adalet.az header logo
  • Bakı 7°C
31 Oktyabr 2018 17:21
27253
HÜQUQ
A- A+

Məhkəmə quldur dəstəsinə 39 il cəza verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elçin Aslanov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Kamal Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Aslanov 11 il, S.Şəfiyev 9 il, K.Fərhadov 10 il, R.Quliyev isə 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, Elçin Aslanov 2017-ci il mayın 13-də Səyavuş Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın evinə daxil olaraq oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.

Həmin il mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə daxil olaraq ona bıçaqla xəsarət yetirib ayaqlarını bağlayıb, evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar.

İyunun 14-də Ramillə Kamal Xətai rayonunda yaşayan Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.

2017-ci ilin oktyabrın 22-də isə Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə girib oradan 3375 manatlıq quldurluq ediblər.