adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Oktyabr 2018 22:34
10664
GÜNDƏM
A- A+

Gülərüzlü həkim qız

"İnsanda hər şey gözəl olmalıdır: üzü də, geyimi də, qəlbi də, əməli də, fikri də".

A.P.Çexov

Həyat rəngarəng və keşməkeşli olduğu qədər də gözəldir. Gərək yaradanın təmənnasız bəxş etdiyi bu gözəlliyi elə yaşayasan ki, dönüb geri baxanda peşman olmayasan, hərəkətlərindən utanmayasan. Bizə bəxş olunan bu həyatda gözəl anlar yaşamaq, həyatdan məmnun qalmaq hər kəsin arzusu və istəyidir.
Kimi həyatın mənasını sevdiklərində, kimi eniş-yoxuşlu, bəzən güldürən, bəzən ağladan, bəzən şirin, bəzən acı, bəzən dəniz kimi coşqun olmasında görür. Kimi də həyatın mənasını sonsuz arzularda, sevgidə, məhəbbətdə görür. Hər kəs öz anlayışına görə həyatı bir cür başa düşür və qəbul edir.
Lakin əsl gözəllikdən yaranan xoşbəxt həyatın özündə zəhmət, yaşamaq, yaratmaq və yarımaq keyfiyyətləri özünü göstərir. Xoşbəxt yaşanan anlar, günlər və illər həmişə gözəl olur. Dünyanı da baş verə biləcək bəlalardan yalnız gözəllik xilas edəcək deyiblər.
Daxili və xarici gözəlliyin vəhdəti insanı alilik dərəcəsinə yüksəldir, müqəddəsliyə qovuşdurur. Belə keyfiyyətlər insanın əməlində, tərbiyəsində gülər simasında görünür. Yüzlərlə insana ziyasından şəfa verən həkim-kardioloqun siması kimi.
Onun hər dəfə şirin baxışlarla xəstələri müayinə etdiyi anları xatırlatmaq mümkün deyildir. Müayinələr zamanı onun üzündəki sevinc, gözlərindəki şirin təbəssüm, peşəsindən və təyinatından məmnunluq hissləri, mülayim atmacalarında xəstəyə yeni bir xoş ovqat verir. Xəstənin sağlamlığının yaxşılaşması xanım həkimi göyün yeddinci qatına qaldırır, peşəsindən zövq alır, xəstənin sevincinə sevinir, özündə rahatlıq tapır. Belə həkimi sevməmək, onu nümunə kimi qəbul etməmək günahdır və qəbahətdir.
Mən yazıçı olsaydım öz şah əsərimi belə həkimlər haqqında yazardım. Heykəltəraş olsaydım, həkimin daxili və xarici gözəlliklərini əks etdirən bir həkim heykəli yaradardım. Bir rəssam olsaydım elə bir həkim portreti çəkərdim ki, hamı onun ülvi əməlləri və mələklərdən də yüksəkdə durduğunun şahidi olardı. Bu "əsərlərimdə" həkim Aynişan xanımı əbədiyyətə qovuşdurub, ehtiyacı olan məsuminsanlara təqdim edərdim.
Aynişan Nurəddin qızı Hümbətova 1980-ci ildə Bakı şəhəri 229 saylı orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Tibb elmləri namizədi, ADTU-nun dosenti, "Elmed" Tibb Mərkəzinin həkim-kardioloqu, Avropa və Azərbaycan Kariologiya Cəmiyyətinin üzvüdür. 80-dən artıq elmi məqalənin, 3 dərsliyin və xeyli metodiki tövsiyələrin müəllifidir.
Aynişan xanım elmi konfranslarda respublikamızı layiqincə təmsil edir. O, 2011-2013-cü illərdə Türkiyədə, 2014-cü ildə İsveçrədə, İspaniyada, 2016-cı ildə İtaliyada, 2017-ci ildə İspaniyada, 2018-ci ildə Almaniyada keçirilən Beynəlxalq elmi konfranslarda uğurla çıxışlar etmiş və həmin dövlətlərin tibbi sertifikatlarını almışdır. Bununla yanaşı, Aynişan xanım 2017-ci ildə Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş, Bakıda keçirilən "Bakı ürək günləri" Beynəlxalq elmi konfransda, 1992-ci ildə Beynəlxalq Səhiyyə Cəmiyyətlərinin4-cü Bakı Konfransında, 2016-cı ildə respublikamızın "Ürək və damar cərrahiyyə" Cəmiyyəti tərəfindən təşkil olunmuş Beynəlxalq elmi konfransda müvəffəqiyyətlə çıxış etmişdir.
Aynişan xanımın bölgələrimizdə və respublikamızdan kənarda həkim-kardioloq kimi fəaliyyət göstərən yüzlərlə tələbələri öz müəllimlərinin əsərlərindən, metodiki tövsiyələrindən səmərəli istifadə edir, onun əsərlərini yüksək qiymətəndirirlər. Bu yaxınlarda Aynişan xanımın Almaniyada keçirilən Beynəlxalq elmi konfransdakı çıxışı hamımızı qəlbən sevindirdi. Bu münasibətlə hörmətli Aynişan xanımı səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq. Elin məhəbbətini qazanmış insanlar elin gözündə ucalır, sevilir və qiymətləndirilir. Vaxtında verilən qiymət həmişə gözəl olur. Gözəl əməl sahiblərini Tanrı da sevir və hifz edir...
Biz, şəfalı əllərindən şəfa tapmış insanlar, arzu edərdik ki, istedadlı həkim, gözəl insan Aynişan xanımın gərgin əməyi, onun uzun illər insanlara göstərdiyi təmənnasız xidmətləri, pedaqoji və ictimai fəaliyyəti Respublikamızın Səhiyyə Nazirliyinin və dövlətimizin diqqətindən kənarda qalmasın.

***

Satı saçlarında gümüşü tellər,
Zəhmətin parlayan nişanəsidir.
Könüllər oxşayan sonsuz təbriklər,
Ülvi amalların təranəsidir.

Sən xoşbəxt qızısan xoşbəxt ananın -
Nurlu, bərəkətli qədim diyarın.
Əməlinlə zirvələrə ucaldın,
Həmişə zirvədən gəlsin sorağın.

Qəlbimdə çağlayan min istəyim var,
Eşitsin dost-tanış, ürəklər gülsün.
Alqışlara layiq şirin arzular,
Aynişan xanıma uğur gətirsin...

Ələddin Əli
Cəlilabad