adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Noyabr 2018 10:55
12158
ELM VƏ TƏHSİL
A- A+

Qlobal qazma şirkəti MHWirth Bakı Ali Neft Məktəbində olub

Bakı Ali Neft Məktəbində (BANM) tanınmış qazma şirkəti MHWirth şirkətilə görüş keçirilib. Görüşdə rektor Elmar Qasımov, MhWirth şirkətinin Xəzər hövzəsi, Yaxın Şərq və Şimali Afrika əməliyyatları üzrə rəhbəri, Baş Vitse prezident Yohannes Eikland, şirkətin Azərbaycan nümayəndəliyinin baş meneceri Rüfət Ziyadxanov, Biznes xidmətləri üzrə menecer Azər Məmmədov, BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və Ali Məktəbin digər məsul əməkdaşları iştirak ediblər.

Adalet.az xəbər verir ki, görüşü öz sözlərilə açan Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM və onun son uğurları, tələbələri və tədris proqramları haqda danışıb. Rektor həmçinin qeyd edib ki, BANM-da təhsilin ingilis dilində olması onun tələbə və məzunlarının iri neft-qaz və enerji sektorunda olan transmilli şirkətlərə inteqrasiyasını asanlaşdırır.

Ali Məktəbinin kampusunun çox möhtəşəm olduğunu bildirən qonaq Yohannes Eikland rektor Elmar Qasımova görüş üçün təşəkkür edib. O bildirib ki, bir əsrdən artıq müddətdə qazma qurğularının qlobal təchizatçısı olan MHWirth şirkətinin Azərbaycan nümayəndəliyində milli kadrlara üstünlük verilir və işçilərə müvafiq təlimlər, seminarlar və simulyasiyalar keçirilir. Bu nöqteyi nəzərdən şirkət BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrası və Neft-qaz kafedrasının əməkdaşları və tələbələrilə əməkdaşlıq edə bilər. Cənab Eikland həmçinin qeyd edib ki, şirkət artıq bütün proseslərin avtomatlaşdırılmasına keçməkdədir. Bu nöqteyi nəzərdən də BANM-ın "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını bitirən məzunlara ehtiyyac duyulmaqdadır.

Görüş zamanı Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri Manafəddin Namazov və Neft-qaz kafedrasının müdiri Farad Kamyabi şirkətlə iş birliyi istiqamətlərinin müəyyən olunması üzrə fikirlər səsləndiriblər.

Şirkətin rəhbəri Ali Məktəbin müəllim və tələbələrindən ibarət nümayəndə heyətini MHWirth şirkəti, orada görülən işlər və təlim proqramları ilə tanış olmaq məqsədilə şirkətə dəvət edib.

Görüşdən sonra qonaqlar Ali Məktəbin kampusuna tur edərək buradakı laboratoriyalar və təlim mərkəzlərinə xüsusi maraq göstəriblər.

Qeyd edək ki, MHWirth şirkəti bir əsrdən artıqdir ki, bütün dünyadan olan müştərilərinə təhlükəsiz qazma həlləri və xidmətləri göstərir.