ANA SƏHİFƏ / GÜNDƏM

QİYMƏTİNİ EL VERİBDİR ƏZƏLDƏN

5687    |   2018-11-01 00:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Musa NƏBİOĞLU
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi

Bu gün aşıq sənəti və aşıqlardan, xüsusilə də qadın aşıqlardan söz düşəndə Gülarə Azaflının adı birincilər sırasında çəkilir. Bu ad sənətsevərlərə çox şey deyir. Özü də təkcə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli ustadlarından olan Mikayıl Azaflını xatırlatması ilə yox, həm də Gülarə xanımın özünün illərdən bəridir bir sənətkar kimi sənət aləmində sözünü deməsi ilə.
Gülarə Azaflı ustad aşıq Mikayıl Azaflının qızıdır, yəni sənətkar ocağında dünyaya gəlib, gözünü açandan saz görüb, saz səsi eşidib, laylası sazla yoğrulub. Ustad oğlu şəyird olmaz deyimi də elə-belə sözgəlişi yaranmayıb. Körpəlikdən sazla təmasda olan Gülarə xanım sənətin sirlərini ustad atasından öyrənib. Mikayıl Azaflı adı, Mikayıl Azaflının sənəti həmişə onun yoluna işıq salıb. Gülarə xanım bu böyük ustadın - atasının adıyla hər yerdə qürur duysa da, heç zaman bu adın kölgəsində gizlənməyib. Çalışıb ki, həm bu adın şöhrətini, şərəfini qorusun, həm də sənətdə öz yoluyla getsin. Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının dediyi kimi, "illər boyudur ki, bu ocağın saz-söz qeyrətini Azaflı Mikayıl ruhuna, Azaflı Mikayıl adına layiq ülvi bir ucalıqda saxlayır".
Gülarə Azaflı - Gülarə Mikayıl qızı Zeynalova 1959-cu il martın 21-də Tovuz rayonunun Azaflı kəndində görkəmli aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə orta məktəbi, 1983-cü ildə Tovuz Kənd təsərrüfatı texnikumunu bitirib.
Uşaqlıqdan aşıq sənətinə bağlı olan Gülarə xanım hələ gənc yaşlarından müsabiqələrdə iştirak edib və laureat olub. 1983-cü ildə Gəncədəki pedaqoji institutda (indiki Gəncə Dövlət Universiteti) "Çeşmə" folklor ansamblı yaradaraq istedadlı gəncləri öz ətrafında toplayıb, 1994-cü ilədək bu ansamblın bədii rəhbəri kimi fəaliyyət göstərib, on bir il bu kollektivə rəhbərlik edib.
1985-ci ildə Gəncə səhərində keçirilən gənc ozanların 3-cü Ümumittifaq festifalının laureatı olan Gülarə xanım həm də vaxtilə qadın aşıqları öz ətrafında birləşdirən "Aşıq Pəri məclisi"nin ilk üzvlərindəndir. Narınc Xatun dünyasını dəyişəndən sonra isə bu məclisə başçılıq edib. Məhz onun sayəsində ilk yarandığı dövrlərdə sadəcə televizya verilişi kimi fəaliyyətə başlayıb ölkədə məşhurlaşan bu məclis sonradan müstəqil bir təşkilat kimi dövlət qeydiyyatına alınıb. 2000-2013-cü illərdə "Aşıq Pəri məclisi"nə rəhbərlik etdikdən sonra özü könüllü şəkildə təşkilatın sədrliyindən istefa versə də, təsisçi olaraq qalmaqdadır.
Son onilliklərdə respublikamızda keçirilən elə bir mədəni-kütləvi tədbir yoxdur ki, Gülarə xanım orada iştirak etməmiş olsun. 2010 və 2014-cü illərdə Bakıda keçirilən I və II Beynəlxalq Aşıq Festifallarının iştirakçısıdır. Tez-tez müxtəlif televiziya kanallarının musiqili proqramlarında çıxış edərək ozan-aşıq sənətinin qədimliyindən, özünəməxsusluğundan danışır, bu sənətlə bağlı bildiklərini daha geniş auditoriyada gənclərə çatdırır. İndiyədək işıq üzü görmüş "Ata sənətim", "Hanı o səndəki el, Dərələyəz", "İncimərəm" adlı kasetləri, "Aşıq Gülarə Azaflı" adlı videoalbomu də sənətsevərlərə, bu sənətə gəlmək istəyən yeniyetmə və gənclərə qiymətli töhfədir.
Gülarə Azaflının son illərdəki ən böyük xidmətlərindən biri də gənc aşıq qızlardan ibarət "Çeşmə" folklor qrupunu yaradıb ona u]urla rəhbərlik etməsidir. Bu gün ölkəmizdə kifayət qədər tanınan bu qrupdan pərvazlanan neçə-neçə gənc xanım sənətdə öz yolunu tapmaqdadır.
Gülarə Azaflı ictimai fəallığı ilə də seçilən sənətkarlarımızdandır. Azərbaycan aşıqlarının IV, V və VI Qurultaylarının iştirakçısı olub, son iki qurultayda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü seçilib.
Qadın aşıqlar arasında özünəməxsus yeri ilə seçilən Gülarə Azaflı bir sənətkar kimi Azərbaycanda çox yaxşı tanınıb sevildiyi qədər də qonşu Gürcüstanda, Türkiyədə və İranda tanınır, sevilir. Onun bu ölkələrə hər səfəri uğurlu çıxışlarıyla yaddaşlara yazılıb.
UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməklə dünyanın mədəniyyət inciləri sırasında öz halal haqqını alan aşıq sənəti bu gün beynəlxalq aləmdə daha çox tanınır, bu sənətə maraq gündən-günə artır. Aşıq sənətinin beynəlxalq aləmdə məqsədyönlü təbliğində qadın aşıqlarımızın da zəhməti danılmazdır və bu haqda söz düşəndə Gülarə Azaflının xidmətlərini mütləq qeyd etmək lazımdır. O, MDB ölkələri ilə yanaşı, bir sıra Avropa və şərq ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında Azərbaycan mədəniyyətini, aşıq sənətini layiqincə təmsil edib, fəxri diplomlara layiq görülüb, Vətənə bu festivalların qalibi kimi qayıdıb.
2005 və 2011-ci illərdə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festivalındakı uğurlu çıxışını isə həyatının və yaradıcılığının ən unudulmaz anları kimi xatırlayır. Fransada buraxılan "Aşıq Musiqisi Antalogiyası" adlı kompakt diskdə onun da ifası yer alıb.
Gülarə Azaflı eyni zamanda bədii yaradıcılıqla da məşğul olur. "Görüşərik yenə biz" adlı kitabı ilə oxucuların görüşünə gəlib. Həyatda olduğu kimi, poetik yaradıcılığında da səmimidir, təvazökardır. Necə deyərlər, özü yazır, özünü yazır. "Gülarənin mövzu dairəsi aşıq şeiri miqyasındadır: təbiətin gözəlliklərindən, el-yurd məhəbbətindən, milli-mənəvi dəyərlərdən, bir də özünün könül çırpıntılarından, lirik duyğularından yazır. Borçalının, Göyçənin, Qarsın, Təbrizin, Gəncənin, Kəlbəcərin, ana yurdu Tovuzun axar-baxarlı gözəlliklərini, xətirli el camaatını, sazlı-sözlü məclislərini dönüb-dönüb vəsf eləməkdən doymadığının əsas səbəbi, şübhəsiz ki, qəlbindəki el-yurd məhəbbətinin tükənməzliyidir" (M.Qasımlı).
Gülarə Azaflı sənətdə olduğu kimi, poetik yaradıcılığında da ciddidir, özünə qarşı tələbkardır. Məclislərdə sözünün məsuliyyətini və yerini, eləcə də qiymətini biləndir. Çox danışmağı sevmir. Həyatın sərt sınaqları ilə üzləşəndə, "talenin bəd naxışından" bezəndə, "nadanlar yolunu kəsəndə" dərdini sazla bölüşür, ürəyini saza boşaldır:

