silah və sürsatlarla qayıdan tabor komandirindən uğurlu görüş xəbərini alıb nə qədər sevinsə də Nüvədi bölüyünün döyüş təyinatının nədən ibarət olduğunu bilib bir o qədər məyus oldu..."
"Vaxt gələr, onlar bizə lazım olarlar" cümləsinin arxasında nələr gizlənirdi? Bu çox-çox sonralar məlum olacaqdı...
Görəsən, biz nəyə görə sayılıb-seçilən, milli qürurumuzu qoruyan, milli ruhumuzu yaşadan ərənlərimizə ya "qaçaq" deyirik, ya da "dəli". Hər iki sözün ikibaşlı mənasının müsbət olmayan mənasına üstünlük vermək də şakərimizdir. Nadanlarımızın çoxu indi də qanmır ki, Çənlibel dəlilər məskəni yox, igidlər, yəni dəli-dolu ərənlər yurdudur. Yaxud anlamırlar ki, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq İsrafil xalq, el-oba təəssübü çəkən, xalqa yuxarıdan aşağı baxanları yerində oturtmağı bacaran sanballı kişilər olublar. Nə düşmən qabağından qaçan fərari olublar, nə də quldur. Belə çılğın, kür, qaynarqanlı Vətən oğullarının şücaətinə kölgə salan "qaçaq"larımız cəbhə bölgələrində "qaçaq"lıqla fərariliyi eyniləşdiriblər.
Podpolkovnik Tarasinin ermənilərin Sürtün təpələrini tutacaqları, səhər isə Vejnəli və Ağbənd kəndlərinin köçürüləcəyi xəbərdarlığını dinləyib, erməniləri qabaqlamağın yollarını götür-qoy edəndə baş leytenant Rzaquliyevin yadına bir vaxtlar xidmət keçdiyi Çita vilayəti Stretenski qəsəbəsindəki 75-ci Pulemyot-Artilleriya diviziyasının komandiri polkovnik Zaytsevin sözləri düşdü: "Azərbaycan - Ermənistan müharibəsində hansı tərəf alay və briqadalarını tez yaradarsa, müharibəni də o tərəf qazanmış olar". Elə həmin görüşlərin birində... əslən Xankəndindən olan həmin diviziyada komandirin arxa cəbhə üzrə müavini vəzifəsində xidmət edən, milliyyətcə erməni olan polkovnik Çamuryan gileylənirdi: "Ermənilər məni zorla İrəvana çağırıb general vəzifəsi təklif edirlər, azərbaycanlılar isə xidmət yerini Bakıya dəyişmək istəyən azərbaycanlı zabitdən üç mindən on minədək rüşvət istəyirlər". Bu hadisə Sovet hökumətinin dağıldığı, müstəqil ölkələrin yaranmağa başladığı dövrə təsadüf edir. Azərbaycan tərəfi müharibə girdabında boğulsa belə Sovet ordusunda olan peşəkar zabitlərini havayı vətənə xidmətə gətirmək istəmirdi, onlardan da rüşvət umurdu. Bu, tarixdə utancgətirici bir amildir, ancaq reallıqdır. Əzəli düşmənimizin nümayəndəsinin dilindən bu fikirləri eşitmək çox utancvericidir. Eləcə də Rusiyadakı hərbi xidmətinə son qoyub Vətənin çətin anlarında Azərbaycana qayıdan, cəbhənin qaynar nöqtəsində xidmət etmək istəyən təcrübəli baş leytenant Rzaquliyevə və onun kimi qəbula düşmək üçün Müdafiə Nazirliyinin həyətində günlərlə gözləyən neçə-neçə peşəkar hərbçiyə olan laqeyd münasibəti anlamaq çox çətindir. Vətənin, xalqın çətin günlərində də tamah, şəxsi mənafe yaddan çıxmır, Vətən dərdi bəzi vicdanı eroziyaya məruz qalanlar üçün ikinci, üçüncü yerdə olur. Belə acı gerçəkliklər, ilk novbədə rüşvətxorluq kabusudur, bizi şanlı zəfərlərdən ayıran! Bir də mərhəmətli, xeyirxah olmağımız, dostumuzu, düşmənimizii yaxşı tanımamağımız həmişə başına bəlalar gətirmişdir. XX əsrin əvvəllərindən bəri başımıza gələnlər bizi qəflət yuxusunda ayıltmamışdır. Belə bir reallığı Əli bəy Azəri romanında bir daha qabartmışdır ki, unutqan olmayaq: "Erməni Sonanın gəlini Sevda Həsənova Ərazi Özünümüdafiə Taborunun qərargahında makinaçı işləyir. Hazırlanan bütün sənədlərdən xəbərdardır. Qara kağız, kapirovka vasitəsilə hər bir sənədin, o cümlədən şəxsi heyətin ştat-vəzifə cədvəli üzrə siyahısının bir nüsxəsini, hansı ki, məxfi hesab olunur, əldə edib istənilən yerə ötürə bilər..."
