adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Noyabr 2018 15:21
21674
MƏMLƏKƏT
A- A+

YÜZ ƏLLİ KİLOQRAM DA ERKƏK OLAR? - Faiq QİSMƏTOĞLU yazır

Bizim də dədə-babadan mal-qoyun, qoyun-quzu saxlayan dostlarımız, yaxınlarımız olub. Heç uzağa getməyək, kənddə olanda biz özümüzlə mal-qoyun saxlayardıq. Və həmin mal-qoyunları da özümüz örüşə aparıb otarardıq. Camış və inəklə müqayisədə qoyunu otarmaqda çox çətinliklər çəkirdik. Qara malı ötürürdün örüşə, başını aşağı salıb otunu yeyirdi. Heç vaxt gözdən itməzdi. Amma qoyun-quzular belə deyildi. Kəndin aşağısına örüşə aparırdıq, başımız futbol oynamağa, kitab oxumağa qarışanda bir də görürdük ki, qoyun sürüsü gözdən itib. Nə az, nə çox 3-4 kilometr məsafə qət edərdilər. Biz kənd uşaqları da qan-tərə bata-bata çox çətinliklə də olsa o qoyun-quzunu tapardıq.

Bizim böyüdüb ərsəyə çatdırdığımız erkək qoyunların ən böyüyünün ağırlığı 25-30 kq olardı. Nə qədər ona yem versən də, örüşə aparsan da ondan artıq çəki verən deyildi. Amma indi eşidirik ki, xaricdən yeni qoyun sortları gətirilib. Onların həm keçi kimi uzun buynuzları var, həm də bu erkəkləri böyüdüb boya-başa çatdıranda 130-150 kq ət verirlər. Təbii ki, xarici qoyun cinsləri bizimkilərdən fərqli olaraq daha ağır çəkiyə malikdilər. Tək onların qoyun-quzuları deyil, inək və camışları da ağır çəkili olurlar. Bununla yanaşı, xaricdən gətirilmiş qaramal daha çox süd verir. Deməli, burda yenə hansısa amillər əhəmiyyətli rol oynayır.

Yeni qoyun sortu becərən təsərrüfat adamları deyir ki, bu bizim üçün çox sərfəlidir. Zarafat deyil, onlara bir il qulluq eləyirsən, ağır çəki alır. Sonra da bazara çıxarıb satırsan. Sözün düzü, əti bizimkilər qədər dadlı olmasa da, amma çəkisinə söz ola bilməz. Artıq bizim kənddə çoxlu sayda təsərrüfat adamları bu cür heyvanların alınmasına və bəslənməsinə daha çox üstünlük verirlər. Təbii ki, bu da əldə olunan qazanclarla bağlıdır.

Əlbəttə, kənd təsərrüfatında həmişə yeniliyə üstünlük verilməlidir. Amma bununla yanaşı, özümüzün qoyun sortlarını da qoruyub saxlamaq və artırmaq önəmli əhəmiyyət kəsb etməlidir. Qəssablardan birilə söhbət elədim. Soruşdum ki, payız və qış mövsümündə mal, qoyun əti bahalaşmayacaq ki? O da dedi ki, biz həftədə iki dəfə Bərdədən Bakıya mal və qoyun gətiririk. Rayonlarda iribuynuzlu və xırdabuynuzlu heyvanlar həddindən artıqdır. Ona görə də inanmıram ki, qışda bu ətlər bahalaşsın.

Hər halda, kənd adamlarının dolanışığının böyük hissəsi mal-qoyundan çıxır. Ona görə də onlara şərait yaratmaq və imkan vermək lazımdır ki, ölkədə bolluq yaransın. Əgər ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanlar ucuz olarsa, ətin satışı da ucuz qalar. Bir sözlə, kim hansı yerdən çörək qazanırsa, onun da inkişafına və yüksəlişinə səy göstərməlidir.