Bezmişəm taleyin sərt yoxuşundan,
Gəl verək səninlə baş-başa, sazım.

Dünya mövzusunda demək olar ki, bütün şairlər, aşıqlar şeir yazıb, söz qoşublar. Gülarə Azaflının da bu mövzuda şeirləri var və bu şeirlərdə biz onun mövzuya özünəməxsus orijinal yanaşması ilə rastlaşırıq. "Daş olub, daş ömrü" yaşamağı, "günəşli günlərdə üşüməyi", bir ömür "qəm yükü" daşımağı ömürdən-gündən saymır, əgər "yaxşını yamana satacaqdısa", "elə hey başımı qatacaqdısa", belə dünya mənim nəyimə gərəkdir deyir.
İnsanlara gərəkli olmaq, dərdlinin dərdinə şərik olub, sevinənlərin sevincini bölmək, Vətənin əsl vətəndaşı olmaqdır onun həyatda istəyi:

Kiminsə gözyaşın silməyəcəmsə,
Dərdini yarıya bölməyəcəmsə,
Vətənin uğrunda ölməyəcəmsə,
Nəyimə gərəkdir bu dünya mənim?!

"Bəxtin yatmasından" yox, "dost eyləyən xəyanətdən" qorxan Gülarə xanım həm də ucuz şan-şöhrətdən uzaq durmağa çalışır, qiymətini Tanrıdan istəyir:

Qiymətimi özü versin yaradan,
Saxta olan şan-şöhrətdən qorxuram.

Şükürlər olsun ki, həm sənətkar, həm də bir gözəl insan kimi qiymətini də elə arzuladığı kimi, ona yaradan qismət edib. Qiymətini el veribdir əzəldən - bu, onun indiyədək qazandığı xalq sevgisi və tamaşaçı rəğbəti, sənətsevərlərin verdiyi qiymətdir. Və bir də xalqımızın ona olan sevgisinin bir daha təsdiqi kimi, sənət qarşısında xidmətlərinin dövlətimiz tərəfindən də yüksək qiymətləndirilməsi - ölkə Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsidir.



İmza:

Qırğızıstanın Batken vilayətinin prokuroru qətlə yetirilib

Əli Həsənov : Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir

İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yatırıb

Bakı şəhər Baş Polis İdarəsi ötən gün icazəsiz yürüş-mitinq keçirilməsi cəhdi ilə bağlı məlumat yayıb

“Beynəlxalq cinayət törədənlər cəzalandırılmalıdır” - Azay Quliyev

Prezident Oman və Latviya dövlət başçılarını təbrik edib

Azərbaycan Fransaya nota verdi

Dövlət Miqrasiya Xidmətində qısamüddətli təlim

Oqtay Əsədov Türkiyəyə gedəcək

DTX-nın 100 illiyi ilə bağlı medal təsis olundu

Faiq Ağayev o biri deputatlardan əksik deyil - SORĞU

Axır ki, öldüm, ay bala

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK