adalet.az header logo
  • Bakı 17°C
01 Noyabr 2018 00:46
7179
GÜNDƏM
A- A+

ZƏFƏR HƏSRƏTLİ VƏTƏN EPOPEYASI

"Hərbi Zəngilan" roman-xronikasında ən ziddiyyətli dövrün hadisələrinə BAXIŞ BUCAĞI

Azərbaycan 1988-ci ildən - artıq 30 ildir ki, qonşu Ermənistanla müharibə şəraitindədir. SSRİ dağıldıqdan, müttəfiq respublikalar müstəqillik qazanandan sonra müharibə şəraitinin ən qızğın dövrü - aktiv döyüş əməliyyatları mərhələsi başladı. Etnik təmizləmə siyasətinə başlayan Ermənistan elə ilk mərhələdə 250 mindən çox azərbaycanlını deportasiya etdi. İkinci mərhələdə isə Dağlıq Qarabağı azərbaycanlılardan təmizlədi. Bu azmış kimi Dağlıq Qarabağ ətrafı yeddi rayonun ərazisini işğal edərək bufer zona yaratdı və Ermənistanla Dağlıq Qarabağın birbaşa kommunikasiya əlaqələrini qurdu. Mərhələ "Atəşkəs" rejiminə keçidlə yekunlaşdırıldı.
Sözsüz ki, baş verən hadisələr öz əksini ədəbiyyatda tapmamış deyildir. Müharibəyə yüzlərlə şeirlər həsr olunub, hekayələr, povestlər, romanlar yazılıb, bədii və sənədli filmlər çəkilib, məlumat xarakterli neçə-neçə vəsaitlər hazırlanıb. Amma hələ də Qarabağ mövzusunu tam dolğun əks etdirən bədii əsər yoxdur.
Yazılan əsərlər arasında hələ ki, məlumatlarla kifayət qədər dolğun olanı Aqil Abbasın "Dolu", Fazil Güneyin "Qara qan" və Əli bəy Azərinin "Hərbi Zəngilan" əsərləridir. Birinci iki əsər ümumiləşdirilmiş və bədii xarakter daşıdığından üçüncü əsər üzərində dayanmaq daha məsləhətli olardı. Həm də nəzərə alsaq ki, "Hərbi Zəngilan" roman-xronikadır, hadisələr çılpaqlığı ilə təsvir olunub, həm də yazıçı bu əsəri Trilogiya (üçlük) etmək, "Könüllülər", "Alay dövrü" başlıqları ilə bütöv dövrün xronikasını yaratmaq niyyətindədir.
Vətən tarixini yazmaq məsuliyyətdir. Vətənin hərb tarixini yazmaq üçün Vətən sevgisi, istedad, hərbi təcrübə lazımdır, həm də bu iş ikiqat məsuliyyət tələb edir. Bu ikiqat məsuliyyətin yükünü yaxşı anlayan hərbçi - yazıçı Əli bəy Azərinin "Hərbi Zəngilan" roman-xronikası kitabın tanıtma vərəqində deyildiyi kimi, Zəngilan cəbhəsində işğalaqədərki dövrün ilk altı ayında - 1992-ci ilin ikinci yarısında baş verən siyasi və hərbi hadisələrdən bəhs edir.
Yazıçı kitabın ilk səhifəsində "Hərbi Zəngilan"dakı cərəyan edən tarixi olaylara "körpü salmaq" məqsədi ilə çox əhatəli, maraq cəlb edən "Müqəddimə əvəzi" yazmışdır. Bu çox uğurlu bir addım kimi, tarixi-siyasi və bədii ekskurs rolunu oynayan informasiyadır. "Müqəddimə əvəzi"ndə Əli bəy yazır ki, yalnız tarixini, soy-kökünü bilənlər şəxsiyyət kimi formalaşmağa qadirdirlər. "Qaraçı oğlundan şah olmaz" deyib babalarımız... Dövrün real güzgüsü budur. Qarışıqlıq dövründə əlinə silah alıb camaat arasına çıxan, komandirlik, rəhbərlik eşqinə düşənlər çox oldu, amma nə fayda ki, onlar nə rəhbərlik bacardılar, nə komandirlik. Zamanla güləşib özlərini gülünc günə qoydular.
