adalet.az header logo
  • Bakı 7°C
04 Noyabr 2018 12:14
16193
ƏDƏBİYYAT
A- A+

Yesenin və Dunkan

Qızılı saçlı şairin çoxlu sevgi əlaqələri olub, o, qadınları tez-tez dəyişirdi. Lakin bütün romanları ötəri, keçici idi, Zinaida Rayx və Aysedora Dunkanla olan əlaqələrindən başqa. Yesenin yalnız onlar haqqında deyirdi ki, bu qadınları həqiqi məhəbbətlə sevib. Şairin hər iki sevgilisinin taleyi faciəli sonluqla bitir: Zinaida Rayx öz evində qətlə yetirilir, Aysedora Dunkan isə şərflə boğularaq öldürülür.

Aysedora Dunkanı müasir tərzdə rəqs edən ilk rəqqasə, striptizin banisi, görkəmli balerina adlandırırlar. Aysedora hara gedirdisə, arxasınca qalmaqallar və macəralar şleyfi (qadın paltarının yerlə sürünən uzun dal ətəyi – tərc.) də ardınca gedirdi. O, hətta bir dəfə səhnədə "ədəbsiz” hərəkət etdiyinə və tamamilə açıq-saçıq paltarla çıxdığına görə həbs olunmuşdu.

Yesenin və Dunkan rəqqasənin oynadığı məclislərdən birində tanış olurlar. Beş dəqiqədən sonra şair sözün əsl mənasında onun ayaqlarının altına sərilib gözəl baldırlarını qucaqlamışdı, üç saatdan sonra isə birlikdə getmiş və düz üç il ayrılmamışdılar. "Məhəbbət kordur” adlanan möcüzə baş vermişdi. Onlar ayrı-ayrı dillərdə danışırdılar, ayrı-ayrı ölkələrdə və mühitlərdə böyümüşdülər və ən nəhayət, Aysedora Yesenindən 15 yaş böyük idi – ancaq bir-birlərini görərkən bütün bunların hamısını və bütün dünyada olub-qalan hər şeyi tamamilə unutdular və hər şeyə üstün gələn fövqəlbəşər duyğuların dalğalarında üzərək həyatdan və məhəbbətdən zövq aldılar.

Təbii ki, belə bir sevgi uzun müddət sürə bilməzdi. Dunkan gənc Yesenini dəli kimi qısqanırdı. Xarici səfərlərdə Rusiyada tanınmış bir şairi böyük rəqqasənin əri kimi təqdim edəndə Yesenin utancından ölürdü. Sərxoşluğa aludə olmuş Yesenin huşu başında olmayanda Aysedoranı "cəhənnəmə göndərir”, arabir döyür, ağır sovet çəkmələrini ona tolazlayır, qaçıb gedir və iztirab içində, nəvaziş və peşmanlıqla geri qayıdır, başını onun dizlərinə qoyub ağlayardı.

Onlar qəfil qarşılaşdıqları kimi gözlənilmədən də ayrıldılar. Ərinin sərxoş halları Aysedoranı təngə gətirdi. Yesenin birdən ayılıb qarşısında yaşlaşmış yadelli qadın gördü. Bir ildən sonra şair artıq yox idi, daha bir ildən sonra isə rəqqasə də yox idi. Ancaq onların böyük və faciəvi sevgi tarixçələri hələ çox yaşayacaq.