adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

QOYMAYIN, FiLMLƏR MiLLƏTi QIRDI!

AQİL ABBAS
32706 | 2007-08-22 05:20
Son vaxtlar ölkədə ağılagəlməz cinayətlər baş verir, intiharların sayı rekord dərəcədə artır, demək olar ki, hər gün ailədaxili cinayətlər baş verir. Mən xüsusilə o cinayətləri nəzərdə tuturam ki, bu millətə xas olmayan cinayətlərdir. Manyakların peyda olması isə lap son zamanların məhsuludur. Padşah gələndə topun atılmamasının qırx səbəbindən biri barıt olduğu kimi, bu cinayətlərin də qırx səbəblərindən biri yenə barıtdır. Və bu barıt da televiziyalardır, bir az da qəzetələr.
   
   "Manyak 8-ci kilometrdə dəhşətli cinayət törətdi", "Bakıda 4 yaşlı uşaq difteriyadan öldü", "Bakıda itən qızlardan biri Xaçmazdan tapıldı", "Valideynləri dəvəçili manyakdan imtina etdilər", "Kondinsionerlər xəstəlik yayır","Yol qəzasında 6 nəfər öldü", "Tərtərdə qadın alverçisi tutulub", "Qubada maşın partlayıb". Amma bir xoş xəbər var: "Bu həftə Metyu Brayzanın toyudur". "Ölüm istehsal edən şirkət", "7 yaşlı Reyhanənin meyitinin axtarışı nəticə vermir", "Salyanda sahibkarlar üsyana qalxıb"... Və sair və ilaxır...
   
   Bu başlıqlar dünən çıxan ikicə qəzetdən götürülüb. Heç yazıları oxuma, başlıqları oxuyanda adama elə gəlir ki, dünya dağılır, dünya cəhənnəmə dağılsın ey, Azərbaycan dağılır. Yəni doğrudanmı mənim qəzetçi dostlarım bu ölkədə işıqlı, xoş, sevincli bir hadisə görmürlər, hər şey qapqaradır. İnsanların əsəblərini tarıma çəkməkdən, insanları əzməkdən ləzzət alırıq. Əslində qəzetçi həmkarlarımı qınamaq da olmur, xəbərdi, çatdırmalıyıq... Yuxarıda qeyd etdiyim kimi, qəzetlər o qədər də barıt rolunu oynaya bilmir. Tiraj az, həm də bunlar xəbər mahiyyəti daşıyır.
   
   Barıt televiziya kanallarımızdır. Srağagün televiziya kanallarımızın hansını fırladım, yalnız birindən başqa, ad çəkmək istəmirəm, hamısında insanların psixikasını pozan, insanların ruhunu əzən, insanların duyğularını əlindən alan, insanları manyaklaşdıran, qısası, insanları insanlıqdan çıxaran filmlər nümayiş etdirilirdi. Bir yaponmu, çinmi gədəsi əliyalın düşmüşdü ortalığa, az qalmışdı pulemyot güllələrinə də blok qoya. O onu asırdı, bu bunu asırdı, o bunu kəsirdi, o onu..., bu bunu... . O birisində biri əqrəbə çevrilib vay dədəm vay, müsibət idi. Bu birisində nə bilim bir amerikalı uşağı xilas etmək üçün dünyanın yarısını qırdı qurtardı, onlarla ev partlatdı, maşın partlatdı, təyyarə partlatdı, şəhərin altını üstünə çevirdi və həmin şəhərdə yenə o uşaq sağ qaldı. Bir məktəbdə o uşaq bu uşağı öldürür, bu uşaq o uşağı öldürür, bu uşaq o uşağı zorlayır, o uşaq bu uşağı zorlayır, sonra da müəllim hər ikisini zorlayır. Bu birisində nə bilim nə... Bu təkcə srağagün deyil, bu srağagün də belədi, onun altdakı günü də belədi, keçən ay da elədi, onun altdakı ayı da elədi, keçən il də elədi, onun altdakı ili də elədi. Bu filmləri hardan tapıb gətirirlər, niyə gətirirlər, bu millətə nə aşılamaq istəyirlər, niyə aşılamaq istəyirlər?! Bir soruşan yoxdur! Bir "dur" deyən yoxdur! Bir hesab soran yoxdur! Amerikanın bizim kimi ölkələri məhv eləmək üçün qəsdən çəkib yayımladığı bu filmlər televiziya ekranlarımızdan düşmür. Rusiyanın və Avropanın insana insanlıq hissi aşılayan filmlərinə ayda, ildə, özü də bərbad tərcümədə rast gəlmək olar.
   
