adalet.az header logo
  • Bakı 19°C
30 Oktyabr 2018 22:34
4653
GÜNDƏM
A- A+

SEYRAN SƏXAVƏTİN DİLİNİN OBRAZLILIĞI - OBRAZLARININ DİLİ

(əvvəli ötən saylarımızda)

Səfər kəndli ilə, aşağı təbəqədən olan adamlardan heç biri ilə işi yox idi. O, ancaq xalqın malını basıb yeyən, harınlayan və xalqa yuxarıdan-aşağıya xor baxanları tənqid edirdi. Bir gün Səfər müəllimin latış dostu Valentinas Vilnüsdən Ağtəpə rayonuna qonaq gəlir. Səfər onu rayonun bütün görməli yerlərinə aparır. Yolda Valentinas Səfər müəllimdən xahiş edir ki, Şah Abbasın karvansarayına getsinlər, oranı görmək arzusundadır. Səfər Valentinasın arzusunu yerinə yetirir, onlar yaxın kənddə yerləşən Şah Abbas karvansarayına gedirlər. Amma orada gördükləri ürəkaçmayan mənzərə Səfər müəllimi bərk dilxor edir. Ordan qayıdıb Valentinası yola salan kimi Səfər dərhal evlərinə gedib rayon mədəniyyət şöbəsinin müdiri Valid müəllimin evinə zəng edir. Aralarındakı kiçicik dialoqda Səfər müəllim rayon mədəniyyət şöbəsinin müdiri Valid müəllimi utandırır.
"- Allo. Valid müəllim, axşamın xeyir. Bəri bax, Valid müəllim, inqilabdan qabaq sənin atan kim olub?
- Noolacaq, ay Səfər müəllim, muzdur olub.
- Hardaydı onun evi, dururmu?
- Yazığın evi olub ki, bir çovustanı var idi...
- Bax o çovustan harda olub, yeri-yurdu...
- O çovustanın yerində indi biz oluruq də...
- O ikimərtəbəli, qəşəng ev səninkidi?
- Bəli, Səfər müəllim. Qadan alım, niyə soruşursan ki?
- Valid, sən o çovustanın yerində birdən-birə o boyda ev tikdirdin?
- Ay Səfər müəllim, qadan alım, mənim heç ikimərtəbə tikdirmək fikrim-filanım yox idi. Bir gün, Allah cəmi ölənlərə rəhmət eləsin, rəhmətlik dədəm yuxuma girdi. Yazıq kişi maa dedi ki, bəs, ay Valid, həmişə arzulamışam ki, mənim də daş evim olsun, özü də ikimərtəbə. Hə, rəhmətlik dedi ki, mənim imkanım olmayıb, ağalar, bəylər qoymuyub. İndi, ay oğul, şükür Allaha, Şura höküməti...
Səfər onun sözünü kəsdi:
- Valid müəllim, Şah Abbas yuxuna girməyib ki, heç?
- Şah Abbas? Şah Abbas yoox... Heç yuxuma girsə də, tanımaram.
- Eşitmişəm ki, gecə yatanda bir adamı yuxuda gömək üçün onu ürəyində tutub yasdığı çevirirsən, o adam mütləq yuxuna girir... Bura bax, a kişi, yasdığı-zadı çevirmək lazım deyil. Niyə Şah Abbasın karvansarayına baxmırsan, bir əl gəzdirmirsən? Rəhmətlik dədən demiş, Şura hökümətinin hesabına ikimərtəbəli ev tikmisən, ay muzdur oğlu muzdur, ancaq Şura höküməti tarixi abidələr haqqında qərar verib, onu niyə eləmirsən?
- Allah səni bizim camaata çox görməsin, ay Səfər müəllim, gör heç bizim ağlımıza gəlir? Tarixi keçmişimizə hörmət hər birimizin...
- Uzatma, elə bilirsən bu mənim ağlıma gəlib... Vilnüsdən bir qonağım gəlib, getmişdik baxmağa, biabırçılıqdı..."
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Seyran Səxavətin əsərlərinin əlyazmalarının saxlandığı 735 nömrəli fondda tədqiqat işimlə bağlı araşdırma apararkən maraqlı məqamlarla qarşılaşdım. Belə ki, ədibin "Hamı elə bilirdi" adlı ilk nəsr kitabında işıq üzü görən, müharibə illərindən bəhs edən "Ağrı" povestinin ilk əlyazmasında əsərin adı "Başı kəsik arvadın oğlu" idi. Bu povestdə böyük vətən müharibəsinin vətənimizə, elimizə gətirdiyi bəlalı dəhşətlər, yüzlərlə uşağın atasız, gəlinlərin dul, anaların oğulsuz qaldığı illərin ağrıları təsvir olunur. "Ağrı" povestində əsas adı çəkilən Firəngiz xala isə əri müharibədən qayıtmadığına görə, el arasında "başı kəsik arvad" çağrılırmış, əsər də məhz onun adı ilə "Başı kəsik arvadın oğlu" adlandırılıb. Qərb qrupu dialektlərində, o cümlədən Seyranın mənsub olduğu Qarabağ dialektində kişi, ər baş hesab olunar, ərsiz qadın isə "başı kəsik" adlanardı. Bu kimi ifadələrdən istifadəsi həm də yazıçı Seyran Səxavətin xalq dilinə, həyat tərzinə son dərəcə bələdliyindən xəbər verir.
