adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Noyabr 2018 00:38
9125
ƏDƏBİYYAT
A- A+

İnsan öz-özünə sığışmayanda


Soltan
Abbas

İnsan öz-özünə sığışmayanda-
Qeyri-adiliklər sığır qəlbinə.
Dünyanı ovcunda görürsən onda,
Ağlına gələnlər dönür kəşfinə,
Qeyri-adiliklər sığır qəlbinə.
İnsan öz-özünə sığışmayanda-
Tanrı dərgahına sığınıb gedir.
Tutur əllərindən inam o anda,
Olursan həyatda hər şeyə qadir.
İnsan öz-özünə sığışmayanda-
Sən kimsən, nəçisən-görəndi Allah!
Tanrının vəhyilə qarşılaşanda-
Səni həm qaldırar, endirər Allah,
Sən kimsən, nəçisən-görəndi Allah!
Qeyri-adi insan minlər içində
Sayılan, seçilən, tanınandır o.
Qalar kimliyində, sabiq biçimdə,
Tanrı dərgahına inanandır o,
Sayılan, seçilən, tanınandır o.
Qeyri-adi insan-adidən-adi,
Müdrikdi, tanıyır yaxını, yadı.
Ağlı, zəkası dərin dəryadı.
Həlimdi, kövrəkdi, pakdır soyadı,
Müdrikdi, tanıyır yaxını, yadı!

Görüşmək nə yaxşıdır

Axşamüstü kənd yolu,
Könül qəmli, mükəddər...
Nə gedən var, nə gələn
Baxıramsa nə qədər.
Elə qəribsədim ki,
Sanki dünyada təkəm.
İstədim ki yolları
Dartıb çarmıxa çəkəm.
Elə bu vaxt yollara
Nəğmə yağışı yağdı:
Bu sədadan, bu səsdən
Qəlbimə müjdə axdı.
Vüsalsız qəm atından
Yaman çətindir düşmək,
Nə yamandır tənhalıq,
Nə yaxşıdır görüşmək.
Şirin yar

Nadanların sevgisi nə, eşqi nə,
Hər yetənə qismət olmaz şirin yar,
Öz ömrünü qurban verdi eşqinə,
Son nəfəsdə Fərhad dedi: Şirin yar!
Vaxt ötüşür, ömrümüzdən gün düşür,
Bilən yoxdur ömrə neçə gün düşür...
Camalından ay üzünə gün düşür,
Şəkər dilin şirindəndə şirin, yar,

Soltan Abbas, hikmətə bax balda bir,
Yerin gücü, gülün ətri baldadır!
Dil bir yana, əllərində bal dadır,
Al bıçağı ürəyimi şirin yar!
Gəlməz
Tanrı mənə üz vermədi,
Əyri kəsən düzüm gəlməz.
Qismətimi düz vermədi,
İstəməyə üzüm gəlməz.
Eylədikcən sitəm mənə,
Yaman qaldım yaman günə,
Qıyya çəkdim dönə-dönə,
İmdadıma dözüm gəlməz.
Uzaq görən göz olmadım,
Dodaqlarda söz olmadım,
Bu həyatda iz olmadım,
Qar əridən yazım gəlməz.
Hanı

Ömrümüzdən ötüb keçən
Xürrəm günlər, aylar hanı?
Qönçələnib güllər açan
At çapılan toylar hanı?
Hara getdi ərənlər bəs,
Bağçadan gül dərənlər bəs?
Öz yarına verənlər bəs...
O haraylar, haylar hanı,
At çapılan toylar hanı?
Ötüb gedir günlər, aylar,
Gələn gəlir, gedən gedir.
Soltan bilir ölüm nədir...
Köklər hanı, soylar hanı,
At çapılan toylar hanı?
Nə qaldı

Keşt elədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?

Aşıq Alı
Bu dünya ürəkdən, başdan qalıbdır,
Dünyadan ürəyə, başa nə qaldı,
Qışın buz qarından yaza gül-çiçək,
Yazın gülşənindən qışa nə qaldı?
Həyat bir dənizdir qovğası-tufan,
İqlimlər dəyişdi, gəncləşdi zaman.
Yerin sərvətini fəth etdi insan,
Torpağa nə qaldı, daşa nə qaldı?
Ölüm qoxusu var təmiz havada,
Balıqlar günahsız ölür dəryada,
Bir bomba partladı Xirosimada,
Quruya nə qaldı, yaşa nə qaldı?!
Dağ uçdu, dərədə bulaq kor oldu,
Od söndü, ocaqda qalan qor oldu.
Fikirdən, xəyaldan ürək yoruldu,
A Soltan, ömürə, yaşa nə qaldı?..