Bir çox epopeya yazan ədiblərdən fərqli olaraq Əli bəy Azəri qələmə aldığı hadisələrin içində, qaynar nöqtəsində olduğundan, olayları canlı gördüyündən oxucu yazıçının təhkiyəsinə inanır, özü də qanlı-qadalı səhnələrin iştirakçısına çevrilir.
Yazıcıya görə, roman-xronika nəsrin, bəlkə də, ən çətin formasıdır.
O, daha sonra yazır: "Həm bütün parametrlərə cavab verəcək bədii əsər yaratmaq, həm də əksər personajları öz adları ilə təsvir etmək şərtilə tarixi hadisələrin təhrif olunmasına yol verməmək kimi mürəkkəb tapşırıq qarşısında qalan hökmən çərçivədən kənara çıxmaq məcburiyyətindədir. Ədəbi tənqidçilərin hədəfindən yayına bilməyəcəyi bəlli olduğundan tarixçilərlə döş-döşə gələcəyi mütləqdir".
Amma Əli bəy Azəri tənqidçi tənqidindən, tarixçilərlə döş-döşə gəlməkdən heç vaxt çəkinmir, çünki onun yazdıqları həqiqətlərdən ibarətdir. Əlbəttə ki, böyük işlərdə xırda səhvlərin olması təbiidir. Həm də obyektiv tənqid gələcək uğurlu əsərlərin yaranmasına təkan verir. Bir də səngərdə mətinləşənlər dözümlü olurlar - fiziki və mənəvi cəhətdən, həm tənqidə, həm də tərifə.
Professor Qurban Bayramov əsl tarixçini belə səciyyələndirir: "Tarixçi - ilk növbədə yaşadığı məkanı, millətini duyan, sevən və onlar barədə ürəklə, şəfqətlə, inamla danışmağı bacaran bir insandır. Bütün bu ideyalar, yozmalar, ehtimallar Vətənə, Azərbaycan adlı məmləkətə aid oduğu üçün dəyərlidir. Yaxşı tədqiqatçılıq - Vətəni duya-duya, sevə-sevə göstərməkdir".
Əli bəy Azəri də "Hərbi Zəngilan" roman-xronikasını yazmaqla vətənsevər qələm sahibi, qərəzsiz tarixçi, təcrübəli hərbçi kimi "işğal altındakı Qarabağla sərhəd zolağı olmayan, Ermənistanın Mehri və Qafan rayonları ilə yüz əlli yeddi kilometrlik bir məsafədə taleyinə qonşuluq "yazılan" Zəngilanın zəngin tarixinin bəzi anlarını yaşatmağa, doğulub boya-başa çatdığı torpağa olan övlad borcunun kiçik bir qismini ödəməyə çalışmışdır. Bu borc o qədər mükəmməl olmalıdır ki, gələcəkdə tarixin keşməkeşli sınaqlarından şərəflə çıxa bilsin.
Yazıçı "Müqəddimə əvəzi"nin sonuna yaxın çox ağrılı ümumi bəlamıza toxunur: "Yaxın tariximizdən bəhs edən roman-xronikanın çapı üçün yüzlərlə imkanı olan adama üz tutdum. Heç kim bu yolda on manatından belə keçmək istəmədi. Hətta hər il üç min manatından keçib İmam Hüseynə ehsan gecəsi keçirənlər də belə kitabın çapı üçün yüz manat xərcləmək istəmədilər. Hansısa mollanın əza məclisində bir neçə dəfə adlarının çəkilməsini hər şeydən üstün saydılar, doğma Vətən torpağı uğrunda vuruşmuş, şəhid olmuş yaxınların, qohumların adının əbədiləşdirilməsinə dəyər vermədilər. Bütün bunlara rəğmən məni dəhşət bürüdü: "Biz öz tariximizə, özü də yaşadığımız yaxın tariximizə, qaysağı qurumamış yaralarımıza, soy-kökümüzün müsibətlərinə bir bu qədərmi biganəyik? Haradandır bizdə özümüzə qarşı bu laqqeydlik, biganəlik, nadanlıq, bəlkə də manqurtluq? Yoxsa avamlıq, maymaqlıq, cəhalət üstələyir yüz illər boyu qazandığımız, qoruyub nəsildən nəsilə ötürdüyümüz milli dəyərlərimizi?"