Xalq şairi, professor Bəxtiyar Vahabzadə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "Oxudum, heyran oldum" adlı məqaləsində Seyranın nəsr dilinin xəlqiliyini xüsusi qiymətləndirərək yazırdı: "Seyran kəndi, kənd mühitini, kənd məişətini, adət-ənənəni və ümumən xalqın inanclarını yaxşı bildiyini əsərlərinin hər səhifəsində göstərir. Buna görə də onun dili xalqın şəhdi-şirəli danışıq dilidir. Məsələn: "qırışığı açıldı", "suyu süzülə-süzülə getdi", "əlim aşağıdı", "başına at təpib", "cin atına mindi", "qızın çiçəyi çırtladı", "Hoydu-hoyduya götürdü", "məni cin atına mindirdi" və s. ifadələri nümunə göstərə bilərik".
Milli ədəbiyyatımızda tipi öz dili ilə danışdırma, tipin öz danışığı ilə özünü ifşası Mirzə Ələkbər Sabirin satiraları ilə başlayır. Böyük Sabirlə başlayan bu yazı üslubu Əbdürrəhim bəy Haqverdiyevin də yaradıcılığında - "Marallarım", "Xortdanın cəhənnəm məktubları" və s. əsərlərdə müşahidə olunmaqdadır. Seyran Səxavət də Sabir ənənəsinə sadiq qalaraq sələflərinin bu yazı tərzini özünəməxsus şəkildə davam etdirmişdir. Belə ki, yazıçının "Dəyirmanın boğazında" (1976), "Paravozsürən (1976), "Qaçay müəllim" (1987) hekayələrinin qəhrəmanları öz danışıqları ilə oxucunu özünə güldürür.
"Qaçay müəllim"i ədib özü hekayə adlandırsa da, biz bu əsəri gözlənilməz sonluqla bitdiyi üçün novella hesab edirik. Arxivdə tədqiqat apardığım zaman bu hekayənin ilk əlyazma nüsxəsinə rast gəlmişdim ki, həmin variantda əsər "Gimnastika dərsi" adlandırılmışdı. Görünür, sonradan müəllif əsəri hadisələri ətrafında cərəyan etdiyi əsas qəhrəmanın adı ilə "Qaçay müəllim" adlandırıb. Qaçay müəllim təkcə davranışları, düşüncə tərzi ilə deyil, hətta geyimi, libası, ailəsinə, həyat yoldaşına münasibəti baxımından da o zamankı Azərbaycan kəndi üçün yeni bir obrazdır. Qaçay müəllim kənddə ilk silindr papaq qoyan kişidir. Kənd camaatının hamısının buxara papaq qoyduğu bir vaxtda Qaçayın geyimi hər kəsdə maraq doğurur. Əsərdə obrazlar azdır, hadisələr bir kənddə və cəmisi iki ailənin məişəti fonunda baş verir. Şükür kişi ilə Güləndam arvadın evində onların arasında gedən dialoqlardan oxucuya aydın olur ki, onlar Qaçay müəllimi satqın, xəbər daşıyan casus zənn edirlər. Onların, ələlxüsus da Şükür kişinin bu cür düşünməyinə səbəb səhərlər o başdan, dan yeri sökülməmiş Qaçayın hardansa hövlnak gəlməyi olur. Şükür kişi fikirləşir ki, axı bu boyda adamı səhərin alaqaranlığında kəndin o başına piyada getməyə məcbur edən nə ola bilər. Şübhəsiz ki, o, ya oğurluq, ya da casusluqla məşğuldur.
