adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
30 Oktyabr 2018 22:48
11330
GÜNDƏM
A- A+

MAARİF FƏDAİSİ


Bu sadə, səmimi, alicənab insanı görəndə sanki gur işıq selinə düşür. O qədər xoş sifətli, gülərüz, qonaqpərvərdi ki... Ələkbər Nizam oğlu Salamov 5 noyabr 1949-cu ildə indiki Şabran (keçmiş Dəvəçi) rayonunun Uqah kəndində anadan olmuşdur. Onun uşaqlığı bu gözəl dağlar qoynunda keçib, oranın min bir əsrarəngiz gözəlliklərini duyub, xoş, təmiz havası ilə nəfəs alıb. Uqah həqiqi mənada o bölgənin mədəniyyət, sovetlik mərkəzi olub. Qocaman araşdırıcı Səftər Əliyevin "Uqah kəndinin unudulmaz çağları" kitabında bu yerlərin tarixi, ərazisi diqqətlə araşdırılıb, izah olunur.
1952-ci ildən etibarən Ələkbər müəllimgilin ailəsi Ağbaş kəndinə gəlib, 1954-cü ildən isə Siyəzəndə məskunlaşıblar. Bu o vaxta təsadüf edir ki, Sovetlərin, Xuruşovun bədnam siyasəti, hərəkətləri ilə dağ kəndləri boşaldılıb, aran ərazilərində yerləşdirilirdi. Onda atası Nizam kişi, anası Yasəmən arvad sovxozda işləyirdilər. Atası sovxozun ferma müdiri idi. Bir gün də heç nədən sovxoz direktorunun tapşırığı ilə yanacaq üçün şəhərə südü satmağa aparanda tutulub həbs edildi.
Bax elə o vaxtdan Ələkbərin ruhunda sanki bir dəyişiklik yarandı, haqqa, ədalətə tapındı. İnsanların təmiz, xeyirxah işinə həmişə alqış dedi, özü də bu yolun yolçusu olmağa çalışdı. Bir də məktəbə, təhsilə, oxumağa önəm verməyə çalışdı. Yaxşı bilirdi ki, onu bir tərəfə çıxartsa elə bu kitablar çıxaracaq. O gündən əsil mənada kitablarla dostluq etməyə başladı.
Bu kimi fikirlər onu Siyəzən şəhər 1 saylı orta məktəbində oxuduğu 1956-1966-cı illərdə daha çox düşündürüb. O iillərdə Hüseynqulu Ağakişiyev, Şəfiqə müllimə, Zakir Qurbanov, Babiqulu Hüseynov, Xandadaş Şahpələngov, Məryəm Həsənova kimi tanınmış müəllimlərdən dərs almışdır. Məryəm Həsənova, bu gözəl, əqidəli xanımı kim tanımırdı. Əsil sənət, poeziya fədaisi idi. Milli Məclisin deputatı oldu.
Elmə, sənətə, təhsilə olan bu böyük məhəbbəti Ələkbəri 1967-ci ildə Şamaxı Pedoqoji məktəbinə gətirdi. O illərdə həmin məktəb təhsil səviyyəsinə görə institutlardan, universitetlərdən heç də geri qalmırdı. Bəlkə də onların çoxundan üstün idi. Onda həmin məktəbin direktoru tarix elmləri namizədi Əziz Kərimov idi. Məktəbdə necə də gözəl, hazırlıqlı müəllimlər işləiyrdi. Əli müəllim, Teymur müəllim, Nadir müəllim, Məsmə müəllimə, Mədinə müəllimə və başqaları...
Ələkbər müəllim bir müəllim kimi əmək fəaliyyətinə elə bir vaxtlar oxuduğu Siyəzən şəhər 2 saylı orta məktəbdə başladı. Sonra da hərbi xidmətə gedib, iki il əsgəri borcunu yerinə yetirdi. Bu müddətdə Bakı şəhərində hərbi xidmətdə olsa da, göstərdiyi əsgəri rəşadət dillər əzbəri oldu. Onda əsil mənada "Pələng ovçusu" adını qazandı.
Demə, şəhər zooparkındakı narazılıq üzündən, biri pələnglər saxlanılan qəfəsin ağzını açıq qoyur, onlar da oradan çıxırlar. Dərhal sanki şəhərdə həyəcan siqnalı verildi! Daxili işlər qoşun dəstəsi kimi onları ora göndərsələr, pələnglər olan yaşıllığı əsil mənada avtomatlardan gülləbaran etsələr də, pələngin biri tapılmadı. Sonrakı gün onun qəflətən qarşısına çıxdı. Özü də silahlı, tək idi. Dağlar oğlu bir an da olsun özünü itirməyib, onun üstə sıçramaq istəyən pələngə avtomat silahından sərrast atış açmağa başladı. Daxili İşlər nazirliyi, Komandanlıq onun bu əsgəri rəşadətini yüksək qiymətləndirərək, onu pulla, əlavə məzuniyyətlə mükafatlandırdı, şəkilləri qəzet səhifələrini bəzədi.
