adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Noyabr 2018 00:41
16262
ƏDƏBİYYAT
A- A+

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN LİTVADAKI BÖYÜK ELÇİSİ - MAHİRAS GAMZAYEVAS

(Birinci məqalə -"Kreativ düşüncənin dəyərli nəticələri..." )

Mahir Həmzəyev - 60

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

(əvvəli ötən sayımızda)

XIX yüzillikdə və XX əsrin əvvəllərində Litva-Azərbaycan ədəbi-mədəni əlaqələri, Vilnüs Universiteti Şərqşünaslıq fakültəsi məzunlarının yaradıcılığında Azərbaycan mövzusu. Vilnüs, "Literatura ir menas", 1984; "Litva-Azərbaycan ədəbi əlaqələri, bədii tərcümə və qarşılıqlı təsir". Vilnüs, "Pergale", 1985; "Şam kimi, sən də öz xəzinənlə yan". Nizami Gəncəvinin 1985-ci ildə Vilnüsdə buraxılmış "Leyli və Məcnun" poeması, qəzəlləri, rübai və qəsidələrinin tərcüməsi haqqında resenziya. Resenziya litvalı şair və tərcüməçi Alfonsas Bukontasla birgə yazılıb. Vilnüs, "Pergale", 1985; "Adam Mitskeviçin poeziyası Xəzər sahillərində azərbaycanca səslənir".
Xalq şairi Sabir Rüstəmxanlının Azərbaycan dilinə tərcümə etdiyi və 1985-ci ildə Bakıda işıq üzü görmüş "Krım sonetləri" toplusu barədə resenziya. Vilnüs, "Literatura ir menas", 1985; "Qədim əlaqələr bərpa olunur". 1918-1920-ci illər Litva-Azərbaycan dövlətlərarası münasibətləri və çağdaş dövrdə onların inkişaf perspektivləri haqqında litvalı jurnalist Riçardas Lapaytisin Mahir Həmzəyevlə müsahibəsi. Vilnüs, Dövlət qəzeti "Lietuvos aidas", 1992; "Litva-Azərbaycan dövlətlərarası əlaqələrinin qaynaqları". Azərbaycan Xalq Cümhuriyyətinin 77-ci ildönümü münasibətilə. Vilnüs, Dövlər qəzeti "Lietuvos aidas", 1995; "Şəhidlərin ruhuna dua oxundu". 1990-cı il 20 Yanvar faciəsinin 12-ci ildönümü ilə əlaqədar Vilnüsdə keçirilmiş anım tədbiri haqqında. Yazıda ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətləri və Kremlin onlara havadarlığı barədə, milli azadlıq və ərazi bütövlüyü uğrunda ayağa qalxmış xalqa qarşı Sovetlər birliyinin rəhbərliyi tərəfindən Bakıda rusları və erməniləri "xilas etmək kartından" necə istifadə edilməsi, 20 Yanvarın Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olması haqqında danışılır. Vilnüs, "Tautiniu bendriju informacinis leidinys", 2002; "Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümü". Vilnüsdə Cümhuriyyətin ildönümünə həsr olunmuş rəsmi qəbul, AXC-nın yaradılması ilə bağlı tarixi, ictimai-siyasi məsələlər və o dövrün beynəlxalq münasibətləri haqqında bilgilər ehtiva olunmuş məqalə. Vilnüs, "Tautiniu bendriju informacinis leidinys", 2002; "Bərpa edilmiş Azərbaycan dövlətçiliyinin yeni yolları". Azərbaycan müstəqilliyinin bərpa olunmasının 11-ci ildönümü ilə bağlı Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən Vilnüsdə təşkil olunmuş rəsmi qəbul haqqında, Azərbaycanın dövlətçilik tarixinin kökləri və mərhələləri, hazırkı dövrdə Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqe və Litva-Azərbaycan qədim dövlətlərarası münasibətlərinin nadir səhifələri barədə publikasiya. Vilnüs, "Tautiniu bendriju informacinis leidinys", 2002; "Bakı və Vilnüs yanvar faciələri - sanki klonlaşdırılmış qətliamdır". 20 yanvar 1990-cı il Bakı və 13 yanvar 1991-ci il Vilnüs qanlı hadisələrinin ildönümü ilə əlaqədar Litva Azərbaycanlıları Cəmiyyəti və Litvanın 13 Yanvar Cəmiyyəti tərəfindən Vilnüsdə keçirilmiş birgə anım tədbiri və ortaq dua barədə. Vilnüs, "Tautiniu bendriju informacinis leidinys", 2003; "Dövlətçilik tarixinin parlaq səhifələri". Azərbaycan Xalq Cümhuriyyətinin yaradlmasının 85-ci ildönümü ilə bağlı Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən keçirilmiş rəsmi qəbul, Azərbaycanın dövlətçilik tarixi və ənənələri barədə ictimai-siyasi icmal. Vilnüs, "Tautiniu bendriju informacinis leidinys", 2003; "Novruz - zülməti dağıdan işıq, mehribanlıq və yenilənmə bayramıdır". Novruz bayramının tarixi və mənşəyi, Zərdüştilik etiqadı və Novruzun atəşpərəstliklə bağlılığı, od simvolunun müqəddəsliyi, bayramın əsl mahiyyətindən doğan xalq adət-ənənələri, oyunlar və mərasimlər, eləcə də Novruzun Azərbaycan xalqının milli təfəkkürünün inkişafında, həyata yanaşma, mühakimə və dərketmə qabiliyyətinin yüksəldilməsində, həmçinin azərbaycanlıların digər konseptual baxışlarının təkmilləşdirilməsi, etnokulturoloji dəyərlərinin daha dərin kök atması, başqa xalqlarla münasibətlərdə mehriban qonşuluq əlaqələrinə kökləyən yanaşmaların formalaşmasında oynadığı rol və göstərdiyi təsir barədə tarixi, dini, ictimai, sosial və fəlsəfi ümumiləşdirmələr. Vilnüs, "Tautiniu bendriju informacinis leidinys", 2003, 2004; "Qəzetinizi oxuyan zaman Tatar icmasının ürək döyüntülərini eşidirəm". Böyük Litva Knyazlığı tatar varislərinin Azərbaycan tarixi, mədəniyyəti və ictimai-siyasi xadimləri ilə əlaqələri, Litva tatar öndərlərinin 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin quruculuq işlərinə verdikləri mühüm töhfələr barədə "Lietuvos totoriai" qəzetinin Baş redaktoru, fəlsəfə elmləri doktoru Həlim Sitdıgov müsahibəsi. Kaunas, 2006; "Bu dünyada hər şey satılmır və hər şey alınmır". Litvalı publisist, "Slaptai.lt" internet qəzetinin naşiri Gintaras Visotskasın mədəniyyətlərarası dialoq çərçivəsində sosial-fəlsəfi və dini mövzuda apardığı müsahibə. Kaunas, "XXI amzius", 2007; "Mədəniyyətləri bir-birinə qovuşduran körpülər". Litva-Azərbaycan ədəbi əlaqələrinin qaynaqları, inkişaf mərhələləri və etnokulturoloji dəyərlərimizin Litvada qorunub zənginləşdirilməsi məsələləri, dini tolerantlıq və mədəniyyətlərarası dialoqun vacibliyi mövzusunda jurnalist Zita Voytyuləviçyutenin apardığı müsahibə. Vilnüs, "Respublika", 2007; "Azərbaycanlıların soyqırım tarixinin kökləri, səbəbləri və mərhələləri". 