Hekayədə Qaçayın öz arvadı Eyzangüllə və Şükür kişinin arvadı Güləndam qarı ilə söhbətlərində də maraqlı məqamlar diqqəti çəkir. "Pobeda"nı saxlayıb Güləndam arvadı maşına dəvət edəndə Qaçay "əyləş" deyir, bu sözü ilk dəfə eşidən biçarə Güləndam arvad gözlərini döyə-döyə qalır, "əyləş" sözünün nə demək olduğunu başa düşmür, sonra da tez-tez özünə deyir ki, Şükür kişi nobatdan gələndə ona otur yox, əyləş desin. Qaçayın arvadına adıyla deyil, "Eyzangül müəllim" deyə müraciət etməsi də Güləndamın xoşuna gəlmir, onlara arsız kimi baxır. Amma Qaçayın yolboyu qayğıyla, nəzakətlə rəftarı, evlərinə çatanda isə aldığı gilasdan Şükür kişiyə də pay göndərməsi qadının ürəyini açır, düşünür ki, evə çatan kimi ərinə desin ki, bu cür yaxşı adamdan oğurluqda, satqınlıqda şübhələnmək günahdır. Evdəki söhbətlərində Şükür kişi Qaçaydan da, onun ailəsindən də uzaq durmağı möhkəmcə tövsiyə edir və bununla da ürəyi soyumayan Şükür kişi "Qaçay müəllim işpiondu" - deyir. Güləndam arvadın heç nə başa düşmədiyini, key kimi gözlərini döydüyünü görən Şükür kişi izah edir ki, "Ay arvad, yəni, Qaçay müəllim bizim adam dəyil, - Əmirkənin adamıdı". (yəni Amerikanın adamıdı - X.Ə). Bu xəbəri arvadına verəndən sonra Şükür birbaşa sahə müvəkkilinin yanına gəlir, Qaçayla bağlı şübhələrini yerli-yataqlı sahə müvəkkilinə danışır və onun tutulmağının vacibliyini vurğulayır. Məsələni aydınlaşdırmaq məqsədilə onlar Qaçayın evinin həndəvərində dolanırlar, Şükür kişi bildirir ki, Qaçayın Əmirkəyə necə xəbər verdiyini bu saat öz gözlərinizlə görəcəksiniz. Bu zaman evin qapısı açılır və Qaçay bayıra çıxır.
"İkinci mərtəbədəki qapı cırıldadı və cırıltı kəsilən kimi addım səsləri eşidildi. Onlar əvvəlcə pilləkəndə Qaçayın ayağının birini, sonra ikincisini, sonra da onu başdan-ayağa gördülər. Qaçay çox qayğılı görünürdü. Əlini saçına çəkdi, şirin-şirin gərnəşdi, saatına baxdı, cəld yuxarı çıxdı. Sahə müvəkkili nəfəsini çəkmədən onun hərəkətlərinə fikir verirdi. Qaçay əlindəki balaca radionun antenasını çəkib çıxaranda Şükür kişi yanında uzanan sahə müvəkkilinə pıçıldadı: Qaçay işpiondu.
Sahə müvəkkili bir anın içində hər şeyi başa düşdü. Gülmək onu tutmuşdu.
Qaçay isə radionu açıb səhər idmanını edirdi: - Sabahınız xeyir, yoldaşlar. Gimnastika dərsinə başlayırıq...".
Hadisələrin bu cür gülməli, gözlənilməz sonluqla bitməsi bizə Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" hekayəsini xatırladır. Feyzulla kişinin evindən bomba axtaranların əli boşa çıxdığı, bomba kisələrinin əvəzinə qarpız tapıldığı kimi Şükür kişinin xəbərdarlığı ilə "kəşfiyyat gələn" sahə müvəkkili də Qaçay müəllimin yapon maqnitafonuna qulaq asa-asa səhər idmanı - gimnastika ilə məşğul olduğunu öyrənir.
Bəxtiyar Vahabzadə Seyran Səxavətin əsərlərinin bədii sənətkarlıq və dil xüsusiyyətlərindən danışarkən maraqlı bir detalı xüsusilə qeyd edirdi: "Seyran Səxavətin əsərlərində təsvir, demək olar ki, yoxdur. Əvəzində canlı söhbət, dialoqlardan doğan vəziyyət və vəziyyətlərdən doğan hərəkət aparıcıdır. Buna görə də, təəccüb edirəm, nəyə görə Seyran yalnız bir əsərlə dramaturgiyadan əl çəkdi? Onun əsərlərində canlı söhbət təsviri əvəz edir. Yazıçı özü danışmır, obrazlarını danışdırır. Dialoqlar nəyisə sübut, nəyisə inkar etmək məqsədini güdmür, yalnız göstərir".
Bununla bağlı bir məqamı qeyd etmək istərdik ki, doğrudur, Seyran Səxavətin çox az dram əsəri səhnələşdirilib və bu da belə ictimai fikrin yaranmasına əsas verir ki, o, dramaturgiyadan tez əl çəkdi. Amma arxivdə araşdırma apardığımız zaman mən tamam başqa reallıqla qarşılaşmış oldum. Seyran Səxavət dramaturq kimi də qələmini çoxlu sayda pyes üzərində sınayıb və bu addımlar olduqca uğurlu alınıb. Əlyazmalar əsasında həmin əldə etdiyimiz, hələlik işıq üzü görməyən əsərləri: "Xəyanət", "Dünya birinciliyi" ("Gün ağladılar"), "Daş dönmüş ürək", "Tabut" ("Büst"), "Paravozsürən", "Qapıların o üzündə qalan dünya", "Qızıl teşt" pyeslərini və "İsax-Musax" povestini nəşrə hazırladıq.
"Yazıçının vəzifəsi həqiqəti söyləməkdir. Və onu elə söyləməlidir ki, yadda qalsın, adamlar onu oxusun və başa düşsün"- bu fikirlər məşhur Amerika yazıçısı U.Folknerə məxsusdur.

O, həqiqi nəsr nümunələrinin şair əməyinin məhsulu kimi meydana çıxdığını qeyd edərək: "Mənim nəsrim poeziyadır" deyirdi. Folknerin fikrincə, "hər bir romançı poetik düşüncələrini nəsrlə ifadə edə bilən şairdir. Daha doğrusu, adam əvvəlcə şeir yazır, bunun ardınca, öz formasının mürəkkəbliyinə görə poeziyadan sonra ikinci yerdə duran hekayə janrını təcrübədən keçirir, daha sonra roman yazmağa başlayır".
Bu fikirlər, mahiyyət etibarilə, Seyran Səxavət yaradıcılığına tam aid edilə bilər. Nəsrin şeiriyyətini yarada bilmək Qoqola, Folknerə aid olduğu qədər Yusif Səmədoğluna, Seyran Səxavətə də aid olmalıdı. Mərhum professor Mürşüd Məmmədli yazır ki: Seyranın nəsr dili o qədər axıcıdır ki, bəzən adama elə gəlir ki, şeir oxuyursan. Seyran Səxavət nəsrə poeziyadan gəlmiş və nəsri poeziya səviyyəsinə qaldırmış qüdrətli yazıçılardandır.
Seyran Səxavətin nəsrində bir şeiriyyət, şeir duyumluluğu var. Yazıçı bəzən mürəkkəb, hətta mücərrəd görünən fikirləri, hissləri belə oxucuya son dərəcə təbii və doğma axarda təqdim edə bilir. Oxuduqca sanki rastlaşdığın hadisələr gözünün önündə kino lenti kimi canlanır, obrazların fikir, düşüncə, istək və əzab aləmləri oxucuya aydın şəkildə təqdim olunur. Bu mənada, biz Seyran Səxavətin bədii nəsrində qəhrəmanların mənəvi dünyasını, bu dünyanın içini, daxili gizlinlərini görür, obrazın ruhani varlığı ilə qarşılaşırıq.
Əgər bədii əsəri oxuyan adam həm müəlliflə, həm də bu əsəri oxuyan başqa adamlarla eyni hissləri keçirib ruhən onlara qaynayıb qarışırsa, deməli, bu əsl sənət əsəridir. Belə əsəri oxuyan adama elə gəlir ki, burda yazılanların hamısı onun çoxdan demək istədikləridir. Əsl sənət əsəri həm oxucuyla müəllifin, həm də oxucuyla başqa oxucuların arasından bütün sədləri götürür.
Əsl sənət əsərinin gücü məhz burda - insanı öz tənhalığından xilas eləyib başqalarına doğmalaşdır-mağındadır. Bu mənada, adlar, titullar, hamısı yazıçı üçün önəmsiz şeylərdir. Önəmli olan oxucu qəlbinə gedən yolu tapmaq və oxucuya istədiyini verməyə çalışmaqdır. Əslində, böyük mükafatlar yazıçının dahiliyinə tam dəlalət edən amil deyil. Bu mənada, oxucu qəlbinə gedən yolu tapan və oxucusunu özü ilə bərabər Haqqa tapındıran Seyran Səxavət yazdığı əsərlər vasitəsilə insanlar arasında sədləri götürür, onları tənhalıqdan xilas edib bir-birinə doğmalaşdırır və oxucunu sözün həqiqi mənasında işığa, nura, daxili saflığa doğru yönəldir.
Yazıçı istər mövzu, problem, istərsə də bədii sənətkarlıq və dil cəhətdən Azərbaycan nəsrinin ən yaxşı ənənələrinə söykənir və onu inkişaf etdirir. Tənqidi-satirik, ironik ifadə tərzinin dərinliyi, dramatizmin qüvvətli yumorla birləşməsi, bədii formanın kamilliyi və zənginliyi Seyran Səxavətin nəsrinin əsas xüsusiyyətləridir. Onun təkcə nəsrinə deyil, ümumilikdə bütün yaradıcılığına xas olan humanizm oxucuda dərin mənəvi aləm formalaşdırır və insanı əxlaqiyə bütövlüyə, kamilliyə, özünüdərkə yönləndirir.


XƏYALƏ ƏFƏNDİYEVA