Düşünüb-daşınmalı suallardır. İstər-istəməz Jül Renarın gündəliyindən bir qeyd yadıma düşdü: "Axır ki, insanı heyvandan fərqləndirən cəhəti öyrəndim. Sən demə, bu pul bəlaları imiş..." Renarın fikrinə əlavə etməyə "cürət"im olmasa belə, həm də, şöhrət azarını əlavə etmək istərdim.
Hər bir bədii əsərin mövzusu yazıçı tərəfindən dərk edilən, qavranılan və dövr üçün səciyyəvi olan hadisələrdir. Mövzunun seçilməsi, fakt və hadisələrin ümumiləşdirilib tipikləşdirilməsi yazıçının dünyagörüşündən, hadisələrə münasibətindən aslıdır. Əli bəyin bu mövzuya müraciəti təsadüfi deyil. Ali hərbi təhsilli, Sovet dönəmində müxtəlif yerlərdə işləmiş, keçən əsrin 90-cı illərində - Qarabağ müharibəsi başlayanda Vətənə qayıdan yazıçı üçün bu mövzu tanış və yaxındır. Bədii əsərin mövzusu ilə ideyası bir-birinə sıx bağlanmasa əsərin uğurundan söhbət gedə bilməz.
Onu əminliklə deyə bilərəm ki, əsərin mövzusu ilə ideyası bir-birini tamamlayır. Bəzən isə uzun dialoqlar müasirlik baxımından bir qədər yorucu görünsə və yazıçı hadisələrin axarına düşüb daha uzaqlara "üz"sə də, "cilov"u əldən buraxmır, tez öz yoluna qaytara bilir.
Roman-xronikada hadisələrin başlanğıc nöqtəsi ilə son nöqtəsi atasındakı inkişafı - süjet xətti işğalaqədərki Zəngilanın ilk dövrlərindəki hərbi və siyasi olaylar zaman ardıcıllığı ilə, artan gərginliklə təsvir edildiyindən xüsusi maraq yaradır.
"Hərbi Zəngilan" əsəri "proloq"la başlayır, amma "epiloq"la bitmir, çünki, yuxarıda qeyd etdiyimiz kimi davamının yazılması yazıçının planındadır.
"-Baş leytenant qərargahdadırmı?
-Hansı baş leytenantı soruşursunuz?
-Sizdə, qərargahda neçə baş leytenant var?
-Ha çox. Üç, dörd, beş..,
-Altıncını, hərbi hissədə altıncı adamı deyirəm, Qərargah rəisinin müavinini...
-Günün bu çağında onu qərargahda tapmaqmı olar?
-Bəs o, bu vaxtlar haralarda olur?
-Nə bilim hansı cəhənnəmdə, heç adama söz deyir ki, bir yana gedəndə. Elə səhər-səhər bölgüdə gördüyünə məəttəlsən. Gözünü açırsan ki, özünü cəmləşdirib söz deyəsən, baxırsan yoxdur. Allah bilir, indi hansı postdan vurub, hansı postdan çıxır. Sanki yadplanetlidir, gözəgörünməz adamdır, qəflətən peyda olduğu kimi gözlənilmədən də yoxa çıxır. Elə bil, heç bura adamı deyil. Erməniləri demirəm, bir də gördün, özümüzünkülər karıxıb, vurub öldürüblər. Belə olmaz axı..."
Proloq əsərin giriş hissəsi, necə deyərlər, açarı olduğundan bütün diqqətlər altıncı adamın üzərinə - qərargah rəisinin müavininə yönəlir. Niyə məhz onun üzərinə? Bunu elə növbəti fəsildə anlamaq mümkün olacaq və getdikcə dramatikləşən əsərin gərgin anları bir-birini əvəzlədikcə, doğrudan da gərgin, ziddiyyətlərlə zəngin bir dövrün hadisələrinin reallığı heyrət doğurur.
