adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Oktyabr 2018 23:28
4983
GÜNDƏM
A- A+

ÖZGƏ BİR PAYIZDIR BU GƏLƏN PAYIZ

Əcəmi seyrəngahında düşüncələr

Günü gündən cavanlaşan qədim Naxçıvanım! Nuhun izləri yaşayan diyar! Görkəmli dövlət xadimi Heydər Əliyevi dünyaya bəxş edən müqəddəs məm­ləkət! Böyük Mirzə Cəlilin, Hüseyn Cavidin ana Vətəni! Səndə tarixlərin çox nişanı var. İllərdir ki, gözəllik sənin yol yoldaşın olub. Bütün fəsillərdə bu gözəlliyi, füsunkarlığı görmək olar. Diyarımıza yenicə qədəm qoyan payızın gözəllikləri də bu yurdun insanlarına özgə bir ovqat bəxş edir. Bu ovqat xəyallarımı illər öncəyə göndərir ilk payız günlərinin birində, şəhərimizin ən gözəl ünvanı olan Əcəmi seyrəngahında. Axşamüstüdür. Seyrəngah insanlarla doludur. Payızın gözəlliyini burada duymağın özü bir gözəllikdir, - deyə düşünürəm. Yadıma gözəl şairimiz Muxtar Qasımzadənin misraları düşür:

Təbiət bu yeri gəzib ayrıca
Nə qədər gözəllik bağışlayıbdır.
Günəş zirvələrdən süzüb ayrıca
Dağları yarıdan naxışlayıbdır.

Bəlkə də payızın bundan gözəl poetik təsvirinə rast gəlməmişəm. Bu sətirlər bir rəssam tablosunu xatırladır, sanki bəstəkar bəstəsidir, - dinlədikcə ruhun təzələnir.
Sənin payız gözəlliyini, elə bil ki, birinci dəfədir, görürəm. Düşünürəm ki, elə sənin gözəlliyinin ülviyyəti də bundadır. Hər seyr edəndə o gözəlliyin yeni qatları üzə çıxır, sirli-soraqlı bir aləmə aparır adamı. Qeyri-ixtiyari olaraq üzünə təbəssüm qonur ki, bu yurd mənim yurdumdur, bu payız mənim yurdumun payızıdır.
Mənim, sənin, onun olan bu yurd yerində hələlik payızın ilkin əlamətləri özünü göstərməkdədir. Bu da bir gözəllikdir: ağacların yarpaqları öz rəngini təzə-təzə dəyişməyə başlayıb. Elə o ağacların o yarpaqları yüngülvarı əsən mehdən tərpəşməkdədir. Başımı qaldırıb səmanın ənginliklərini seyr etmək istəyirəm. Çətirləşmiş ağacların arasından batmaqda olan Günəşin solğun şüaları gözümə dəyir. Oturduğum skamyadan qalxıb seyrəngahın içərisinə doğru addımlayıram. Uşaqların, gənclərin, ahıl insanların təbəssümlü baxışları ilə rastlaşıram. Hiss etmək çətin deyil ki, buradakı istirahətdən zövq alırlar.
Seyrəngahdan Qızlar bulağına baxıram. Burada şair dostumun "Qızlar bulağı" adlı şeirini xatırlayıram.

Qaya pilləkəndən enib gəlirəm
Yanında qalmağa, Qızlar bulağı.
Bir həzin nəğməyə dönüb gəlirəm
Mən sənin olmağa, Qızlar bulağı.

Payız da yaşılsan, qış da yaşılsan,
Sən mamır qanadlı tovuz quşusan.
Sevən ürəklərə elçi daşısan
Xəyala dalmağa, Qızlar bulağı...

Bir neçə il əvvəl burada salınmış şəlalənin yaxınlığında ayaq saxlayıram. Təbiətin ən gözəl mənzərəsini burada yaratmaq insan zəkasının məhsuludur, insan övladının doğma yurd yerinə bağlılığının ifadəsidir, insan amilinə ehtiramın təcəssümüdür. Buradan görünən Qızlar bulağı isə təbiətin doğma Naxçıvana bəxş etdiyi möcüzələrdən biridir.
Bu payız günlərində Qızlar bulağına yenə də gənclərlə doludur. Neçə-neçə məhəbbətə şahidlik edib Qızlar bulağı. Bu gün yenə də bu " xeyirxah missiya"nı yerinə yetirir. Sevənlərə öz qoynunda yer verir.
Payız həm də sevib-sevilənlərin fəslidir, toy-büsat fəslidir. Muxtar Qasımzadənin "Payız toyları" şeirinin hər sətri bu payız günündə xatirələrimizi daha da ülviləşdirir, özümüzü o toylarda görürük, "Qızlar bulağı"nda gəzişən, söhbətləşən, çöhrələrindən məhəbbət yağan gənclərə bir qədər həsədlə baxırıq:

Yenə xatirələr baş alıb gedər,
Çəkər ortalığa söz məhəbbəti.
Payız toylarında toy-bayram edər
Hərənin qəlbində öz məhəbbəti.

Bu payız günündə bu füsunkar təbiətin, ülvi gözəlliyin qoynunda aldığım təəssürat ruhumu təzələyir. Sanki payıza yenidən vuruluram. Bu, doğma Naxçıvanımın payızıdır, sənin, mənim, həmımızın payızıdır...

Muxtar MƏMMƏDOĞLU,
"Şərq qapısı" qəzetinin məsul katibi,
Naxçıvan