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Litva Genosid və Rezistensiya mərkəzində Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən keçirilmiş anım tədbirində məruzə. Vilnüs, "Balsas.lt", 2009; "Qara yanvarın təkrar olunmaması üçün". 20 Yanvar faciəsi barədə uydurma məlumatlar yayan Litva erməniləri ittifaqının sədr müavini Ruslan Arutyunyanın absurd sayıqlamalarına cavab olaraq ifşa ruhunda hazırlanmış tənqidi publikasiya.Vilnüs, "Balsas.lt", 2010; "Qarabağ: yalanın təcavüzü və yaxud "təyini müqəddərat" haqqında saxtalaşdırılmış tarix". 2 hissədən ibarət siyasi-analitik və publisistik məqalə. Vilnüs, "Balsas.lt", 2011; "Xocalı faciəsi Azərbaycanın sağalmayan yarasıdır...". Xocalı qətliamının 20-ci ildönümü ilə bağlı siyasi-analitik məqalə. Vilnüs, "Balsas.lt", 2012; "Qarabağ münaqişəsinin kökləri Kremlin kulisləri arxasındadır". Litvalı publisist və redaktor Zigmas Vitkusun götürdüyü müsahibə. Vilnüs, "Bernardinai.lt", 2013; "Vintsas Kreve - diplomat və humanist". Litva ədəbiyyatının klassiki Vintsas Krevenin 1919-1920-ci illərdə Bakıda Litva dövlətinin konsulu olaraq göstərdiyi diplomatik fəaliyyət barədə. Vilnüs, "Lietuvos zinios", 2014; "Keçmişin itkiləri və gələcəyin böyük ümidləri". Akademik Ramiz Mehdiyevin Vilnüsdə litvaca nəşr olunmuş "Azərbaycanın keçmişdəki itkiləri və gələcəyinin strateji görünüşü" adlı kitabına yazılmış ön söz. Vilnüs, "Balto print" nəşriyyatı, 2015. ISBN 978-609-95697-0-3; "Silah və qələmlə Litva azadlığı uğrunda döyüşmüş azərbaycanlı". 1945-1950-ci illərdə Litvanın müstəqilliyi uğrunda silahlı müqavimət hərəkatı sıralarında döyüşmüş azərbaycanlı Litva partizanı Şakir Həsrət oğlu Sadıqovun döyüş yolu və poetik yaradıcılığı barədə bədii-publisistik məqalə. Vilnüs, "Literatura ir menas", 2015; "Rusiyanın Qafqazda dəyişməyən siyasəti". 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar litvalı publisist və siyasi şərhçi Tomas Çivasın apardığı müsahibə. I və II hissələr. Vilnüs, "Bernardinai.lt", 2016; "Bakı-Vilnüs: Azadlığa aparan yolda taleyüklü yanvar hadisələri". Vilnüs, "Lietuvos zinios", 2017; "Əsrlərdən bəri Litvada davam edən türkçülük yolu". Vilnüs, "Bernardinai.lt", 2018...
Göstərilənlərə əlavə etmək istərdik ki, M.Həmzəyev Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə də yazıçı və şairlər - Mirzə Cəlil, Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Anar, Xəlil Rza, Sabir Rüstəmxanlı və digərlərinin yaradıcılığı barədə, həmçinin onların Litva ədəbiyyatı ilə əlaqələri və əsərlərinin Litva dilinə tərcümələri haqqında 25 adda ensiklopedik məqalələr hazırlayaraq Ümumdünya Litva Ensiklopediyasının 2002, 2008, 2011 və 2012-ci illərdə çıxmış cildlərində çap etdirib.