"Qurbanovun son müşavirəsi" fəsli əsərin başlanğıcı olduğu kimi bir dövrün başqa dövr üzərində qələbəsi, mühitin dəyişməsi, bütün gərginliklərin pik zirvəsi kimi də səciyyələndirilə bilər.
Qurbanov kimdir? Mayor rütbəsində olan rayon milis idarəsi rəisinin müavini yaranmış gərginliklə bağlı yaranmaqda olan milli ordu taborunun rəhbərliyini ələ keçirir. Bəli, məhz ələ keçirir. Çünki qarışıqlıqda birinci adam hesab olunan rayon sovetinin sədri qaçır, tabora komandirlik eləməli adam hospitalda olduğundan, kimlərinsə məsləhəti ilə belə alınır. Həmin ərəfədə ölkə rəhbərliyinin qərarı ilə "milis" adı "polis"lə əvəzlənir və bir sıra digər hadisələr baş verir.
Rusiyadan, SSRİ Silahlı Qüvvələrindən Azərbaycan Milli Ordusuna gələn peşəkar hərbçi, baş leytenant qərargah rəisinin müavini vəzifəsinə təyin olunduqdan sonra vəzifəsinin icrasına tam ciddiyyətiylə yanaşır. Bir tərəfdən sənədləşdirmə işlərini qaydasına salmaq istiqamətində göstərişlər verir, digər tərəfdən mövqeləri gəzir, müdafiə xətlərini möhkəmlədir, taborun döyüş vahidi olaraq komplektləşdirilməsində və formalaşmasında ciddi addımlar atır. Elə bu zaman təpələri tutmuş ermənilərin iki kəndi köçürmək istədikləri ilə üz-üzə qalır və kiçik qrupla döyüşə atılır. Mayor Qurbanov təcili müşavirə çağırır və baş leytenantı əzmək, döyüş iradəsini qırmaq, özünə tabe etdirmək, hələlik ona sərf edən variantda dəstələrin ciddi döyüş əməliyyatlarından yayınmaqla "nisbi sakitlik mövqeyini" saxlamaq uğrunda canfəşanlıq göstərir. Kulminasiya həddində yüksək komandanlıqdan gələn zəng onun bütün istəklərini alt-üst edir, belə ki, briqada komandiri baş leytenantı dinləyir, ona göstərişlər verir və özbaşına hərbi rəhbərliyi zəbt etmiş polis mayorunu yola salmağı məsləhət görür...
Bununla da sovet hakimiyyətinin birdəfəlik məhvi, müstəqillik qayda-qanunları, milis xofunun aradan qaldırılması, ölkənin müdafiəsinə cavabdeh ola biləcək yeni qüvvələrin peşəkar zabitlərin tabeçiliyinə keçməsi və bir sıra mühüm tədbirlərin başlanğıcı və öz axarına düşməsi prosesləri baş verir.
Kitabın bir çox fəsillərində, fəslin ayrı-ayrı hissələrinin başlanğıcında epiqrafların verilməsi çox uğurludur, informasiyanın dəyərini artırır. Bunlarin yerli əhalinin el deyimləri, folkloru olması daha maraqla qarşılanır, həm də Zəngilan folkloru ilə tanış olmaq imkanı əldə edir. Məsələn, "Zəngilanda yel əsib xan çinarlardan qoza tökülüb" el deyiminin məcazi və həqiqi mənasını anlamaq üçün oxucu çox mətləblərdən agah olmalıdır.
