adalet.az header logo
  • Bakı 17°C
01 Noyabr 2018 00:30
20534
ƏDƏBİYYAT
A- A+

Soltan Abbas dünyası

Soltan Abbas - 85

Çağdaş şeirimizin tanınmış nümayəndələrindən biri Soltan Abbasdır. Onun imzası yarım əsrə yaxındır ki, respublika oxucularına məlumdur. Muğanda doğulan, ömrünün neçə onilliyini dədə-baba yurdunda yola salan bu sənətkar bu günlərdə yaşı dəyişir, daha doğrusu, 85-in qapısın açır. Yadıma düşdü ki, Soltan Abbasla həm eloğlu, həm də həmkar kimi nə qədər məclislərdə, yığıncaqlarda yanaşı əyləşmişəm.
O, həm Neftçaladan Salyana gəlib, müdrik Əlibəy Hüseynzadənin yubileyində ürək sözlərini deyib, həm də ad günümdə mənə ürək sözlərini söyləyib. Soltan Abbas həm gözəl ziyalı, həm də dəyərli şairdir. Onun neçə-neçə toplusu, kitabı nəşriyyatlarda işıq üzü görüb. Biz bəzən yazıçıların qurultaylarında, Yazıçılar Birliyinin "Natəvan" klubunda əyləşib həm çıxışları dinləmişik, həm də yol-yoldaşı olmuşuq. Mən nə vaxt Bakıdan Muğana yollanıramsa, nə zaman Neftçalaya güzarım düşürsə, Soltan Abbası görmədən, Ballıcalıda onunla söhbət etmədən geri dönmürəm. Elə bunu da deyim ki, 5 il bundan əvvəl onun sevimli oğlu Nəcib bəy mənə dedi ki, atamın yubileyinə səni dəvət edirik. Birbaşa Bakıdan Ballıcalıya yollandım. Xeyli dostun, tanışın, qohumun yığıldığı gözəl ziyafətdə iştirak elədim. Yeri gəlmişkən, bunu da deyim ki, Soltan Abbas bizim görkəmli şairimiz Məmməd Arazla da dost olub. 1972-ci ildə təvazökarlıqdan uzaq olsa da bildirirəm ki, subaylıqdan uzaqlaşırdım. Salyanda çox müasir bir məclis qurulmuşdu. Bir də gördüm ki, o tədbirə ikisi bir yerdə daxil oldu - Məmməd Arazla Soltan Abbas. İkisi də müasir toy məclisində şeir oxudular, ürək sözlərini mənə də çatdırdılar. Soltan Abbasın yarım əsrdən çox davam edən yaradıcılıq nümunələri nə yaxşı ki, son illərdə seçilmiş əsərlər halında işıq üzü görüb. 5-6 il bundan əvvəl birinci cild, bir neçə il bundan qabaq ikinci, üçüncü cildlər oxucuların ixtiyarına verildi. Bu müdrik insan ahıllıqdan qocalığa doğru gedən yollarda özünü yaşlı duyğulu bir sənətkar kimi göstərdi. Məhəbbətdən, vətəndən, sevgidən, şəhidlərdən dahilərdən, cocuqlardan yazdığı, qoşduğu sətirlər, misralar oxucuya xoş duyğu bağışlayır. Yenə bu yaxınlarda yolum düşmüşdü Soltan Abbasın yaşadığı diyara. Ədəbi söhbətlər elədik, xatirələr kitabını vərəqlədik. Bir də gördüm ki, bir uşaq bizə yaxınlaşdı:
- Baba, baba, mən dərsə getmək istəyirəm deyəndə, bu kimdi deyə Soltan Abbasdan soruşdum.
- Nəvəmdi - dedi. - Adı da Heydərdi.
Beləliklə, Soltan Abbasın əsərləri arasında, topluları sırasında canlı bir sərvət olan nəvə də var. Onu Ulu Öndərin şərəfinə Heydər adlandırıblar. Bu onu göstərir ki, xalqımızın, millətimizin müdrik rəhbəri Heydər Əlirza oğluna Soltan Abbasın və oğlu Nəsib bəyin necə də rəğbəti, hörməti var. Bu günlərdə yenə mənə zəng gəldi. Xəbər tutdum ki, rayon ictimaiyyəti Soltan Abbasın yubileyini keçirəcək, 85 illiyinə hazırlıq işləri gedir. Yazıçılar Birliyinə yollandım.
Sədrimiz Anar bəyin köməkçisi Rauf bəylə görüşüb söhbət etdim. Sədr də razılıq verdi, Neftçala icra hakimiyyətinə Azərbaycan yazıçılarının rəhbərliyi adından məktub göndərildi ki, Soltan Abbasın 85 illiyi daha yüksək səviyyədə keçirilsin. İndi neçə gün arxada qalıb, bu gün müdrik və ictimai-siyasi mövzularda gözəl əsərlər yaradan yubilyar Soltan Abbasın görüşünə yollanıram və sözümü bu misralarla bitirirəm.

Şeir çələngi var neçə cür adda,
Qoruyub saxlayar bu günü yadda.
Boyat, Qırmızıkənd, Həsənabad da,
Canıdır, gözüdür, Soltan Abbasın.

Haqqın nəğməkarı, Haqqın örnəyi,
Qələmlə qazanıb halal çörəyi,
Eşq ilə döyünən təmiz ürəyi,
Ləkəsiz güzgüdü Soltan Abbasın.

Həyat aşiqidi hər saat, hər an,
Yolunu gözləyir Türkiyə, İran.
On beş il sonraya bizi çağıran,
Yaşının yüzüdü Soltan Abbasın.
Özü zər, sözü dürr Soltan Abbasın.