* * *
Mahir Həmzəyevin ən dəyərli, deyərdim ki, əvəzsiz ədəbi tədqiqatı "Kitabi-Dədə Qorqud" Baltik xalqlarının dillərində" (Bakı, "Mütərcim" 2017) monoqrafiyasıdır. Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu monoqrafiya Azərbaycan və Baltik ölkələri ədəbiyyatşünaslığında bu mövzuya həsr edilmiş ilk tədqiqat işidir. Kitaba "Kitabi-Dədə Qorqud" eposunun Litva, latış və eston dillərinə tərcümələri ilə əlaqədar müəllifin apardığı ədəbiyyatşünaslıq və linqvistik araşdırmalarının orijinal nəticələri, bu eposun öyrənilməsinə dair Estoniya və Latviya müəlliflərinin ən mühüm mədəniyyətşünaslıq işlərinin təhlili və qiymətləndirilməsi, habelə adı çəkilən tərcümələrlə əlaqədar Baltik ölkələri ədəbiyyatşünaslarının rəylərinin analitik icmalı daxil edilib.
Qeyd edək ki, Azərbaycan xalqının etnik və mədəni irsinin qədim abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunun Baltik xalqlarının dillərində nəşr edilməsi çoxəsrlik Azərbaycan-Baltika mədəni əlaqələri tarixində parlaq beynəlxalq ədəbi-mədəni hadisədir. Monoqrafiyada göstərilən tərcümələr və araşdırmalar, Baltik xalqlarının akademik dairələrinin nümayəndələri tərəfindən bu eposun öyrənilməsi, onun eston, latış və Litva dillərində nəşrləri, habelə bu epos haqqında Baltik ölkələrində nəşr edilmiş əsərlər, heç şübhəsiz, "Kitabi-Dədə Qorqud"un dünya xalqlarının mənəvi dəyərləri xəzinəsinə daxil olmasını əks etdirən zəngin elmi salnamənin orijinal və qiymətli səhifələridr.
Akademik İ.Həbibbəyli kitaba yazdığı "Qorqud müdrikliyi və müasirlik" adlı ön sözdə göstərir ki, "Dədə Qorqud" dastanlarının Baltik ölkələrindəki "həyatı" haqqında çox az məlumatlara malik idik. Azərbaycan diaspor hərəkatının tanınmış nümayəndəsi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin "Kitabi-Dədə Qorqud" dastanları Baltik xalqlarının dillərində" adlı tədqiqat əsəri mövcud boşluğu aradan qaldıran, bu istiqamətdə geniş elmi bilikləri Azərbaycan cəmiyyətinə çatdıran qiymətli elmi-tədqiqatdır. Bu araşdırmalarda Mahir Həmzəyev böyük zəhməti, məsuliyyətli işi və yüksək professionallığı ilə əsl vətəndaş-ziyalı səviyyəsində çıxış edir. Onun axtarışları sayəsində "Kitabi-Dədə Qorqud"un Baltik həyatı ilə bağlı nə varsa, bütün təfərrüatları və detalları ilə geniş ictimaiyyətə çatdırılır. Bunlar Azərbaycan Qorqudşünaslığının qiymətli Baltik səhifələridir. Mahir Həmzəyev Azərbaycan Qorqudşünaslıq elminin layiqli Baltik təmsilçisidir. Onun tədqiqatlarının işığında "Dədə Qorqud"un Baltik "səyahəti"nin böyük və sanballı salnaməsi yaradılır. ...Mahir Həmzəyevin "Kitabi-Dədə Qorqud" Baltik xalqlarının dillərində" kitabı Qorqudşünaslıq elminə sanballı töhfədir. Bu, Azərbaycan Qorqudşünaslığına layiqli Baltik ərməğanıdır."
Hər bir xalqın tarixində elə şəxsiyyətlər olur ki, onlar nəinki yaşadığı zəmanəsinin, həm də özündən əvvəl yaşamış və sonra gələcək nəsillərin birlikdə görə biləcəyindən daha böyük, daha möhtəşəm, daha cahanşümul işlər görürlər. Belə şəxsiyyətlər haqqında deyirlər ki, o, bir əsr üçün deyil, bütün zamanlar üçündür. Təkcə elə bu "Dədə Qorqud" tədqiqatına görə Mahir Həmzəyev də belə şəxsiyyətlər qatarının müsafirlərindəndir...
Cəmiyyətin gerçək inkişafı, mənəvi saflığı, özgürlüyü o cəmiyyətdə yaşayan ziyalı nəslin, ağsaqqal və ağbirçəklərin hamıya nümunə ola biləcək davranışından çox asılıdır. Bu da akademik İsa Həbibbəylinin sözləridir: "Mahir Həmzəyevin Litvada apardığı çoxcəhətli iş və yaradıcılıq fəaliyyəti təkcə XXI əsrin diaspor nümayəndəsi üçün yox, ümumiyyətlə ziyalı üçün örnək sayılmağa layiqdir..."
(ardı var)