   Mən it ilində azıb gedib çıxmışdım Amerikaya. Oteldəki televizyonda 85 kanal vardı. Və bu 85 kanalın heç birində nə yuxarıda saydığım filmlər, nə də murdar filmlər göstərilmirdi. Dövlət qadağan eləyib. Belə filmlərə baxmaq istəyirsənsə, canın çıxsın get kinoteatrda bax, ya da kabel televiziyasında. Avropada da televiziyada belə filmlər nümayiş etdirilmir. Orda da qadağa qoyulub. Orda da ya kinoteatrda baxa bilərsən, ya kabel televiziyasında, ya da şifrəli kanallarda.
   
   Bu avtoşluq eləyən bədbəxt azərbaycanlı balası hardan bilsin ki, filmlərdə gördüyü "Tərəkəmə" oynayan maşınlar, bir-birinin üstündən hoppanan maşınlar və sair maşınlar bunun üçün xüsusi hazırlanmış maşınlardır. Filmdə görür axı! Və sair və ilaxır.
   
   Bir məşhur lətifə var. Evə gəlmiş qonaq gecə ayaqyoluna çıxmaq istəyir. Amma həyətdəki itdən qorxub çıxa bilmir. Qalır partlaya-partlaya, axırda məcbur olur körpə uşağın yerinə oturur. Səhər uşağın valideynləri bunu görüb bərk qorxuya düşürlər. Deyirlər ki, təcili həkimə aparmaq lazımdı. Qonaq deyir:
   
   - Qardaş, bu həkimlik deyil, nə qədər o it qapıdadı, uşağınız belə kaka eləyəcək.
   
   İndi bizimki də belədi, nə qədər ki, televiziyalarımızda qudurmuş itlərin çəkdiyi filmlərdəki qudurmuş itlər nümayiş etdiriləcək, o qədər də 8-ci kilometrdə, ya 15-ci kilometrdə, ya 366-cı kilometrdə manyaklar peyda olub 9 yaşlı uşağı zorlayacaq, 10-12 yaşlı uşaqları zorlayıb çaya atacaq, qardaş bacısını boğacaq, anasını güllələyəcək, atasını baltalayacaq, nə qədər saymaq olar?!
   
   Qəzetələrdə oxudum ki, şou proqramlara senzura tətbiq olunacaq. Ağıllı fikirdi, amma mümkün deyil. O şou proqramları təşkil eləyənlər bu proqrama senzura tətbiq etmək istəyənlərin çəkib ciyərini çıxarar. O biri tərəfdən də metyubrayzalar tumanını başına çəkib cumar üstümüzə ki, Azərbaycanda senzura tətbiq olunur. Müxalif qəzetlər də qılıncını sıyırıb düşər ortalığa ki, demokratiya pozulur.
   
   Şou proqramlar da bir bəladı, amma ən dəhşətli bəla yuxarıda dediklərimdi. Bəlkə bu filmlərə bir senzura qoyalar? Axı bu dünyada hələ insanlıq ölməyib. Axı bu ölməyən insanlıq haqqında gözəl-gözəl filmlər də çəkilir və var.
   
   

TƏQVİM / ARXİV