Hərbi xidmətdən dərhal sonra təhsilini artırmaq qayğısına qalıb, Tibb universitetinə sənəd versə də, müsabiqədən keçə bilmədi. 1980-1985-ci illərdə APİ də oxuyub, ali təhsil aldı. 1987-1992-ci illərdə Dəvəçi rayon təhsil şöbəsində inspektor kimi fəaliyyət göstərməyə başladı. Bu illərdə qarşılaşdığı çətinliklər heç də az olmayıb. Təcrübəli bir inspektor kimi yetişməsinə görə, o vaxt Dəvəçi rayon maarif şöbəsində işləyən Seyidbaba Həbibova həmişə özünü borclu bilir. Xeyirxahlıq, çətin anda insanlara əl tutmaq, kömək etmək hər adamın işi deyil. Seyidbaba müəllim onu öz dəyərli söz-söhbəti ilə sanki bu həyata hazırlayırdı.
Bəlkə də elə bu səbəbdən idi ki, az-çox abır-həyalı, təmənnasız olmağa çalışdı. Heç vaxt yadından çıxmaz... Beynəlmiləl məktəbdə olarkən məktəbin direktoru Saməddin müəllim dedi ki, burada bir sinif müəlliməsi var, onu sıxarsan. Bir qədər özündən deyəndir. Həmin sinfə daxil olub, arxa partaların birində əyləşdi. Müəllimə imla yazdıracaqdı. Ancaq onun bir azdan sonra kövrəldiyini gördü. Bunu ona irad tutanda, soruşdu:
- Ələkbər müəllim, siz məni tanımadınız?
- Yox, siz kimsiniz ki?
- Mən Parpar müəlliməyəm də...
Dərhal institutda oxuduğu illərin son gününü xatırladı. Buraxılış münasibətilə Sahil kafesində təşkil olunmuş bu ziyafətə Gürcüstandan olan bircə o qız gəlməmiş, hamını intizarda qoymuşdu. Demə, onda onu qaçırıb, bu kəndə gətiriblərmiş. Bir həsrət içində müəllimə yaxınlaşıb, onu qucaqladı, üzündən öpdü... Sinifdən çıxanda direktora dedi:
- Siz mənə ciddi olmağı tapşırmışdınız... İndi isə mən sizə deyirəm ki, bu Parpar müəllimə mənim qrup yoldaşım olub, ondan muğayat olun.
Onda Parpar müəllimə Dəvəçi rayon icraiyyə komitəsinin sədri, sonradan birinci katibi olan Arif Allahverdiyevin qardaşı oğlu ilə ailə qurmuşdu. Artıq iki övladları vardı. Onda onun beləcə kövrəlib ağlamasına səbəb, onu tanımaması olmuşdu.
Ələkbər müəllim fəal bir inspektor kimi maarif şöbəsinin hesabatlarını Təhsil Nazirliyinə aparar, lazımi sənədləri oradan alıb gətirərdi.
1992-2013-cü illərdə Siyəzən rayon təhsil şöbəsinin inspektoru olanda. Onun o illərlə bağlı nə qədər xoş xatirələri var. Deyir ki, bir gün Tağay kəndində , Hacıbaba müəllim dərsində oturmuşdu. Müəllim soruşdu:
- Uşaqlar, araba nə üçündü?
Şagirdlərdən biri cavab verdi:
- Zir-zibil daşımaq üçün.
Nahar vaxtı direktor Həsənağa müəllim evində olanda həmin şagirdi orada gördü. Demə, həmin direktorun oğlu imiş. Soruşdu:
- Doğurdan, araba elə zir-zibil daşımaq üçündür?
Oğlan gülümsəyərək dedi:
- Yox ey, müəllim... Onda çaşıb belə dedim. Peyin daşımaq üçündür...
Deyir ki, bir dəfə bir müəllim yaxınlaşıb ona dedi ki, başqaları gəlib, məni çox incidirlər. Elə məni yoxlamağa sən gəl. Görürəm ki, yaxşı, insan adama oxşayırsan. Mən də borclu qalmaram, gedəndə zir-zibildən verərəm, apararsan. Bu ifadəsini ona irad tutanda dedi:
- Ay müəllim, yəni demək istəyirəm ki, ayın-öyündən verərəm, apararsan da...
O, Dəvəçidə Seyidbaba Həbibov kimi müəllimdən təcrübə toplasa da, Siyəzəndə 2 saylı şəhər orta məktəbin direktoru işləyən Akif Hacızadə kimi müəllimlərin də iş təcrübəsindən bəhrələnib, gözəl bir inspektor kimi fəaliyyət göstərmişdi.