Zəngilanın relyefindən, torpaq - bitki örtüyündən, Avrasiyada yeganə olan unikal Bəsitçay çinar meşəsi qoruğundan, sözsüz ki, bəhs olunmalıdır. Həm də əsərdəki toponimlər - yaşayış məntəqələrinin, dağlağların, təpələrin, müqəddəs yerlərin coğrafi adları tamamilə Oğuz türk dilinin - ana dilimizin qrammatik qaydalarına uyğundur. Bədxah qonşularla sərhəddəki bu coğrafi adlar milli kimliyimizə heç kimdə şübhə yeri qoymur. Narrıq daşı, Kaha yeri, Yuxarı Yeməzli, Qarababa, Quyudərə Xəştab, Dərə Gilətağ, Üçqardaş dağı, Yaranmış yüksəkliyi, Dəlləkli, Dardanyuxarı, Qazançı, Baharlı, Göybənd, Əsgülüm kimi coğrafi adlar dilimizin, türklüyümüzün əbədi göstəricisidir. Həm də Zəngilan rayonundakı bir çox kəndlərin adlarının sonundakı "bəyli" sonluğu birbaşa millilikdən, qədimlikdən xəbər verir.
Vətənin hərb tarixini qəlbində milli ruh, milli qürur, Vətən, torpaq sevgisi olmayanlar yaşada bilməzlər. Vətənin böyüyü, kiçiyi olmaz. Onu hər qarışı - dağı da, səhrası da müqəddəsdir. Çünki Vətən seçilmir, insana Tanrının töhfəsidir.
Əli bəy Azəri əsərdə Qərargah rəisinin müavini olan gənc baş leytenantın fövqəladə toplantıdakı çıxışında Vətən məfhumuna gənclərin biganəliyinə toxunaraq vətənpərvərlik tərbiyəsini önə çəkir: "Ürəklərdə olan Vətən sevgisini buza döndərdilər, indi hər kəs başqasını yalançı vətənpərvər gözündə görür. Heç kim öz doğulduğu kənddən, böyüyüb boya-başa çatdığı rayondan başqa yeri sevə, özünə doğma görə bilmir... Çox təəssüf ki, belədir..."
Əsərdəki pesonajların demək olar ki, böyük əksəriyyəti gerçək insanlardır. Kitabın son səhifələrində 400-ədək personaj haqqında ələvə məlumat veilmişdir. Bu, roman-xronokanın dəyərini daha da artırır. Müqayisə üçün deyək ki, böyük rus yazıçısı Lev Tolstoyun əzəmətli epopeya hesab olunan "Hərb və sülh" romanında 600-ə qədər surət iştirak etmişdir. Azərbaycan yazıçıları Süleyman Rəhimovun "Şamo" və Mirzə İbrahimovun "Gələcək gün" romanlarında da personajların sayı yüzlərlədir. Xüsusilə qeyd etmək lazımdır ki, onlardan başqa Əli bəy Azərinin "Hərbi Zəngilan" roman-xronikasına qədər heç bir nəsr nümunəsində bu qədər çox personaj-iştirakçı olmamışdır.
Zəngin müharibə təcrübəsi olan İ.V.Stalinin "müharibə qumar oyunudur, hər şeyi qabaqcadan nəzərə almaq mümkün deyil" fikrində böyük həqiqət gizlənmişdir. Arxada nər kimi nərildəyib "mən-mən!" deyənlərin əsl siması çətin anlarda tanınır. Məhz buna görə də ön cəbhədə təvəzökar qəhrəman da var, fərari də, hətta satqın da. Əsərdə bunu yazıçı çox inandırıcı və orijinal şəkildə çatdırır: "...Bu zaman leytenant Kərimov qəfildən ayağa qalxdı:
-Meşəlikdə bir az gedib nə görsələr yaxşıdı? Sağ tərəflərində çaqqal ulayır. Bir az sola çəkiliblər. Bu zaman sol tərəflərindəki "çaqqallar" daha gur ulaşmağa başlayıblar.
Araşdırıb görürəm ki, ulaşanlar kim olsa yaxşıdır, elə kənd camaatıdır.
Mən dəfələrlə demişəm, yenə də sözümün üstündə dururam, onlar ermənilərlə əlbirdir. Çaqqal səsi çıxarmaq isə parollarıdır. Heç beş dəqiqə keçməmiş ermənilər pulemyotdan bizim kəşfiyyat qrupunu atəşə tutdular. Gecə səngərdə əsgər qoymaq mümkün deyil. Dərhal ulaşma, dərhal ermənilərin snayperi, pulemyotu, vəssalam..."

(ardı gələn sayımızda)