adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Noyabr 2018 19:08
13345
DÜNYA
A- A+

İrəvan təşvişdə: İranın Qarabağ bəyanatı ölkəni qarışdırdı

İran, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin Qarabağ probleminin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsi ilə bağlı verdiyi birgə bəyanat Ermənistanda qızğın müzakirələrə səbəb olub.

Xatırladaq ki, tərəflər arasında sayca 6-cı dəfə bu cür görüşlər keçirilib və hər dəfə də oxşar bəyanatlar səsləndirilib. Ancaq erməni mətbuatının yazdıqlarına əsaslansaq, sosial şəbəkələrin erməni seqmentinin bu cür kəskin reaksiyası heç vaxt müşahidə olunmayıb.

Axar.azxəbər verir ki, bu faktı İran üzrə erməni ekspert Aaron Vardanyan da təsdiqləyib.

Vardanyan xəbərdarlıq edib ki, heç bir şeyin dəyişmədiyini düşünərək boş-boş oturmaq olmaz. Onun sözlərinə görə, regionda vəziyyət dəyişir – bu isə ildən ilə deyil, artıq hər saniyə baş verir, odur ki, hazır olmaq lazımdır. İrəvan özü ikitərəfli, üçtərəfli görüş təşəbbüsləri ilə çıxış edərək, daha aqressiv siyasət yürütməlidir. Vardanyanın fikrincə, Ermənistanın bunun üçün potensialı var və bir vaxtlar belə formatlar mövcud olub. İndi isə onları yeniləmək və yeni impuls vermək lazımdır.

Ərazi bütövlüyü bəndini şərh edərkən Vardanyan bunları deyib:

"Türkiyə hər dəfə bildirir ki, Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll edilməlidir. İran isə artıq dəfələrlə qeyd edib ki, onun üçün hər şeydən əvvəl vacib olan regionda sülhün olmasıdır. Bundan əlavə, Tehran digər diplomatik üsullarla bir neçə dəfə Qarabağdakı erməni əsgərlərinin İranın şimal sərhədləri yaxınlığında təhlükəsizliyin təmin edilməsinə kömək etdiyi anlayışını ifadə edib. Qarabağda status-kvonun qorunub saxlanması - İran üçün ən əlverişli vəziyyətdir, çünki rəsmi Tehran regionda sərhədlərin dəyişməsinin əleyhinədir”.

Vardanyanın fikrincə, İranın ərazi bütövlüyü prinsipini qeyd etməsi aydın məsələdir. Belə ki, İranın özünün də daxilində islam respublikasının ərazi bütövlüyünü təhlükə altında qoya biləcək etnik xarakterli problemlər mövcuddur.

"Bu problemlərin bir hissəsinin olması təbiidir, digərləri isə xaricdən təşviq olunur. Bu cür problemləri olduğu üçün İran ərazi bütövlüyünü özünün əsas prinsiplərindən biri elan edir”, - Vardanyan qeyd edib.

Bu fakt qarşısında Ermənistanda bir sıra suallar səsləndirilir. Ermənistan-İran münasibətlərində həqiqətən böhran varmı? Narahat olmaq üçün əsas varmı? İki ölkə arasında münasibətlər hansı səviyyədədir?

Hələ yayın əvvəllərində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Nikol Paşinyanın Tehrana səfərinə hazırlıqlar aparıldığını açıqlamışdı. Səfər hələ də baş tutmayıb, bunun əvəzində isə iki ölkənin liderləri BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Bu isə xüsusən iki qonşu, dost ölkə barədə danışarkən effektli müzakirələrin aparılması üçün bir o qədər də uyğun şərait sayılmır.

Digər tərəfdən, hazırda İranda hadisələr aktiv şəkildə inkişaf edir, Birləşmiş Ştatlar həmin kontekstdə Cənubi Qafqazdakı siyasətini radikal şəkildə dəyişərək, bu ölkəyə diplomatik və siyasi təzyiqlərini gücləndirir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri, həmçinin verdiyi bəyanatlar da bundan xəbər verir.

Bununla belə, Vaşinqton İran siyasətində Azərbaycana və ya Ermənistana ayrı-ayrılıqda deyil ümumilikdə regiona diqqət yetirəcək. Bolton Dağlıq Qarabağ probleminin həllinin vacibliyini təsadüfən qeyd etmədi. O, bunu regionda bölgədə yeni bir təhlükəsizlik sisteminin formalaşdırılması üçün ön şərt hesab etdi. Vaşinqton yeni regional platformaların, çoxtərəfli təhlükəsizlik sisteminin yaradılmasına diqqət çəkir ki, bu kontekstdə həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq da mümkün olacaq.

İran regionda onun həyati vacib maraqları hesabına başa gələcək perspektivli ABŞ faktorunun möhkəmlənməsindən narahatdır. Hazırda Tehran ABŞ gündəminə qarşı çıxmaqla vacib regional platformalarda mümkün qədər özünün iştirakını təmin etməyə çalışır.

Erməni politoloq Sərkis Artsruninin fikrincə, Ermənistanda ciddi problemlər var, belə ki, Azərbaycandan fərqli olaraq İrəvan heç bir regional inteqrasiya layihəsində təmsil olunmayıb.

"Hökumət qurulduqdan sonra ilk 6 ayda İran-Ermənistan münasibətlərində aktivləşmənin müşahidə olunmamasını nəzərə alsaq, Paşinyanın Sünik vilayətinə yeni qubernator təyin etməsini narkobizneslə mübarizə ilə əlaqələndirərək məhz İranla sərhədə işarə vurması, Tehranda yeni erməni hökumətinin siyasəti ilə bağlı müəyyən narahatlıqlar yarada bilər və İrəvana siyasi ismarışlar göndərmək məcburiyyətində qalar”, - politoloq bildirib.