Yaxud, Aşot ləqəbli kefi istəyəndə Bakıdan gəlib səngərdə dayanan könüllülərə qoşulan soy-kökü naməlumdan, "nəyə gəldiyi, niyə getdiyi bilinməyən, özü ilə bir silah da aparan" Yeqor kimi casusdan heç kim baş açmırsa, müharibənin hansı sərt qanunlarından söhbət gedə bilər? Belələri nəinki şərə qarşı vuruşmurlar, əksinə, şərlə əməkdaşlıq edirlər.
"Mənim gənc dostlarım! Amerikadan xəbər almayın ki, o sizə nə verib, özünüzdən soruşun ki, Amerikaya nə vermisiniz". ABŞ-ın keçmiş prezidenti Kennedinin memorialı üzərində onun universitet tələbələrinə dediyi bu sözlər həkk olunmuşdur.
Müdrik fikrin milləti, Vətəni olmur. Kennedinin müraciətindəki "Amerika" sözünü "Azərbaycan" kəlməsi ilə dəyişək, dərindən fikirləşək. Biz ana Vətənimizə, Azərbaycana nə vermişik?!
Bu düşüncələr burulğanında çabalamağıma səbəb "Hərbi Zəngilan" romanının üçüncü fəslindəki "Bəşaratda" bölümündə yazıçının qabartdığı ürəkağıdan acılar oldu. Biz nə qədər şəxsi ambisiyalarımızın, nəfsimizin, şöhrətpərəstliyimizin əsiri olacağıq? Vətənin dar günündə də yumruq kimi birləşməyi, düşmənə sarsıdıcı zərbə vurmağı bacarmırıqsa, hətta bir-birimizə qənim oluruqsa, hansı müqəddəs amallardan danışa bilərik:
"Bu zaman yaxınlıqdakı təpənin arxasında şıdırğı atışma başladı.
-Bəs bu atışanlar kimlərdir? Onlar da ermənilərdir?
-Yox, onlar özümüzünkülərdir. Meşədə razborka aparırlar.
-Kiminlə, ermənilərlə?
-Yox, öz aralarında.
-Necə yəni özümüzünkülər? Öz aralarında...
-Rəhmətlik Əlyar bəy öləndən sonra onun batalyonundan olan bir dəstə silahlarını götürb çəkilib meşəyə. Vaqifin dəstəsi ilə razborkaya çıxıblar. Deyirlər guya bəyin ölümündə Vaqifin əli var.
-Vaqif kimdir?
-Siz haradan gəlmisiniz? Vaqifi də tanımırsınız? Vaqifi tanımayan var? Güləbirdli Vaqif - laçınlı komandir batalyon. Meşədə bir dəstə də onun uşaqlarındandır. Əlyarın uşaqları ilə üç gündür ki, atışırlar..."
İki hərbçinin bu dioloqunda nə qədər sirli, müəmmalı suallar, daha doğrusu, həqiqətlər gizləndiyini anlamamaq mümkün deyil. Qarabağ savaşının belə qara səhifələri, görəsən, kimə başucalığı gətirir? Məncə, heç kimə...
Nə yaxşı ki, müharibə zonasında bədxahlar, casuslar, xalq yazıçısı İsmayıl Şıxlı demişkən, "sapı özümüzdən olan baltalar", türkə qənim kəsilən "türk"lər, "özümüzü kəsən qılınclarımız" (Bəxtiyar Vahabzadə) çox deyil. Nə yaxşı ki, Vətəni, torpağı, mənsub olduğu xalqı sevən namus, qeyrət mücəssəməsi, təmiz Türk qanlı Vətən övladları çoxdur. Qorxaqlar, satqınlar anlamırlar ki, "qorxu ölümdən qabaqkı ölümdür" (Asif Əfəndiyev). Bir də unutmaq olmaz ki, ilahi varlıqlar - Vətən, torpaq, xalq, qeyrət, namus, azadlıq uğrunda hər an mübarizə aparmaq, bu mənəvi nemətləri göz bəbəyi kimi qorumaq lazımdır. Mübarizə yaşamaqdır, var olmaqdır. El məsəlində deyildiyi kimi, kim ki, mübarizə aparır - uduza bilər, kim ki, mübarizə aparmır - artıq uduzub.
Nə yaxşı ki, müharibə zonasında bədxahlar, casuslar, xalq yazıçısı İsmayıl Şıxlı demişkən, "sapı özümüzdən olan baltalar", türkə qənim kəsilən "türk"lər, "özümüzü kəsən qılınclarımız" (Bəxtiyar Vahabzadə) çox deyil. Nə yaxşı ki, Vətəni, torpağı, mənsub olduğu xalqı sevən namus, qeyrət mücəssəməsi, təmiz Türk qanlı Vətən övladları çoxdur. Qorxaqlar, satqınlar anlamırlar ki, "qorxu ölümdən qabaqkı ölümdür" (Asif Əfəndiyev). Bir də unutmaq olmaz ki, ilahi varlıqlar - Vətən, torpaq, xalq, qeyrət, namus, azadlıq uğrunda hər an mübarizə aparmaq, bu mənəvi nemətləri göz bəbəyi kimi qorumaq lazımdır. Mübarizə yaşamaqdır, var olmaqdır. El məsəlində deyildiyi kimi, kim ki, mübarizə aparır - uduza bilər, kim ki, mübarizə aparmır - artıq uduzub.
Roman - xronikanın ikinci fəslinin "Gizli oyun" bölümündə müharibə dövrünün daha bir acı reallığından - azadlığımızı və müstəqilliyimizi həzm edə bilməyən bədxah qonşularımızın düşmən dəyirmanına su tökməsindən bəhs edilir:
"Acı xəbər səhər saatlarında gəldi. Hasanı bağı zastavasında xidmət çəkib İranla sərhəddi qoruyan rus sərhədçiləri zastavanı yandırmaq istəyirlər".
"Qonşun pisdir, köç qurtar..." atalar məsəlimizdə bir çox atalar sözlərindəki kimi razılaşmadığım məntiqsiz fikirlər var. Yaxşı qonşu axtara-axtara ev-eşiyimizi, elimizi, yurdumuzu, torpağımızı, Vətənimizi tərk edib harasa getməliyikmi? Bu hansı məntiqə uyğundur? Azərbaycanın əzəli, əbədi məkrli qonşuları - İran və Rusiya digər tamahkar qonşumuza - bədxah ermənilərə arxa, dayaq duraraq onların quduz it kimi üstümüzə hürməsinə şərait yaratmışlar.
Əli bəy Azəri də bu incə məqama həssas münasibət bildirir:
"Qərargah rəisi baş leytenant Cəbrayılov üzünü müavininə tutub dedi:
-Özün məşğul ol, gör nə məsələdir. Ermənilərlə vəziyyəti güclə sabitləşdirmişik, indi də ruslarlamı başlayaq?
...Rusiya tərəfi Elçibəy hökumətini sevmir. Dövlət katibi Pənah Hüseynov Moskvada işgüzar səfərdədir. Normal qonşuluq münasibətləri yaratmaq üçün danışıqlar aparır. Məhz bu ərəfədə bəzi qara qüvvələrin Milli Ordu ilə Rusiyanın ölkəmizdə olan Sərhəd Qoşunları arasında konflikt törədib danışıqlara xələl gətirməsinə yol vermək olmaz.

(ardı gələn sayımızda)