adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Noyabr 2018 17:50
13882
ELM VƏ TƏHSİL
A- A+

ADU-da VI Bakı Beynəlxalq Humanitar Forumu müzakirə olundu

Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) 25-26 oktyabr tarixlərində paytaxtımızda keçirilən "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr edilən VI Bakı Beynəlxalq Humanitar Forumu müzakirə olunub.

Adalet.az xəbər verir ki, universitetin Multikulturalizm elmi-tədqiqat laboratoriyası (ETL) tərəfindən təşkil edilən dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumundakı nitqi təhlil edilib.

Açılış nitqi ilə çıxış edən Tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov qonaqları salamlayaraq Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışıb. S.Hüseynov qeyd edib ki, bu forum 2 ildən bir keçirilir və hər dəfə də müxtəlif mövzulara həsr olunur. Azərbaycan Dillər Universiteti də 25 nəfərlik nümayəndə heyəti ilə forumda iştirak edib. O, qeyd edib ki, universitetin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri, akademik Kamal Abdullanın təşəbbüsü ilə məhz bu forumda böyük bir seksiya Azərbaycan multikulturalizm modelinə həsr olunub. Təsadüfi deyil ki, Azərbaycanda təkcə humanitar sahədə deyil, eyni zamanda texniki sahələrdə inkişafın mövcudluğu multikulturalizmin ölkəmizdə dövlət siyasəti olması ilə əlaqədardır. Prezident İlham Əliyev öz çıxışında bildirib ki, bu siyasət daim mövcud olub, amma bunun dövlət siyasəti formasına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə təsadüf edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənov söyləyib ki, budəfəki forumda əsas müzakirə mövzuları sırasında ən mühüm məsələlərdən biri də multikulturalizmlə bağlı olub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xüsusi bir panellə təmsil olunub. Həmin paneldə çıxış edənlər Azərbaycanın multikulturalizmə verdiyi önəmdən və bu istiqamətdə aparılan dövlət siyasətindən, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkə daxilində həm də ölkə xaricində həyata keçirdiyi layihələrdən danışıblar. R.Həsənov vurğulayıb ki, forumda ölkə prezidentinin nitqinin əsas hissəsini Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasəti, ölkəmizdə olan etnik mədəni və dini müxtəliflik və bu milli mənəvi dəyərlərin Azərbaycana bağlı olması təşkil edib.

ADU Multikulturalizm ETL-ın elmi işçisi Əli Fərhadov, BBMM-in şöbə müdiri Rəşad İlyasov forumu əlamətdar hadisə, dünya qlobal forumları sırasında seçilən bir tədbir kimi xaraterizə ediblər. Onlar qeyd ediblər ki, Prezident İlham Əliyevin tədbirdəki çıxışı Azərbaycan multikulturalizmi qarşında bir sıra məsələləri ortaya qoyur və Azərbaycanın bütün dinləri, mədəniyyətləri özündə birləşdirən multikultural bir ruha malik ölkə olduğunu bəyan edir.

Alban-Udi Xristian icmasının sədri Robert Mobili və "Rohani” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev mövzu ilə bağlı fikirlərini bölüşüblər. Onlar azsaylı xalqların nümayəndəsi olaraq yaradılan multikultural mühitə görə ölkə prezidentinə təşəkkürlərini bildiriblər. Robert Mobili Azərbaycandakı multikulturalizmin və tolerantlığın udi modelindən danışıb. O, qeyd edib ki, bu gün udilərin yaşadığı ərazi Azərbaycan multikulturalizminin bariz nümünəsidir. Fəxrəddin Paşayev söyləyib ki, multikulturalizm və tolerantlıq məfhumları olmasa belə tarixə nəzər saldıqda görürük ki, Azərbaycan xalqının kökündə xoşniyyətlilik var. Bu, əsrlər boyu mövcuddur və xalqın adət-ənənəsində irəli gəlib. Çıxışının sonunda o, qeyd edib ki, Azərbaycanda vətəndaşa milli mənsubiyyətinə, dini etiqadına görə deyil, vətəninə xidmətinə görə qiymət verilir.
Dəyirmi masa müzakirələrlə davam edib.

Qeyd edək ki, iki gün davam edən VI Bakı Beynəlxalq Humanitar Forumunda 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Forumda müasir dünyanı narahat edən vacib məsələlər müzakirə edilib.