Bəlkə də indikilərə bu qəribə gələ bilər. O vaxtlar maarif, təhsil şöbəsinin inspektoru məktəbə gəlir, ifadəsi səslənəndə, müəllimlər hansı həyacanlı anları yaşamazdılar. Çünki o vaxtı təhsilə az-çox ciddi münasibət vardı. Müəllimlərdən iş tələb olunurdu. Hansı müəllim cəsarət edib dərsə hazır olmadan, gündəliksiz sinifə girə bilərdi?!
O vaxtlar o da Kürdəmirdə bir on ilə yaxın müəllim kimi fəaliyyət göstərdi. Sinif müəllimi idi. Maarif şöbəsinin müdiri Məcid müəllimin Ərəbxana kənd orta məktəbinə, Məmməd müəllimin Şüşün kənd səkkizillik məktəbinə gəlişi bugünkü kimi yadımdadı. Şərif müəllim gələndə lar yer dəyişərdilər. Çünki onlar çox tələbkar təhsil işçiləri idilər. Öz peşələrinin şərəfini qoruyurdular.
İndi Ələkbər müəllim təqaüdə çıxandan sonra direktorlarla, müəllimlərlə bir yerdə görəndə, onlarla təcrübəsini bölüşəndə ürəyi dağa dönür. Deməli, yaxşı müləlim, inspektor olub ki, bu gün də onunla əlaqə saxlayır, axtarıb-arayır, onu yada salır, təcrüəbsindən bəhrələnir, istifadə edirlər.
Ələkbər müəllim əsil mənada müstəqilliyin dayaqlarından biri olub. Uzun müddət Qobustanı, Xızını, Siyəzəni əhatə edən 54 nömrəli dairə seçki komissiyasının üzvlərindən biri olub.
Onda hələ qohum deyildilər. Bir gün onlara məxsus "QAZ-31" maşınla Qobustana gedəsi oldular. Maşını sürücü Xalid sürürdü. Yol boyu şirin söhbət etdilər. Ələkbər müəllim onları yaxşı şirin yemişə qonaq elədi. O vaxtlar, o, Siyəzən rayon dövlət notariusu vəzifəsində işləyirdi. Xızı rayon dövlət notariusunu da əvəz etdiyi üçün ekspert kimi komissiyanın tərkibinə salınmışdı.
Sənədlərə baxanda o vaxtın Qaçqınkomun sabq sədri olan Gülabbas Qəhrəmanovun, Xızı rayon İcra hakimiyyətinin hümanitar şöbə müdiri İradə Hacıyevanın sənədlərini düzgün olmayan , etibarsız hesab etmək istəsələr də, o, bir hüquqşünas kimi onlarla razılaşmayıb, sənədlərə imza etmədi. Başçı adından xəbər verdilər ki, imza etməsə, ədliyyə naziri Fikrət Məmmədova bildiriləcək. Onda o dedi:
- Nazir Fikrət Məmmədovu az-çox ədalətli bir adam kimi tanıyıram. Bir də ki, düz işə ölüm yoxdur.
Onda beləcə həmin sənədləri imzalamadı. Axı onlarda elə bir pozğunluq, qanuna zidd hal yox idi... Həmin vaxtdan neçə il sonra Hökumət evi tərəfdən gəlirdi. Mərkəzi Seçki komissiyasının ora yaxın olan köhnə binasından bir az keçmişdi ki, qarşısına bir gəlin çıxıb, ona diqqətlə baxaraq soruşdu:
- Bağışlayın, siz Əlisəfa Azayev deyilsiniz ki?!,
- Bəli... Özüdür ki varg
- Xoş gördük, müəllim!.. Halal olsun sizə, onda məni müdafiə elədiniz. Elə Xızılılara da dedim... Siz dura-dura Siyəzənli gəlib məni müdafiə elədi...
Gənc xanımın bu sözləri onu təəccübləndirən kimi oldu. Hələ də əlini tutmuş vəziyyətdə dayanmışdı. Dedi:
- Bir bacı kimi həmişə qulluğunuzda hazıram. İndi burada - Mərkəzi Seçki komissiyasında hüquq şöbəsinin müdiri işləyirəm.
