adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
30 Oktyabr 2018 23:39
9850
ƏDƏBİYYAT
A- A+

Bundan sonra nə görəcəm, bilmirəm


Seyran
CAVADOV
Payız

Payızdır,
Yarpaqlar saralır,
Üzülüb budaqdan
Tökülür bir-bir.
Dünən, bəlkə də,
bir an
Bundan öncə canlı
olan
Yarpaqların
yağışı üstündən
İnsanlar addımlayıb keçir.
Düşünürəm:
Günlər, aylar, illər -
Yarpaqlı, yarpaqsız
zaman da
Beləcə addımlayıb
keçir
Ömrümüzün üstündən.


Həyat təşnəsi

Yanır bizim üçün Günəş də, Ay da,
Bunu düşünməli, anlamalıyıq.
Həyat təşnəsidir axan çaylar da,
Biz də od olmalı, su olmalıyıq.

Sönmək istəyirsə közərən ocaq,
Onu keçinməyə gəlin qoymayaq.
Suya həsrət qalsa tənha bir qavaq,
Köpürən çay olaq, ya bulaq olaq.

Həyat - tək özünçün yaşamaq deyil,
Nə olsun, bəzən o, şəkər, bal dadır?
İnsan əməlilə daş da açır gül,
Həyatın mənası yaşatmaqdadır.
Ay Seyran, günləri bada vermə gəl,
Qarşıda qarlı qış, şaxta, duman, çən...
Dünyanın bu vaxtı yenə pis deyil,
Bir ümid çırağı közərdə bilsən.


Deyəsən...

Aylarım, illərim ötdükcə bir-bir,
Ömrüm həm kədərə, qəmə bələnir.
Gözümdə hərdənbir yaş gilələnir,
Deyəsən, deyəsən, mən qocalıram.

Səbrim evdə, çöldə qərar tutmayır,
Hündürə, yüksəyə əlim çatmayır.
Təpər damarım da daha atmayır,
Deyəsən, deyəsən, mən qocalıram.

Ürək əvvəlkitək ahənglə vurmur,
Tanrıdan hələlik o, möhlət umur.
Öz dişim dişimə söykək də durmur,
Deyəsən, deyəsən, mən qocalıram.
İllərin naxışı üzümdə gəzir,
Duman karvan çəkib gözümdə gəzir.
Ağrı oynaqlarda, dizimdə gəzir,
Deyəsən, deyəsən, mən qocalıram.


Ömrün payızı

Ayı günlə, ili ayla hörmüşəm,
Sevincini, kədərini bölmüşəm.
Bu dünyanın azın, çoxun görmüşəm,
Bundan sonra nə görəcəm, bilmirəm.

Süleymanı, Şah Abbası de hanı?!
Ha yedisə, nə əti var, nə qanı.
Boşalarkən dolu gördüm dünyanı,
Bundan sonra nə görəcəm, bilmirəm.

Seyran, ömrün indi payız sinnidi,
Nə demişəm, öz sözümdü, səsimdi.
Bu dünyada gördüklərim bəsimdi,
Bundan sonra nə görəcəm, bilmirəm.
Bilmərəm

Nə qədər arzu var, nə qədər dilək,
Yaxşıya, yamana bölə bilmərəm.
Onlara çatmamış, əlim yetməmiş
Ölmək istəsəm də, ölə bilmərəm.

Payızda bağçalar yetirəcək bar,
Qarşıda sevimli nəvə toyu var.
Onun övladından görməsəm nübar,
Ölmək istəsəm də, ölə bilmərəm.

Şuşa, Kəlbəcərdən keçib ötməsəm,
Şuşa bulağının gözün öpməsəm,
Laçın, Qubadlıya çatıb yetməsəm,
Ölmək istəsəm də, ölə bilmərəm.

Ay Seyran, mənalı ömür sür, qocal,
Çalış ki, hər işə tapasan macal.
Allah tərəfindən gəlməsə əcəl,
Ölmək istəsəm də, ölə bilmərəm.