Həmin görüşdən xeyli sonra Mərkəzi Seçki komissiyasının yeni binasında olanda, onunla bir daha görüşdü. O illəri, günləri xatırlaya-xatırlaya xeyli söhbət etdilər. İradə adlı qız həm də onun "Prokuror qızı" povestinin baş qəhrəmanı idi axı. Cəsur, mübariz!.. Hətta həqiqət, el, camaat işi üçün prokuror axtarışına belə güzəştə getməyən! Atasını həmişə haqqa, ədalətə, mənəvi təmizliyə səsləyən gözəl bir azərbaycanlı qızı!.. İradə xanıma baxdıqca, söhbət etdikcə sanki həmin mübariz qız gözləri önündə canlanırdı. Bəlkə də o povesti İradə xanım da oxumuşdu. O vaxt Xızıda dövlət notariusunu əvəz edəndə bunun canlı şahidi olmuşdu. Hətta bir dəfə orada Mədəniyyət şöbəsinin müdiri olan xanım ona dedi: "Prokuror qızı" povestini oxuduq. Bizi çox təsirləndirdi... Xüsusilə qızın atasının acığına gəmidən özünü dənizə atmaq istəməsi səhnəsi... Anasına nə qədər bağlı olub bu qız... Hətta cəmləşib sizin yanınıza getmək, belə bir əsər yazdığınız üçün sizə təşəkkür etmək istədik..."
Bəlkə də onun sözlərində bir həqiqət vardı. Axı internetdə də "Ən gözəl Azərbaycan romanı" sorğusuna, yarışmasına da biri cavab olaraq yazmışdı: "Yazıçı Əlisəfa Azayevin "Prokuror qızı" əsəri..." Hiss olunurdu ki, bu povest çoxlarını heyran etmişdi. Təkrar-təkrar nəşr olunsa da, satılıb qurtardı. İndi özündə olmasa da, əksər kitabxanalarda var.
Siyəzənə onu bir müddətdən sonra bağlayan elə Ələkbər müəllimlə qonşuluq münasibətləri oldu. Vaxtında Şamaxı Pedoqoji məktəbində bir oxumuşdular. Burada da qonşu idilər. Həyat yoldaşı Cəmilə xanım tibb işçisi olsa da, əsil mənada Ələkbər müəllimin arxası, dayağı idi. Onun sağlamlığına, gümrah olmasına ciddi fikir verərdi. Qızları Sevinc, nəvələri Rəşad, Vüsal, Şaxanım yanlarına tez-tez gələrdilər.
Qızı Leyla müəllimə onların evinə gəlin köçəndən, oğlu Telmanla ailə həyatı qurandan sonra iki gül üzlü ovladları da oldu: Raqib, Zəhra... Həmişə söz-söhbət düşəndə deyərdi:
- Qızım, insan gərək ona nəsib olan səadəti qiymətləndirə bilsin. Ələkbər müəllim, Cəmilə xanım gözəl insanlardı. Qaynata, qaynana kimi onların qədrini bil.
Yadında idi... Hələ onda qohum olmamışdılar. Baba dağa oğlu Rüstəmlə ziyarətə gedəndə, Telman da onlarla idi. Quba rayonunun dağlıq ərazilərindən keçib, uzaqdan Qonaq kəndin gözəl mənzərələrin seyr edə-edə Qarxun kəndinə yaxınlaşanda, hansı kənddən isə keçəndə, yol boyu uşaqlar səsləndilər: "Baba payı verin!... Bir baba payı verdi də!.. "Onda o bir dövlət notariusu kimi iki yüz əlli manatlıqlar versə də, bir də gördü ki, Telman minlik "Məmmədəminlər" -də yox, on minlik "Şirvan"lar paylayır. Soruşanda ki, niyə belə edirsən, gülümsər halda dedi:
- Qoy sevinsinlər, şad orlsunlar...
Onda o balıq, kürü işi ilə məşğul olurdu. Əli yaxşı gətirsə də, bu israfçılığı çox da xoşuna gəlmədi. Yaxşı deyirlər ki, pul, var-dövlət dövlət quşuna bənzəyir. Gələn yeri dar olur, çıxan yeri geniş... Gərək vaxtında qədrini biləsən, sonra gec olur.
Ələkbər müəllim heç vaxt var-dövlət, sərvət düşgünü olmayıb. Əlində o cür imkanları olsa da, bir adam deyə bilməz ki, onun haqqında haqsızlıq edib. Bir vəzifəli qohumu torpaq sahəsini ona verib, üstündə onların pulu ilə ticarət obyekti tikdirəndə... Sonra da ona tək özləri sahib olmaq istəyəndə də, təmkinlilik göstərdi. Pula, var-dövlətə görə qohumluq əlaqəsinə kölgə salmaq istəmədi. Hətta buna görə narahat olan, oğlanları Telmana, Mehmana, gəlinləri Gülşənə, Leylaya da acıqlandı. Mehmanın və Gülşənin övladları Murad, adını daşıyan balaca Ələkbər də onun ardıcılları olacaq axı...
Səni öpür, bağrıma basıram, Ələkbər müəllim! Həmişə belə fikirdə, arzuda, gümrahlıqda qal! Sən həmişə az-çox maarif, təhsil fədaisi olmusan! Bu gün də təcrübəni gənclərdən əsirgəmə! Gələcəyimiz naminə!